Məhkəmə qərarları › İş №2-2(103)-1357/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1357/2025

22.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1357/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İsmayılova Elnarə Məyiş qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8922/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. Hüquqi şəxs haqqında məlumatlardan və İnternet Vergi İdarəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəridir.

2. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-198/2025 nömrəli hökmü ilə Maraqlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 1(003)-198/2025 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(103)- 1590/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmış və qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 0,48 manat, dövlət büdcəsinə 6113,95 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 10704,04 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 0,03 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 0,68 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,48 manat, dövlət büdcəsinə 6113,95 manat məbləğində (o cümlədən vergilər üzrə 4590,08 manat, faizlər üzrə 1523,87 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 10704,04 manat məbləğində (o cümlədən vergilər üzrə 8529,76 manat, faizlər üzrə 2174,28 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 0,03 manat məbləğində (o cümlədən vergilər üzrə 0,02 manat, faizlər üzrə 0,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 0,68 manat məbləğində (o cümlədən vergilər üzrə 0,52 manat, faizlər üzrə 0,16 manat) olmaqla ümumilikdə 16819,18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********038300, xx.xx.2025-ci il tarixli **********898900, xx.xx.2025-ci il tarixli **********447800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8922/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin dövlət büdcəsi və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən adıçəkilən hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə müraciət edilmiş, maraqlı şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 1(003)-198/2025 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmişdir. vergi ödəyicisi olan hüquqi şəxslərin reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə bundan xəbərdarolmaması maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxslərin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. əmək müqaviləsi tərəflərinin iradəsindən asılı olmadan maraqlı şəxslə bağlanmış əmək müqaviləsinə sonuncunun barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindiyi üçün xitam verildiyindən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun deyil, həmçinin hüquqi şəxslər tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilmədiyindən legitim məqsəd də güdmür.

8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1. Hüquqi şəxsin dövlət büdcəsinə borcunun olması; 2. Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. xx.xx.2025-ci il tarixli **********750500, **********727300 nömrəli və xx.xx.2025-ci il tarixli **********408600, **********386100 nömrəli dövlət reyestrindən çıxarış və Dövlət Vergi Xidmətinin hesabat axtarış sistemindən əldə olunmuş məlumata əsasən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin rəhbərinin hazırda Maraqlı şəxs olduğu görünməkdədir. Hüquqi şəxsi təmsil etmək hüququ isə dövlət qeydiyyatına əsasən müəyyən edilir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri dövlət reyestrinə daxil edilməli olan məlumatlar siyahısındadır. Əgər dövlət qeydiyyatında dəyişiklik yoxdursa, şəxs hüquqi şəxsə aid bütün məsuliyyət növləri daxil olmaqla, rəhbər statusunu saxlayır. Hüquqi şəxslə bağlı rəhbər şəxsin dəyişməsi və ya təsis sənədlərində dəyişikliklər dövlət qeydiyyatında dəyişiklik sayıldığından müvafiq sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmçinin, Vergi Məcəlləsinin 34.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müvafiq sənədlərlə yanaşı, rəhbərin təyin olunmasını və rəhbərin şəxsiyyətini təsdiq edən sənədləri də vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik tarixli **********447800 nömrəli bildirişlər göndərmişdir. Bu baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir. Göründüyü kimi, dəyişiklik faktlarının dövlət reyestrində qeydə alınması mütləqdir. Odur ki, məhkəmə tərəfindən qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunmaqla qanunun tələbləri nəzərə alınmamış və əsassız qətnamə qəbul edilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə əmək müqaviləsinə xitam verilir. Lakin, bu normanın mövcudluğu hüquqi şəxsin hazırkı rəhbərinin hüquqi statusunu və təmsilçilik səlahiyyətlərini birbaşa aradan qaldırmır. Çünki, rəhbərin dəyişdirilməsi təsisçinin qərarı və həmin qərarın dövlət reyestrində qeydiyyatı ilə bağlı olduğundan, bu səbəbdən də belə bir dəyişiklik barədə rəsmi müraciət olunmadığı müddətdə vergi öhdəliyinə görə məsul şəxs Maraqlı şəxs hesab olunur. Maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci il tarixli **********070600, **********369000 nömrəli alınmalı sərəncamlar göndərilmişdir. Qeyd olunan tədbirlər nəticəsiz qaldığından vergi ödəyicisinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək , təmin olunmasını xahiş etdi.

12. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

AR Vergi Məcəlləsi

13. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

14. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

15. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

16. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

17. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Əmək Məcəlləsi

1. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun

2. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

3. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

4. Maddə 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

19. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin dövlət büdcəsi və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi iləAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən adıçəkilən hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə müraciət edilmiş, maraqlı şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 1(003)-198/2025 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmişdir.

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

25. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin ç yarımbəndinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, xitam verilir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.1

27. Buna səbəb isə ondan ibarətdir ki, artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər praktiki baxımdan hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin edilməsi üçün müraciət etmək və ya hüquqi şəxsin bu müraciəti etməsini təmin etmək imkanına malik olmur.

28. Belə hallarda dəyişiklik qeydiyyata alınana kimi əvvəlki rəhbər dövlət reyestrində hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qalsa da, faktiki olaraq onun həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınaraq ölkədən getmək məhdudiyyəti həmin maraqlı şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər.

29. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həm Maraqlı şəxs direktoru olduğu MMC-lər barəsində borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və (bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

30. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının

1 Ali Məhkəmə, İş № 2-2(102)-321/2023, (§ 33 – 38) (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_321+21.06.2023.pdf) İş № 2-2(102)-576/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_576+22.11.2023.pdf) (§ 43- 50) məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin Firmanın hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, Firmanın əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tam, ədalətli və obyektiv nəticəyə gəlinməsi üçün Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməməsi, onların tətbiqinin nəticə verib-verməməsi araşdırılmalı və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılması təminat üsulu kimi tətbiq zəruriliyi ilə əlaqələndirilməli idi.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

32. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar)

33. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

34. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

35. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8922/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar