Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1368/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4913/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.10.2021-ci il tarixli qərardadından iddiaçı “X2” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2” MMC cavabdeh ləğv prosesində olan ASC "xxxx" sığorta şirkətinə qarşı iddia ərizəsi müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 1976,17 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi, cavabdehin müflis elan olunması səbəbindən xitam verilmiş MMB 2020-00008 №-li X3 Məsuliyyət Sığortası Şəhadətnaməsi əsasında 1472 manat məbləğində ödənilmiş sığorta haqqının 548,47 manat məbləğində hissəsinin qaytarılması, həmçinin 30 manat dövlət rüsumunun, cəmi iddiaçının xeyrinə 2554,64 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-4913/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Mərkəzi X5 Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci bəndinə, “Borc tələblərinin irəli sürülməsi” adlı 9-cu fəslinə aid “ Borc tələblərinin irəli sürülməsinə dair ümumi prinsiplər” adlı 42-ci maddəsi, “Müflis elanetmə və borc tələblərin irəli sürülməsi qaydası” adlı 43-cü maddəsi, “Borc tələblərini qiymətləndirərkən əmlak inzibatçısının tətbiq etdiyi prinsiplər” adlı 44-cü maddəsi, “Kreditorların irəli sürdüyü borc tələblərinin və şikayətlərin rədd edilməsi” adlı 45-ci maddəsi və “Borc tələblərinin reyestri” adlı 46-ci maddəsinin birgə təfsirindən müəyyən edilir ki, şəxsin müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan həmin şəxsə bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və kreditorlar öz tələblərinin təsdiqi ilə bağlı əmlak inzibatçısına müraciət etməli və sonuncunun qərarından narazı qaldıqları halda bununla bağlı iflas prosedurana nəzarət edən məhkəməyə ərizə verməlidirlər. Kreditorların siyahısı və bununla bağlı mübahisələr də həmin məhkəmə tərəfindən həll olunur. Hazırki işdə də iddianın predmetini sığorta ödənişinin həyata keçirilməsi, yəni iddiaçı “X2” MMC-nin barəsində iflas proseduruna başlanılmış "xxxx" Sığorta şirkətinə qarşı sığorta müqaviləsindən irəli gələn kreditor tələbi təşkil edir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı “X2” MMC-nin cavabdeh ləğv prosesində olan ASC "xxxx" sığorta şirkətinə qarşı sığorta ödənişinin həyata keçirilməsi barədə tələbə iddia icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X2” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4913/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-2(103)-1368/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1368/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver