Məhkəmə qərarları › İş №2-2(103)-1363/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1363/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1363/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2680/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı MMC ( satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İddiaçı MMC ( satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, alıcı öz şərab restoranında yalnız İddiaçı MMC-nin istehsalı olan alkoqollu və alkoqolsuz məhsullarından istifadə edəcək (1-ci bənd), satıcı alıcıya 1 illik ekskluzivlik müqabilində 5000 manat pulu nağd olaraq ödəyəcək (2-ci bənd), ödəniş şərtləri satışdan olacaqdır (5-ci bənd) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.062 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 127 manat dövlət rüsumunun Cavabdeh tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında 10 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh İddiaçı MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtıvaxtında etməmmiş və 12.062 manat borcu yaranmışdır .

5. Sonradan Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın ərizəsini təmin edərək İddiaçı MMC ilə bağlanmış 10 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı MMC-nin razılaşma şərtlərinə əməl etməməsi nəticəsində dəymiş 20.000 manat ziyanın İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sentyabr ayında tanışı Nazim vasitəsi ilə İddiaçı MMC-nin marketinq Şöbəsində çalışan Samir adlı şəxslə tanış oldum. Samir və Nazim Əskərzadə mənə əməkdaşlıq etmək istədikllərini bildirərək Paris Bistro kafesində görüş təyin etdilər. Onlar ilə həmin kafedə görüşərkən İddiaçı MMC-nin yeni bir layihəsi olduğunu bildirirək İddiaçı MMC-nin məhsulu olan HERİTAGE brendinin tanıtımı üçün dequstasiya mərkəzi açmağı təklif etdilər. Təkliflərinə əsasən mən qeyri yaşayış sahəsi icarəyə götürərək yalnız İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabı tanıtımı ilə əlaqədar dequstasiya mərkəzi açaraq mərkəzin adını HERİTAGE qoymalı idi, İddiaçı MMC isə dequstasiya mərkəzini pulsuz HERİTAGE ŞƏRABİ ilə təmin etməli, dequstasiya mərkəzinin marketinqini həyata keçirilməsini təşkil etməli, avadanlıq, promatrterial ilə şərabın məxsus bakallar, alətlər, soyuducu və s. ilə təmin etməli, hər həftə eventlər ediləcəyini, qonaqlar dəvət edəcəklərini, hər həftə bloqerlərlə məkanın tanıtımı üçün əməkdaşlıq edəcəklərini, xarici ölkələrdən təcrübəli somelyelər–şərab ekspertləri dəvət edəcəklərini, həmin ekspertlə şərabın tanıtımını, qonaqlara şərab haqqında ətraflı məlumat, təlim keçiriləcəyini vəd etdilər. O ilkin olaraq fikirləşib onlara cavab verəcəyimi bildirdi. Bir neçə gün sonra İddiaçı MMC-nin Ağsu şəhərində yerləşən istehsal müəssisəsinə dəvət edərək məhsul ilə, ərazi ilə tanış edərək yenidən əməkdaşlıq təklif etdilər. Aralarında olan razılaşmaya əsasən o yalnız İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabı tanıtımı ilə əlaqədar dequstasiya mərkəzi açmaq üçün qeyri yaşayış sahəsi icarəyə götürərək oranı həmin o markaya uyğun təmir elətdirib, mebel ilə təchiz edəcəkdi və mərkəzin adını HERİTAGE qoymalı idi, İddiaçı MMC isə onların şərablarını reklam etdiyim üçün dequstasiya mərkəzini pulsuz şərab ilə təmin etməli, avadanlıqlar və şərabların saxlanması üçün soyuducular verməli, hər həftə eventlər etməli, qonaqlar dəvət edərək şərabın tanıtımını keçirməli, hər həftə məkanın tanıtımı üçün bloqerlərlə əməkdaşlıq etməli, xarici ölkələrdən təcrübəli somelyelər –şərab ekspertləri dəvət edəcəklərini, həmin ekspertlərə qonaqlara şərabın tanıtımını, şərab haqqında ətraflı məlumat verməli idilər. O, 2022-ci ilin oktyabr ayında yer icarə götürərək oranı onların istəyinə uyğun olaraq təmir elətdirərək mebel avadanlığı ilə təmin etdi və onların tələbi ilə məkanın adı HERİTAGE oldu. İlkin olaraq bütün bu işlərin icra edilməsinə 170.000 manat pul vəsaiti sərf etdi və bu barədə onlara rəsmi sənədlər birlikdə məlumat vermişdi. Sonra onlar İddiaçı MMC-dən verəcəkləri mallara dair formal olaraq müqavilə bağlanılmalı olduğunu, şərabın pulunu ondan almayacaqlarını bildirdilər. O, onlarla razılaşaraq 10 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilə və müqaviləyə 1 saylı Əlavə imzaladı. Həmin müqavilənin əlavəsində bütün şərtlərin göstərilməsini tələb etsə də, bildirdilər ki, şərabların çıxışını təsdiq etmək üçün formal olaraq bağlanmış müqavilədir. Yəni İddiaçı MMC ilə məkdaşlıq-partnyorluq müqaviləsini pərdələmək niyyəti ilə formal olaraq alqısatqı müqaviləsi bağlanmışdır. Dekabr ayında dequstasiya mərkəzinin açılışı oldu. Bu halları təsdiq edən foto şəkilləri qoşmaya əlavə edirik. İlkin olaraq İddiaçı MMC-nin əməkdaşları öz vədlərinə əməl edərək aramızda olan şifahi razılaşmaya və müqavilənin 1 saylı əlavəsin əməl etdilər. Lakin sonradan onlar aramızda olan şifahi razılşamaya əməl etməyərək üzərilərinə götürdükləri öhdəliklərin icrasından yayınırdılar. Dəfələrlə onlarla görüş keçirərək o, onlara məxsus şərab brendinin tanıtımını–reklamını etdiyini, dequstasiya mərkəzində yalnız onların tələbi əsasında və imzalanmış müqaviləyə 1 saylı əlavə əsasında onlara məxsus brendi satışı olduğunu, başqa brendlərin məhsulunun qadağan etdiklərini bildirərək əməkdaşlığınşərtlərinə əməl etmələrini xahiş etdi. Hər dəfə tezliklə vədlərinə əməl edəcəklərini bildirirdilər. Mərkəzin açılması üçün külli miqdarda pul vəsaiti sərf etdiyi üçün artıq mərkəzi bağlaya bilmirdi. Lakin bir il müddətində öz vəsaiti əsasında, bankdan götürdüyü kreditlər əsasında həmin düqustasiya mərkəzini işlətməyə çalışdı, sonra isə onu digər şəxsə dövr etdi. İddiaçı MMC–nin aralarında olan şifahi razılaşmaya əməl etməmələri nəticəsində ona 300.000 manat civarında maddi ziyan dəymişdir. Dequstasiya mərkəzinin adının HERİTAGE olması, orada yalnız İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabın satışı bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd-pərdələnmiş əqd olduğunu, həqiqətləri əks etdirmədiyini, digər razılaşmanın olmasını təsdiq edir. İddiaçı MMC ilə olan şifahi razılaşmanı təsdiq edir. İddiaçı MMC ilə bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla şifahi bağlanmış partnyorluq müqaviləsini pərdəlmək niyyəti ilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqddir və etibarsızdır. Dəfələrlə müqaviləni pozmaq istdiyini bildirsə də, onlar narahat olmamağı tez bir zamanda verdikləri vədlərə əməl edəcəklərini bildirdilər. Sonra o mərkəzdə İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabdan əlavə digər şərablarında tanıtımını keçirdəcəyini bildirdikdə, onlar buna razı olmadığını, belə hal olduğu halda cərimələnəcəyi bildirdilər. O, 300.000 civarında investisiya yatırdığı məkanda 1 il müddətinə İddiaçı MMC-nin tələbi əsasında yalnız onlara məxsus HERİTAGE markalı şərabın reklamını həyata keçirdi. Lakin sonda onlar razılaşmanı pozaraq şərablara görə pul ödəməli olduğunu tələb etdilər.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2680/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin ilkin iddiası təmin edilməsi, 12.062 (on iki min altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilməsi,dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilməsi, Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2680/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ilkin iddianın təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, onunla İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə 1 saylı Əlavə tərəflər arasındakı münasibətlərin həqiqi mahiyyətini aydın şəkildə ortaya qoyur. B elə ki, həmin Əlavədə açıq şəkildə göstərilmişdir ki, alıcı yalnız öz şərab restoranında eksklüziv olaraq "xxxx" MMC-yə məxs u s məhsullardan istifadə etməlidir. B unun müqabilində isə Satıcı mənə 5000 (beşmin) manat nağd ödəniş etməyi, həmçinin promo materiallar, avadanlıqlar (şərab soyuducusu, bədə, dekanter, menyu, uniforma və s.) ilə təmin etməyi öhdəsinə götürmüşdür. Əlavədə həmçinin Satıcının Alıcının əməkdaşlarına şərab və tünd içkilər üzrə təlim təşkil etməsi, dequstasiya tədbirlərinin keçirilməsi, eləcə də satışdan endirim mexanizmlərinin müəyyən edilməsi kimi müddəalar öz əksini tapmışdır. Göründüyü kimi, tərəflərin imzaladığı bu sənəd klassik alqısatqı müqaviləsinin predmeti və xarakteri ilə ziddiyyət təşkil edir. Çünki alqı-satqı müqaviləsində alıcı satıcıya pul ödəyir və malı alır. Halbuki burada əksinə, Satıcı Alıcıya pul ödəyir, avadanlıq verir, promo fəaliyyətləri və təlimləri təşkil edir, yəni faktiki olaraq tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulur. Bu halların mövcudluğu isə bir daha sübut edir ki, bağlanmış müqavilə sadəcə formal xarakter daşıyır və tərəflərin həqiqi iradəsini əks etdirmir. Əslində isə tərəflər arasında pərdələnmiş əqd mövcuddur və münasibətlər faktiki olaraq partnyorluq–əməkdaşlıq xarakteri daşıyır. Bu baxımdan, 1 saylı Əlavənin məzmunu sübut edir ki, məhkəmə birinci instansiyada işin hallarını tam və obyektiv araşdırmadan, müqavilənin yalnız formal mətninə istinad edərək yanlış hüquqi qiymətləndirmə aparmışdır. Halbuki, Mülki Məcəllənin maddələrinə uyğun olaraq, əqdin həqiqi məzmunu, tərəflərin real iradəsi və münasibətlərin iqtisadi mahiyyəti nəzərə alınmalı idi. Bununla yanaşı müqavilənin 1 saylı əlavəsində göstərilir ki, yalnız AZ Qranatanın istehsalı olan məhsullar satıla bilər. Hər hansı alqı-satqı müqaviləsində bu bəndin qoyulması tamamilə absurddur. Bu hal bir daha həmin müqavilənin pərdələnmiş əqd olmasını, əsl niyyətin alqı-satqı olmadığını bəyan edir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı Əlavədir. Həmin əlavə tərəflərin münasibətlərinin A.R.MPM 76 cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamə çıxarakən A.R. MPM-nin 217.3-cü maddəsinin tələbləri pozulmuşdur mahiyyətini, faktiki olaraq əməkdaşlıq və partnyorluq əsasında qurulduğunu, bağlanmış alqı-satqı müqaviləsinin isə yalnız formal xarakter daşıdığını açıq şəkildə təsdiqləyir. X5 pul ödəməsi, promo material və avadanlıq təmin etməsi, əməkdaşların təlimini təşkil etməsi, dequstasiya tədbirlərinin keçirilməsi, endirim mexanizmlərinin müəyyən olunması kimi müddəalar əksini tapmışdır ki, bunlar klassik alqısatqı münasibətinə aid ola bilməz. Bu səbəbdən, birinci instansiyaməhkəməsinin “heç bir sübut təqdim edilməmişdir” nəticəsi əsassızdır və iş materialları ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları araşdırmamış, onlara hüquqi qiymət verməmiş və nəticədə qətnaməni tam, hərtərəfli və obyektiv istintaq aparmadan qəbul etmişdir ki, bu da Mülki-Prosessual Məcəllənin tələblərinin pozulmasıdır. Məhkəmə prosesi zamanı iş üzrə tərəflər arasındakı bütün danışıqlarda iştirak etmiş və müqavilə bağlanılarkən formal olaraq alqı-satqı olduğu, tərəflərin başqa şərtlərlə razılşadığında iştirakçı olmuş şəxs məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət vermişlər, İlkin olaraq məhkəmə vəsatəti təmin etmiş və məhkəmə baxışı zamanı gətirilməli olduğunu bildirmişdir. Şahidin Azərbaycan Respublikasında olmadığını, həmin şahid verə biləcəyi məlumatların iş üzrə ən mühüm sübut olduğunu bildirsələrdə, məhkəmə tərəfindən şahid ifadəsinin verilməsinə maneə yaradılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz daxıl olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsi 12.Maddə 337.bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 13.Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 14.Maddə 337.3.əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

15. Maddə 339.1.Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 16.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 17.Maddə 339.3.aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 18.Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 19.Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 20.Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 21.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını zəruri edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 24.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. 25.Belə ki, işin müəyyən olunmuş hallarına əsasən İddiaçı MMC ( satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə məhsullar cavabdehə təhvil verilmiş, müvafiq olaraq elektron qaimələr gönədrilmişdir. 26.İş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə EBCK 173375 saylı xx.xx.2022-ci il tarixli dəyəri 9.388,55 manat olan, EBCL 392190 saylı xx.xx.2022-ci il tarixli dəyəri 108,80 manat olan, EBCL 878157 saylı xx.xx.2022-ci il tarixli dəyəri 995,92 manat olan, EBCM 147306 saylı xx.xx.2022-ci il tarixli dəyəri 505,92 manat olan, EBDA 805054 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.611,36 manat olan, EBDB 622720 saylıxx.xx.2024cü il tarixli dəyəri 416,16 manat olan, EBDB 968892 saylı xx.xx.2023-cü il tarixli dəyəri 873,68 manat olan, EBDD 304448 saylı xx.xx.2023-cü il tarixli dəyəri 765,40 manat olan, EBDD 665000 saylı xx.xx.2023-cü il tarixli dəyəri 100,80 manat olan, EBDE 036643 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.082,67 manat olan, EBDF 105953 saylı xx.xx.2023-cü il tarixli dəyəri 191,80 manat olan, EBDF 755570 saylı xx.xx.2023-cü il tarixli dəyəri 579,64 manat olan, EBDG 713078 saylı xx.xx.2023-cü il tarixli dəyəri 210,90 manat olan, EBDG 713079 saylı xx.xx.2023-cü il tarixli dəyəri 671,13 manat olan elektron qaimələr göndərilmişdir. 27.Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şərabların İddiaçı MMC tərəfindən verildiyini, 20% çıxamaq şərti ilə malın satışından xeyir əldə etdikdən sonra onlara ödəniş etməli olduğunu, məqsədinin malı reklam etmək olduğunu, 5000 manatı iddiaçıdan alaraq reklama verdiyini, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 isə elektron qaimələri qəbul etdiklərini və bütün ödənişləri etdiklərini bildirmişdir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər və tərəflərin izahatlarından aydın görünür ki, tərəflər arasında sırf alqı-satqı münasibətləri olmuş, iddiaçı cavabdehə məhsulunu güzəştli qiymətlərlə 1 il müddətinə satış üçün vermiş, elektron qaimələr göndərmiş, e-qaimələr iddiaçı tərəfindən təsdiq edilərək qəbul edilmiş, lakin ödəniş etməsinə dair heç bir sübut təqdim etməmişdir. 29.Apellyator apellyasiya şikayətinin dəlilərində aralarında alqı-satqı münasibətinin olmadığını, bu əqdin yalan əqd olmaqla əməkdaşlıq müqaviləsini pərdələdiyi dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 30.Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. 31.Müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadələri olduğundan etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli və s. Qərarları). 32.Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir:- pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur;- pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir. Mülki Məcəllənin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir; (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2025-ci il 20 iyun tarixli Qərarı). 33.Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, aralarında olan münasibət hər hansı reklam xidmətinin göstərilməsi ilə bağlı olduğu halda iradə ifadəsini əməkdaşlığın gösətərilməsi şərtləri ilə xidmət müqaviləsinin bağlanması formasında qeyd etmək imkanı olduğu halda bunu etməmiş, sərbəst formada öz iradəsini alqı-satqı müqaviləsinin bağlanması formasında ifadə etmişdir. Müqavilənin etibarlılığı üçün zəruri olan tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Eyni zamanda cavabadeh tərəfin izahatlarında da iddiaçıdan şərab aldığı, bunun müqabilində ödəniş etməli olduğunu bildirmişdir. 34.Apellyatorun müqavilədə ekskluzivlik şərtinin olması və bu səbəbdən pərdələnmiş əqd olması dəlilinə münasibətdə qeyd edir ki, müqavilənin bağlanmasının əsas ünsürlərindən olan tərəflərin müqavilənin şərtləri ilə bağlı razılığa gəlmələri barədə iradə ifadəsinin mövcudluğuna əsasən, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavəsində olan alıcının (Cavabdeh) öz şərab restoranında yalnız İddiaçı MMC-nin istehsalı olan alkoqollu və alkoqolsuz məhsullarından istifadə etməsi və satıcının alıcıya 1 illik ekskluzivlik müqabilində 5000 manat pulu nağd olaraq ödəməsi şərti ilə alıcı Cavabdeh razılaşmış və bunu öz imza, möhrü ilə təsdiq etmişdir. 35.Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən qarşılıqlı iddiada və apellyasiya şikayətində sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin (Cavabdeh) üzərinə düşür. 36.Kollegiya eyni zamanda bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində ilk iddda üzrə iddiaçı tərəfindən zərər vurulduğunu bildirmiş, lakin ona dair heç əsaslandırma aparmamış, sübut təqdim etməmiş, həmçinin təqdim etdiyi kredit müqaviləsi, restoranın təmir bərpa xərclərinin hazırki iddia tələbi ilə hər hansı əlaqəsi müəyyən olunmamışdır. 37.Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 38.Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 39.Apellyator apellyasiya şikayətində şahidin dindirilməsinə məhkəmə tərərfindən şərait yaradaılmaması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instasniya məhəkməsində icraat zaman iki şahidin dindirilməsi barədə vəsatət vermiş, baxış iclasında isə yalnız bir şahidin X3 ölkə xaricində olması səbəbindən məhkəməyə gələ bilməməsini bildirmiş, digər şahidin iştirakını təmin etməmişdir. Lakin, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, sübutları təqdim etmək tərəflərin vəzifəsidir. Şahidlərin gəlməsini təmin etməyən tərəf bunun hüquqi nəticələrinə özü cavabdehdir. Birinci instansiya məhkəməsi tərəfə lazımi şərait yaratmış, lakin tərəf öz prosessual hüquqlarından vaxtında və düzgün istifadə etməmişdir. 40.Qeyd olunanlara əsasən, kollegiya bildirir ki, birinci instasniya məhkəməsi haqlı olaraq İddiaçı MMC-nin ilkin iddiasının təmin edilməsi, 12.062 (on iki min altmış iki) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh əqdin etibarsız hesab edilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. 41.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 42.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdehn tərərfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2680/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar