Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1355/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-8100/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Fiziki şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.
3. Vergi orqanı tərəfindən vergi ödəyicilərinə ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən və xəbərdarlıqdan görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 3029,77 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat və İcbari Tibbi Sığorta Fonduna 14,61 manat borcu mövcuddur.
5. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat, İşsizlikdən Sığorta Fonduna 6,79 manat borcu mövcuddur.
6. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 479,67 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat və İcbari Tibbi Sığorta Fonduna 14,61 manat borcu mövcuddur. Həmçinin fərdi sahibkar tərəfindən 2024-cü ilin gəlir vergisi üzrə arayışlar, 2022-ci ilin gəlir vergisi üzrə bəyannamələr təqdim edilmiş, borc məbləği azalmışdır.
7. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat və İcbari Tibbi Sığorta Fonduna 0 manat borcu mövcuddur. Həmçinin fərdi sahibkar tərəfindən dövlət büdcəsinə ödəmə tapşırığı əsasında 480 manat, İcbari Tibbi Sığorta Fonduna 119 manat ödəniş edilmişdir.
8. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat, İşsizlikdən Sığorta Fonduna 6,79 manat borcu mövcuddur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 14,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, dövlət büdcəsinə 2949,85 manat, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən Sığorta Fonduna 6,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 14,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, dövlət büdcəsinə 2949,85 manat məbləğində (o cümlədən vergilər üzrə 1894,19 manat, faizlər üzrə 1055,66 manat), “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 6,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat olmaqla ümumilikdə 3065,92 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********666400, xx.xx.2024cü il tarixli **********665700, xx.xx.2025-ci il tarixli **********103300, xx.xx.2024-cü il tarixli **********154900, xx.xx.2025-ci il tarixli **********279400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
11. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8100/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Maraqlı şəxs və “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsi və müvafiq fondlara öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların müvafiq olaraq dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, ərizə məhkəmənin icraatında olarkən Maraqlı şəxs dövlət büdcəsinə olan borcu üzrə 479,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu üzrə 119 manat ödəniş edilmiş, fərdi sahibkar tərəfindən 2024-cü ilin gəlir vergisi üzrə arayışlar, 2022-ci ilin gəlir vergisi üzrə bəyannamələr təqdim edilmiş, nəticədə Maraqlı şəxs dövlət büdcəsi və İcbari Tibbi Sığorta Fonduna borclara qalmamış, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat, İşsizlikdən Sığorta Fonduna 6,79 manat borcu qalmışdır. Məhkəmə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, göstərilməlidir ki, hazırkı iş üzrə ərizə məhkəmənin icraatında olarkən fərdi sahibkarın vergi borcunun mövcudluğu ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün 13 oktyabr 2025-ci il tarixdə ərizəçiyə məktub ünvanlanaraq göstərilmişdir ki, Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2025ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsinə əsasən, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə gəlir vergisi üzrə bəyannamə və arayış təqdim edilmiş, nəticədə vergi ödəyicisinin 479,67 manat borcu qalmışdır. Həmçinin şəxsi hesab vərəqəsinin sonuncu vərəqində yerləşən cədvəldən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun 479,67 manat, kameral yoxlanılmalı məbləğin 0 manat olduğu görünür. Şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsində dövlət büdcəsinə olan borcun 2949,85 manat olması təsdiqlənmədiyindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci və 184.1ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə borcun olmasını təsdiq edən sübutların, eyni zamanda borcun alınması üçün görülən digər tədbirlər və onların nəticə verib-verməməsi məlumatın və sənədin təqdim edilməsi vergi orqanına təklif olunmuşdur. Lakin vergi orqanı tərəfindən qeyd edilən məsələyə hər hansı mövqe bildirilməmiş, əksinə, Maraqlı şəxs xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən dövlət büdcəsinə hər hansı borcunun olmadığı təsdiq edilmişdir. Bu isə Maraqlı şəxs dövlət büdcəsinə borcunun olmadığı qənaətinə gəlməyə səbəb olur, sonuncunun Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat, İşsizlikdən Sığorta Fonduna 6,79 manat borcu üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı araşdırma aparılmasını zəruri edir. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə2 dekabr 2014-cü il tarixli, § 37;Stamose Bolqarıstana qarşı iş üzrə27 noyabr 2012-ci il tarixli, § 30;Bartik Rusiyaya qarşı iş üzrə21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Elə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə analoji hüquqi mövqe formalaşdırımışdır. Eyni əsaslara görə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı №74288/14və64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94). Maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq fərdi sahibkarın ərizədə göstərilən vergi borcu üzrə 479,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan borclar üzrə tam ödəniş etdiyindən, vergi orqanı tərəfindən vergi borcunun olmasını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən, həmçinin vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə veribverməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
16. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, 73-cü maddəsinin İ bəndini, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2-ci hissəsi, 2-ci maddəsinin 3-cü hissəsinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.3, 78.1, 23.1.15-3-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.3-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk öncə qeyd edək ki, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə 2022 və 2024-cü illər gəlir vergisi üzrə bəyannamələr təqdim edilməklə hesablanmış vergi məbləği 1860,80 manat azaldılmışdır. Bu hal isə şəxsi hesab vərəqəsindən aydın olur. Qeyd olunan halda vergi orqanından borcun olmasına dair sübutun təqdim edilməsi deyil, “məhkəmə (hakim) qanunu bilir” prinsipindən yanaşaraq Vergi Məcəlləsinin 37.2-ci maddəsi nəzərə alınmalı idi. Həmin normaya əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələr üzrə Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə kameral vergi yoxlaması keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı halda həmin bəyannamə onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz. Çünki vergi ödəyicisinin vergi orqanının hesablamalarından sonra yenidən bəyannamə təqdim etməsi vergilərin yenidən hesablanmasını tələb etməsi onun hüququnun realizəsidir ki, vergi ödəyicisinin həmin hüququndan istifadənin müsbət nəticəsi vergi orqanı tərəfindən sözügedən bəyannamənin qəbul edilməsidir. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Qeyd olunanlara əsasən vergi ödəyicisi gəlir vergisi bəyannaməsini hesabat ili bitdikdən sonra mart ayının 31-nə qədər vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi də mənfəət vergisi üzrə xx.xx.2025-ci il tarixli bəyannamə təqdim etmişdir. Lakin təqdim olunmuş bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmamış, **********051400 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək həmin dövr üzrə vergiyə cəlb olunan dövriyyəyə əsas verə biləcək müvafiq təsdiqedici sənədlər, izahatı və gəlir vergisi bəyənnaməsi tələb olunmuşdur. Belə olan halda bəyannamənin təqdim edilməsindən 60 iş günü keçmədiyindən vergi orqanının gözlənilən hüququ mövcuddur və bu azalma özlüyündə vergilərin ödənilməsinə bərabər tutula bilməz. Hesab edirik ki, ərizə üzrə borcun tam ödənilməsi ilə bağlı məhkəmənin mövqeyi bu hissədə əhəmiyyətini itirmiş olur. Görülmüş tədbirlərlə bağlı dəlilə münasibətdə qeyd edək ki, vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********279400 nömrəli və xx.xx.2025-ci il tarixli **********103300 tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödənilmədiyindən ona 15 gündən sonra SMS göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən yenə də təmin edilmədiyi üçün bildiriş göndərildikdən xx.xx.2025-ci il tarixdə ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Eyni zamanda bildirilir ki, maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada **********924500, **********922100, **********908700, **********907000 nömrəli sərəncamlar göndərilmiş və ərizəyə əlavə olunmuşdur. O cümlədən vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********272100 nömrəli “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin görülən tədbirlər nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun tam ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Həmçinin qeyd olunur ki, məhkəmənin sadaladığı məhdudlaşdırcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Vergi orqanı mövcud vergi borcunun alınması üçün ən effektiv olan və məqsədəmüvafiq hesab etdiyi üsulu seçmək hüququna malikdir. Məhkəmə mütənasiblik prinsipi ilə bağlı mövqeyini ifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə istinadedərək bildirmişdir ki, hüquq və azadlıqların məhdudladırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Lakin məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunmuşdur. Onu da vurğulayaq ki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərintətbiq edilibedilməməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyinin əsaslandırılmaldır. Lakin məhkəmə bu mövqeyini təsdiq edəcək qanunvericilik normasına istinad etməmiş, ərizədə irəli sürülən tələblə bağlı olmayan ümumi normalara istinad etmişdir. Vergi orqanı tərəfindən həmin sübutların hazırkı ərizəyə baxılması zamanı hansı əsaslarla məhkəməyə təqdim edilməli olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 355-5.1-cimaddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-in tələbləri pozulmuş, işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, tərəfimizdən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ərizəni rədd edərək vergi orqanını Vergi Məcəlləsi və Mülki Prosessual Məcəllə ilə ona verilmiş təsirvasitələrindən ən təsirlisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüququndan məhrum etmiş və həmin hüququn realizəsini mümkünsüz etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı; iştirakçılarının izahatları
20. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
21. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
22. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
23. 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
24. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:
25. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
26. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
27. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
28. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
29. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
30. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
31. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355- 5.1-ci maddəsinin tələblərinə görə vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
41. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas olmamışdır.
42. İşin hallarından müəyyən olunur ki, Maraqlı şəxs şəxsi hesab vərəqəsinə əsasən sonuncu tərəfindən mütəmadi olaraq vergi borcu üzrə ödənişlər edilmiş, vergi borcunun ödənilməsindən yayınmamışdır.
43. Eyni zamanda "Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet portalında (e-taxes.gov.az) hər kəs üçün açıq olan "Vergi borcu barədə məlumat" bölməsindən əldə edilmiş çıxarışa əsasən Maraqlı şəxs (VÖEN: **********) adlı vergi ödəyicisinin dövlət büdcəsinə xx.xx.2026-cı il tarixə vergi borcu müəyyən edilməmişdir.
44. Digər tərəfdən maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir.
45. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
46. Nəzərə alınmalıdır ki, bu qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
47. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista İtaliyaya qarşı”, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, “nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir”.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
53. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8100/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.