Məhkəmə qərarları › İş №2-2(103)-138/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-138/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-138/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İlk İddiaçı MMC-nin Cavabdeh MMM-yə qarşı pulun tutulması tələbinə dair ilk iddia və Cavabdeh MMM-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3255/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh MMM (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 13 may 2020-ci il tarixli, 34/20 saylı müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "Satıcı”, müqavilənin ayrılmaz hissəsi olacaq Əlavə №1 və digər əlavələrdə əks olunan Qiymət razılaşma protokolunda göstərilən malları "Sifarişçi”yə təhvil verir.

3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən "Alıcı" isə müqavilənin ayrılmaz hissəsi olacaq Əlavə №1 və digər əlavələrdə əks olunan Qiymət razılaşma protokolunda göstərilən avadanlıqları qəbul edir və bunun müqabilində icraçının hesabına alınan məhsulun dəyərini ödəyir.

4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə həyata keçirilir.

5. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” Qiymət razılaşma protokolunda göstərilən məbləğin 50%-ni öncədən, qalan 50%-i isə mallar təvil alındıqdan sonra “Satıcı”nın hesabına ödəyir.

6. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMM (icraçı) arasında xx.xx.2021-ci il tarixli 10/21 saylı sifariş müqaviləsi bağlanmışdır.

8. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrə əsasən (Əlavə №1 “Qiymətlərin razılaşdırılma protokolu”, Əlavə №2 “Layihə”) bu müqavilənin şərtlərinə əsaslanaraq malları (işləri) “Sifarişçi”yə təhvil verir, ikinci isə bu malları (işləri) qəbul edir və dəyərini birinciyə ödəyir.

9. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” Əlavə №1 “Qiymətlərin razılaşma protokolu”na əsasən müəyyən edilmiş sifarişin məbləğinin 50%-ni razılaşma imzalanarkən ödəməyi öz öhdəsinə götürür. 40% mallar yükləməyə hazır olduqda, 10%-i “Tərəflərin təyin etdikləri nümayəndələri işləri təhvil-təslim etdikdən sonra 5 (beş) bank günü ərzində “İcraçının” bank hesabına köçürmə yolu ilə (xarici valyutada qeyd olunduqda: Milli Bankın günün məzənnəsinə əsasən Azərbaycan manatı ilə) həyata keçirilir.

10. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən “İcraçı” sifariş olunan malları “Sifarişçi” tərəfindən 50% ödənişi etdikdən sonra 10 (on) təqvim günü ərzində hazırlayır. “Sifarişçi” tərəfindən sifariş olunan mallarin dəyərinin 40%-i “İcraçı”ya ödənildikdən sonra, “İcraçı” sifariş olunan malları “Sifarişçi”yə öncədən tərəflərin razılaşdırdığı ünvanda və “Sifarişçi” ilə əlavə razılaşdırılmış gün ərzində təslim edir. Hər sifarişə görə təslim yalnız bir ünvanda həyata keçirilir. Gözlənilməyən xətalara görə “İcraçı” tərəfindən malların (işlərin) təhvil verilməsi 5 (beş) iş günü gecikdirilə bilər.

11. Həmin müqavilənin 3.2.1-ci bəndinə görə “Sifarişçi” bu müqavilənin 2.2-ci bəndinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirir.

12. Həmin müqavilənin 7.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir, Tərəflər 30 gün qabaqcadan yazılı etiraz etmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir.

13. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı MMC Cavabdeh MMM-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMM-dən iddiaçı "xxxx" MMC-yə məxsus 101.000 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya qaytarılması və faktiki mal göndərilməmiş 114.011,38 manat dəyərində elektron qaimələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı bildirir ki, "xxxx" MMC ilə Cavabdeh MMM arasında iddiaçının xidmət göstərdiyi X6 lahiyəsi üzrə Cavabdeh MMC-dən 3077 kv.m 100 mm Sandviç paneli alınmasına dair xx.xx.2021-ci il tarixli 10\21saylı sifarış müqaviləsi bağlanmışdır. Müqavilənin icrası ilə bağlı Cavabdeh MMM iddiaçıya 292.396,96 manat dəyərində elektron-qaimə göndərmiş, həmin e-qaimələrin müqabilində iddiaçıya 178.385,58 manat dəyərində müqavilədə nəzərdə tutulan mallar təhvil vermişdir. Qalan 114.011,38 manat dəyərində elektron-qaimədə göstərilən mallar iddiaçıya göndərilməmiş və təhvil verilməmişdir. Eyni zamanda, cavabdehə müqavilədə qeyd olunan malların alınması üçün xx.xx.2021-ci ildə 15.000 manat və xx.xx.2021-ci ildə 50.000 manat, cəmi 65.000 manat əvvəlcədən avans verilmiş, həmin avans pul ödənişi ilə də bağlı mallar iddiaçıya təhvil verilməmişdir. Nəticədə, cavabdeh tərəfindən iddiaçıya 65.000 manat məbləğində ziyan vurulmuşdur. "xxxx" MMC ilə Ramin Məmmədovla bağlanmış xx.xx.2021-ci il tarixli AS2572 saylı müqaviləyə əsasən Qanuni nümayəndə 261.545 manat dəyərində 3077 kv.m 100 mm sendviç panel verməli və soyuducuya quraşdırılmalı idi. Cavabdeh MMM müqavilə öhdəliyinə tam əməl etməmiş, 180.299,38 manat dəyərində 1250 kv.m sendviç panelini sifarişçi "xxxx" MMC-yə təhvil verməmişdir. Nəticədə "xxxx" MMC Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1250 kv.m 100 mm Sandviç panelini Turkiyə Respublikasının “İpek end Soğutma sis. Alum nar.tak.hayv.ihr.san.tic.ltd.şti Seyidşehir org.sanböl cad” Şirkətindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlı bəyannamələr ilə 65.000 manat dəyərində paneli alaraq üzərinə götürdüyü sifarışı yerinə yetirib xx.xx.2022-ci il tarixli aktla təhvil vermişdir. Nəticədə, iddiaçıya 1250 kv.m 100 mm Sandviç panelinin alınması ilə bağlı bazar qiymətində yaranmış fərq nəticəsində iddiaçıya 36.000 manat əlavə ziyan dəymişdir. Belə ki, hazırda həmin panellərin bazar dəyəri 101.000 manat təşkil edir. Həmin məbləğdə iddiaçıya zərər vurulmuşdur. Avans ödənilmiş 65.000 manat məbləğində müqavilə predmeti - sendviç paneller "xxxx" MMC-yə təhvil verilməmiş, bununla bağlı elektron qaimə də "xxxx" MMC-yə təqdim edilməmişdir. Bununla da, Cavabdeh MMM-nin 65.000 manat məbləğində müqavilə öhdəliyini icra etməmişdir. Sifariş olunan mallar iddiaçıya təhvil verməmiş, tərəflər arasında təhvil-təslim aktı olmamış, qaimə təqdim edilməmişdir. İddiaçıya mallar təhvil verilmədiyi halda, cavabdeh tərəfindən iddiaçıya elektron qaimə faktura göndərmiş, iddiaçı malların göndərilmədiyini bildirdikdə, iddiaçıdan qaiməni qəbul etməsini, malları tezliklə göndərəcəyini bildirmişdir. İddiaçı da cavabehin səmimiyətinə inanıb elektron qaiməni qəbul etmişdir. Lakin cavabdeh elektron-qaimədə qeyd olunan malları iddiaçıya göndərməmiş, təhvil verməmişdir. Cavabdehin satış üzrə əməkdaşı X3 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1250 kv.m sandviç paneli "xxxx" MMCyə təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir.

16. Eyni zamanda, Cavabdeh MMM ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh İddiaçı MMC-dən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 47.961 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 200 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,88 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat, cəmi 48.394,88 manat məbləğində pulun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında sözügedən hər iki müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmiş və malların dəyəri tam ödənilməmişdir. Belə ki, 017737 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 41.910 manat, 497573 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3.048 manat, 085011 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 950 manat, 780888 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19.040,85 manat, 012482 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 179.988 manat, 022697 №-li, 11.06.20xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10.436 manat, 043320 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6.042 manat, 141166 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6.104,05 manat, 836129 №- li,xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən isə 24.877,86 manat olmaqla, ümumilikdə, 292.396,99 manat olmuş, həmin borcdan 244.436,29 manat ödənilmiş, yekunda "xxxx" MMM-yə ödənilməli olan 47.961 manat borc qalmışdır. Beləliklə, hal-hazırda İddiaçı MMC tərəfindən ƏDV borcu daxil olmaqla "xxxx" MMMnə ödənilməli olan borc məbləği 47.961 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən şifahi və pretenziya qaydasında dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalıq borcunu ödəməkdən imtina edir.

18. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbində dəqiqləşmə aparılmasına zərurət vardır. Belə ki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı öz vəsaiti hesabına Məmmədov qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1250 kv.m 100 mm Sandviç panelini Turkiyə Respublikasının “İpek end Soğutma sis. Alum nar.tak.hayv.ihr.san.tic.ltd.şti Seyidşehir org.sanböl cad” şirkətindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlı bəyannamələr ilə alaraq üzərinə götürdüyü sifarışı yerinə yetirib xx.xx.2022-ci il tarixli aktla təhvil vermişdir. Nəticədə, iddiaçı 1250 kv.m 100mm Sandviç panelinin alınması ilə bağlı 116.477,41 manat xərcləmişdir. Faktiki həmin malların alınması üçün 65.000 manat cavabdehə köçürmüşdür. Bunun nəticəsində iddiaçıya əlavə 51.477,41 manat ziyan dəymişdir. İddia tələbində ziyan səhvən 36.000 manat göstərilmişdir. Ona görə də iddia tələbinin həcmi artırılaraq 116.477,41 manat məbləğində qəbul edilməlidir.

19. Cavabdeh MMM ilk iddia tələbinə dair bildirir ki, İddiaçı MMC-yə göndərilmiş və şirkət tərəfindən təsdiq olunmuş elektron qaimələrdə göstərilən məbləğdə mallar iddiaçıya təhvil verilmişdir. İddiaçı MMC-nin iddia ərizəsində göstərdiyi bütün elektron qaimələr xx.xx.2021-ci il tarixli müqaviləyə aid olmamışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə aid olan mallar yalnız 012482 №-li, xx.xx.2021-ci il tarixli, 022697 №-li, 11.06.20xx.xx.2021-ci il tarixli, 043320 №-li, xx.xx.2021-ci il tarixli, 141166 №-li, xx.xx.2021-ci il tarixli, 836129 №-li, xx.xx.2022-ci il tarixli elektron qaimədə əks olunan mallar olmuşdur. Bu malların da cəmi məbləği 227.447,91 manat təşkil edir. İddiaçı həmin mallardan 178000 manat məbləğində qaimə üzrə malı aldığını etiraf edir. Lakin həmin malı hansı qaydada aldığını məhkəməyə bildirmir. Aralarındakı işgüzar münasibətlər bu qaydada qurulmuşdur ki, mal İddiaçı MMC-yə çatdırılırdı, elektron qaimə vurulurdu, iddiaçı malı aldığı halda elektron qaiməni təsdiq edərək ödəniş edirdi. Ödənişlərdən də göründüyü kimi vurulan elektron qaimələr ilə iddiaçıya göndərilən elektron qaimələr arasında müddət fasilələri var idi. xx.xx.2021-ci ildə ilk qaimələr, növbəti qaimələr xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci ildə vurulmuşdur. Göründüyü kimi növbəti qaimələr arasında 1 ay müddət mövcuddur. Təqdim olunan qaimələr üzrə malların göndərilmədiyi halda iddiaçının növbəti, ondan 1 ay sonra göndərilən elektron qaiməni təsdiq etməsi və həmin elektron qaimə üzrə pulu ödəməsi faktı özü sual doğurur. Əgər iddiaçıya əvvəlki ödənilmiş elektron qaimələr üzrə mallar göndərilməmişdisə, iddiaçı sonrakı elektron qaimələri təsdiq etməməli idi. Vergi qanunvericiliyinin tələblərinə görə də, iddiaçıya malın verilməsinin rəsmiləşdirilmə sənədi yalnız qaimələr ola bilər. Hazırda həmin qaimələrin elektron qaydada verilməsi nəzərdə tutulub. İddiaçı öz iddia tələbini başqa qaydada sübut edə bilməmiş və məhkəməyə başqa sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları isə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin yazışmaların mənbəyi məhkəməyə məlum deyil. Həmin yazışmaların kiminlə aparılması və hansı suallar üzrə aparılması, araşdırılan məsələyə aid olub-olmaması məsələsi sual doğurur. İddiaçı bu hissədə həmin sübutun mötəbərliyini və məhz bu mübahisəyə aid olmasını məhkəməyə sübut etməlidir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı MMC-dən 9.598,8 manat məbləğində borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMM-yə ödənilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

22. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv olunması, ilk iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh MMM-də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən ödənilmiş pullara dair tam olaraq sənəd və sübutlar təqdim edilsə də, cavabdeh "xxxx" MMM malların tam olaraq verilməsini şifahi, heç bir sübuta əsaslanmayan mülahizələrlə əsaslandırmışdır. Məhkəmə isə bu sualları araşdırmamış və iddianın əsaslarına dair hərtərəfli araşdırma aparmamışdır. Baxmayaraq ki, cavabdeh "xxxx" MMM-in satış üzrə əməkdaşı X3 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1250 kv.m sandviç paneli "xxxx" MMCyə təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir.

25. Cavabdeh MMM-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qətnaməsində məhkəmə 2 elektron qaimənin, yəni 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli xx.xx.2021-ci il tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələrin İddiaçı MMC-nin özü tərəfindən təsdiqləndiyini nəzərə alaraq bu halı 12.146,05 manat dəyərində malın ilkin iddia üzrə iddiaçıya təqdim olunması kimi qiymətləndirmişdir. Buna görə də, məhkəmə 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli xx.xx.2020-ci il tarixli,10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli xx.xx.2021-ci il tarixli və 24.877,87 manat dəyərində EBBR seriyalı 836129 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr olmaqla, ümumilikdə 38.361,87 manat məbləğində elektron qaimələr üzrə malların təqdim edilməməsi mövqeyindən çıxış etmişdir. Halbuki 13 may 2020-ci il tarixli, 34/20 saylı alqı-satqı müqaviləsi və 04 fevral 2021-ci il tarixli, 10/21 saylı sifariş müqaviləsi üzrə İddiaçı MMC-yə 292.396,99 manat məbləğində mal təhvil verilmiş, lakin onlar tərəfindən cavabdehə 244.436,29 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh MMM qarşısında 47.961 manat məbləğində ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

29. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

31. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

32. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

33. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

37. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə rədd edilməlidir.

40. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 599.3 və 443.1-ci maddələri, qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.

41. Hazırki işdə də, ilk iddia tələbləri üzrə Mülki Məcəllənin 599.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcüdluğu müəyyən edilir, həmin iddia tələbləri üzrə Mülki Məcəllənin 443.1-ci maddəsinin və qarşılıqlı iddia tələbləri üzrə Mülki Məcəllənin 598.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcüdluğu isə müəyyən edilmir.

42. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh MMM tərəfindən 34/20 saylı müqavilə üzrə ümumilikdə (ƏDV daxil) 64.949,05 manat dəyərində, o cümlədən 41.910 manat dəyərində EBAL seriyalı 017737 nömrəli xx.xx.2020-ci il tarixli, 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli xx.xx.2020-ci il tarixli, 950,20 manat dəyərində EBAP seriyalı 085011 nömrəli xx.xx.2020-ci il tarixli, 19.040,85 manat dəyərində EBAV seriyalı 780888 nömrəli xx.xx.2021-ci il tarixli) malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.

43. Həmçinin, Cavabdeh MMM tərəfindən 10/21 saylı müqavilə üzrə isə ümumilikdə (ƏDV daxil) 227.447,9 manat dəyərində, o cümlədən 179.988 manat dəyərində EBAX seriyalı 012482 nömrəli xx.xx.2021-ci il tarixli, 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli xx.xx.2021-ci il tarixli, 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli xx.xx.2021-ci il tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli xx.xx.2021-ci il tarixli, 24.877,85 manat dəyərində EBBR seriyalı 836129 nömrəli xx.xx.2022-ci il tarixli) malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.

44. “X16” ASC-nin xx.xx.2020-ci il tarixli, 18 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAL 017737 nömrəli qaiməyə əsasən) 17.758,48 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

45. “X16” ASC-nin xx.xx.2020-ci il tarixli, 19 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAL 017737 nömrəli qaiməyə əsasən) 3.196,53 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

46. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, İddiaçı MMC-nin sub-uçot hesabından Cavabdeh MMM-nin hesabına 762,71 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

47. “X16” ASC-nin xx.xx.2020-ci il tarixli, 41 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAL 017737 nömrəli qaiməyə əsasən) 4.237,29 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

48. “X16” ASC-nin xx.xx.2020-ci il tarixli, 51 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAP 085011 nömrəli qaiməyə əsasən) 805,25 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

49. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, İddiaçı MMC-nin sub-uçot hesabından Cavabdeh MMM-nin hesabına (EBAP 085011 nömrəli qaiməyə əsasən) 144,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

50. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 126 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAL 017737 nömrəli qaiməyə əsasən) 16.104,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

51. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 127 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAL 017737 nömrəli qaiməyə əsasən) 2.898,76 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

52. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 129 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAV 780888 nömrəli qaiməyə əsasən) 15.969,49 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

53. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 130 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAV 781045 nömrəli qaiməyə əsasən) 12.711,86 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

54. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 131 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAV 781045 nömrəli qaiməyə əsasən) 2.288,13 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

55. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 132 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAV 780888 nömrəli qaiməyə əsasən) 2.874,51 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

56. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 177 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAX 012482 nömrəli qaiməyə əsasən) 12.712 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

57. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 178 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAX 012482 nömrəli qaiməyə əsasən) 2.000,16 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki,

58. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (e-qaimənin bir hissəsinin ödənişi olaraq) 288 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

59. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 193 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAX 012482 nömrəli qaiməyə əsasən) 40.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

60. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 239 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (avans olaraq) 15.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

61. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 266 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (avans olaraq) 50.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

62. 07.06.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAX 012482 nömrəli qaiməyə əsasən) 12.917,89 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

63. “X16” ASC-nin xx.xx.2021-ci il tarixli, 299 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-nin hesabına (EBAX 012482 nömrəli qaiməyə əsasən) 31.766,06 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

64. Göründüyü kimi hər iki müqavilə üzrə satıcı Cavabdeh MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr üzrə ilk iddiada qaytarılması tələb edilən avans ödənişi də daxil olmaqla cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir.

65. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, yuxarıda təsvir edilmiş 017737, 085011, 780888, 043320, 141166 nömrəli elektron qaimələr iddiaçının özü tərəfindən, 497573, 012482, 022697, 836129 nömrəli elektron qaimələr isə sistem tərəfindən təsdiq edilmişdir.

66. Ödəniş sənədlərindən isə müəyyən edilir ki, iddiaçı tərəfindən 017737, 085011, 780888 və 012482 nömrəli elektron qaimələr üzrə, yəni həm onun özü tərəfindən, həm də sistem tərəfindən təsdiq edilmiş elektron qaimələr üzrə ödənişlər edilmişdir.

67. Bundan başqa, işin mübahisəsiz halıdır ki, müqavilələr üzrə mallar təhvil verilərkən əlavə yazılı sənədlər (təhvil-təslim aktı, qaimə, qəbz və s.) tərtib edilməmişdir.

68. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

69. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

70. Bununla yanaşı, iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh MMM-nin satış şöbəsinin əməkdaşı X10 adından yazılmış xx.xx.2023-cü il tarixli izahat təqdim edilmişdir.

71. Həmin izahatda X13 İddiaçı MMC-yə (direktor Rəşad Səfərliyə) müraciət edərək, bildirmişdir ki, Cavabdeh MMM-dən dəyəri 64.000 manat olan (100 mm-lik sundvich panel-1250 m2) malı təhvil alıb İddiaçı MMC-yə gətirməli və təhvil verməyə borclu olduğu halda həmin malı ünvana çatdırmamış, belə ki, qeyd olunan malı fərqli şəxslərə sataraq pulunu aparıb Cavabdeh MMM-nin rəhbərliyinə çatdırmışdır. Halhazırda Cavabdeh MMM-nin İddiaçı MMC-yə 64.000 manat borcu vardır.

72. Apellyasiya icraatında isə iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh MMM-nin hüquqşünası (hazırki işdə nümayəndəsi və vəkili) Vəkil2 tərəfindən Xətai RPİ-nin 37ci PŞ-nin rəisinə verdiyi izahatın surəti təqdim edilmişdir.

73. Həmin izahatda Vəkil2 göstərmişdir ki, Cavabdeh MMM-nin əməkdaşı X8 İddiaçı MMC-yə çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şirkətə sataraq 90.000 manat pulu mənimsəmişdir. X8 Cavabdeh MMM-yə ümumilikdə 295000 manat ziyan vurmuşdur. X1 xx.xx.2022-ci il tarixdə şirkət daxili dindirmə protokolunda etiraf edərək yazılı surətdə təsdiq etmişdir.

74. Məhkəmə iclasında Cavabdeh MMM-nin nümayəndəsi və vəkili Vəkil2 həmin izahata aydınlıq gətirilməsi təklif olunmuş və o, bildirmişdir ki, izahatda qeyd olunan məlumatlar ilkin məlumat olub, lakin sonradan öz təsdiqini tapmayıb.

75. İlk olaraq kollegiya qeyd edir ki, hazırki mərhələdə təqdim edilmiş həmin izahat gecikdirilmiş sübut kimi qiymətləndirilə bilməz.

76. Belə ki, həmin izahat cavabdehin nümayəndəsi tərəfindən verildiyinə görə yazılı sübut kimi iddiaçıya deyil, cavabdehə məxsus sübutdur.

77. Habelə iddiaçının nümayəndəsi bildirdi ki, birinci instansiya məhkəməsi X5 adından olan izahat üzrə araşdırma aparmadığına görə apellyasiya icraatında polis orqanına müraciət edib həmin izahatı əldə etmək məcburiyyətində qalmışdır.

78. İş materiallarından da müəyyən edilir ki, həmin sübutun hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaradılmamış, bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin sənədin həqiqiliyi MMM tərəfindən mübahisələndirildiyindən və qarşı tərəf sözügedən sənədin həqiqi olmasını sübuta yetirə bilmədiyindən məhkəmə sözügedən sənədi mötəbər sübut kimi qiymətləndirmir.

79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni tam yerinə yetirmədiyinə və Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində göstərilən əsaslar mövcüd olduğuna görə həmin yazılı izahat sübut kimi qəbul edilməlidir.

80. Ona görə də, qeyd olunan izahatlar mötəbər sübut kimi qiymətləndirilməli və iddiaçının istinad etdi hal, yəni iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilən malların tam təhvil verilmədiyi halı qismən qəbul edilməlidir.

81. Belə ki, bu hal həm Cavabdeh MMM-nin əməkdaşı olmuş X5 özünün, həm də hüquqşünası (hazırki işdə nümayəndəsi və vəkili) tərəfindən yazılı şəkildə etiraf olunmuşdur.

82. İzahatda qeyd olunan məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmaması ilə bağlı cavabdehin nümayəndəsinin izahatını isə kollegiya ağlabatan və inandırıcı hesab etmir.

83. Çünki həmin izahatda qeyd edilmişdir ki, həmin məlumat, yəni X5 İddiaçı MMC-yə çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şirkətə satması faktı şirkətdə aparılan yoxlamalar və müştərilərlə üzləşmə aparılarkən müəyyən olunmuş və göstərilənlər X5 özü tərəfindən etiraf edərək yazılı surətdə təsdiq edilmişdir.

84. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə satıcı Cavabdeh MMM tərəfindən alıcı İddiaçı MMC-yə malların təqdim edilməsinə görə göndərilmiş elektron qaimələrin cəmi məbləğindən (292.396,96 manat) qeyd olunan izahatda təqdim edilməməsi etiraf olan məbləğ (90.000 manat) çıxılmalıdır.

85. Bu qaydada hesablama aparıldıqda isə müəyyən edilir ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş, lakin cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyəri 42.039,33 manat təşkil edir (292.396,96 – 90.000 = 202.396,96; 244.436,29 – 202.396.96 = 42.039,33).

86. Ona görə də, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən həmin məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

87. İddiaçı tərəfindən irəli sürülmüş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi isə təmin edilə bilməz.

88. Belə ki, öhdəliyin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsi ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

89. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsasların mövcud olması təsdiq olunmur.

90. Belə ki, iddiaçı digər şəxs qarşısında öhdəliyini icra etmək üçün 1250 kv.m 100 mm Sandviç panelini Turkiyə Respublikasının “İpek end Soğutma sis. Alum nar.tak.hayv.ihr.san.tic.ltd.şti Seyidşehir org.sanböl cad” Şirkətindən əldə etdiyini və bazar qiymətində yaranmış fərq nəticəsində ona əlavə zərər dəydiyini bildirsə də və qeyd etdiyi şirkətdən mallar əldə etdiyini təsdiq edən sübutlar təqdim etsə də, həmin malların cavabdehlə bağlanmış müqavilədəki qiymətə əldə edə bilmədiyini təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

91. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən öz öhdəliyinin pozulması ilə zərərlə arasında səbəbli əlaqənin olması sübut olunmur. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir.

92. Qarşılıqlı iddiaya münasibətdə kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş bütün malların dəyəri ödənilmişdir. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsi baxımından qarşılıqlı iddia əsasızdır və rədd edilməlidir.

93. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1 və 119.3-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

94. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3255/2023 nömrəli qətnaməsi ləğv edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdeh MMM-dən İddiaçı MMC-nin xeyrinə 42.039,33 manat məbləğində pul vəsaiti tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMM-nin "xxxx" MMC-yə qarşı 47.961 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş cəmi 504 manat məbləğində dövlət rüsumu Cavabdeh MMM-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMM-nin çəkdiyi məhkəmə xərcləri onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Ziya Şirinov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar