Məhkəmə qərarları › İş №2-2(103)-144/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-144/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-144/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-3531/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən alqı-satqı müqavilələri üzrə 574547,95 (beş yüz yetmiş dörd min beş yüz qırx yeddi manat 95 qəpik) manat əsas borc, 28727 (iyrimi səkkiz min yeddi yüz iyrimi yeddi) manat faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş 583,7 (beş yüz səksən üç manat 70 qəpik) manat dövlət rüsumunun, cəmi 604258,2 manatın (altı yüz dörd min iki yüz əlli səkkiz manat 20 qəpik) tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh MMC arasında bir neçə alqı-satqı müqaviləsi bağlanmış və aralarında müxtəlif vaxtlarda alqısatqı münasibətlərindən irəli gələn malların təqdim edilməsi, o cümlədən də cavabdeh tərəfindən təqdim olunmuş mallara görə müxtəlif vaxtlarda qismən və tam ödəmələr olmuşdur. Lakin hazırda mübahisə predmeti olan pul məbləğinin hüquqi əsasları və həcmi barəsində bildirir ki, iddiaçı və cavabdeh şirkət arasında xx.xx.2021-ci il tarixli SA/01 saylı və xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəf aldığı malların pulunu ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə verilmiş mallara dair EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfə 548571,20 azn məbləğində mallar təqdim edilmişdir. 548571,20 azn dəyərində malların təqdim edilməsi həm qeyd edilən elektron qaimə, həm də hər iki şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq etdikləri Üzləşmə Aktınin 1-ci səhifəsində təsdiq edilmişdir. Yəni həmin istinad edilən EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə iş materiallarına əlavə edilmiş və qeyd edilən üzləşmə aktının məzmun hissəsində hər iki tərəf bu qaiməni və 548571,20 manat məbləğində malın cavabdeh tərəfə verilməsini və pulunun qaytarılmamasını təsdiq etmişdir. Qeyd edilən EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəf 548571,20 azn məbləğindən ödəmələr və geri qaytarmalar etmiş, həmin sənədlər aşağıdakılardır: Cavabdeh şirkətin Kapital Bank hesabından etdiyi xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021 tarixli qaimə üzrə verilən malların pulundan 37373,80 manat qaytarmışdır. Həmin sənədlər əsasən görünür ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında ödənilən 40000 manatın 37373,80 manatı 829911 saylı e-qaimə, 1750 manatı EBBJ107549 saylı e-qaimə üzrə, 876,20 manatı isə EBBJ 470168 saylı e-qaimə üzrə olan ödənişdir. Həmçinin cavabdeh tərəfin özünün EBBQ 497780 saylı xx.xx.2022-ci il tarixli eqaiməsindən görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə təqdim edilmiş mallara görə iddiaçı şirkətə 70976,20 manatlıq malları geri qaytarır. Həmçinin cavabdeh tərəfin özünün EBBJ 262864 saylı xx.xx.2021-ci il tarixli e-qaiməsindən görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə təqdim edilmiş mallara görə iddiaçı şirkətə 78886,20 manatlıq malları geri qaytarır. Beləliklə, cavabdeh tərəfin iddiaçı tərəfdən xx.xx.2021-ci il tarixli SA/01 saylı müqavilə üzrə EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 548571,20 azn məbləğində aldığı mallara görə ödənilməyən əsas borcu 432335 manat təşkil edir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə təqdim edilmiş, dəyəri ödənilməyən mallar üzrə EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği- 87281,41 manat, EBBQ seriyalı 500435 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği- 57835,70 manat. Qeyd edilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği üzrə 87281,41 manatdan cavabdeh tərəf 2905,16 azn dəyərində malı geri qaytarmış, geri qaytarılmaya dair cavabdeh tərəfin özünün EBBQ seriyalı 499930 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməsini həm kağız, həm də elektron qaydada məhkəməyə təqdim edilib. xx.xx.2021-ci il tarixli müqavilə üzrə EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən mallara görə ödənilməyən əsas məbləğ bu günə 84376,25 manat təşkil edir. Həmçinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə EBBQ seriyalı 500435 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği üzrə isə 57835,70 manatdan cavabdeh tərəf heç bir ödəniş etməmişdir. Bununla da, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə bugünə olan əsas borc 142211,95 manat təşkil edir. Beləliklə, hazırda yuxarıda qeyd edilən hər iki alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfin 3 ədəd qaimə üzrə cəmi 574547,95 manat ödənilməyən əsas borcu qalmışdır. Bundan başqa, tərəflər arasında xx.xx.2023-cü il tarixdə qarşılıqlı təsdiq edilən Üzləşmə Aktında, məzmununda iddianın əsası kimi istinad etdiyi elektron qaimələr - EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli; EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə; EBBQ seriyalı 500435 saylı xx.xx.2022-ci il tarixli elektron qaimələr cavabdeh tərəfindən təsdiq və qəbul edilmişdir. Həmçinin həmin aktın məzmununda olan bütün qeydlərin həqiqiliyini təsdiq edən sənədlər “nümunə 1-nümunə 12” adlı elektron fayllarla 12 ədəd yazılı sənədlərlə təsdiq edilir. Xüsusi ilə EBBE seriyalı 829911 saylı xx.xx.2021- ci il tarixli elektron qaimə ilə 548571,20 manat dəyərində malın cavabdeh tərəfindən alınması təkcə xx.xx.2023-cü il tarixdə qarşılıqlı təsdiq edilən Üzləşmə Aktı ilə deyil, həm də cavabdeh tərəfin özünün sənədləri ilə-yəni, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı; EBBQ 497780 saylı xx.xx.2022-ci il tarixli mal qaytarma e-qaiməsi; EBBJ 262864 saylı xx.xx.2021-ci il tarixli mal qaytarma e-qaiməsi ilə təsdiq edilir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3531/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 (dörd yüz otuz iki min üç yüz otuz beş) manat əsas borc məbləği və 16.869 (on altı min səkkiz yüz altmış doqquz) manat faiz borcu; xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə 142.211,95 (yüz qırx iki min iki yüz on bir manat, 95 qəpik) manat əsas borc məbləği və 5.549,75 (beş min beş yüz qırx doqquz manat, 75 qəpik) manat faiz borcu; dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 886,96 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-3531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, təmin olunan hissədə ləğv edilməsi, iddianın əsassız olduğundan həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallaıinda olan hər iki müqavilənin (xx.xx.2021-ci il tarixli SA/01 saylı və xx.xx.2021-ci il tarixli SA-02 saylı) 3.1.2ci maddələrindən, eyni zamanda məhkəmənin istinad etdiyi 19 və 30-cu bəndlərdən göründüyü kimi Alıcıya təhvil verilmiş malların təhvil – təslim aktına əsasən təhvil verilməsi zəruri hal kimi qeyd olunsa da iddiaçı tərəfindən qeyd olunan aktlar iş materallarına əlavə olunmamış, həmin malların təhvil verilməsi sübuta yetirilməmişdir. Bundan əlavə işə baxan məhkəmə qətnamənin 31-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 23 iyul 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə satılacaq malların cəmi dəyərinin 548571,20 manat olmasını qeyd etsə də qətnamənin qət etdi hissəsində cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432335 manat (548571,20 - 37373,80 -7886,20 - 70976,20 = 432335) manat əsas borc məbləğinin yarandığını qeyd etmişdir. Bu halın mövcudluğu qətnamənin əsaslandırıcı hissəsi ilə nəticəvi hissə arasında ziddiyətlərin olmasına, iş materiallarında olan sübutların təhrif olunmasına əsas yaratmışdır. Bu hal eyni zamanda iddiaçının özünün də istinad etdiyi dəlil və sübutlarında əsassız, ziddiyyətli olmasını özündə əks etdirmişdir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsinin mövcu olduğuna, həmin müqavilə üzrə Şolkovo Aqroxim Azərbaycan” MMC 548571,20 AZN dəyərində, 87281,41 azn dəyərində və 57835,70 azn dəyərində mal verərək, cəmi 693688,31 manat borcu yarandığını bildirmişdir. Lakin məhkəmə prossesinin gedişatında-tərəflərindən, təqdim olunan sübutları şübhə altına qoyduqdan və üzləşmə aktı ortaya çıxdıqdan sonra iddiaçı movqeyini tam dəyişərək dəqiqləşmə vermiş və boyük məbləğ təşkil edən əsas borcun (432335 borcun) xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi ilə deyil xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə yarandığı bildirilmişdir. Bununla yanaşı qeyd edir ki, iş materiallarında olan hər iki müqavilənin 1.2 və 2.2-ci maddələrinə və eyni zamanda məhkəmə qətnaməsinin 12, 15, 25, 26-cı bəndlərinə əsasən sifarişlərin və ödənişlərin tərəflər arasında bağlanmış “Qiymətlərin Razılaşma protokoluna” uyğun həyata keçirilməsi qeyd olunmuşdur. Lakin, qətnamənin nəticəvi hissəsində əsas borcun xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı satqı müqaviləsinə əsasən yarandığı qeyd olunsa da iş materiallarında olan 13 iyul 2021-ci il tarixli 02 saylı qiymətlərin razılaşma protokoluna əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 548571,20 manat dəyərində malın xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə verilməsi qeyd olunmuşdur. Bununla yanaşı, ortada olan ziddiyətli sənədlərin mövcudluğu və malın verilməsini subuta yetirən təhvil-təslim aktlarının olmaması həmin malların mövcud olmasını şübhə altına alır və iddiaçı tərəfindən təqdim olunan sənədlərin – sübutların mötəbərliyini şübhə altına qoyaraq iddianın əsassız olması ücün əsas yaradır. Hesab edir ki, qeyd olunan hallar – təqdim olunmuş sənədlərin ziddiyətli olması, bir-birini təkzib etməsi və müqavilə öhdəliklərinə əsasən malın verilməsinin sübuta yetirilməməsi nəzərə alınmalı və məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi. Eyni zamanda bidirmək istəyir ki, iş materallarında olan ziddiyətli məqamların ortadan qaldılıması və iş materiallarında olan sənədlər əsasında malın verilib-verilməməsi, onunla bağlı hansı ödənişlərin mövcud olması, hansı məbləğn hansı müqaviləyə aid olması ilə bağlı sualların cavablandırılması ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsədə qeyd olunan vəsatət işə bitərəfli baxan məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Digər tərəfdən, məhkəmə bir tərəfli mövqe tutaraq əsassız olaraq faiz borcunun mövcudluğunu qeyd etmişdir Alqı –satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən qeyd oluan maddəyə istinad olunsa da satıcı tərəfindən həmin maddənin normaları pozulmuş malın verilməsi həyata keçirilməmişdir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan qanunun normasından göründüyü kimi tələb etmək hüququ yalnız malın verilməsi təmin edildikdən sonra yaranır və məhkəmə tərəfindən hazırkı normaya istinad etməsinə baxmayaraq malın veriməsi halları iş materialları ilə müəyyən olunmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır.

21. Belə ki, tərəflər arasında alqı-satqı müqavilələrininn bağlanılması işin mübahisəsiz halını təşkil edir.

22. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA-01 saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı” bu müqavilənin qüvvədə olduğu müddət ərzində mal satmağı, “Alıcı” isə həmin malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür.

23. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı” malı, bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər dəfə “X3” əsasında müəyyən ediləcək qiymətlər həcmində sifariş verib ala bilər.

24. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” ilə “Satıcı” arasında müəyyən ediləcək “X1” nəzərdə tutulacaq qiymətlər əsasında hesablaşma yolu ilə həyata keçiriləcək.

25. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı”, “X3”nda müəyyən edilmiş məbləğin 100%-i həcmində ödənişini “X3”nda müəyyən edilmiş tarixə əsasən həyata keçirəcəkdir.

26. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı malı müqavilənin və yaxud protokolun bağlanılması tarixindən etibarən 30 gün ərzində lazımı keyfiyyətdə Alıcıya çatdırılmalıdır.

27. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş X2 əsasən sifariş edilmiş malı Alıcıya təhvil-təslim aktına əsasən təhvil verməlidir.

28. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı” bu müqavilənin qüvvədə olduğu müddət ərzində mal satmağı, “Alıcı” isə həmin malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür.

29. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı” malı, bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər dəfə “X3” əsasında müəyyən ediləcək qiymətlər həcmində sifariş verib ala bilər.

30. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” ilə “Satıcı” arasında müəyyən ediləcək “X1” nəzərdə tutulacaq qiymətlər əsasında hesablaşma yolu ilə həyata keçiriləcək.

31. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı”, “X3”nda müəyyən edilmiş məbləğin 100%-i həcmində ödənişini “X3”nda müəyyən edilmiş tarixə əsasən həyata keçirəcəkdir.

32. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı malı müqavilənin və yaxud protokolun bağlanılması tarixindən etibarən 30 gün ərzində lazımı keyfiyyətdə Alıcıya çatdırılmalıdır.

33. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş X2 əsasən sifariş edilmiş malı Alıcıya təhvil-təslim aktına əsasən təhvil verməlidir.

34. 13 iyul 2021-ci il tarixli 02 saylı X2 əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacak malların cəmi dəyəri 548571,20 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin xx.xx.2022-ci il tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.

35. 05 yanvar 2022-ci il tarixli 09 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacak malların cəmi dəyəri 87281,41 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin xx.xx.2022-ci il tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.

36. 31 yanvar 2022-ci il tarixli 10 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacak malların cəmi dəyəri 57835,70 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin xx.xx.2022-ci il tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.

37. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaiməyə əsasən 87281,41 manat dəyərində (6743,81 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə satılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

38. Malların qismən geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 499930 saylı elektron qaiməyə əsasən 192404 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 2905,16 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

39. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli, EBBQ seriyalı, 500435 saylı elektron qaiməyə əsasən 57.835,70 manat dəyərində (4058,40 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə satılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

40. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 829911 saylı elektron qaiməyə əsasən 548.571,20 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır.

41. Malların qismən geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 497780 saylı elektron qaiməyə əsasən 829911 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 70976,20 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

42. Malların qismən geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 262864 saylı elektron qaiməyə əsasən 829911 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 7886,20 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

43. 22.06.2021-xx.xx.2023-cü il dövrlərini əhatə edən xx.xx.2023-cü il tarixdə Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə alınmış mallar üzrə 574.547,75 manat ödənilməmiş borcu qaldığı (o cümlədən EBBE seriyalı 829911 nömrəli elektron qaimə üzrə 548571,20 manat) müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

44. Cavabdeh 23 iyun 2021-ci il tarixli müqaviləyə üzrə EBBP seriyalı 192404 nömrəli elektron qaimədə göstərilən 87281 manat məbləğdən 84376,25 manatı və EBBQ seriyalı 500435 nömrəli elektron qaimə üzrə 57835,70 manat dəyərində malların verilməsi və borcun mövcudluğunu qəbul edir. Lakin, üçüncü EBBE seriyalı 829911 nömrəli elektron qaimədə göstərilən məbləği qəbul etməyərək digər iki qaimədən fərqli olaraq bu qaimə cavabdehin imza və möhürü ilə təsdiq edilmədiyini, elektron-qaimənin malların təhvil verilməsini sübut etmədyini, üzləşmə aktının isə ümumi dövriyyəni əks etdirdiyini, həmin aktın borcla bağlı olmadığını bildirir.

45. “Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş 87281,41 manat dəyərində mallar xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaimə əsasında təqdim edilmiş, həmin mallardan 2905,16 manat dəyərində mallar EBBQ seriyalı 499930 nömrəli elektron qaiməyə əsasən alıcı tərəfindən satıcıya geri qaytarılmış. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaimə üzrə 84376,25 manat məbləğində borcun mövcudluğu iş materialları və cavabdehin etirafı ilə təsdiq edilmişdir.

46. xx.xx.2022-ci il tarixli 10 saylı ”Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş 57835,70 manat dəyərində mallar xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 500435 saylı elektron qaiməyə əsasən təqdim edilmiş və Alıcı tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bu qaimə üzrə 57.835,70 manat məbləğində borcun mövcudluğu iş materialları və cavabdehin etirafı ilə təsdiq edilmişdir.

47. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

49. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək sırf xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 829911 saylı elektron qaimə üzrə 432.335 manat məbləğində mallara dair təhvil-təslim aktının mövcud olmamasını istinadən həmin qaimə üzrə borc məbləğinin ödəməməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz.

50. 22.06.2021-xx.xx.2023-cü il dövrlərini əhatə edən xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə alınmış mallar üzrə 574.547,75 manat ödənilməmiş borcu qaldığı (o cümlədən EBBE seriyalı 829911 nömrəli elektron qaimə üzrə 548571,20 manat) müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

51. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

53. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

54. Alqı-satqı müqavilələrinə əsasən malların təhvil verilməsi təhvil-təslim aktı əsasında müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

55. Cavabdeh tərəfin özünün EBBQ 497780 saylı xx.xx.2022-ci il tarixli eqaiməsindən görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə təqdim edilmiş mallara görə iddiaçı şirkətə 70976,20 manatlıq malları geri qaytarmışdır. Həmçinin cavabdeh tərəfin özünün EBBJ 262864 saylı xx.xx.2021-ci il tarixli e-qaiməsindən görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə təqdim edilmiş mallara görə iddiaçı şirkətə 78886,20 manatlıq malları geri qaytarmışdır.

56. Beləliklə, cavabdeh tərəfin iddiaçı tərəfdən xx.xx.2021-ci il tarixli SA/01 saylı müqavilə üzrə EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 548571,20 azn məbləğində aldığı mallara görə ödənilməyən əsas borcu 432335 manat təşkil edir.

57. xx.xx.2022-ci il tarixli Kapital Bank ASC-nin ödəniş sənədindən də görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBBE seriyalı 829911 nömrəli elektron qaiməyə əsasən 37373,80 manat ödəniş edilmişdir.

58. Göründüyü kimi 829911 saylı qaimə üzrə verilən malların bir qismini iki dəfə olmaqla elektron qaimə əsasında iddiaçıya geri qaytarmış və hətta həmin qaimə üzrə müəyyən qədər ödənişlər də edilmişdir. Geri qaytarma qaimələri və ödəniş sənədi ilə sübut olunur ki, 548571,20 manat dəyərində mallar həqiqətən də iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

59. Cavabdehin 548571,20 manat dəyərində malların təhvil verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin malların verilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən 548571,20 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

60. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə (829911 saylı elektron qaimə üzrə) 432.335 manat və xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə (192404 saylı elektron qaimə üzrə - 84376,25 manat və 500435 saylı elektron qaimə üzrə - 57835,70 manat) 142.211,95 manat məbləğində borc tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi təmin etməklə düzgün nəticəyə gəlmişdir.

61. Cavabdeh tərəfindən öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz borcunun tutulması tələbinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh satılmış malların dəyərini hər iki müqavilə üzrə ən geci xx.xx.2022-ci il tarixinə kimi ödəməli olduğu halda bunu etməmişdir, odur ki, faiz borcu xx.xx.2022-ci il tarixindən etibarən (cavabdehin öhdəliyinin icrası hüququnun nəzərdə tutulduğu ən son günündən) qətnamənin qəbul olunduğu tarixə -xx.xx.2023-cü il tarixinə kimi hesablanmaqla xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 manat borca dair ( 432.335x5%=21616,75 manat:12 ay=1801 manat (1 ay) x 9 ay = 16.209 manat + 660 manat (1801 manat :30 gün=60 manat x 11 gün =660 manat) = 16869 manat faiz borcu və xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə cəmi 142.211,95 manat borca dair (142.211,95 manatx5%=7110,59 manat : 12 ay=592,50 manat(1 ay) x 9 ay = 5332,50 manat + 217,25 manat (592.50 manat :30 gün =19,75 manat x 11 gün=217,25) 5549,75 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

62. Hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

63. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

64. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3531/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar