Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1370/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: şifahi alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu, sübut etmə vəzifəsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5403/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. 12 dekabr 2024-cü il tarixli akta əsasən Cavabdeh MMC İddiaçı MMCyə 9389,95 manat borcu olduğunu etiraf edərək tərəflərin imza və möhürü ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli “Köçürülmənin aparılması haqqında” bildirişdən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına 377,1 manat köçürmüşdür.
2. İddiaçı MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-dəki hesabdan çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə onun hesabına Cavabdeh MMC tərəfindən 2095 manat ödəniş edilmişdir.
3. İddiaçı MMC tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından görünür ki, ödənişlərin edilməsi ilə bağlı müraciət edilmişdir.
4. MT2412 seriyalı 11161102 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1164,56 manat, EBED seriyalı 611164 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2758,37 manat, MT2410 seriyalı 10843277 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2129,22 manat, MT2411 seriyalı 12285299 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2184.68 manat, MT2407 seriyalı 10465558 nömrəli xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 1791,01 manat, EBEB seriyalı: 601611 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2165,16 manat, MT2408 seriyalı 11534665 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2613,81 manat, MT2409 seriyalı 10976679 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3027,10 manat məbləğində verilmiş malların dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 9389,98 manat borcun 5 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
6. 14.03.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, kart hesabına 325 manat ödəniş edilmişdir.
7. 20.06.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 119 manat dövlət rüsumu ödənilmişdir..
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən mwqaviləyə əsasən 6918,63 manat əsas borc, 2600 manat dəbbə pulu, 119 manat dövlət rüsumu olmaqla 360 manat vəkil xərci nəzərə alınmaqla, ümumilikdə 9997,63 manat məbləğin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 014-110124 saylı, 11 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC qeyd edilən müqavilənin əlavəsində göstərilən malları satmağı, alıcı isə məhsulun qiyməti və miqdarı “Satıcı” tərəfindən verilmiş elektron qaimə-fakturalar və hesab-fakturalara əsasən “Alıcı” nağd və ya hesablaşma hesabı vasitəsi ilə “Satıcı”ya ödəməli idi. Lakin Cavabdeh MMC müqavilələrdə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və onlara təqdim olunmuş ümumi məbləği 17833,89 manat elektron qaiməfakturadan cəmi 10915,26 manat məbləği ödəmiş, bu günə kimi isə №014- 110124 saylı, 11 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMCnin İddiaçı MMC-yə 6918,63 manat borcludur. Dəfələrlə Cavabdeh MMC ilə razılığa gəlmək istəsələr də, hər dəfə onlar müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 404.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 463.1-ci maddələrinə istinad olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5403/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 6918 manat 63 qəpik borc, ödənilmiş 89 manat 19 qəpik dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 325 manatın əvəzinin İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Tərəflər arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli alqısatqı müqaviləsini iddiaçı faktiki olaraq təqdim edə bilməsə də, elektron qaimələr, üzləşmə aktı, ödənişlər həqiqətən də tərəflər arasında həmin müqavilənin mövcudluğunu təsdiq edir. Çünki tərəflər arasında imzalanmış xx.xx.2024-cü il üzləşmə aktından sonra da cavabdeh tərəfindən 11 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmiş elektron qaimələr üzrə ödəniş edilmişdir. Cavabdehin iddiaçıya borcunun olması və malların cavabdehə təhvil verilməsi iş materiallarına əlavə edilmiş elektron qaimələr, ödəniş tapşırıqları, akt və s. ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların cəmi dəyəri olan 6918,63 manat məbləğin ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 6918,63 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 2600 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə də, tərəflər arasında bağlanmış müqavilə təqdim edilmədiyi üçün öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsinin nəzərdə tutulmasını müəyyən etmək mümkün olmadığından və ya cərimə barədə ayrıca yazılı razılaşma olmadığından, bu isə tərəflər arasında cərimə barədə razılaşmanın etibarsızlığına səbəb olduğundan cəriməyə dair hissədə iddia təmin edilməməlidir. Çünki Mülki Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edib ki, ödənilmiş 119 manat dövlət rüsumunun 89,19 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin hüquqi yardıma görə ödənilmiş 325 manat pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 445.1, 462.1, 463, 465.2, 467, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1, 637.2-ci maddələrinə, məhkəmə xərcləri hissəsində isə və Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə istinad etmişdir.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin borcun və dəbbə pulunun hesablanması hissəsində ləğv edilməsi və borc məbləğinin dəqiqləşdirilməsi hissəsində yeni qətnamə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosseslərində iştirak edə bilmədiyindən mübahisə ilə bağlı mövqeyini və sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iddiaya etirazını bildirə bilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasındakı mal və pul ödənişlərinin dövriyyəsi araşdırılmamış, borcun dəqiq məbləği müəyyən edilməmiş, iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənmiş, nəticə yanlış qərar qəbul edilmişdir. Bundan başqa, tərəflər arasındakı üzləşmədən sonra cavabdeh özündə qalmış qalıq malları iddiaçıya qaytarmış, lakin həmin qaytarılmış malların sənədləri məhkəməyə təqdim edilməmiş, qətnamə çıxarılarkən də qaytarılmış məbləğ nəzərə alınmamışdır. Bununla məhkəmə tərəfindən MM-nin 567, 600.1, 600.4-ci maddələrinin və MPM-nin 77, 88-ci madələrinin tələblərini pozmuşdur. Qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, 11 yanvar 2024-cü il tarixli, 014- 110124 nömrəli Alqı-satqı müqaviləsi tərəflərin razılığı ilə bağlanaraq onların iradəsini ifadə etmişdir. Müqavilə Şərtləri də onların razılığı ilə müəyyənləşdirilmişdir. Lakin iddiaçı məhkəməyə müraciət edənə kimi həmin müqavilənin ləğv edilməsi ilə bağlı tərəfə heç bir müraciət etməmişdir. Tərəflər arasında biznes fəaliyyəti olduğundan ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Cavabdeh məhkəmə prossesində iştirak etmədiyindən və sübutlarını təqdim edə bilmədiyindən məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfi və obyektiv araşdırılmamış, nəticədə yanlış borc məbləğinin tutulması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəmə prosesində iştirak etmədiyindən iddia tələbi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf olaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, iddia tələbinə dair dəlillərini araşdırılmadan iddiaçının xeyrinə qiymətləndirilmiş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən tərəflər arasındakı borc məbləğini dəqiqləşdirmədiyindən borcun və dəbbə pulunun məbləğini düzgün müəyyən etməmişdir. Nəticədə cavabdehin mülkiyyət hüququnu pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət etmiş digər ölkə xaricində olduğunu əsas göstərərək məhkəmə iclasının təxirə salınması xahiş etmiş, lakin ərizəsinə müvafiq sübutları əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı iddia təmin edilmiş hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə malları cavabdehə təqdim etməklə öz öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini əsas göstərərək müqavilə üzrə 6918,63 manat məbləğində borcun tutulmasını tələb edir. Cavabdeh isə borcun iddiaçı tərəfindən göstərilən məbləğdə olmadığını, borcun faktiki ödənişlər və qaytarılmış mallar nəzərə alınmaqla düzgün hesablanmadığını bildirir.
25. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn kommersiya münasibətlərinin olması, cavabdehə malların təqdim edilmiş olması, habelə borcun tam ödənilməməsi işin mübahisə edilməyən hallaridir. Digər tərəfdən mübahisə borcun məbləği ilə bağlıdır.
26. Kollegiya əvvəla qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
27. İddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə iddiaçının cavabdehə 6918,63 manat məbləğində borcun olması faktı mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış ümumi dəyəri 17833,91 manat olan elektron qaimələr, eləcə də cavabdeh tərəfindən həmin qaimələr üzrə ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarış məlumatları və ödəniş qəbzi ilə öz təsdiqini tapır. Belə olan halda iddianın əsas borc hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Cavabdehin mübahisələndirdiyi məqamlara gəldikdə isə, kollegiya qeyd edir ki, sonuncunun dəlilləri əsassızdır. Belə ki, cavabdeh malların qaytarıldığını iddia etsə də, həmçinin borcun məbləğini mübahisələndirsə belə, borcun hansı həcmdə olduğunu bildirmədiyi kimi, tələb edilən pul vəsaitinin ödənilməsi, eləcə də malların qaytarılmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim edə bilməmişdir.
29. Məhkəmə kollegiyası hüquqi yardım xərcləri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, MPM-in hüquqi yardım xərclərinin tutulması qaydasını tənzimləyən 121-ci maddəsi udan tərəfin hüquqi yardıma çəkdiyi xərclərin tam şəkildə deyil, ağlabatan məbləğdə qarşı tərəfdən tutulması imkanını müəyyən etmişdir. Hüquqi yardım xərclərinin ağlabatanlığı qiymətləndirilən kateqoriya olmaqla hər bir konkret halda işin diqqətəlayiq halları, o cümlədən iddianın qiyməti, işin mürəkkəblik dərəcəsi, işə məhkəmədə baxıldığı müddət, xərclərin çəkilməsinin zəruriliyi, ezamiyyə xərcləri, eləcə də tərəflərin mənafeləri arasında ədalətli balans nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyənləşdirilir.
30. Odur ki, hazırkı halda birinci instansiya məhkəməsi işin diqqətəlayiq hallarını, o cümlədən iddianın qismən təmin edilərək alqı-satqı müqaviləsi üzrə cavabdehdən tutulan məbləğin cəmi 6918,63 manat təşkil etməsini, mübahisənin tərəflər arasında mövcud olan alqı-satqı münasibətlərindən irəli gələn standart mübahisə olmaqla həmin mübahisə üzrə hüquqi müdafiənin təşkilinin geniş hüquqi təhlil tələb etmədiyini və s. nəzərə alaraq cavabdehdən vəkil xərci olaraq tutulacaq məbləği 325 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr (mübahisələndirilən hissədə) işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5403/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum apelyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov