Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-134/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1130/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 13448,95 manat əsas borc, gecikdirməyə görə hesablanmış 1990,44 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin, cəmi 15469,39 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1130/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 13448,95 manat məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu, cəmi 14448,95 məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi əsasında satılmış malların bir çoxu istifadəyə yararsız vəziyyətdə olmuşdur. Həmin malların istifadəyə yararlılığının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza təyin edilməlidir. Həmin malların yarasız vəziyyətdə olması səbəbindən Cavabdeh MMC tərəfindən alınmış mallara görə müvafiq ödəniş edilməmişdir. Keçiriləcək ekspertizadan sonra malların yararlılığına münasibətdə ödənişlərin edilməsi mümkün olar. Eyni zamanda tərəflər arasında mövcud olmuş mülki münasibətlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişinin yerinə yetirilməsi üçün yaranmışdır. İddiaçı tərəfindən onlara təqdim edilmiş malların qismən yararsız olmasını və onlara müəssisə tərəfindən əlavə xərclərin çəkilməsini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təsdiq edə bilər. Həmçinin birinci instansiya məhkəməsində işinə baxılan zaman cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” MMC şirkəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxx 2018-ci il tarixli 61 saylı malların alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə Arçelik markalı malların və servis xidmətinin alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə mallar alıcıya təhvil verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 13448,95 manat əsas, 1990,44 manat cərimə olmaqla, ümumilikdə 15469,39 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 97763,07 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAİ seriyalı 949338 saylı; ƏDV daxil 10140,92 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAM seriyalı 915496 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdeh də həmin malların göndərildiyini etiraf edir, lakin bildirir ki, mallarda qüsur aşkar olunduğuna görə, o, iddiaçıya 13448,95 manat məbləğində ödəniş etməkdən imtina etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçının göndərdiyi mallarda qüsur mövcud olsaydı, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə fakturadan qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil və cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə fakturanı təsdiq etmiş və iddiaçıya öz etirazlarını bildirməmişdir. Bu hal isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin qüsursuz icra edilməsi cavabdeh tərəfindən inkar edilsə də, etirazı təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, cərimənin tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,1% faizi miqdarında cərimə ödəməlidir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğlə ödəmədiyi məbləği müqayisə edərək və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1990,44 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldılaraq 1000 manat məbləğində müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə, o cümlədən cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmaması ilə bağlı dəlillər iş materialları ilə təkzib olunduğuna görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1130/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-134/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-134/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver