Məhkəmə qərarları › İş №2-2(103)-1348/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1348/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1348/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4942/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçılar X1 və X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar X1 və X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçılar iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə aid daşınar əşyaların Bakı şəhəri, Azadliq prospekti 108 ünvanda yerləşən “Bakı Tehran Klinikası”nda olan daşınar əmlakın icra məmuru tərəfindən siyahıya alaraq, həmin əşyaların cavabdehlər və qeyriləri tərəfindən götürülməsinin və ya satılmasının qarşısının alınması barədə, Cəmiyyətin "xxxx" ASC-də olan (VÖEN **********) pul vəsaitləri və digər qiymətli kağızların yerləşdiyi hesabın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, e-2-2(113)-4942/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçılar X1 və X5 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçılar tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə 01.10.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və həmin tarixdə də Mülki Prosessual Məcəlləyə edilmiş yeni əlavə və dəyişikliklər qüvvəyə minmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin ərizəyə Mülki Prosessual Məcəllənin yeni redaksiyasına uyğun olaraq müvəqqəti təminat tədbirləri kimi hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə müvəqqəti təminat tədbirləri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, hazırkı işdə müvəqqəti təminat tədbirləri seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələbi Cavabdeh MMC-nin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə MMC-nin və onun əmlakının naturada bölünməsi institutu ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu isə iddia tələbinin kifayət qədər əsaslılığını şübhə altına alır. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin diqqətinə çatdırır ki, Mülki Prosessual Məcəllənin yeni redaksiyasına uyğun olaraq müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar X1 və X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4942/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar