Məhkəmə qərarları › İş №2-2(103)-14/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-14/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-14/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “AqrarKredit” və İnkişaf Agentliyinin cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun və cərimənin tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X3 Təsərrüfatı” MMC-yə qarşı borcun və cərimənin tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 594/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı1 ASC ilə “X3 Təsərrüfatı” MMC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08- LA/16 nömrəli lizinq müqavilələrin görə İddiaçı1 ASC “X3 Təsərrüfatı” MMC-yə ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, “X3 Təsərrüfatı” MMC isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən İddiaçı1 ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1%-i həcmində cərimə tələb edir.

3. Maliyyə arayışından görünür ki, “X3 Təsərrüfatı” MMC-nin İddiaçı1 ASC-yə olan borcu 97894 manat əsas borc, 32609,93 manat cərimə borcu olmaqla, cəmi 130533,93 manat təşkil etmişdir.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)- 283/2018 saylı qətnaməsi ilə cavabdeh ilə İddiaçı1 ASC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və cavabdehin İddiaçı1 ASC-yə olan borcunun həmin məbləğdə silinməsi öhdəliyinin İddiaçı1 ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 2(103)- 520/2019 nömrəli 2019-cu il 22 avqust tarixli qətnaməsi ilə bu dəfə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-2(102)- 545/2019 nömrəli 2019-cu il 25 dekabr tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından qeyd olunub ki, məhkəmə aktlarında göstərilmiş çıxılmalar və tətbiq edilmiş güzəşt nəzərə alındıqda, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 594/2020 nömrəli qətnaməsi üzrə iddia məbləğinin hesablandığı tarixə (2019-cu ilin 1-ci rübü daxil olmaqla) xx.xx.2016-cı il tarixli D-02-LA/16 nömrəli və xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilələrin gecikdirilmiş əsas borc 0.00 manat təşkil edir, həmçinin bu qətnamə ilə təmin edilmiş 5000 manat cərimə məbləği və 23,65 manat dövlət rüsumu ödənilməmiş qalmaqdadır.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı1 ASC cavabdeh “X3 Təsərrüfatı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97.894,00 manat əsas borc, 32.609,93 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 130.533,93 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı1 ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı1 ASC ilə cavabdeh arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilələrə əsasən lizinqə götürülmüş ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikası üçün ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, ödəniş qrafiki üzrə 14998,00 manat ödəniş olunmuşdur. Cavabdehin müqavilə üzrə 97894 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə üzrə 32609,93 manat borcu qalmışdır. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2 və 748-1.12.4-cü maddələrinə istinad olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli e-2-2(113)- 594/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 97/894,00 manat əsas borc, 5000 manat cərimə borcu olmaqla, cəmi 102.894 manat pul vəsaitinin cavabdehdən tutularaq “Aqrolizinq" ASC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 23,65 manat məbləğinin cavabdehdən tutularaq “Aqrolizinq" ASC-yə ödənilməsi, qalan 6,35 manat məbləğin “Aqrolizinq" ASC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə cavabdeh arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqavilələrinə əsasən İddiaçı1 ASC cavabdehə ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən İddiaçı1 ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı1 ASC tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdehin İddiaçı1 ASC-yə olan borcu 97894,00 manat əsas borc, 32.609,93 manat cərimə borcu olmaqla, cəmi 130533,93 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, tərəflər arasında bağlanmış müqavilələr və müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikləri üzrə yaranmış 97894,00 manat borc cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1%-i həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab etmişdir ki, tələb olunan 32609,93 manat dəbbə pulu məbləği yaranmış 97894,00 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, cavabdehdən 5000 manat məbləğində cərimənin tutulması ədalətlidir. Məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinin (102894 manat) iddia tələbinin 78,82%-ni təşkil etdiyi nəzərə alınaraq, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,65 manatı cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməli, qalan 6,35 manat isə İddiaçı1 ASC-yə aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 747.1 və 748-10.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qeyriqanunidir. İddiaçı “Aqrolizinq" ASC ilə cavabdeh “X3 Təsərrüfatı" MMC arasında bağlanılmış 08-LA/16 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən heyvandarlıq kompleksinin avadanlıqları, o cümlədən peyinqarışdıran avadanlıq cavabdeh “X3 Təsərrüfatı" MMC-yə lizinqə verilmişdir. Həmin avadanlıq 2016-cı il aprel ayında erməni hərbi qüvvələri tərəfindən atəş açılması nəticəsində yararsız vəziyyətə düşmüşdür. Buna görə də həmin avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və “X3 Təsərrüfatı" MMC-nin “Aqrolizinq" ASC-yə olan borcunun həmin məbləğdə silinməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. AR Ali Məhkəməsinin qərarı ilə də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdehin lizinqə götürdüyü peyinqarışdıran avadanlığın dəyəri 08-LA/16 saylı xx.xx.2016-cı il tarixli müqavilə üzrə ümumi məbləğdən çıxılmalı idi. Lakin Bakı Kommersiya Məhkəməsi 2-2 (113)-594/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməni çıxararkən 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsini nəzərə almamış və İddiaçı1 ASC- nin iddia ərizəsi üzrə birbaşa cavabdeh “X3 Təsərrüfatr MMC-dən 97894,00 manat əsas borc, 5000 manat cərimə borcu, cəmi 102894 manat pul vəsaitinin tutularaq İddiaçı1 ASC-yə ödənilməsini qət etmişdir. Baxmayaraq ki 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin verilməsi ilə bağlı icra işi də eyni hakimin icraatındadır. 2-2(82)-283/2018 saylı işə hakim Etibar Mustafayev baxsa da hakim həmin vaxt Məhkəmədə olmadığına görə iş icra vərəqəsinin verilməsi üçün hakim Zaur Pirverdiyevə verilmişdir. Bütün bunlardan göründüyü kimi iş məhkəmə tərəfindən hərtərəfli, kifayət qədər araşdırılmamışdır. Bununla da Bakı Kommersiya Məhkəməsi işə birtərəfli qaydada baxaraq əsassız qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 3 sentyabr tarixli 2-2(103)-473/2020 nömrəli qərardadı ilə cavabdehin İddiaçı1 ASC-yə qarşı “tərəflər arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş bir ədəd yem paylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin İddiaçı1 ASC-nin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-1928/2020 saylı işə baxılıb, yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(103)-3/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli məhkəmə iclasının protokoluna qeyd edilməklə iş üzrə İddiaçı1 ASC-nin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)-3/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2020 saylı 2020-ci il 17 iyun tarixli qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 1720,0 manat, cərimə borcuna görə 172,0 manat olmaqla, cəmi 1892 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə, ona əlavə edilmiş sənədlərə, pretenziya məktubuna, cavabdehin apellyasiya şikayətinə və ona əlavəyə, tərəflərin nümayəndələrinin izahatlarına əsasən, tərəflər, yəni İddiaçı1 ASC ilə cavabdeh arasında 2016-cı il 26 dekabr tarixdə - 08- LA/16 nömrəli və D-02-LA/12 nömrəli lizinq müqavilələri bağlandığı və həmin müqavilələr üzrə ümumi dəyəri 355400 manat məbləğində olan kənd təsərrüfatı texnikasının cavabdeh tərəfindən lizinqə götürüldüyü və lizinq alan cavabdehin həmin müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafikləri üzrə öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi, lizinq verənə 97894,00 manat əsas və 32609,93 manat cərimə borcu yarandığı işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilir ki, ondan qeyd olunan məbləğdə borc məbləğinin tutulması əsassızdır. Çünki qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə lizinq müqavilənin ümumi məbləğindən 96174 manat çıxılması öhdəliyi İddiaçı1 ASC-nin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə cavabdeh ilə İddiaçı1 ASC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və cavabdehin İddiaçı1 ASC-yə olan borcunun həmin məbləğdə silinməsi öhdəliyinin İddiaçı1 ASC-nin üzərinə qoyulması qət edilmişdir. Həmi qətnamə qanuni qüvvəsini almış və 2018-ci il 17 may tarixli 2-2(82)- 283/2018 saylı icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 oktyabr tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinə izah verilməsi barədə ərizəsi təmin olunaraq qətnaməyə izah verilmiş və icra vərəqəsində göstərilən əmlakın dəyərinin “İcra haqqında” Qanunun 51-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməsi kimi başa düşülməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar, yəni cavabdeh şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə məhkəmə 2020-ci il 5 oktyabr tarixli qərardadını dəyişdirərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə aşağıdakı kimi izah vermişdir: “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96174 manat məbləğində müəyyən edilməsi kimi başa düşülsün.” İddiaçının elektron qaydada təqdim etdiyi maliyyə arayışında sözügedən icra sənədinin İddiaçı1 ASC tərəfindən icra olunaraq 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə iddiaçının əsas borc məbləğindən 96174 manat vəsaitin silindiyi bildirilir.

20. Konkret halda isə İddiaçı1 ASC-nin iddia tələbindən göründüyü kimi, 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilələr üzrə cavabdehdən əsas borc məbləği olaraq 97894,00 manat məbləğində vəsaitin tutulması tələb olunmuş və hazırda da qaldırılan iddia tələbinin hər hansı bir hissəsindən imtina olunmur, əksinə müdafiə olunur. İddia ərizəsinə və ona əlavə edilmiş lizinq müqavilələrinə, borc barədə ümumi məlumat və ödəniş qrafiklərinə, pretenziya məktubuna və s. əsasən müəyyən olunmuşdur ki, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqaviləyə görə cavabdeh tərəfindən lizinqə götürülən peyinqarışdıran avadanlıq üçün 2024-cü il 31 dekabr tarixinə kimi 172450,00 manat, D-02-LA/12 saylı müqaviləyə əsasən (iddia ərizəsində həmin müqavilənin nömrəsi “D-02-LA/12” əvəzinə “D-02-LA/12” yazılmışdır) isə lizinqə götürülən sağım meydançası avadanlığına görə 2022-ci il 31 dekabr tarixinə kimi 182950 manat – iki müqavilə üzrə cəmi 355400 (172450,00 +182950) manat ödənilməlidir.

21. Lakin cavabdeh sözügedən müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafikinə əməl etməmiş, məhkəməyə qədər borcundan cəmi 14998 manat ödəniş etmiş və onun iddia qaldırılan 2020-ci il 22 yanvar tarixinə 97894,0 manat gecikdirilmiş borcu və tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1% ilə hesablanmış 32609,00 manat cərimə borcu yaranmışdır.

22. İşə əlavə olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə müəyyən edilən hallardan görünür ki, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqaviləyə əsasən lizinq alan tərəfindən lizinqə götürülmüş peyinqarışdıran avadanlığın ona məxsus Ağdam rayonunda yerləşən Əfətli kəndində yerləşən heyvandarlıq kompleksinə 6 ədəd qrad mərmisi düşməsi nəticəsində yararsız vəziyyətə düşdüyü nəzərə alınmaqla, həmin avadanlığın 96174,0 manat məbləğində olan dəyərinin qeyd olunan müqavilənin ümumi məbləğindən çıxılması və cavabdehin İddiaçı1 ASC-yə olan borcundan həmin məbləğdə silinməsi öhdəliyi İddiaçı1 ASCnin üzərinə qoyulmuşdur.

23. İddiaçı, yəni lizinq verən hazırkı 08-LA/16 və D-02-LA/12 saylı 2016-cı il 26 dekabr tarixli müqavilələr üzrə yaranmış 97894 manat gecikdirilmiş borcun və 32609 manat cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2020-ci il 22 yanvar tarixində məhkəməyə müraciət edərkən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018ci il 17 may tarixli qətnaməsi qanuni qüvvəsini alsa da, qətnamə hələ icra olunmamışdır. Ən azından, yuxarıda qeyd olunanlardan göründüyü kimi, həmin qətnaməyə Bakı Kommersiya Məhkəməsi tərəfindən 2020-ci il 26 oktyabr tarixdə izah verilmişdir.

24. İddiaçı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi maliyyə arayışında "xxxx" ASC tərəfindən 2021-ci il 28 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə qətnamənin icrası məqsədilə cavabdehin müqaviləsi üzrə əsas borc məbləğindən 96174 manat vəsait silindiyini bildirsə də, bununla bağlı təsdiqedici sübutları məhkəməyə təqdim etməmiş, iddia etdiyi, iddia qaldırılana qədər yaranmış 97894 manat gecikdirilmiş əsas borcun hər hansı bir hissəsindən imtina etməmiş, həmin borc tələbini azaltmamış, olduğu kimi iddia tələbini müdafiə etmişdir (İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış digər müqavilələr də mövcuddur, beləliklə də iddiaçının nəyi nədən sildiyi əsaslandırılmamışdır).

25. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, konkret halda iddiaçı, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 97894,0 manat əsas borcun tutulmasını tələb etdiyi halda, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin müqavilə üzrə lizinq alanın borcundan silməli olduğu 96174,0 manatın çıxılmasını təmin etmək onun borcudur.

26. Borclu lizinq alan tərəfindən sübuta yetirilir ki, konkret halda 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcunun 96174,0 manat məbləğində hissəsində onun tərəfindən müqavilə öhdəliyi istisna olunur.

27. Odur ki, qeyd olunanlar baxımından, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqaviləyə əsasən lizinqə götürülmüş peyinqarışdırma avadanlığının ilkin dəyərindən silinməli olan 96174,0 manat vəsait, ödənilməsi tələb edilən 97894,0 manat gecikdirilmiş əsas borc məbləğindən çıxılmalı, yerdə qalan 1720,0 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Qeyd edilən 1720,0 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə lizinq müqaviləsinin 4.2-ci bəndinə müvafiq hər gecikdirilən günə görə 0,1%-i miqdarında cərimə hesablanmasına gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, burada peyinqarışdıran avadanlığın yararsız vəziyyətə düşməsi nəticəsində avadanlıqdan lizinq alanın bəhrələnə bilməməsi, eyni zamanda, bununla bağlı məhkəmənin qeyd olunan icra sənədinin lizinq verən tərəfindən vaxtında icra edilməməsi kimi hallar nəzərə alınmaqla, lizinq alanın borcundan silinməli olan vəsait onun hazırkı borcundan çıxıldıqdan sonra, ödəməli olduğu 1720,0 manat əsas borcunun 10%-i miqdarında, yəni 172 manat cərimə məbləği ondan iddiaçının xeyrinə tutulmalıdır.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 441.4, 448.4, 458.1, 467 və 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Həmin qətnamə 2023-cü il 14 iyul tarixində tərəflərə məktub ilə göndərilmiş, elektron kabinetlərində yerləşdirilmişdir. İddiaçı 2023-cü il 3 avqust tarixində kassasiya şikayəti verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)- 3/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası xx.xx.2023-cü il tarixli 2-2(102)-513/2023 saylı qərarı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-3/2023 nömrəli iş üzrə 2023-cü il 22 iyun tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

32. Kassasiya instansiyası göstərmişdir ki, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2- 2(82)-283/2018 saylı qətnaməsi və qətnaməyə izah verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadına əsasən 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə cavabdehin 96174 manat borcunun silinməsi qərara alınmışdır. İddiaçının elektron qaydada təqdim etdiyi maliyyə arayışında sözügedən icra sənədinin İddiaçı1 ASC tərəfindən icra olunaraq 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə iddiaçının əsas borc məbləğindən 96174 manat vəsaitin silindiyi göstərilsə də həmin borcun iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə borcundan çıxılması sübuta yetirilməmişdir. Ona görə tələb olunan əsas borcdan 96174 manat çıxılmalı, iddia tələbi qalan hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət işin müəyyən edilmiş hallarına uyğun olmamış, məhkəmə sübutlara tam və hərtərəfli baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual pozuntulara yol vermişdir. İş materiallarından görünür ki, 2012cı il 18 yanvar tarixli 02-LA/12 nömrəli müqaviləyə və müqaviləyə əlavələrə əsasən İddiaçı1 ASC tərəfindən cavabdeh “X3 Təsərrüfatı” MMC-yə 635250 manat dəyərində və 61500 manat əvvəlcədən ödənilmək şərti ilə 1) paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları, 2) açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemi və 3) yem qarışdırıb paylayan avadanlıqlar 10 il müddətinə lizinqə verilmişdir. Həmin avadanlıqların hər birinin qiyməti ayrı-ayrılıqda müəyyən edilməklə göstərilməmişdir. 2012-cı il 18 yanvar tarixli 02- LA/12 nömrəli Lizinq müqaviləsində dəyişiklik edilməsi barədə 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli Razılaşmaya görə İddiaçı1 ASC-nin 2016-cı il tarixli 21 nömrəli 4052/ü nömrəli əmri ilə Paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının 373600 manat məbləğində qalıq dəyəri MMC-yə dəymiş ziyan kimi ”Aqrolizinq” ASC-nin hesabına silinmiş, açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemi və yem qarışdırıb paylayan avadanlıqlar isə 182950 manat qalıq dəyəri ilə 6 il müddətinə MMC-yə yenidən lizinqə verilmişdir İşdən daha sonra görünür ki, tərəflər arasında 2016-cı il 26 dekabr tarixli 08- LA/16 nömrəli “Heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə verilməsi barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı1 ASC tərəfindən cavabdeh “X3 Təsərrüfatı” MMC-yə 172450 manat dəyərində və 17800 manat əvvəlcədən ödənilmək şərti ilə heyvandarlıq kompleksi üçün əlavə avalanlıqlar lizinqə verilmişdir. Tərəflər arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq 2 müqavilələri üzrə ayrıca ödəniş qarfikləri tərtib olunmasına baxmyaraq İddiaçı1 ASC-nin iddia tələbi hər iki müqavilə üzrə 355400,00 manat borcdan iddia qaldırılan tarixə, yəni 26 dekabr 2019-cu il tarixə kimi olan kimi olan dövr üçün 97894,00 manat əsas və 32609,93 manat cərimə borcu tələb etmişdir. Ödəniş cədvəlləri nəzərdən keçirildikdə müəyyən edilir ki, göstərilən tarixə cavabdehin əsas borcu 97894,00 manat deyil, daha çoxdur, cərimə hesablanmalı olması nəzərə alındıqda isə bu borcun daha çox olması aydın olur. İddiaçı tərəf hazırkı iddia qaldırılan zaman 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə əsasən 96174 manat vəsaitin silindiyini göstərsə də, apellyasiya məhkəməsi həmin borcun cavabdehin müqavilə üzrə borcundan çıxılması sübuta yetirilməməsi qənaətinə gəlmiş, bu barədə sübutların təqdim olunmasına, həmin məsələnin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, hətta iddiaçı tərəfə bu barədə sübutların təqdim olunmasını təklif etməmiş, həmin hərəkətsizliyin nəticələri barədə iddiaçı tərəfi xəbərdar etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın rədd olunması barədə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almalı, habelə zərurət olarsa iddiaçı Agentlik tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2- 2(82)- 283/2018 saylı qətnaməsinə əsasən 96174 manat vəsaitin silinməsinin müəyən olunması məqsədilə mühasibatlıq ekspertizasının təyin olunması məsələsini müzakirə etməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1016/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X3 Təsərrüfatı” MMC-yə qarşı borcun və cərimənin tutulmasına dair kommersiya mübahisəsi üzrə icraat, Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-3564/2023 nömrəli iş üzrə çıxarılacaq məhkəmə aktı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6046/2023 nömrəli işi üzrə çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.

34. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin İddiaçı1 ASC ilə arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “X3 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2713/2024 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti geri qaytarılmış, şikayət üzrə icraata xitam verilmişdir.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli, e-2-2(113)-131/2024 nömrəli qətnaməsi ilə “X3 Təsərrüfatı” MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-98/2025 nömrəli qətnaməsi ilə iddiaçı “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-131/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin İddiaçı1 ASC ilə X3 Təsərrüfatı” MMC arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 57.957 (əlli yeddi min doqquz yüz əlli yeddi) manat məbləğin və 26 dekabr 2016-cı il tarixli 08- LA/16 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 19.884 (on doqquz min səkkiz yüz səksən dörd) manat məbləğin müqavilə üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir.

38. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-343/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1016/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X3 Təsərrüfatı” MMC-yə qarşı borcun və cərimənin tutulmasına dair kommersiya işi üzrə icraat təzələnmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

40. Tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq yekun məhkəmə aktı çıxarılarkən iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının nəzərə alınması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

41. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

42. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. -448.4-ci maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

43. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-ci maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Apellyasiya baxışının hədləri:

44. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iddia rədd edilməlidir.

47. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ASC (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mübahisəli hüquq münasibətlərində hüquqi sələfi) ilə cavabdeh “X3 Təsərrüfatı” MMC arasında 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən cavabdeh kənd təsərrüfatı təyinatlı avadanlıqları lizinqə götürmüşdür. Hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehin həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilələr üzrə 2019-cu ilin birinci rübünə yaranmış 97.894 manat əsas borc, 32.609,93 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 130.533,93 manat pul vəsaitinin ödənilməsini tələb edir.

48. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli lizinq müqavilələri ilə bağlı bir neçə məhkəmə mübahisəsi olmuş və həmin mübahisələrin nəticəsi olaraq: 48.1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə cavabdeh ilə İddiaçı1 ASC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin (qətnaməyə izah verilməsi barədə qərardada əsasən 96174 manat məbləğində müəyyən edilib) müqavilənin ümumi məbləğindən çıxılması və cavabdehin İddiaçı1 ASC-yə olan borcunun həmin məbləğdə silinməsi öhdəliyinin İddiaçı1 ASC-nin üzərinə qoyulması qət edilmişdir. 48.2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-98/2025 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-131/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin İddiaçı1 ASC ilə X3 Təsərrüfatı” MMC arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 57.957 manat məbləğin və 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 19.884 manat məbləğin müqavilə üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. 48.3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin İddiaçı1 ASC ilə arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “X3 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. 48.4. Digər tərəfdən iddiaçı tərəfindən verilmiş son maliyyə arayışından müəyyən edilir ki, yuxarıda qeyd edilən məhkəmə aktlarında göstərilmiş çıxılmalar və tətbiq edilmiş güzəşt nəzərə alındıqda, cavabdehin iddiaçıya 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli və D-02-LA/12 saylı müqavilələr üzrə 2019-cu ilin birinci rübünə ödənilməmiş borcu mövcud deyildir. 48.5. Bundan əlavə o da qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6046/2023 saylı qərarına əsasən xx.xx.2016-cı il tarixli D- 02-LA/16 saylı müqavilə üzrə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi qərara alınması nəzərə alınaraq agentlik tərəfindən həmin avadanlığın ilkin dəyərinə 17.364,32 manat güzəşt tətbiq edilmiş və yeni ödəniş qrafiki tərtib edilərək xx.xx.2024-cü il tarixli GL-02-LA/24 saylı yeni müqavilə bağlanmış bununla da cavabdehin xx.xx.2016-cı il tarixli D-02-LA/16 saylı müqavilə üzrə öhdəliklərinə faktiki olaraq xitam verilmişdir.

49. Beləliklə, cavabdehin iddiaçı qarşısında mübahisəli müqavilələr üzrə iddia ərizəsində tələb edilən dövr üzrə, yəni 2019-cu ilin birinci rübünədək olan müddət üçün icra edilməmiş öhdəliyi mövcud olmadığından cavabdehdən mübahisəli müqavilələr üzrə həmin dövr üçün 97.894 manat əsas borcun tutulması tələbinə dair hissədə iddia əsassızdır.

50. Digər tərəfdən iddianın dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı kollegiya vurğulayır ki, iddiaçının ödənilməsini tələb etdiyi əsas borc qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən iddiaçı tərəfindən güzəşt tətbiqi və çıxılmalar nəticəsində silinmiş, yəni faktiki olaraq istinad edilən məhkəmə qərarları ilə mübahisəli əsas borcun iddiaçı tərəfindən əsassız hesablandığı müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı halda əsassız hesablanmış borcun, yəni yaranmamış pul öhdəliyinin gecikdirilməsinə görə məsuliyyətin cavabdehin üzərinə qoyularaq cavabdehə dəbbə pulunun hesablanması da istisna olunur.

51. Odur ki, birinci instansiya məhkəməsinin əsas borc və dəbbə pulunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

52. Bununla yanaşı, MPM-in 119.6-cı maddəsinin tələblərinə uyğun olaraq, qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli, həmin hissədə qətnamə ləğv edilməli və iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar