Məhkəmə qərarları › İş №2-2(103)-140/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-140/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-140/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2454/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu **********20357) Cavabdeh tərəfindən yazılmış 15098 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi Bakı şəhəri, Zirə qəsəbəsi, Təzə sahə ünvan üzrə **********20357 saylı kodu ilə abonet kimi qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və sayğaca heç bir müdaxilə qeyd edilməmiş, lakin aktin tərtib edilməsinin səbəbi kimi sayğacın sərfıyata uyğun olmadığı göstərilmişdir. Birliyin Bakı Regional X1 tərəfindən ona qaz itkisini 75492 m3 kimi müəyyən edilib 15098 manat məbləğində borc hesablanmışdır. Belə çıxır ki, iddiaçı quraşdırılmış cihazları gün üzrə 12 saat hamısını bir yerdə işlətmiş və təbii qazdan sayğacdan keçirmədən istifadə olunmuşdur. Həmin sahədə quraşdırılmış qaz sayağacının maksimal buraxma qabiliyyəti 25 m3/saat olduğu halda ondan artıq qazı işlədə bilməzdi və gün ərzində ancaq lazım cihazları işlətmişdir. Lakın cavabdeh nəzəri baxımdan qaz cihazların saatlıq sərfi 59.95 m3/saat günlük 12 saatdan olmaqla, əsassız borc hesablamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2454/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilədə nəzərdə trutulmuş cihazlardan əlavə (hec bir icazə və lazimi sənədlər olmadan) cihazlar quraşdırmış və bununla bağlı Birliyə hec bir məlumat verməmişdir. Halbuki, ərəflər arasında bağlanılmış müqavilənin 4.3-cü bəndində istifadə olunacaq qaz qurğuları göstərilmiş və həmin qurğulardan istifadə olunacağı razılaşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən qeyriyaşayış sahəsinə baxış keçirilmiş və müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazlar quraşdırıldığı aşkarlanmış və müvafiq qaydada xx.xx.2019-cu il tarixli, ******* saylı aktla aktlaşdırılmışdır. Qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 25 m olduğu halda faktiki işlədicilərin güçü 59,95 m olmuşdur. Bununla da Qaz təchizatı haqqında qanun tələbləri kobud şəkildə pozulmuş və Birliyə 15098 manat ziyan dəymişdir. “Qazdan istifadə Qaydaları”-nın 2.1.-ci bəndində göstərilir ki, yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. Həmin “Qaydalar”ın 1.3-cü bəndinə əsasən bəndində göstərilir ki, qaz paylayıcı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazların olması və qaz xətdinə qoşulması barədə kifayət qədər sübutlar təqdim edilmiş və iddiacıda öz çıxışında əlavə cihazların qoşduğunu etiraf etmişdir. Birlik tərəfindən tərtib edilmiş aktda sayğacdan kənar qaz xətdinə qoşulma haqqında hec bir irad olmamış, müqavilədə nəzərdə tutulmayan və qaz sayğacının ölçmə gücündən artıq cihazların qoşulması barədə iradlar olmuşdur. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilən mübahisəli hallar ondan ibarətdir ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçının Binə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən təsərrüfat subyektində quraşdırılmış qaz cihazlarına texniki baxış keçirilməklə, onun təbii qazın uçotu və “Qazdan istifadə qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmış və “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında iddiaçıya 75.492 m3 qaz itkisi, yəni, 15098 manat ziyan məbləği hesablanmışdır. Lakin işdən görünür ki, cavabdeh həmin yoxlama zamanı iddiaçı ilə aralarında bağlanmış qazın alqı-satqısı barədə müqavilədən irəli gələn vəzifəsinə və qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2014-cü il tarixli ***-**-** saylı müqavilənin 2.1.17-ci bəndindən görünür ki, qaz paylayıcısı “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək onun vəzifəsidir. Həmin Qaydaların 2.10-cu bəndi isə nəzərdə tutur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri isə aşağıdakılardan ibarətdir: 1.1.1.Sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-13.4. Sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlama da məhz –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin etdikdən sonra həyata keçirə bilərdi. Cavabdeh qanununvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, iddiaçıya məxsus təsərrüfat subyekitində qazdan istifadə qaydalarına riayət olunma vəziyyətinin yoxlanılması (texniki baxış) Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən isə göründüyü kimi, Vahid məlumat reyestrində qeyd alınmayan yoxlamanın (texniki baxışın) hüquqi nəticələri mövcud ola bilməz, etibarsızdır. Bu baxımdan, məhz, iddiaçıya hesablanmış 15098 manat borc qanunsuz yoxlamanın nəticəsi olaraq etibarsızdır və iddiaçının mülki məsuliyyətini istisna edir. Digər tərəfdən, mübahisələndirilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktda iddiaçıya məxsus sayğacın sərfiyyata uyğun olmadığı qeyd olunsa da, “Abonent saldo”sunda yoxlama keçirilən fevral ayı üzrə sərfiyyat 2670 manat, yoxlamadan əvvəlki yanvar ayında 3001 manat, yoxlamadan sonrakı mart ayında sərfiyyat 2540,60 manat, mart ayında 2034,20 manat təşkil etməsi, bütün bunlar heç də sayğacın sərfiyyata uyğun olmadığını ağlabatan etmir. Ümumiyyətlə, iddiaçıya hesablanmış 15098 manat məbləğində borc nəzəri hesablamalara söykəniəklə həqiqəti və təbii qazın faktiki istehlak vəziyyətini əks etdirməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bu mənada, cavabdeh iddiaçını mülki məsuliyyət cəlb etməsi əsassızdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, şəxsin hüquqa zidd hərəkət və hərəktsizliyi sübuta yetirilməyincə, onun üzərinə mücərrəd bir ziyanın əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin olunması və mübahisələndirilən borc məbləğinin iddiaçının hesabından silinməsinin qət olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan bir nəticədir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini və gəldiyi nəticənin qanunsuz əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2454/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2454/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar