Məhkəmə qərarları › İş №2-2(103)-1422/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1422/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1422/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, e-2-2(113)- 3821/2021 saylı qərardadından (hakim Fərrux Qasımov) Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək xidmət haqqına görə ödənilmiş 30181,70 ABŞ dolları, hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmazına görə ödənilmiş 13327,58 ABŞ dolları, pul vəsaitinin qanunsuz saxlanılmasına görə 2719,33 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş 1000 ABŞ dolları, ümumilikdə 47228,61 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh MMC-nin Azərbaycan Beynəlxalq Bankının Mərkəzi filialında yerləşən SWİFT kodu: İBAZAZ2X; benefisiar: Cavabdeh MMC; benefisiar hesab: AZ80İBAZ********************; bank kodu: 805722 olan hesabına iddia tələbi miqdarında yəni 47228,61 ABŞ dolları miqdarında olan pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 3821/2021 saylı qərardadına əsasən ərizə qismən təmin edilmişdir. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək, 28.09.2021- ci il tarixli 2- 2(113)-3821 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, e-2-2(113)- 3821/2021 saylı qərardadı ilə qərardaddan şikayət qanunvericiliklə müəyyən olunmuş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “iddiaçının nümayəndəsi üzürlü səbəbdən məhkəməyə gec müracət etmişdir. Belə ki, Azərbaycan Respublikasında hal-hazırda koronavirus pandemiyası davam edir və o bu xəstəliyə yoluxmağı səbəbindən elektron kabinetə gec daxil olmuş və bu qərardaddan məlumatı olmamışdır. Belə ki, PSR testinin neqativ olmasına baxmayaraq xəstəliyin simptomları aşkar olunmuş və bununla bağlı müvafiq müalicə alması səbəbindən müddət üzürlü səbəbdən buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3821/2021 saylı, 01.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, e-2- 2(113)- 3821/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2021ci il tarixli, e-2-2(113)-3821/2021 saylı qərardadı da elektron imza ilə təsdiq olunaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 01.10.2021-ci il tarixdə yerləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2- 2(113)- 3821/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən şikayət həmin qərardad elektron kabinetə yerləşdirildikdən 20 gün sonra - 21 oktyabr 2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. İstinad edilən normaların tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən şikayətin qaytarılması əsaslı olmuşdur. Cavabdehin nümayəndəsinin şikayət ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, nümayəndənin xəstə olması səbəbindən elektron kabinetə gec daxil olması, müalicədə olması və s. hallar öz təsdiqini taparsa bu barədə vəsatət verildiyi halda buraxılmış müddətin məhkəmə tərəfindən üzürlü hesab edilərək bərpası üçün əsas ola bilər. Məhkəmə tərəfindən cavabdehin şikayətinin qanunla nəzərdə tutulub müddət ərzində verilib-verilmədiyi yoxlanılarkən hər hansı prosessual pozuntuya yol verilmədiyindən mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, e-2-2(113)- 3821/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, e-2-2(113)- 3821/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar