Məhkəmə qərarları › İş №2-2(103)-1377/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1377/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1377/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, sübutetmə vəzifəsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-4491/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında xx.xx.2021-ci il tarixli, D- JTT 194/0921 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı e-qaimə fakturalarda göstərilən materialları satmağı, alıcı isə qeyd olunan malları almağı öz öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən satıcı malları ödəniş 100% edildiyi vaxtdan sonra alıcıya malların istehsal edildiyi yerdən təhvil verməyi öhdəsinə götürür.

3. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə satılan malların ümumi qiyməti hesab fakturalar və müqaviləyə əlavələrdə müəyyən olunur.

4. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətini alıcı satıcıdan malları almazdan əvvəl 100% ödəməlidir.

5. Müqavilənin 9.3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək təyin edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. Müqavilənin xx.xx.2021-ci il tarixli D-JTT 194/0921 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2023-cü il tarixli, 1 nömrəli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə olan borcu 80094,92 manat əsas, 14508,7 manat ƏDV borcu təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, 2 nömrəli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə olan borcu 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcu təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. "xxxx" MMC, "xxxx" ASC və “X5” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmanın məzmunundan müəyyən olunur ki, “X5” MMC-nin "xxxx" ASC-yə 214001 manat (ƏDV xaric) borcu vardır. "xxxx" MMC-nin “X5” MMC-yə beton alışına görə 83754 manat (ƏDV daxil), sement alışına görə 67827 manat (ƏDV daxil) borcu vardır. Sement alışı ilə bağlı “X5” MMC tərəfindən göndərilən elektron qaimələr "xxxx" MMC tərəfindən qəbul edilməyib. Eyni zamanda "xxxx" MMC-nin “X5” MMC-nin distribüteri Cavabdeh MMC-yə 80000 manat borcu vardır. Danışıqlara əsasən “X5” MMC-nin "xxxx" ASC-yə 100000 manat (ƏDV xaric) ödəniş edəcək, bundan dərhal sonra "xxxx" MMC “X5” MMC-nin distribüteri Cavabdeh MMC-yə olan borcunu tam bağlayacaqdır. Eyni zamanda 67827 manat (ƏDV daxil) məbləğində sement alqı-satqısına görə tərəflər arasında müqavilə bağlanacaq və "xxxx" MMC bu borcla bağlı elektron qaimələri qəbul edəcəkdir. Bu əməliyyatlar bitdikdən sonra “X5” MMC "xxxx" ASC-yə olan qalıq 114001 manat borcunu ödəyəcəkdir. Razılaşmada qeyd edilmişdir ki, bu razılaşma yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malikdir.

10. İş materiallarına cavabdeh tərəfindən J Target Trade” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, JTT-CH 01/10/17 nömrəli alqı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, D-JTT 48/0121 nömrəli malların satışı üzrə diler hüquqlarının verilməsinə dair müqavilə və həmin müqavilələr əsasında tərtib edilmiş elektron qaimələr əlavə edilmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04.012.2024-cü il tarixli, 2-2(104)-213/2024 nömrəli qətnaməsi ilə iddiaçı “Arkoz X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 552/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə iddiaçı “Arkoz X5” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 552/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-229/2025 nömrəli qərarı ilə iddiaçı “Arkoz X5” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 dekabr tarixli 2-2(104)-213/2024 nömrəli qətnaməsindən iddiaçı “Arkoz X5” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

13. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı "xxxx" ASC ilə satıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, D-JTT 194/0921 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən icraçı Cavabdeh MMC öhdəsinə iddiaçını texnikaya aid avadanlıqlarla təmin etməli, sifarişçi isə "xxxx" ASC öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq ödəniş etməli idi. Cavabdeh MMC əməkdaşlıq etmək üçün "xxxx" ASC-dən avans olaraq 100000 manat ödəniş istəyib. İddiaçı 11 və 18 avqust 2022-ci il tarixlərdə cəmi 97600 əsas, 17659,62 manat ƏDV hesabına ödəniş edib. Cavabdeh bir müddət iddiaçını ehtiyyat hissələri ilə təmin etsə də (12716,95 manat əsas, 2289,05 manat ƏDV), sonradan iflas etdiyini bildirib. xx.xx.2023-cü il tarixli, üzləşmə aktına əsasən cavabdehin borcu 74883,05 manat əsas, 13570,57 manat ƏDV təşkil edib. Cavabdehə öz biznes fəaliyyətini yaxşılaşdırmaq üçün xeyli zaman şərait yaradılsa da, o nə ehtiyyat hissələrini təchiz edir, nə də aldığı vəsaiti geri qaytarmaq istəyir. Odur ki, hesab edilir ki, ondan həmin vəsait geri alınaraq iddiaçıya ödənilməlidir.

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 "xxxx" MMC, "xxxx" ASC və “X5” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmaya istinad edərək, iddia tələbinə etiraz etdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd etmiş ki, razılaşırlar ki, imzalanan akt öhdəlik yaradan razılaşma deyil. Razılaşmanın bağlanmasındakı niyyət razılaşmanın icrası olub, yəni razılaşmanın üçüncü şəxs tərəfindən icra edilməsidir. "xxxx" MMC ilə "xxxx" ASC-nin təsisçisi eynidir. Həmin şirkətlərdən birinin Cavabdeh MMC-yə borcu vardır. Razılaşma da həmin borcun bağlanması üçün imzalanmışdır. Təsisçisi eyni olan digər şirkət tərəfindən cavabdehə ödənilməli olan məbləğ borcun bağlanması üçün istifadə edilməli idi. Tərəflər arasında imzalanmış üzləşmə aktları mübahisələndirilmir. Qeyd edilən əsaslara dayanaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehndən 74883,05 manat (yetmiş dörd min səkkiz yüz səksən üç manat beş qəpik) əsas borc, 13570,57 manat (on üç min beş yüz yetmiş manat əlli yeddi qəpik) ƏDV olmaqla, ümumilikdə 88453,62 manat (səksən səkkiz min dörd yüz əlli üç manat altmış iki qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:  Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə şərtlərinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətini alıcı satıcıdan malları almazdan əvvəl ödəmək öhdəliyi götürmüş, həmin öhdəliyini yerinə yetirmiş, satıcı malları ödəniş edildiyi vaxtdan sonra alıcıya təhvil verməyi öhdəsinə götürsə də, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması, həmin alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə avans məbləğlərin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh "xxxx" MMC, "xxxx" ASC və “X5” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmanı əsas gətirərək, hazırkı iddiaya etiraz etmişdir.  İddia tələbini 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun tutulması təşkil edir.  Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qabaqcadan ödəniş məbləğini almış satıcının əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən alıcının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 74883,05 manat (yetmiş dörd min səkkiz yüz səksən üç manat beş qəpik) əsas borc, 13570,57 manat (on üç min beş yüz yetmiş manat əlli yeddi qəpik) ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.  Belə ki, müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində 2 nömrəli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun olduğunu tərəflər öz imzası və möhürü ilə təsdiq etmişdir.  İddiaçı cavabdeh tərəfindən etirazın əsası kimi təqdim olunmuş, yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli razılaşmaya münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə köçürdüyü vəsaitin cavabdehin istinad etdiyi aktla heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh bu aktdan əvvəl də kommersiya əlaqələrində olub, dəfələrlə ondan məhsul alıb. İddianın istinad edildiyi müqavilə bu aktdan 1 il əvvəl, xx.xx.2021-ci il tarixdə bağlanıb. İkincisi, aktda da göstərilib ki, cavabdehə borclu olan şirkət "xxxx" MMC-dir və borcu da məhz o ödəyəcək. Aktda yazılmayıb ki, "xxxx" MMC-nin borcunu "xxxx" ASC ödəyəcək. Odur ki, etiraz əsassızdır. Etirazın əsası kimi yuxarıda göstərilən məhkəmə aktlarını təqdim etmişdir.  Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi həmin razılaşmanın “Qeyd” hissəsində razılaşmanın yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malik olduğu qeyd edilmişdir və həmin akt hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz.  Qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.  Ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 567, 598.1, 599.1, 599.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin və iddiaçının sahibi və rəhbəri Nəsib Yusubov və “X5” MMC-nin rəhbər şəxsləri arasında xx.xx.2022-ci il tarixdə Razılaşma (bundan sonra – Razılaşma) bağlanmışdır. Razılaşma tərəflər arasında qarşılıqlı öhdəliklərin ödənilməsi və əvəzləşdirilməsini tənzimləyir. Orada həmçinin Nəsib Yusubov (İddiaçının sahibi və rəhbəri) tərəfindən "xxxx" MMC-nin cavabdehə olan 80000 manat borcun ödənilməsi də nəzərdə tutulub. İddiaçı tərəfindən cavabdehə köçürülmüş məbləğ də məhz "xxxx" MMC-nin borcunun ödənilməsi olmuşdur. X8 sahibi və rəhbəri olduğu bir hüquqi şəxsin ("xxxx" MMC-nin) borcunu sahibi və rəhbəri olduğu digər hüquqi şəxs (İddiaçı) hesabına ödəmişdir. Mülki Məcəllənin 431-ci maddəsinə (“Öhdəliyin üçüncü şəxs tərəfindən icrası”) əsasən öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Başqa sözlə, bunun üçün cavabdehin Razılaşmanın tərəfi olması tələb olunmur. Razılaşmada qeyd edilmişdir ki, bu razılaşma yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malikdir. Yəni onun cavabdeh üçün hüquqi qüvvəyə malik olmasına ehtiyac yoxdur da. Əsas odur ki, iddiaçı "xxxx" MMC-nin cavabdehə olan borcunu ödəyib. Tərəflərin iradə ifadəsinin həqiqi mənası da göz qabağındadır. İddiaçının sahibi və rəhbəri onun üçün hüquqi qüvvəsi olan Razılaşmanı imzalamış, sahibi və rəhbəri olduğu digər hüquqi şəxsin borcunu cavabdehə iddiaçı vasitəsilə ödəmişdir. Bundan sonra iddiaçı təxmini 3 il ərzində cavabdehdən nə mal tələb etmiş, nə də vəsaitin geri qaytarılmasını. X4 məxsus olan borclu hüquqi şəxs "xxxx" MMC faktiki olaraq müflis olandan və cavabdehin ona qarşı tələbi üzrə iddia müddəti ötdükdən sonra özünün iddia müddətinin bitməsinə biraz qalmış iddiaçı cavabdehə qarşı bu əsassız iddianı qaldırmışdı. Bu isə aşkar şəkildə hüquqdan sui-istifadədir. Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlardan sui-istifadəyə yol verilmir. Mülki Məcəllənin 560-cı maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə o cümlədən bunlardır: 1) şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 2) digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Nəsib Yusubov iddiaçının simasında məhz bu formada hüquqdan sui-istifadə edir.

Apellyasiya şikayətinə qarşı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

24. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

26. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

34. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

35. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

45. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir.

46. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, D- JTT 194/0921 saylı müqaviləsi bağlanmış, müqavilənin 5.2-ci bəndinə əsasən alıcı müəyyən olunmuş malların qiymətini satıcıdan malları almazdan əvvəl ödəmək öhdəliyi götürmüşdür.

47. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

48. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.

49. Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı cavabdeh, ikinci halı isə iddiaçı sübut eləməlidir.

50. İddiaçı (alıcı) 2022-ci ilin avqustunda cavabdehə (satıcıya) ümumilikdə 97 600 manat əsas borc və 17 659,62 manat ƏDV ödədiyini, lakin satıcı malların bir hissəsini təhvil versə də, 74 883,05 manat əsas və 13 570,57 manat ƏDV məbləğində malı hələ də göndərmədiyini iddia edir.

51. İşin hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində 2 nömrəli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən D-JTT 194/0921 saylı alqı-satqı müqaviləsinə istinad edərək Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun olduğunu tərəflər öz imzası və möhürü ilə təsdiq etmişdir.

52. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz iddia və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh üzləşmə aktını mübahisələndirməmiş, borcun başqa məqsədlə yarandığını isə mötəbər sübutlarla əsaslandırmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, üzləşmə aktı tərəflər arasındakı alqı-satqı münasibətlərindən irəli gələn borcun etirafı kimi qəbul edilməlidir.

53. Kollegiya cavabdehin “borcun əslində iddiaçı MMC-nin rəhbərinin digər öhdəlikləri ilə bağlı olması” barədə arqumentini əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 52.1, 52.2ci maddələrinin tələblərinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona məxsus əmlakla cavabdehdir və təsisçinin (rəhbərin) öhdəliklərinə və ya onun digər şirkətinin öhdəliklərinə görə hüquqi şəxs, hüquqi şəxsin öhdəliklərinə görə isə təsisçi cavabdehlik daşımır. Mübahisəli üzləşmə aktı iki hüquqi şəxs arasında bağlanmışdır. Cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli "Razılaşma" isə bu müqavilədən kənar şəxslər (üçüncü tərəflər) arasındakı münasibətləri əks etdirir. Kollegiya hesab edir ki, fərqli subyektlər arasındakı münasibətlərin bu işə aidiyyəti yoxdur.

54. Bununla yanaşı, istinad olunan razılaşmada "xxxx" ASC-nin Cavabdeh MMC-yə borcunun olmadığı göstərilir və qeyd olunur ki (1.-ci bənd) , “Danışıqlara əsasən “X5” "xxxx" ASC-yə 100000 manat ödəniş edəcək, bundan dərhal sonra isə "xxxx" MMC “X5” MMC-nin distribyuteri Cavabdeh MMC-yə olan borcunu bağlayacaq”. İşin hallarından isə görünür ki, Cavabdeh MMC-yə köçürülən mübahisəli məbləğ "xxxx" MMC deyil, "xxxx" ASC tərəfindən ödənilib. Eyni zamanda, ödəniş hər hansı borcu bağlamaq üçün deyil, məhz məhsul alışı üçün alqı-satqı müqaviləsi üzrə ödəniş öhdəliyini reallaşdırmaq üçün həyata keçirilib. Əgər bu borc ödənişi kimi edilmişdirdisə, əvvəla borclu "xxxx" MMC tərəfindən həyata keçirilməli, ikincisi, ödəniş məhz borc ödənişi kimi rəsmiləşdirilməli idi.

55. Bununla yanaşı, məhkəmə hesab edir ki, mübahisəli alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olaraq özündə ehtiva etdiyi mülki münasibəti tənzimləmək üçün bağlanıb. Belə ki, cavabdeh tərəf həmin müqaviləni qismən icra edərək, iddiaçıya mal göndərib.

56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4491/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar