Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1348/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: sığorta hadisəsi, sığorta ödənişi, şərtli azadolma məbləği, franşiza) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə “sığorta ödənişinin ödənilməsi” barədə iddia ərizəsinə dair üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 5745/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus “Skoda Oktavıa” minik markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığortasına dair MİB231763 nömrəli sığorta müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2023-ci il tarixdən xx.xx.2028-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən: - Avtomobilin sığorta dəyəri və sığorta məbləği 46000 manat, sığorta haqqı 3404 manat; - Hər bir sığorta hadisəsi üzrə azadolma məbləği 200 manat, lakin oğurluq və ya tam zərər halında azadolma məbləği sığorta məbləğinin 10%-i həcmində tətbiq ediləcək; - Sığorta hadisəsi baş verdikdən sonra sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində ödənişli sərnişindaşıma (taksi) və ya icarəyə vermə (rent a car) yolu ilə istismar olunması aşkar olarsa, Sığortaçı 10000 manat məbləğində əlavə azadolma məbləği tətbiq edəcəkdir.
2. xx.xx.2024-cü il tarixdə Avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi ilə nəticələnən sığorta hadisəsi baş vermişdir.
3. xx.xx.2024-cü il tarixdə Avtomobilə dəymiş zərərin 13041,41 (14490- 10%=13041,41) manat olması barədə Təmir aktı tərtib edilmişdir.
4. "xxxx" ASC tərəfindən AKS250271 nömrəli Sığorta aktı tərtib edilərək, Avtomobilə dəymiş zərərin 13041,41 manat olması göstərilməklə, 10000 manat əlavə (sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində ödənişli sərnişindaşıma (taksi) fəaliyyəti ilə bağlı istismar olunduğu aşkar edilməsi əsası ilə), 200 manat ümumi (adi) franşiza çıxılması şərtilə sığorta ödənişinin 2841,41 manat müəyyən edilməsi qeyd edilmişdir.
5. "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin müraciətinə cavab olaraq yazdığı xx.xx.2025-ci il tarixli məktubda 2841,41 manat sığorta ödənişinin verilməsinin qərara alındığı göstərilmişdir.
6. Avtomobil sərnişindaşıma üzrə taksi fəaliyyətində istifadə edilmiş, fəaliyyət müddəti xx.xx.2024-xx.xx.2031-ci ilədək AYNA tərəfindən qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı MİB231763 saylı sığorta müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsi nəticəsində “Skoda Octavia” markalı, 77YE213 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12841,41 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli MİB231763 nömrəli sığorta şəhadətnaməsinə əsasən bağlanmış “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə könüllü sığorta müqaviləsinə əsasən Avtomobili kasko sığorta etdirilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə könüllü qaydada sığortalanmış Avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə, avtomobilillərinə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi cavabdeh tərəfindən sığorta hadisəsi olduğu təsdiq edildikdən sonra sığorta predmetinə dəymiş zərərlə bağlı qiymətləndirilmə nəticələri xx.xx.2024-cü il tarixində rəsmi elektron poçt vasitəsilə Sığorta şirkətinə ünvanlanmış və xx.xx.2024-cü il tarixində Sığorta şirkəti tərəfindən zərər aktında göstərilən təmir işlərinin görülməsinə başlanması təsdiq edilmişdir. Təmirə başlanması təsdiq edildikdən sonra avtomobilin təmir proseduruna rəsmi servis mərkəzlərində başlanılmış yekunlaşdıqdan sonra xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində cavabdehə sığorta ödənişinin edilməsi barədə müraciət edilmiş, lakin xx.xx.2025-ci il tarixli cavab yazışmasında cavabdeh heç bir əsas olmadan sığorta hadisəsi baş verən zaman avtomobilin taksi fəaliyyətinin olmasını bəhanə gətirərək əsassız olaraq təmir aktında göstərilən tam məbləğin ödənilməsindən imtina edilmişdir. Sığorta Şirkətinə onlar tərəfindən təsdiq edilmiş və nəticədə təmir edilmiş avtomobilə görə sığorta məbləğinin tam ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli SA/029/25 nömrəli müraciətlərinə cavab olaraq avtomobilin AYNA-da xx.xx.2024-cü il tarixindən taksi fəaliyyəti göstərən kimi rəsmi qeydiyyatda olmasını əsas götürərək 10.000 manat azadolmanın tətbiq edildiyini bildirmişdirlər. Sığorta şirkəti sığorta hadisəsi baş verən zaman sığorta predmeti olan avtomobilin faktiki olaraq taksi fəaliyyəti ilə məşğul olub-olmamasını vaxtında araşdırmalı idi. İddiaçıya təmir üçün təsdiq gəldikdən və bütün işlər görüldükdən sonra belə imtinanın tətbiqi onların hüquqlarını pozur.
9. Cavabdeh iddia ərizəsinə yazılı etirazlarında qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə MİB231763 saylı icbari sığorta müqaviləsi bağlanmış və Avtomobil sığorta olunaraq, “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək sığortalanmışdır. xx.xx.2024-cü il tarixində Bakı şəhəri ərazisində X2 tərəfindən idarə olunan “Nissan” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X3 tərəfindən idarə olunan “Skoda” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və avtomobilə maddi ziyan dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Müvafiq yol-nəqliyyat hadisəsi araşdırılan zaman məlum olmuşdur ki, Avtomobildən ödənişli taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə istifadə olunmuşdur. Belə ki, müvafiq yolnəqliyyat hadisəsinin araşdırılması məqsədilə onlar tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, Avtomobil sərnişindaşıma fəaliyyəti (taksi fəaliyyəti) ilə bağlı AYNA-da xx.xx.2024-cü il tarixindən xx.xx.2031-ci il tarixinədək rəsmi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış MİB231763 saylı sığorta müqaviləsinə əsasən, sığorta hadisəsi baş verdikdən sonra sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində ödənişli sərnişin daşıma (taksi) və ya icarəyə vermə (rent a car) yolu ilə istismar olunması aşkar olunarsa, sığortaçı tərəfindən 10.000 manat məbləğində əlavə azadolma məbləğinin tətbiq ediləcəyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Avtomobilə dəymiş zərər iddiaçının servis mərkəzi tərəfindən 13 041,41 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli ,HD/HTŞ-707 saylı məktubla iddiaçıya MİB231763 saylı sığorta müqaviləsinin şərtlərinə əsasən, 200 manat məbləğində azadolma məbləği və 10 000 manat məbləğində əlavə azadolma məbləği tətbiq edildiyindən müvafiq sığorta hadisəsi üzrə avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2841,41 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi barədə yazılı şəkildə məlumat verilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5745/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilməmişdir. MİB231763 saylı sığorta müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Octavia” markalı, 77YE213 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər nəticəsində ödənilməli olan 2841,41 manat məbləğində sığorta ödənişi və 28 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. 101 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MİB231763 nömrəli sığorta müqaviləsinin bağlanması ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisə üzrə sığorta müqaviləsinin bağlanması, sığorta hadisəsinin baş verməsi, sığorta hadisəsi nəticəsində Avtomobilin zərər dəyməsi, habelə dəymiş zərərin həcminin 13041,41 manat həsmində olması işin mübahisəsiz hallarıdır. Tərəflər arasındakı mübahisə isə sığorta ödənişinin həcmi ilə, daha konkret halda sığorta ödənişinin verilməsi zamanı əlavə azad olma məbləğinin tətbiq edilməsi ilə bağlıdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə Avtomobilin sığorta dəyəri və sığorta məbləği 46000 manat, hər bir sığorta hadisəsi üzrə adi (standart) azadolma məbləği 200 manat, habelə sığorta hadisəsi baş verdikdən sonra sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində ödənişli sərnişindaşıma (taksi) və ya icarəyə vermə (rent a car) yolu ilə istismar olunması halında 10000 manat əlavə azadolma məbləğinin tətbiq olunacağı müəyyən edilmişdir. Sığorta müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış və qüvvədə olmuşdur. İddiaçı hesab edib ki, əlavə azad olma məbləği çıxılmadan Avtomobilə dəymiş zərər görə sığorta ödənişi verilməlidir. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, MM-nin 389.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa bir qayda olaraq onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlərlə bərabər tərəflər arasında yaranmış münasibətlərin xarakterindən asılı olaraq elə spesifik şərtlər da daxil edilə bilər ki, bu müqavilə tərəflərinin hüquq və öhdəliklərinin icrasına başa təsir göstərə bilər. Məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) 4-cü bəndində göstərilmiş “sığorta hadisəsi baş verdikdən sonra sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində ödənişli sərnişindaşıma (taksi) və ya icarəyə vermə (rent a car) yolu ilə istismar olunması aşksar olarsa, Sığortaçı 10000 manat məbləğində əlavə azadolma məbləği tətbiq edəcəkdir” müddəası da belə xüsusi şərtlərdəndir. İşin faktiki halları ilə də müəyyən edilmişdir ki, sığorta hadisəsi baş verməzdən əvvəl Avtombildən sərnişindaşıma üzrə taksi fəaliyyinin həyata keçirilməsində istifadə edilmiş və həmin fəaliyyət AYNA-da xx.xx.2024 - xx.xx.2031-ci illər üzrə qeydiyyata alınmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən, yəni Avtomobilə dəymiş zərərdən müqavilədə müəyyən edilmiş adi və əlavə azad olma məbləğləri çıxılmaqla, qalan 2841,41 manat (13041,41 manat - 200 manat -10000 manat = 2841,41 manat) sığorta ödənişinin tutulması hissəsində təmin edilməlidir. Cavabdeh də həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz etmədiklərini məhkəmə iclasında bildirmişlər. Məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi nisbətində (iddia tələbi təqribən 22% nisbətində təmin edilmişdir) müəyyən edilməklə tərəflərə aid edilməlidir.
12. Birinci instansiya Məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 386.1, 389.1, 883.1, 898.1, 898.2, 898.4, 901.1, 922.1, 926.1, 926.3, 934.1-ci maddələrinə istinad etmişdir.
13. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını, eyni zamanda ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən iddianın təmin edilməyən təmir xərci hissəsində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməmiş, məhkəmə sübutları araşdırarkən bəzi məsələlərə diqqət etməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli MİB231763 nömrəli sığorta şəhadətnaməsi eyni avtomobilə dair tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli MİB250193 nömrəli şəhadətnamə ilə qüvvədən düşmüşdür. Sığorta şirkəti isə İddiaçı MMC-yə azadolma məbləği barədə məlumat verərkən (xx.xx.2025-ci il tarixli cavab yazışmasında) artıq istinad edilən sığorta şəhadətnaməsi yeni şəhadətnamə ilə qüvvəsini itirmişdir. Həmçinin Sığorta şirkəti xx.xx.2023-cü il tarixli MİB231763 şəhadətnaməyə uyğun olaraq avtomobilin təmir edilməsini İddiaçı MM- yə tapşırmış və təmirin başlanmasını təsdiq etmişdir. Bu isə artıq görülmüş işi ödəməkdən yayınmaq kimi qiymətləndirilməli olmasını hesab edir. Mülki Məcəllənin 922.1-ci maddəsində sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal kimi göstərilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.
17. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. -883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir. -898.1-ci maddəsinə görə icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. -898.2-ci maddəsinə görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən iddia rədd edilən hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız iddia rədd edilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli, MİB231763 nömrəli sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçıya məxsus “Skoda Oktavıa” minik markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitələrinin könüllü sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Həmin müqavilədə hər bir sığorta hadisəsi üzrə azadolma məbləği 200 manat məbləğində müəyyən edilmiş, bununla yanaşı sığorta predmetinin sığorta müddəti ərzində ödənişli sərnişindaşıma (taksi) və ya icarəyə vermə (rent a car) məqsədi ilə istismar olunmasının aşkar edilməsi zamanı sığortaçı tərəfindən 10.000 manat məbləğində əlavə azadolma tətbiq ediləcəyi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə sığortalanmış avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobilə zərər dəymişdir.
25. Hazırda İddiaçı MMC yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin 13.041.41 manat təşkil etdiyini əsas göstərərək həmin məbləğə 200 manat məbləğində azadolma məbləği tətbiq edilməklə 12.841,41 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə sığortalanmış avtomobil taksi fəaliyyəti üçün istifadə edildiyindən zərər məbləğinə əlavə azadolma məbləğinin tətbiq edilməli olmalı olmasını əsas gətirərək iddiaya etiraz edir.
26. Kollegiya qeyd edir ki, mübahisəli yol-nəqliyyat hadisəsinin sığorta şəhadətnaməsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilməsi, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 13.041,41 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil etmir.
27. İş üzrə mübahisə isə cavabdeh tərəfindən zərərin məbləğinə əlavə 10.000 manat məbləğində azadolmanın tətbiq edilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
28. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər mübahisəli sığorta şəhadətnaməsində sığorta müddəti ərzində ödənişli sərnişindaşıma (taksi) və ya icarəyə vermə (rent a car) məqsədi ilə istismar olunmasının aşkar edilməsi zamanı sığortaçı tərəfindən 10.000 manat məbləğində əlavə azadolma tətbiq ediləcəyini şərtləndirmişlər.
29. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən portaldan təqdim edilmiş çıxarışdan isə görünür ki, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024cü il tarixindən xx.xx.2031-ci il tarixinədək müddətdə taksi fəaliyyəti üçün qeydiyyata alınmışdır.
30. Bu baxımdan, cavabdeh tərəfindən 10.000 manat məbləğində azadolmanın tətbiq edilməsi əsası ilə iddiaçının tələb etdiyi məbləğdə sığorta ödənişindən imtina olunması əsaslı olmuşdur.
31. İddiaçının xx.xx.2023-cü il tarixli, MİB231763 nömrəli sığorta şəhadətnaməsinin sonradan xx.xx.2025-ci il tarixli, MİB250193 nömrəli sığorta şəhadətnaməsi ilə əvəz edilməsi və yeni müqavilədə əlavə azadolma məbləği ilə bağlı bəndin yer almaması barədə arqumentlərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli sığorta hadisəsi məhz əvvəlki sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə baş vermişdir. Eyni avtomobillə bağlı tərəflər arasında yeni sığorta müqaviləsinin bağlanması faktı isə tərəflərin əvvəlki sığorta müqaviləsinin ləğv edilməsinə yönəldilmiş iradə ifadəsi kimi qiymətləndirilsə belə əvvəlki müqavilə əsasında həmin müqavilə ləğv edilənədək olan dövrdə yaranmış hüquq və öhdəliklərə xitam verilməsinə və ya dəyişməsinə səbəb olmur.
32. Bundan başqa sığorta şirkətinin avtomobilin təmirini iddiaçıya tapşırması və təmirin başlamasını təsdiq etməsi barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, avtomobilin məhz sığorta şirkətinin tapşırığına əsasən iddiaçının avtoservisinə yerləşdirilməsi, eləcə də avtoservisə yerləşdirilərkən sığorta şirkətinin təmir xərclərinin onun tərəfindən ödəniləcəyi barədə qeyd-şərtsiz razılıq verməsi iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, sözügedən dəlillər də əsassızdır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tuaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5745/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov