Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-134/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair kommersiya mübahisəsi Açar söz: borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8195/2024 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs (VÖEN: **********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********225700, xx.xx.2024-cü il tarixli **********859500, xx.xx.2023-cü il tarixli **********227100 nömrəli bildirişlərə əsasən ümumilikdə 6855,22 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
4. Ərizəçinin xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etdiyi Maraqlı şəxs (VÖEN: **********) məxsus şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu yoxdur, dövlət büdcəsinə isə cəmi ödənilməli borc 2,40 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 6744,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 93,84 manat, İcbari Tibbi Sığorta Fonduna olan 16,58 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qqətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 93,84 manat, dövlət büdcəsinə 6744,8 manat məbləğində (o cümlədən, vergilər üzrə 6055,63 manat, faizlər üzrə 689,17 manat), İcbari Tibbi Sığorta Fonduna 16,58 manat olmaqla, ümumilikdə 6855,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********225700, xx.xx.2024-cü il tarixli **********859500, xx.xx.2023-cü il tarixli **********227100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8195/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi ərizənin verilməsinə əsas olan borclar üzrə ödənişlər etmişdir və silinmələr aparılmışdır və həmin şəxsin hərəkət azadlığı hüququnu məhdudlaşdırılması Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar) qeyd olunan mütənasiblik meyarına cavab vermir. Buna görə məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməməlidir.
9. Məhkəmə hazırkı mübahisəyə AR Vergi Məcəlləsinin 16.1.1, 23.0.2.1, AR MPM 355-5.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Ərizəçi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 8195/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsi hesab vərəqəsinə əsasən fiziki şəxsin gəlir vergisi üzrə cari bəyannaməyə vergi orqanı tərəfindən münasibət bildirilməmişdir. Maraqlı şəxsin dövlət büdcəsinə ödəniş etdiyinə görə yox, hesablarında xx.xx.2024-cü il tarixində azalma verdiyi üçün həmin məbləğ sistemdə və şəxsi hesab vərəqəsində avtomatik olaraq azalmış görünməkdədir. Həmin hesabatlardakı azalmalar isə vergi orqanı tərəfindən təsdiqlənmədikcə maraqlı şəxsin dövlət büdcəsinə olan borcu qalır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021 tarixli qərarında qeyd olunur ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8195/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İşin hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********225700, xx.xx.2024-cü il tarixli **********859500, xx.xx.2023-cü il tarixli **********227100 nömrəli bildirişlər ünvanlanmış və ümumilikdə 6855,22 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Ərizəçi qeyd olunan borc məbləğinə görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etsə də məhkəmə iclasında təqdim etdiyi şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, maraqlı şəxsin dövlət büdcəsinə 2.40 manat məbləğində borcu vardır. Kollegiya qeyd edir ki, şəxsi hesab vərəqəsi vergi orqanlarının idarəçiliyində olan dövlət portalından çıxarışdır və reyetsrin həqiqiliyi prezumpsiyası mövcuddur. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ərizənin təmin edilməsi üçün əsasların mövcud olmadığını qeyd edir.
18. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslərlə inzibati orqanlar arasında olan münasibətlərə, məlumat mübadiləsinə, inzibati orqanların aktlarına və qərarlarına vətəndaşların etimad hüququ qanunla qorunur. Dövlət büdcəsinə olan vergiləri düzgün hesablamaq və həmin borcu vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirmək, məlumatların düzgünlüyünü yoxlamaq və bu məlumatların vergi orqanının nəzarətində olan elektron daşıyıcılarda düzgün qeyd etmək vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanının vəzifəsidir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin dövlət büdcəsinə cəmi 2.40 manat borcu vardır. Borcun məbləği də belə bir məhdudiyyətin qoyulmasına rəvac vermir, 2.40 manat borca görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq mütənasiblik meyarına ziddir.
19. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8195/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.