Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-138/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilkin iddia üzrə İddiaçı firmasının nümayəndəsi X1, nümayəndəsi və vəkili X5, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı firmasının Cavabdeh MMC-nə qarşı hesablanmış cərimə və faizlərin silinməsi, artıq ödənilmiş pulun və avtomobilin cavabdehdən alınması və avtomobilə mülkiyyət hüququnun tanınması barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı firmasına qarşı lizinq müqaviləsi üzrə borcun tutulmasına dair qarşılıqlı iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)-704/2018 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı firması Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 9010 manat cərimə və faizlərin silinməsi, artıq ödənilmiş 980 manat pulun, 30 manat dövlət rüsumunun və “Lexus” markalı 10AV994 dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehdən alınıb iddiaçıya verilməsi və “Lexus” markalı 10AV994 dövlət qeydiyyat nişanlı minik avtomobilinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2014-cü il tarixdə lizinq alan İddiaçı firması ilə lizinq verən Cavabdeh arasında 1404/0063 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus «Lexus» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alnması üçün İddiaçı firmasına hər ay 840 (səkkiz yüz qırx) manat ödəmək şərti ilə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 21980 (iyirmi bir min doqquz yüz səksən) manat pul ayrılmışdır. Müqavilənin 7.2-ci bəndinə uyğun olaraq lizinq obyekti olan «Lexus» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 30% dəyərini təşkil edən 9420 (doqquz min dörd yüz iyirmi) manat müqavilə imzalandığı anda lizinq alan tərəfindən cavabdehə ödənilmişdir. Avtomobilin 70% dəyəri hesab edilən 21980 manat isə müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində cavabdehə tam ödənilmiş və əlavə olaraq cavabdehə 980 (doqquz yüz səksən) manat da artıq ödəniş edilmişdir. Bununla da iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra edərək lizinq predmeti olan «Lexus» markalı, ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə mülkiyyət hüququnu faktiki olaraq əldə etmişdir. İddiaçının müqavilə üzrə öhdəliklərini tam icra etməsinə baxmayaraq, cavabdeh avtomobil üzərində iddiaçıya mülkiyyət hüququnun rəsmiləşdirilməsinə davamlı olaraq müxtəlif maneələr yaradaraq, sonda Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət yol polisi idarəsinin avtomobillərin axtarışı üzrə əməkdaşı X8 ilə əlbir olub, onun vasitəsi ilə avtomobili Bakı şəhərində saxlatdıraraq zor işlətməklə, avtomobili iddiaçının istifadə və sahibliyindən qanunsuz olaraq götürmüş və avtomobili iddiaçıya qaytarması müqabilində ondan əlavə olaraq 9010 (doqquz min on) manat tələb edərək, bu məbləğin əsas və faiz borcu hesabına yaranması barədə iddiaçıya xx.xx.2018-ci il tarixdə PB-457 saylı xəbərdarlıq məktubu göndərmişdir. İddiaçının cavabdehə göndərdiyi yazılı pretenziyaya baxmayaraq cavabdeh borcun necə yaranması barədə iddiaçıya izahat verməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Cavabdeh MMC cavabdeh İddiaçı firmasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan qarşılıqlı iddia ərizəsinə əlavə verərək, Cavabdeh MMC-nin mülkiyyətində olan “Lexus” markalı 10AV994 qeydiyyat nömrəli avtomaşının İddiaçı firmasının qanunsuz istifadəsindən alınmasını, İddiaçı firmasından Cavabdeh MMC-nin xeyrinə 4428 manat əsas lizinq borcu, 1270 manat lizinqdən istifadəyə görə faiz borcunun, 10.300 manat hesablanmış peniyanın, cəmi 15.998 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli lizinq müqaviləsi üzrə ilk ödənişlər qaydasında olsa belə, sonralar cavabdeh mütəmadı olaraq ödənişləri gecikdirmiş və borcu qalmışdır. İddiaçıya dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)- 704/2018 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı firmasına hesablanmış 9010 manat cərimə və faizlərin silinməsinin Cavabdeh MMC-nə həvalə edilməsi, “Lexus” markalı ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh MMC-dən alınıb İddiaçı firmasına verilməsi və həmin avtomobil üzərində İddiaçı firmasının mülkiyyət hüququnun tanınması, ilkin iddia üzrə iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh MMC-yə, 10 manatın isə İddiaçı firmasına aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh MMC apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)-704/2018 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, eləcə də, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı öz iddia ərizəsində göstərir ki, vaxtı-vaxtında ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəniş etmişdir və məhkəmə öz qətnaməsində bufaktı təsdiqləyir, baxmayaraq ki bu fakt nə İddiaçı firması tərəfindən təqdim olunmuş ödəniş qəbzlərində, nə də məhkəmənin sorğusuna əsasən “xxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışda öz əksini tapmamışdır. “xxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışda İddiaçı firmasının cəmi 14.439 manat ödənişi olduğu göstərilir. Lakin məhkəmə bu məqamlara fikir verməmiş, hətta İddiaçı firmasının ödənişinin vaxtı-vaxtında olduğunu və artıq olaraq 980 manat ödənildiyini qeyd etmişdir. Lakin Cavabdeh MMC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da görünür ki, İddiaçı firması cədvələ uyğun ödəniş etməmişdir. Belə olan halda bu faktlara aydınlıq gətirilməsi üçün mühasibatlıq ekspertizası təyin edilməli idi. Obyektiv araşdırma aparılması məqsədilə ekspertizanın keçirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən vəsatət verilsə də, vəsatətin təmin olub-olmaması barədə heç bir məlumat verilməmişdir. İş materialları ilə tanış olduqda isə həmin həmin vəsatət iş materiallarında aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-191/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)-704/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh MMC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-191/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmənin iclasında iştirak edən İddiaçı firmasının nümayəndələri X1, nümayəndəsi və vəkili X10 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyb, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)-704/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən ilkin iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirilir. İş materiallarına əlavə edilmiş, tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsindən və əlavəsindən görünür ki, lizinq predmeti “LEXUS LS 460” markalı, qara rəngli, dəyəri 31400 manat təşkil edən avtomobil iddiaçı tərəfindən cavabdehə lizinqə verilmişdir. Müqavilə əsasında tərtib edilmiş ödəniş qrafikindən görünür ki, xx xxxx 2017-ci ilə qədər iddiaçı tərəfindən cavabdehə hər ayın 23-də 840 manat olmaqla, 21980 manat əsas borc və 8232,64 manat faiz olmaqla, cəmi 31099 manat pul ödənilməli idi. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan avtomobilin 30%-ni-9420 manat məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğin ödənildiyi işin mübahisəsiz halıdır. Lizinq müqaviləsinin 15-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Müqavilədə göstərilmiş şərtlərin yerinə yetirilməsi şərtilə lizinq verən əlavə ödəniş olmadan müqavilənin icra olunması haqqında aktı imzalamaqla lizinq alana lizinq obyektinə mülkiyyət hüququ verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, lizinq müqaviləsi üzrə həmin tarixə olan 9100 manat borcun ödənilməsi tələb edilmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində lizinq müqaviləsi üzrə bütün ödənişlərin onun tərəfindən həyata keçirildiyini iddia etsə də cavabdeh bu halı mübahisələndirdiyindən iddiaçının dəlillərinin əsaslı olub olmadığının araşdırılması üçün əvvəlki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 10791 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx xxxx 2014-cü il tarixli, 1404/0063 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı firmasının Cavabdeh MMC-nə müqavilə müddəti bitən tarixə,yəni xx xxxx 2017-ci il tarixinə 02 saylı əlavəyə əsasən 3380,90 manat məbləğində artıq ödənişinin olması, avansla cəmi 42263 manat ödəniş edildiyi müəyyən edilir. Ekspert rəyindəki cədvəldən və işdəki hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən ödənişlər ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə həyata keçirilməsə də, qrafik üzrə Cavabdeh MMC-nə ödənilməli olan məbləğ xx.xx.2017-ci il tarixdə tam ödənilmişdir. Cavabdeh MMC-nin ilkin iddiaya etirazının və apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, lizinq alan tərəfindən bəzi aylar üçün ödənişlər ödəniş qrafikində qeyd edilmiş tarixlərdə deyil, gecikmə ilə həyata keçirildiyindən hesablanmış pensiyaya silinmiş, nəticədə iddiaçının lizinq müqaviləsi üzrə borcu qalmışdır. İşə yenidən apelyasiya qaydasında baxılarkən xx.xx.2017-ci il tarixədək iddiaçıdan qrafik üzrə aylıq ödənişin gecikdirildiyi günlər üçün müqavilə şərtlərinə uyğun olaraq tutulmalı olan cərimə məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2085 nömrəli rəyinə əsasən iddiaçı tərəfindən həyata keçirilmiş 42263 manat ödənişin avans çıxılmaqla 21980 manatının əsas borca, 7539,54 manatının faiz borcuna, 97,84 manatının cəriməyə silinməsi, xx.xx.2017-ci il tarixədək 3225,62 manat artıq ödəməsi olduğu müəyyən olunur. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayətində “xxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cəmi 14439 manat ödəniş həyata keçirildiyini qeyd etsə də, işə yenidən apellyasiya qaydasında baxılarkən təqdim etdiyi hesablama cədvəli adlı sənəddə iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin cəmi məbləğinin 42263 manat olduğunu qeyd etmişdir. Bununla da təsdiq olunur ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2085 nömrəli rəyi ilə iddiaçının həyata keçirdiyi ödənişlərin məbləği düzgün hesablanmışdır. İlkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş cədvəldə iddiaçı tərəfindən ödənişin həyata keçirilməsinin gecikdirildiyi günlərin sayı 1250 gün göstərilmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icra müddətinin cəmi üç il (1095 gün olduğu) olduğu, lizinq alan tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirildiyi, hətta bəzi aylarda qrafiklə ödənilməli olan məbləğdən artıq ödəniş edildiyi nəzərə alınarsa icranın gecikdirildiyi günlərin sayının 1250 gün təşkil etməsi və Cavabdeh MMC tərəfindən hesablanmış məbləğdə peniya borcunun yaranması faktiki cəhətdən mümkün deyil. Qarşılıqlı iddia ərizəsində İddiaçı firmasından 4428 manat əsas lizinq borcu, 1270 manat lizinqdən istifadəyə görə faiz borcu tələb edildiyindən təqdim edilmiş cədvələ əsasən, lizinq alan tərəfindən ödənilmiş məbləğin 17522 manatının əsas borca, 6962,64 manatının isə faiz üzrə silindiyi müəyyən olunur. Cavabdeh MMC tərəfindən məhkəməyə ödənilən vəsaitin 17778,36 manatının peniya üzrə silindiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2085 nömrəli rəyinə əsasən hesabdan çıxarış məlumatları əsasında lizinq alanın həyata keçirdiyi ödənişlərdən cəmi 97,84 manatın cərimə üzrə silindiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, İddiaçı firmasının lizinq müqaviləsi üzrə borcunun olduğu iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı firmasının xx xxxx 2014-cü il tarixli, 1404/0063 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh MMC-nə borcunun olmadığı, lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişlərin öhdəliyin icra müddəti ərzində tam həyata keçirildiyi və artıq ödənişi olduğu işdəki qəbzlər, hesabdan çıxarış, ekspert rəyləri, o cümlədən Cavabdeh MMC-nin özünün təqdim etdiyi hesablama cədvəli ilə təsdiq edildiyindən mübahisələndirilən qətnamə ilkin iddianın qismən təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə qanuni və əsaslı hesab edilməli, həm əvvəlki, həm də hazırkı apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq ödənilməli olan 300 manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)- 704/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)- 704/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-dən 300 manat ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-138/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-138/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver