Məhkəmə qərarları › İş №2-2(103)-135/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-135/2025

14.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-135/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair kommersiya mübahisəsi Açar söz: borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8348/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1953-cü il tarixdə Naxçıvan MR., Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fiziki və hüquqi şəxslərə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********998300 nömrəli bildirişlərə əsasən ümumilikdə 2318,1 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2317,67 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1953-cü il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR; Şərur rayonu, Oğlanqala kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0,43 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2317,67 manat məbləğində (o cümlədən, vergilər üzrə 1805,62 manat, faizlər üzrə 512,05 manat) olmaqla, ümumilikdə 2318,1 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********998300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 2 ünvanında yaşayır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8348/2024 nömrəli qətnaməsi ilə vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2317,67 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (VÖEN:**********) (xx.xx.1953-cü il tarixdə Naxçıvan MR., Şərur rayonu, Oğlanqala kəndində anadan olan, ünvan 4 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində fiziki və hüquqi şəxslər tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fiziki və hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fonda olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

9. Məhkəmə hazırkı mübahisəyə AR Vergi Məcəlləsinin 16.1.1, 23.1, 15-3, 24.0.2-1, 77.3, 78.1, Mülki Prosessual Məcəllənin 355-5, 355-7.4-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8348/2024 nömrəli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC VÖEN **********) ilə heç bir əlaqəm yoxdur. "xxxx" MMC adlı hüquqi şəxs təsis etməmişəm. Məlumat üçün bildirirəm ki, mən 1994-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsini xx.xx.2005-ci il tarixində Türkiyə Respublikasının vətəndaşı Baş Fuad adlı şəxsə satmışam. Həmin tarixdən etibarən "xxxx" Kiçik Müəssisəsi ilə heç bir əlaqəm olmamışdır. Həmin andan bu tarixə kimi Dövlət Vergi Xidmətindən hər hansı bir məktub, borc barədə bildiriş mənə təqdim edilməmişdir. Həmin xx.xx.2005-ci il tarixli Alqı-satqı müqaviləsi notarial qaydada bağlanmışdır. “taxes.gov.az” elektron saytda VÖEN ********** fiziki şəxs kimi vergi borcu yoxdur. Bundan başqa, mən səhhətimdə mövcud ağır xəstəliyimlə bağlı müalicə məqsədilə mütəmadi olaraq Respublika hüdudlarını tərk edib qayıdıram. Belə bir əsassız məhkəmə aktı ilə mənim hüquqlarımın tapdalanması ədalətsizlikdir. Nəzərə almalısınız ki, səhhətimdə ciddi problemlər var, özüm həkim olmağıma baxmayaraq xəstəliyimlə bağlı müayinə-nəzarət məqsədilə ölkə hüdudlarını tərk edirəm və qayıdıram. Əsassız olaraq mənim azadlıq hüququmun məhdudlaşdırılması insan kimi həyatımı itirməyimə səbəb ola bilər. Bununla bağlı tibbi sənədləri şikayətimə əlavə edirəm.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

16 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8348/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.

19. İşin hallarından görünür ki, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində fiziki və hüquqi şəxslər tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsinə əsasən məhkəmə müəyyən etmişdir ki, maraqlı şəxsin dövlət büdcəsinə 319.77 manat məbləğində borcu vardır. Kollegiya bu hal ilə bağlı qeyd edir ki, borcun məbləği belə bir məhdudiyyətin qoyulmasına rəvac vermir, 319.77 manat borca görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq mütənasiblik meyarına ziddir. Ona görə də qeyd olunan kiçik borc məbləğinə görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq yolverilməzdir.

20. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8348/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar