Məhkəmə qərarları › İş №2-2(103)-1359/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1359/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1359/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsinə əsasən yaranmış 115600 manat borcun, qaytarılmış borca görə 3 il müddətində 115600 manatın bank faizi olaraq illik 5% olmaqla borcludan borcdan əlavə 14340 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-645/2021 saylı 29.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-577/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi və 14340 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh X1 2780 manat faiz borcu tutularaq İddiaçı MMC-yə ödənilmiş, qalan hissədə həmin iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və 22.10.2021-ci il tarixdə icraya yönəldilmişdir. İşdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən 29.09.2021-ci il tarixdə kağız daşıyıcıda apelyasiya şikayəti verilmiş, həmin şikayət 04.10.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli məktubu ilə Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə Bakı Apelyasiya Məhkəməsi tərəfindən baxılmış və Kommersiya kollegiyasının 2-2(103)-645/2021 saylı 29.06.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-645/2021 saylı 29.06.2021-ci il tarixli qətnaməsi 08.09.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İstinad edilən normaların tələblərinə əsasən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apelyasiya şikayəti vermək hüququna malikdirlər. Maraqlı şəxs apelyasiya şikayətinin məzmunundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Qeyd edilən qətnamə iddianın təmin edildiyi hissədə artıq cavabdehin apelyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanıldığından və iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən qəbul edilmiş 2- 2(103)-645/2021 saylı 29.06.2021-ci il tarixli qətnamə qanuni qüvvəyə mindiyindən Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən maraqlı şəxsin apelyasiya şikayətinə baxılması üçün prosessual əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs apelyasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs apelyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi (elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar