Məhkəmə qərarları › İş №2-2(103)-1344/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1344/2025

22.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1344/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 barət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9126/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməmiş borcu vardır.

2. 01 noyabr 2025-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan 10 payı (100%) X2 mülkiyyətinə verir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********219000 nömrəli bildirişə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 38505,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs Əlı̇ heydər Oğlu barəsində (Doğulduğu tarix- xx xxxxxxx 1982-ci il, Doğulduğu yer- AZƏRBAYCAN, ŞAMAXİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA0567111) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 38505,03 manat məbləğində (o cümlədən, vergilər üzrə 27773,54 manat, faizlər üzrə 10691,49 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 38505,03 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********219000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbərolan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9126/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxs ərizə ilə müraciət edərək, təsis payını özgəninkiləşdirdiyi üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizənin təmin edilməməsi xahiş etmişdir. İş materiallarına maraqlı şəxs sübut olaraq, yalnız təsis payının özgəninkiləşdirilməsi barədə müqaviləni əlavə etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda rəhbəri olmamasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin Kommersiya qurumlarının dövlət reyestrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisi hal-hazırda Maraqlı şəxsdur. Odur ki, vergi ödəyicisi olan hüquqi şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

8. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs hüquqi şəxsin öhdəliklərinə görə cavabdehlik daşımamasına dair məlumat vermiş və məsələyə aidiyyətinin olmamasını vurğulamışdır. Hüquqi şəxsin başqasına məxsus olması barədə məhkəməyə məlumat verməsinə baxmayaraq məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin halhazırda rəhbəri olmamağımı təsdiq edən sənədi və Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim edirəm və bildirirəm ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi hal-hazırda X3r. Brinci instansiya məhkəməsi qanun pozuntusuna yol verərək cavabdeh olmayan bir şəxsin konstitutsion hüququnu pozmaqla qətnamə çıxarmışdır. belə olan halda mübahisələndirilən məhkəmə aktı qüvvəsində qala bilməz. Məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipi təmin edilməmiş, məhkəmə baxışının ümumi müddəalarına əməl olunmamış və yekun akt qanun pozuntularının baş verdiyi bir şəraitdə qəbul edilmişdir. məhkəmə işə baxarkən heç bir sübutdan istifadə etməmiş, ərizəçinin ərizəsinə əsasən qərar çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Ərizəçi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

14. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

16. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

17. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

18. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməməlidir.

22. İş materillarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməmiş borcu vardır. İş materiallarına əlavə edilmiş, 01 noyabr 2025-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan 10 payı (100%) X2 mülkiyyətinə verir.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin 18 dekabr 2025-ci il tarixli məhkəmə sorğusuna cavabına əsasən, Cəmiyyətin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən X5 Cəmiyyətin direktoru təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, hüquqi şəxslərin dövlət reyestrinə əsasən Cəmiyyətin qanuni təmsilçisi (direktoru) hal-hazırda X3r.

24. Odur ki, ərizəçinin sözügedən tədbiri Maraqlı şəxs barəsində tətbiq etməyə hər hansı əsası yoxdur. Digər tərəfdən, bu tədbirin həyata keçirilməsinin praktiki baxımından yararı olmamaqla yanaşı, mütənasiblik prinsipinə də ziddir.

25. Belə ki, maraqlı şəxsin müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, habelə ərizəçinin yol verilmiş nöqsana dair nəzarətedici funksiyasını lazımi formada icra etməməsi səbəbindən maraqlı şəxsin, rəhbəri olmadığı MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına və ümumiyyətlə, ədalət prinsipinin pozulmasına səbəb olur.

26. Belə hallarda dəyişiklik qeydiyyata alınana kimi əvvəlki rəhbər dövlət reyestrində hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qalsa belə, faktiki olaraq onun həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınaraq ölkədən getmək məhdudiyyəti həmin maraqlı şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər. Hazırda bu hal da aradan qalxdığından, yəni Cəmiyyətin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən X5 Cəmiyyətin qanuni təmsilçisi (direktoru) təyin edildiyindən faktiki olaraq Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qanuni təmsilçisi (direktor) funksiyalarını icra etmir.

27. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə təmin olunmamalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9126/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar