Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-142/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Edar oğlunun cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi, faizlərin tutulmasına dair ilk iddiası, "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli e-2-2(113)- 43/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) hər iki tərəfin apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Müslüm oğlu cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə yaranmış borc üzrə 50.000 manat, borcun gecikdirilməsinə görə 2018 – ci il noyabrın 16-dək illik 5 faizlə hesablanan 2100 manat faiz və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.08.2020-ci il tarixli ərizə əsasında iddia tələbinin həcmini azaldaraq 3695,21 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçı Müslüm oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-2(113)-43/2021 saylı qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı Müslüm oğlu apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli, e-2-2(113)-43/2021 saylı qətnaməsinin ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini və ilk iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edərək qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Müslüm oğlu iddia ərizəsini və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2015 – ci il noyabrın 16 – da abunə müqaviləsi bağlanmışdır. Müqavilənin 5.13 – cü bəndinə əsasən, təqdim edilmiş xidmətlərin müqabilində, abunəçi tərəfindən ödənilmiş xidmət haqlarının cəmi məbləğinin 10 (on) faizi miqdarında məbləğ müvafiq ilin sonunda cavabdeh tərəfindən mənim xeyrinə hesablanmalı idi. Cavabdehin müqavilə əsasında istifadəyə verdiyi beş min mobil nömrə üzrə müqavilənin ilk 3 ili ərzində cəmi təxminən 500.000 min manat cavabdehə pul ödənilmişdir. Birinci il ödənilmiş xidmət haqlarının cəmi təxminən 100.000 manat; ikinci il ödənilmiş xidmət haqlarının cəmi təxminən 220.000 manat; üçüncü il ödənilmiş xidmət haqlarının cəmi təxminən 180.000 manat təşkil etmişdir. Bu rəqəmlərin təxmini yazılmasının səbəbi odur ki, məbləğin dəqiq uçotu cavabdeh tərəfindən aparılır (bu texniki imkana cavabdeh malikdir) və bizə ödənilməli olan məbləği yayındırmaq üçün, məbləğ barədə dəqiq rəsmi sənəd təqdim edilmir. Buna müvafiq olaraq, cavabdeh iddiaçıya birinci il üçün 10.000 manat, ikinci il üçün 22.000 manat və üçüncü il üçün 18.000 manat məbləğ ödənilməli olduğu halda, dəfələrlə müraciət edilsə də, bu günədək öhdəliyini icra etməmişdir. Mülki Məcəllənin 427.3-cü, 442-ci, 448-ci maddələrinə əsasən iddia təmin edilməlidir. Tərəflər arasında müqavilə mövcud olmasına, cavabdehin öhdəlik götürməsinə və onun götürdüyü öhdəliyə əməl etməməsinə dair kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmə iddianı təmin etməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, ekspert rəyi məhkəmə iclasında tətbiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İş üzrə ekspert məhkəmənin qoyduğu suala etinasız yanaşıb. Belə ki, məhkəmə ekspert qarşısında sual qoyub ki, Cavabdeh MMC – nin təqdim etdiyi sənədlər (cədvəllər) əsasında müəyyən edilsin ki, ona nə qədər ödəniş edilib. Ekspert isə bir daha yazıb ki, ödəniş qəbzləri (və bu qəbildən olan mühasibat sənədləri) təqdim edilmədiyinə görə ödənişləri müəyyən etmək mümkün olmamışdır. Halbuki, ilk dəfə ekspertiza bu əsasla rəy vermədiyinə görə, məhkəmə ikinci dəfə ekspertiza təyin edərkən, ödənişlərin məhz Cavabdeh MMC – nin təqdim etdiyi sənədlər (cədvəllər) əsasında müəyyən edilməsi sualını qoysa da, ikinci ekspertiza haqlı olmayaraq ilk ekspertiza kimi davranmış və ödəniş qəbzlərinin olmamasını əsas gətirərək, Cavabdeh MMC – yə ödənişləri müəyyən etməmişdir. Digər tərəfdən, məhkəmə qiymət verməmişdir ki, ekspert rəy verməsə də, şahidlər ödənişləri təsdiq etmişdir. Həmin şahidlər məhz cavabdehin işçiləri olmuşlar və mübahisəli işlə məşğul olmaq onların bilavasitə vəzifəsi olmuşdur. Məhkəmə iş üzrə şahidlərin ifadələrini qiymətləndirməmişdir. Həmin ifadələr iddianın əsaslılığını təsdiq edir. Məhkəmə isə şahid ifadələrini iddianın əsaslılığı istiqamətində qiymətləndirmək əvəzinə, şahid ifadələrini niyə qəbul etmədiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə həmçinin iddiaçının vəsatəti əsasında cavabdehin təqdim etdiyi və ödənişlərin göstərildiyi cədvəlləri niyə sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. İddiaçı ödəniş qəbzləri təqdim etməsə də, cavabdehin təqdim etdiyi cədvəllərlə ödənişlər təsdiq edilir və iddiaçı bu faktı sübut etmək yükündən azaddır. Məhkəmə şahid ifadələrinə qiymət verməmişdir. Halbuki cavabdehin işçiləri olan şahidlər iddianın əsaslı olmasını təsdiq etmişlər. Məhkəmə ödənişlərə dair cavabdehin təqdim etdiyi cədvəllərə qiymət verməmişdir. Cavabdehin nümayəndəsi ödənişlərin bir qismini təsdiq etsə də, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, guya iddiaçı iddiasını sübut edə bilməmişdir. Halbuki, iddia şahid ifadələri ilə və cavabdehin özünün təqdim etdiyi cədvəllərlə təsdiqini tapır. Hətta iddiaçının nümayəndəsi özü məbləğin bir hissəsini təsdiq etmişdir. "xxxx" MMC qarşılıqlı iddianı və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, abunə xidmətlərinə görə yaranmış borcu vaxtı-vaxtında ödəməmiş, MM-nin 445-ci maddəsinin tələbini pozmuşdur. Nəticədə,16 noyabr 2015- ci il tarixli abunə müqaviləsi üzrə İddiaçı Müslüm oğlunun 3695,21 manat məbləğində borcu yaranmışdır. Məhkəmə isə bu halı nəzərə almadan iddianı rədd etmişdir. Məhkəmənin 29.04.2021-ci il tarixli qərardadına əsasən ekspert qarşısında qoyulmuş suallardan biri də İddiaçıMüslim oğlu ilə "xxxx" MMC arasında bağlanmış 16 noyabr 2015- ci il tarixli abunə müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-yə olan borcunun məbləği nə qədər təşkil etməsi ilə bağlı olmuşdur. Lakin ekspert buna cavab verməkdən imtina etmişdir. Hazırkı halda iddiaçı Cavabdeh MMC cavabdehin abunə müqaviləsi üzrə borcunun olması barədə müvafiq sübutları (maliyyə arayışı və s.) məhkəməyə təqdim etməklə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Lakin cavabdeh bununla bağlı heç bir fikir bildirməmiş, abunə müqaviləsi üzrə borcunun olmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında imzalanmış 16 noyabr 2015-ci il tarixli abunə müqaviləsi üzrə cavabdehin ona təqdim edilmiş abunə xidmətlərindən istifadə etməsinə və buna görə nəzərdə tutulmuş xidmət haqqını ödəməməsinə dair müəyyən edilmiş halları heç bir qiymət vermədən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməməsini göstərməklə iddianı rədd etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Edar oğlu məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməməli, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli e-2-2(113)-43/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 7.937 manat pul, 396,8 manat illik 5 %-lə faiz, 30 manat dövlət rüsumu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 16 noyabr 2015-ci il tarixli abunə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini İddiaçı Müslüm oğluna təmin etməyi, sonuncu isə müqavilədə və tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edərək istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı Müslüm oğlunun ilk iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi qiyməti Tərəflər arasında bağlanmış müqavilənin 5.13-cü bəndində qeyd olunmuşdur ki, bu müqavilənin qüvvədə olduğu ikinci il ərzində təqdim edilmiş xidmətlərin müqabilində abunəçi tərəfindən ödənilmiş xidmət haqlarının cəmi məbləğinin 10 faizi miqdarında olan məbləğ hesablanaraq müvafiq ilin sonunda Cavabdeh MMC tərəfindən müəyyən edilən şəklində abunəçinin xeyrinə hesablanır. İddiaçı Müslüm oğlu müqavilənin qeyd edilən bəndinə istinad edərək cavabdeh Cavabdeh MMC-dən onun xeyrinə fəaliyyət göstərdiyi 3 il üçün 50.000 manat pul tutulmasını tələb emişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, 2015-ci ilin noyabr ayından 2016-cı ilin noyabr ayınadək tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh MMC-yə istifadə olunmuş nömrələr üzrə 64971,89 manat, 2016-cı ilin noyabr ayından 2017-ci ilin noyabr ayınadək 79374,82 manat, 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək 70641,46 manat xidmət haqqı daxil olmuşdur. (birinci instansiya məhkəməsinə həyata keçirilmiş xidmət haqları ilə bağlı sistemdən çıxarışlar təqdim olunmuşdur) Cavabdeh MMC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bildirmişdir ki, müqavilənin qeyd edilən bəndinə əsasən yalnız müqavilənin qüvvədə olduğu ikinci il ərzində İddiaçı Müslüm oğluna ödənilmiş xidmət haqlarının cəmi məbləğinin 10 faizi miqdarında olan məbləğ qarşı tərəfə ödənilməlidir. Nümayəndə bildirmişdir ki, bu məbləğ qarşı tərəfin Cavabdeh MMC-yə borcu olduğu üçün ödənilməmişdir. İddiaçı Müslüm oğlu müqavilə üzrə daxil olan xidmət haqlarının məbləği barədə sənədlər olmadığı üçün iddia ərizəsində xidmət haqlarının təxmini məbləğlərini göstərmiş, iddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən Cavabdeh MMC-nin təqdim etdiyi maliyyə arayışı ilə razılaşaraq iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatəti geri götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilən normaların tələblərinə və tərəflər arasında bağlanmış müqavilənin 5.3cü bəndinə əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı iddiası "xxxx" MMC-dən müqavilənin qüvvədə olduğu ikinci il üçün, yəni 2016-cı ilin noyabr ayından 2017-ci ilin noyabr ayınadək istifadə olunmuş nömrələr üzrə ödənilmiş 79374,82 manat xidmət haqqının 10 %-i məbləğində-7.937 manat pulun, MM-nin 445.7-ci maddəsinə əsasən həmin ödənişin gecikdirilməsinə görə 2018-ci ilin noyabr ayınadək bir il üçün illik 5 %-lə 396,5 manat pulun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normaya əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-dən onun xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən müqavilə əsasında "xxxx" MMC-yə ödənilmiş xidmət haqqı ödənişlərinin və İddiaçı "xxxx" MMC-yə olan borcunun müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 05.03.2021-ci il tarixli ekspert rəyində iş materiallarında olan sənədlər əsasında ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə ilkin iddia tələbinin sübutlarla təsdiq olunmadığına dair nəticəyə gəlmişdir. Halbuki iş materiallarında "xxxx" MMC-yə ödənilmiş xidmət haqqı ödənişlərinin məbləği ilə bağlı hesabdan çıxarış mövcud olmuşdur. Məhkəmə mübahisənin obyektiv həll etmək üçün çıxarışa əsasən ödənilmiş xidmət haqqı məbləğləri ilə bağlı maliyyə arayışı təqdim edilməsini MMC-yə təklif edə bilərdi. Tərəflər arasında bağlanmış müqavilədə müqavilənin qüvvədə olduğu birinci və üçüncü il üçün İddiaçı Müslüm oğluna hər hansı haqq ödənilməsi nəzərdə tutulmadığından ilk iddianın qalan hissələrdə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. "xxxx" MMC-nin qarşılıqlı iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi qiyməti "xxxx" MMC İddiaçı Müslüm oğlundan tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3695,21 manat pul tutulmasını tələb edir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən borcun hansı əsasla hesablandığı qeyd edilməmiş, həmin məbləği ödəmək öhdəliyinin müqavilənin hansı bəndindən irəli gəldiyi göstərilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC –nin nümayəndəsi izahatında bildirmişdir ki, tələb olunan borc məbləğini ödəmək öhdəliyi müqavilənin 4.3.2-ci bəndindən irəli gəlir. Müqavilənin 4.3.2-ci bəndində qeyd edilmişdir ki, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və "xxxx" tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin öhdəliyi olaraq nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia tələbi ilə bağlı "xxxx" MMC tərəfindən məhkəməyə sübut olaraq iş materiallarının 2-ci cildinin 25-82-ci vərəqlərinə əlavə edilmiş sistemdən çıxarış təqdim edilmişdir. İddiaçı qeyd edilən çıxarışın məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, qarşılıqlı iddia tələbi ilə bağlı MMC tərəfindən məhkəməyə özünün tərtib etdiyi çıxarışdan başqa digər mötəbər sübut təqdim edilmədiyindən qarşılıqlı iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərfon” MMC-nin apelyasiya şikayəti təmin edilməməli, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli e-2-2(113)-43/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 7.937 manat müqavilə üzrə borc, 396,8 manat illik 5 %-lə faiz, 30 manat dövlət rüsumu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli e-2-2(113)-43/2021 saylı qətnaməsi İddiaçı ilk iddia tələbinin rədd edildiyi hissədə qismən ləğv edilsin. Həmin hissədə ilk iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 7.937 manat müqavilə üzrə borc, 396,8 manat illik 5 %-lə faiz, 30 manat dövlət rüsumu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən elektron kabinetə yerləşdirildiyi gündən iki ay ərzində qanunla nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-142/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-142/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver