Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1347/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə5, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-588/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh sığorta şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sığorta şirkəti ASC-dən **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada Vesta GFL-11-04P-52 minik” markalı avtomaşına dəymiş 21500 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.08.2021-ci il tarixli e-2-2(113)-588/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sığorta şirkəti ASC-dən 13900 manat və dövlət rüsumu kimi ödənilmiş 19,39 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 65,64 manatının Cavabdeh sığorta şirkəti ASC-dən, 34,36 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Cavabdeh sığorta şirkəti ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə5 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC-yə məxsus “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.05.2017-ci il tarixdən 19.05.2018-ci il tarixədək Cavabdeh sığorta şirkəti ASC-də 19.05.2017-ci tarixli **********603 nömrəli “Könüllü sığorta şəhadətnaməsi” üzrə sığortalanmış, sığorta məbləği 21500 manat, azadolma məbləği 100 manat miqdarında müəyyən edilmişdir. Həmin avtonəqliyyat vasitəsi 01 may 2019-cu il tarixindən 30 may 2019-cu il tarixinədək etibarnamə əsasında X1 istifadəsində olmuşdur. Həmin avtonəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində 14.05.2019-cu il tarixdə, saat 11:30 radələrində, Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə həmin avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Sumqayıt şəhər polis idarəsinin 23 may 2019-cu il tarixli “cinayət işinin başlanılmasınını rədd edilməsi haqqında” qərarına əsasən 14 may 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanılmasınını rədd edilmişdir. İddiaçı cavabdehdən 21500 manat sığorta ödənişinin tutulması tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda, eləcə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda da, “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsü lizinq alan X5 olduğu qeyd edilsə də, şahidlərin izahatına əsasən əslində avtomobili avtoyuma məntəqəsinin işçisi olan X6 idarə etmişdir. Hadisənin araşdırılması məqsədilə Cavabdeh SŞ tərəfindən Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına sorğu verilmişdir. 23 may 2019-cu il tarixində sonuncu tərəfindən sorğuya yazılı cavab olaraq bildirilmişdir ki, “X2 deməsinə görə hadisə yolu keçən zaman “Lada Vesta” markalı avtomobilin onu vurması nəticəsində baş vermiş və TYX-nın zədə məntəqəsinə yerləşdirilmişdir”. 24 may 2019-cu il tarixində Cavabdeh SŞ tərəfindən hansı xəsarətlərin alınması, hadisənin təfərrüatlarının öyrənilməsi məqsədilə Sumqayıt şəhər TYX-nin zədə məntəqəsinə sorğu ünvanlanmışdır. Sonuncu həmin sorğuya cavab olaraq bildirmişdir ki, “xəstə zədəni harada, necə alması bərədə məlumat vermir.” Baxılan halda sənədlər arasında ziddiyyətli məqamlar aşkar olunduğu üçün 25 iyun 2019-cu il tarixində Cavabdeh SŞ tərəfindən Baş prokurorluğa məktub ünvanlanmış, həmin məktubda “Lada Vesta” markalı avtomobilin əslində X7 tərəfindən idarə olunduğu və onun sürücülük vəsiqəsi, eləcə də etibarnaməsinin mövcud olmaması bildirilərək təhqiqat sənədlərinə müvafiq düzəlişlərin edilməsinə göstəriş verməsi xahiş edilmişdir. Bununla bağlı Zaur Cahangirovun nümayəndəsi olan X3 məlumat verilmişdir. Beləliklə, X6 etibarnamə və sürücülük vəsiqəsi olmadan sığorta müqaviləsində göstərilən avtomobili idarə etmiş və yanlış izahatlar verərək sığorta hadisəsinin səbəblərini öyrənmək imkanlarından məhrum etmişdir. Bundan başqa, sığorta şəhadətnaməsinə əsasən hadisə baş verən anda yəni, 14 may 2019-cu il tarixində sığorta məbləği 17845 manat, qüsur aktına əsasən isə avtomobilə dəymiş zərər məbləği 16211,26 manat təşkil edir. Belə olan halda avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır və sığorta qaydalarına əsasən avtomobilə dəymiş zərər məbləği sığorta məbləğinin 75%-ni aşır. Tam məhv olma halında isə sığorta ödənişi avtomobilin qalıqlarının dəyəri və hadisədən əvvəlki bazar dəyərinə əsasən müəyyən edilməlidir. Cavabdeh SŞ tərəfindən tərtib edilən 11 mart 2021-ci il tarixli arayışa əsasən “Lada Vesta” markalı avtomobilin qalıqlarının dəyəri 3000 manat və hadisədən əvvəlki dəyəri 17000 manat təşkil edir. Sığorta müqaviləsi şərtləri nəzərə alınaraq azadolma məbləği və qalıqların dəyəri çıxılmaqla sığortaçının öhdəliyinin həddi 13900 manatdan artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 933.1 və 934.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Çünki tərəflər arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edən 19.05.2017ci tarixli **********603 nömrəli “Könüllü sığorta” şəhadətnaməsinə görə avtonəqliyyat hadisəsi sığorta risklərindən biridir. Eyni zamanda həmin müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə ilə müəyyən edilən sığorta hadisəsi baş vermiş və sığortalanmış əmlaka maddi zərər dəymişdir. Sığorta ödənişinin məbləği isə aşağıdakı qaydada müəyyən olunmalıdır. Mülki Məcəllənin 904.1-ci maddəsi və “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 5.1-ci maddəsinə əsasən sığorta məbləği sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qaydaların anlayışlar bölməsinə əsasən avtonəqliyyat vasitəsinin tam məhv olması-sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Hazırki işin halları da ondan ibarətdir ki, sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləği sığorta məbləğinin 75%-dən daha artıq məbləğ təşkil edir. Belə ki, 19.05.2017-ci tarixli **********603 nömrəli könüllü sığorta şəhadətnaməsinə əsasən hadisə baş verən anda, yəni 14 may 2019-cu il tarixdə sığorta məbləği 17845 manat təşkil edir. Eyni zamanda cavabdeh etiraf edir ki, avtomobilə dəymiş zərər məbləği 16211,26 manat təşkil edir. Belə olan halda isə avtomobilə dəymiş zərər məbləği sığorta məbləğinin 90,8 % təşkil edir (16211,26 x 100 / 17845 = 90,8). Ona görə də, sığorta ödənişinin məbləği “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1.2.1-ci bəndinə uyğun, yəni sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiymətinə uyğun hesablanmalıdır. Həmin məbləğ isə 13900 manat təşkil edir. Belə ki, cavabdeh etiraf edir ki, avtomobilin qalıqlarının dəyəri 3000 manat və hadisədən əvvəlki dəyəri 17000 manat təşkil edir. Belə olan halda isə iddiaçı avtomobilin qalıqlarının dəyərinin 3000 manat və hadisədən əvvəlki dəyərinin 17000 manat təşkil etməsi hallarının sübut etmə vəzifəsindən azaddır. Çünki Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda iddiaçı tərəfindən sığorta məbləğinin artmasına səbəb ola biləcək hallarla, yəni avtomobilin qalıqlarının dəyərinin 3000 manatdan az və hadisədən əvvəlki dəyərinin 17000 manatdan çox olması ilə bağlı sübutlar təqdim edilməmişdir. İş üzrə təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 9/3047 nömrəli rəyində də bu hallar müəyyən edilməmişdir. Belə ki, həmin rəyə əsasən “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə satış qiyməti təxminən 16000 manat, hadisədən sonrakı qalıq dəyəri təxminən 4000 manat müəyyən edilir. Bu baxımdan kollegiya hesab edir ki, həmin ekspert rəyi sübut əhəmiyyətinə malik deyil və qeyd olunan hallar cavabdehin etiraf etdiyi şəkildə, yəni avtomobilin qalıqlarının dəyərinin 3000 manat və hadisədən əvvəlki dəyərinin 17000 manat təşkil etməsi kimi müəyyən edilməlidir. Beləliklə, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1, 4.1.2 və 4.1.2.1-ci maddələrinin tələblərinə əsasən Cavabdeh Sığorta Şirkəti avtomobilin qalıqlarından (3000 manat) imtina etdiyindən, həmin vəsait avtomobilin hadisədən əvvəlki qiymətindən (17000 manat) çıxılmalı, daha sonra həmin məbləğdən 100 manat (franşiza) çıxılmalı və sığorta ödənişinin məbləği 13900 manat müəyyən edilməlidir (17000-3000- 100=13900). Cavabdeh Sığorta Şirkəti ASC-nin dəlilləri isə əsassızdır. Belə ki, sığorta hadisəsi baş verən vaxt “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alan X5 tərəfindən deyil, X6 tərəfindən idarə etməsini təsdiq edən heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda Sumqayıt şəhər polis idarəsinin 23 may 2019-cu il tarixli “cinayət işinin başlanılmasınını rədd edilməsi haqqında” qərarına, yəni səlahiyyətli dövlət orqanının qərarına əsasən 14 may 2019-cu il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı həmin avtomobilin sürücüsü X5 olmuşdur. Ekspert rəyinin sübut kimi hər hansı əhəmiyyətinin olmaması isə yuxarıda şərh olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh sığorta şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-588/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1347/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1347/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver