Məhkəmə qərarları › İş №2-2(103)-139/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-139/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-139/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin (əvvəlki adı İddiaçı1 MMC) Cavabdeh MMC-yə qarşı pul tələbinə iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC (əvvəlki adı İddiaçı1 MMC) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2018- ci il tarixli podrat müqaviləsi əsasında, iddiaçının icra etdiyi işlərin əvəzi olaraq razılaşdırılmış 12.988 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.018 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Sifarişçi” tapşırır, “İcraçı” isə hazırki müqavilədə göstərilmiş şərtlərlə 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazalarının reklam işlərinin icra edilməsini və “Sifarişçi” ilə razılaşdırılmış digər reklam işlərini görməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, imzalandığı gündən qüvvəyə minmişdir. İddiaçı1 MMC şirkəti öz öhdəliklərini yerinə yetirmiş, işləri görmüş cavabdeh “xxxx MMC şirkətinə təhvil vermişdir. İddia ərizəsinə əlavə edilmiş diskdəki fotoşəkillər reklam işinin tam şəkildə icra olunduğunu sübut edir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən “Sifarişçi” hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün aşağıdakı ödənişi həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin dəyəri 12.988 AZN təşkil edir. Tərəflərin razılığına əsasən, “İcraçı” “Sifarişçiyə” hesab- faktura təqdim edəcək, “Sifarişçi” “İcraçı”dan hesab-fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 iş günü ərzində faktura dəyərini “İcraçı”ya, bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyəcəkdir. İddiaçı cavabdehə xx xxxxxx 2018-ci il tarixli hesab-fakturanı göndərmiş və xx.xx.2018-ci il tarixli Seriya EAAG №932568 saylı elektron qaimə tərtib etmişdir. Lakin dəfələrlə cavabdehə müraciət etməklərinə baxmayaraq Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 2 saylı müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (hazırda iddiaçı) 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən «İdeal» mağazaların reklam işlərini icra etməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişin icrası ilə bağlı sifarişçi (hazırda cavabdeh) tərəfindən göstəriş və təlimat yazılı şəkildə verilməli idi; 4.3 və 4.4-cü bəndlərinin tələbinə əsasən müqavilə üzrə ödənişin həyata keçirilməsi üçün icraçı sifarişçiyə hesab-faktura və təhvil-təslim aktı təqdim etməlidir. Sifarişçi hesab fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 günü ərzində faktura dəyərini ödəməlidir. Lakin işin materiallarında təhvil-təslim aktı və görülmüş işlərin dəyərinin ödənilməsinin tələbi barədə hesab-faktura yoxdur və mövcudluğu da mümkün deyildir. Ona görə ki, müqavilədə nəzərdə tutulmuş reklam işlərinin yerinə yetirilməsi üçün birincisi görülən reklam işləri barədə sifarişçinin yazılı göstəriş və təlimatı olmamışdır. Ödənişin tələbi barədə hesab-faktura isə görülmüş işlərin yerində təhvil verildikdən sonra təqdim edildiyi halda, sifarişçi tərəfindən qəbul edilə bilərdi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş 166 yük taksisinə xx xxxxxx 2018-ci il tarixdə yazılmış 2 ədəd göndərilmə (yükləməyə) qaiməsini təhvil-təslim aktı kimi şərh edərək, iddiaçı tərəfindən cavabdehə cəmi 155 ədəd gül buketini verməsi və bununla da müqavilə şərtlərinin yerinə yetirilməsi qənaətinə gəlmişdir. Birincisi tərəflər arasında müqavilə gül və ya başqa əşyanın alqı-satqısı barədə müqavilə deyil, podrat müqaviləsidir. Müqavilə üzrə görüləcək işlərin tərkib sayı isə sifarişçi tərəfindən verilən yazılı təlimatla müəyyən edilir. İkincisi müqavilənin şərti olan «görülmüş işlər barədə təhvil-təslim aktı» taksi ilə mal göndərmə barədə qaimə deyil, faktiki yerinə yetirilmiş işlərin həcmi və məbləği göstərilməklə müqavilə tərəfləri arasında ayrıca tərtib edilmiş, müqavlə üzrə icraçının faktiki gördüyü işin həcmini və dəyərini özündə əks etdirən və görülmüş işlərin dəyərinin ödənilməsinə əsas verən sənəddir. Üçüncüsü məhkəmənin müqavilə üzrə təhvil-təslim aktı kimi qəbul etdiyi taksi yük qaiməsinin mənşəyi və varlığı cavabdehə məlum deyildir. Həmin qaimənin təhvil verildiyi şəxs qrafasında cavabdeh barədə hər hansı qeyd yoxdur. Belə olan halda həmin 2 qaimənin iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidliyinin iddia edilməsi ağlabatan deyildir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən invoys və elektron qaimənin verilməsinə, cavabdehin isə həmin qaiməni təsdiq etməsinə, indiyə kimi ləğv edilməməsinə istinad edir. Lakin qeyd olunan invoys xx xxxxxx 2018-ci il tarixdə, yəni müqavilənin tərtib edildiyi xx xxxxxx 2018-ci il tarixdən dərhal bir gün sonra, elektron qaimə isə xx xxxxxx 2018-ci il tarixdə, yəni iki gün sonra verilmişdir. Bir və ya iki gün ərzində müqavilədə göstərilən işlərin görülməsi mümkün deyildir və iddiaçının özü də belə bir mövqedə çıxış etmir. Digər tərəfdən məhkəmənin qeyd etdiyi EAAG seriyalı, 932568 saylı, xx xxxxxx 2018-ci il tarixli elektron qaimə (əslində elektron vergi hesab fakturası) işlərin görüldüyünü təsdiq edən sənəd deyil, vergilərin ödənilməsi üçün istifadə olunan elektron sənəddir. Elektron vergi hesab fakturasının dəyişməsi, ləğv edilməsi səlahiyyətləri onu göndərənə, hazırki iş üzrə iddiaçıya aiddir. Təsdiqindən imtina edilməsi göndərilən şəxs üçün yalnız ona göndərildiyi 2 gün müddətində mümkündür. Hazırki iş üzrə bu müddət xx xxxxxx 2018-ci ildə bitmişdir. Həmin müddətdə də tərəflər arasında mövcud müqavilənin gələcəkdə iddiaçı tərəfindən icra edilə bilməyəcəyi cavabdehə məlum deyildir. Bakı Apellyasiya Məhkəməsinin X1 2-2(103)-370/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 xx.xx.2019-cu il tarixli 2-2(102)-476/2019 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin X1 2-2(103)-370/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-il tarixə təyin edilmiş, tərəflərin nümayəndələri iclasın vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də iclasda iştirak etməmişlər. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 və xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı müəssisənin direktoru Ə.Həsənov apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmamasını və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia cavabdehdən iddiaçının xeyrinə 6948 manat borc pulun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 02 saylı müqaviləyə əsasən cavabdehin tapşırığına əsasən iddiaçı müqavilədə göstərilmiş aşağıdakı öhdəlikləri üzərinə götürmüşdür -14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazaların reklam işlərinin icra edilməsi və sifarişçi ilə razılaşdırılmış digər reklam işləri görmək. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi, eləcə də sifarişin icrası ilə bağlı göstəriş və təlimatları yazılı şəkildə verməyi və icraçının haqqını müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2, 4.3 və. 4.4-cü bəndlərində isə təsbit olunmuşdur ki, müqavilənin dəyəri 12.988 manat təşkil edir (vergilər daxil), icraçı sifarişçiyə hesab-faktura və təhviltəslim aktı təqdim edəcəkdir, sifarişçi icraçıdan hesab-fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində faktura dəyərini icraçıya, bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyəcəkdir. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsində isə təsbit edilmişdir ki, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəlarının və tərəflər arasında bağlanılmış müqavilə şərtlərinin mənasına görə iddiaçının tələbinin təmin olunması üçün müqavilədə nəzərdə tutulmuş işin onun tərəfindən icra olunduğu, həmin işin sifarişçi kimi cavabdeh tərəfindən qəbul olunduğu və bu zaman qüsurla bağlı hər hansı tələbin irəli sürülmədiyi müəyyən olunmalıdır. Mübahisə üzrə tərəflər arasında bağlanmış xidmətlərin göstərilməsi barədə müqavilə olmasına baxmayaraq, cavabdeh belə bir xidmətlərin göstərilməsi barədə sifariş vermədiyini, eləcə də həmin müqavilə üzrə göstərilmiş hər hansı xidməti qəbul etmədiyini bildirdiyindən, iddiaçı isə belə bir xidmətin göstərildiyini və onun cavabdeh tərəfindən qəbul olunduğunu irəli sürdüyündən, MPM-in 14.2 və 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehə xidmətlərin göstərildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçının nümayəndələrinin izahatlarına əsasən, tərəflər arasında görüləcək işlərin icrası ilə bağlı göstəriş və təlimatlar yazılı deyil, şifahi şəkildə müəyyən edilmiş və razılaşdırılmışdır. Cavabdeh MMC tərəfindən bildirilmişdir ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac yoxdur, müqavilənin bağlanması və işlərin görülməsi kifayətdir. Odur ki, icraçı İddiaçı1MMC tərəfindən yazılı göstəriş və təlimat tələb edilməmişdir. Ona görə ki, bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi. Bundan əlavə, müqavilənin 2.1-ci bəndinə görə yazılı göstəriş və təlimatın verilməsi vəzifəsini Sifarişçi Cavabdeh MMC icra etməli idi. Lakin Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilə şərtini kobud şəkildə pozmuşdur. Odur ki, qətnamədə qeyd olunan yazılı təlimat və göstərişin olmaması yalnız Sifarişçinin təqsiri ucbatından mövcud olmamışdır. Bu isə İddiaçı1 MMC-nin iddiasının rədd edilməsi üçün əsas deyildir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən görünür ki, yerinə yetirilməli olan işlərin həcmi, onların konkret olaraq nələrdən ibarət olacağı müqavilənin özündə müfəssəl və aydın şəkildə təsvir olunmamışdır. Tərəflər müqavilədə yalnızca ümumi şəkildə reklam işlərinin icra edilməli olduğunu göstərmişlər. Bundan başqa, müqavilədə sifarişin icrası ilə bağlı göstəriş və təlimatları yazılı şəkildə vermək sifarişçinin hüquq və vəzifəsi kimi təsbit olunmuşdur. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (404.1). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (404.2) Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, görüləcək işin nədən ibarət olduğunu icraçıya (iddiaçıya) bildirmək vəzifəsi sifarişçiyə (cavabdehə) aid vəzifə olduğu halda cavabdehin görüləcək işlərlə bağlı göstəriş və təlimatları yazılı şəkildə deyil, şifahi olaraq verməsi onu sonradan iddiaçı tərəfindən icra edilmiş işlərin dəyərini ödəmək öhdəliyindən azad etmir. İddaçı yazılı göstərişin verilməməsinin səbəblərini onunla əsaslandırmışdır ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac olmamışdır, çünki bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi. Müqavilə şərtləri ilə də müəyyən olunur ki, işlərin 14 fevral tarixədək görülməsi nəzərdə tutulmuşdur. Müqavilənin özünün xx xxxxxx 2018-ci il tarixdə bağlanıldığı nəzərə alındığında həqiqətən də işlərin olduqca qısa müddətlərdə və operativ yerinə yetirilməsi tələb olunmuşdur. Bu hal isə cavabdeh tərəfindən yerinə yetirilməli olan işlərlə bağlı göstərişin şifahi qaydada verildiyinin mümkünlüyünü təsdiq edir. İş materiallarında həmin sifarişlərin qəbul edilməsinə dair fotoşəkillər, audiodisk mövcuddur. Həmin şəkillərdən görünür ki, gül kompozisiyaları Cavabdeh MMC-yə təqdim edilmiş, Cavabdeh MMC-nin rəsmi nümayəndəsi “İdeal” mağazalarında gül kompozisiyalarını təhvil almış, çoxsaylı fotoşəkillər çəkilmişdir. Həmin şəkillər sifarişlərin təhvil verildiyini bir daha təsdiq edir. İşdəki fotoşəkillərə əsasən iddiaçı tərəfindən hazırlanmış gül kompozisiyaları və bannerlər yaradıcı işdir. Cavabdeh həmin kompozisiyanın və ya lövhələrin hansı formada və dizaynda hazırlanması ilə bağlı deyil, sayı və ölçüləri barədə yazılı göstəriş verə bilərdi. Say və ölçü barədə göstərişin isə şifahi formada verilməsinin mümkünlüyü istisna olunmur. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələ görülmüş işlərin sifarişçi (cavabdeh) tərəfindən qəbul edilib-edilmədiyi ilə bağlı məsələdir. İddiaçı malların cavabdehə elektron qaimə əsasında təhvil verildiyini, cavabdeh tərəfindən elektron qaiməyə hər hansı irad bildirilmədən qəbul edildiyini, bununla da malların təhvil verildiyinin sübut edildiyini göstərir. Məhkəmə hesab edir ki, cavabdehə xx.xx.2018-ci il tarixdə göndərilmiş elektron qaimə malın təhvil verildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarından görünür ki, mallar 166 yük taksisi ilə xx.xx.2018-ci il tarixdə 28 Mall və Gənclik Mall ünvanına göndərilmişdir. Deməli cavabdehə elektron qaimə xx.xx.2018-ci il tarixdə -müqavilə bağlandıqdan iki gün sonra göndərilmiş, qaimə cavabdeh tərəfindən qəbul edilərkən hələ mallar təhvil verilməmişdi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatətinə əsasən 166 yük taksisinə sorğu verilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Ə.X4 daxil olna sifarişinə uyğun olaraq daşıma xidməti icra edilmiş, 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarına əsasən daşınan mallar-gün buketləri təyinatına uyğun Süleyman Tağızadə küçəsi-28 MALL TM və Axundov bağı “Gənclik MALL” TM istiqamətlərində daşınmışdır. Sözügedən təhvil-təslim aktlarının cavabdeh tərəfindən səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə sübut kimi qəbul edilməsinə cavabdehin etirazı əsassız hesab edilir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş mövqeyə əsasən təhvil-təslim aktnının təyinatı görülmüş işin yerinə yetirildiyini və tərəflərin bunu qəbul etdiklərini qeydə almaqdan ibarətdir. Bu akta münasibətdə əsas tələb onun yazılı qaydada tərtib olunması, tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanması və onun məzmunundan tərəflərin iradəsini müəyyən etməyin mümkün olmasıdır. Səlahiyyətli şəxslər dedikdə isə həmişə mütləq hüquqi şəxsi təmsil etmək hüququna malik olan rəsmi şəxslər başa düşülməməlidir. Mülki Məcəllənin 433.1 və 433.2-ci maddələrinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Bu normaya görə hətta təhvil-təslim aktı cavabdehi rəsmi təmsil etmək hüququna malik olmayan şəxslər tərəfindən imzalanmışdırsa belə, əgər görülmüş işlərin nəticəsi kimi hazırlanmış mallar real olaraq cavabdeh tərəfindən qəbul edilmiş və istifadə olunmuşsa, öhdəlik borclu tərəfindən ixtikarlı şəxsə (kreditora) icra edilmiş sayılır. Əgər cavabdeh faktiki olaraq malları qəbul etmiş və ondan faydalanmışa, podratın nəticələrinin ona təqdim edilməsi baş tutmuş sayılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, işdəki fotoşəkillər iddiaçı tərəfindən cavabdehin sifariş verdiyi malların hazırlandığını, 166 yük taksisinin qaimələri isə həmin malların cavabdehin sifariş verdiyi ünvan üzrə təhvil verildiyini təsdiq edir. İş materiallarının 15-ci vərəzinə əlavə edilmiş hesab fakturadan (invoice) görünür ki, iddiaçı tərəfindən hər biri 45 manat olan 100 böyük gül kompozisiyası, hər biri 28 manat olan 200 kiçik gül kompozisiyası, 2 ədəd hər biri 876 manat olan böyük lövhə (banner), hər biri 284 manat 4 ədəd daşınan lövhə (rollup) hazırlanmalı idi. İşdəki 23676 saylı təhvil-təslim aktında 55 ədəd gül bağlamasının, 23083 saylı aktda isə 100 ədəd gül bağlamasının təhvil verildiyi qeyd edilmişdir. İddiaçı hüquqi şəxsin direktoru işə yenidən apellyasiya qaydasında baxılarkən digər malların öz şəxsi maşınında daşındığını və cavabdehə təhvil verildiyini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə düzgün olaraq təhvil təslim aktlarına malların təhvil verildiyini təsdiq edən sübut kimi hüquqi qiymət versə də, aktlarda təhvil verilmiş malların sayına əhəmiyyət verməmiş, nəticədə iddia tələbinin tam təmin edilməli olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən işdəki sübutlara əsasən, cavabdehə iddiaçı tərəfindən təhvil verilmiş malların dəyərinin 6040 manat (100 böyük bağlama x45 manat=4500 manat, 55 kiçik bağlama x28 manat=1540 manat) olduğu müəyyən olunur. Digər malların cavabdehə təhvil verildiyini təsdiq edən sübutlar iş materiallarında olmadığından məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə 6948 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilməklə həmin hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia cavabdehdən iddiaçının xeyrinə 6948 manat borc pulun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia cavabdeh Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin (əvvəlki adı İddiaçı1 MMC) xeyrinə 6948 manat borc pulun tutulması hissəsində rədd edilsin. Qətnamə Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin (əvvəlki adı İddiaçı1 MMC) xeyrinə 6040 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar