Məhkəmə qərarları › İş №2-2(103)-145/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-145/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-145/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə Açar sözlər: işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisə, haqsız rəqabət üsul və vasitələrindən istifadə nəticəsində dəymiş zərərin ödənilməsi, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı işgüzar nüfuzun müdafiəsi barədə ilk, Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə qarşı haqsız rəqabət hərəkətləri nəticəsində kompensasiya ödənilməsi, işgüzar nüfuzun müdafiəsi barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3675/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İddiaçı MMC və Cavabdeh1 MMC eyni sektorda fəaliyyət göstərən şirkətlər olmaqla, kosmetik avadanlıqların (o cümlədən lazer aparatlarının) alı-satqısı ilə məşğuldurlar.

2. “Wertex” və “Cuatro” əmtəə nişanlarının sahibi İddiaçı MMC-dir və əmtəə nişanları 35-ci sinif-kosmetoloji avadanlıqların satışı üçün qeydiyyata alınmışdır (müvafiq olaraq 2022 1537 və 2022 1271 nömrəli nömrəli əmtəə nişanı şəhadətnamələri).

3. Digər Cavabdeh2 işlətdiyi “Butik diaa” estetik salonunda istifadə etmək üçün Cavabdeh1 MMC-dən lazer aparatı əldə etmişdir. İddiaçı MMC salona gələrək, həmin lazer aparatını baha qiymətə əldə etdiyini və onlarda həmin aparatın kifayət qədər ucuz qiymətə satıldığını bildirmişdir. Məsələ ilə bağlı “Butik diaa” estetik salonunda hər iki MMC-nin rəhbərləri və əməkdaşlarının, Cavabdeh2 və həyat yoldaşı X1 iştirakı ilə görüş keçirilərək, Cavabdeh1 MMC-nin satdığı lazer aparatı və İddiaçı MMC-nin satış üçün təklif etdiyi lazer aparatı müqayisə edilmişdir. Tərəflərin razılığı ilə həmin görüşün videoyazısı aparılmışdır.

4. 15 mart 2023-cü il tarixində Cavabdeh2 “Butik Diaa” estetik salonunun sosial şəbəkəsində video-çarx yerləşdirilmişdir. Həmin videoçarxda aşağıdakılar qeyd edilmişdir: “Başıma gələn bir hadisəni sizlərlə bölüşmək istəyirəm. Təxminən bundan 4-5 ay öncə Azestetik qrupundan lazer cihazı əldə etdim və işimə başlamışdım ki, bir qrup şəxs içəri daxil olaraq bu cihazın məhz onlara aid olduğunu və mənə 15 min baha satıldığını iddia etdilər. İnanmağa başladım, rolları elə gözəl oynadılar ki, həqiqətən də bunların danışığlarını biraz həqiqət gördüm ki, yəni bəzi şeylər vurğulayırdılar öz aləmlərində və mənim də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, investorum həyat yoldaşımdır və bu məsələ ilə bağlı mənim həyatımda böyük problemlər yarandı. Məsələni aydınlaşdırmaq üçün Azestetik qrupuna müraciət etdik və belə qərara gəldik ki, bizim obyektdə görüş təyin olunsun və bu görüş baş tutdu (1). Bu görüşdən məlum oldu ki, iki cihazlar xarici görünüşünə görə bir-birinə çox oxşar idi, lakin texniki cəhətdən çox fərqli idi. Bunu da bildirmək istəyirəm ki, Azestetikdən aldığım cihaz iki dəfə digər cihazın vatt gücünə görə daha güclü idi. Fabrikdən Azestetik üçün xüsusi istehsal olunub (2). Yalan danışanlar isə öz cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilmədilər, biabır oldular, mən onların yerinə utandım (3). Mən bilirəm bu oxşar hadisələr çoxunuzun başına gəlir, istəyirəm ki, sizi də xəbərdar edim ki, bu yalançılara inanmayın (4)”.

5. Qeyd edilən mətndəki 1, 2, 3, 4 rəqəmləri hissələrində görüşdən görüntülər əks olunmuş, habelə 3 rəqəmi hissəsində “Mənşəyi bilinmir” yazısı, 4 rəqəmi hissəsində isə “Azestetik istehsalçı ilə birbaşa əlaqə qurmaq istəmədi” yazıları qeyd edilmişdir.

6. İddiaçı MMC-nin şikayəti əsasında toplanmış material üzrə 2023-cü il 2 mart tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, X3 "xxxx" MMC-dən bir ədəd “Wertex" əmtəə nişanı olan “F2000” model diod lazer aparatı almış və həmin cihazın üzərində İddiaçı MMC-nin əmtəə nişanı olmuşdur.

7. İddiaçı MMC-yə məxsus “Cuatro” və “Wertex” əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi və bununla əlaqədar görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi haqqında Cavabdeh1 MMC-yə göstəriş verilməsi qərara alınmışdır (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2023-cü il 18 aprel tarixli Qərarı)

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 10 aprel tarixində Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların cavabdehlərin rəsmi “instagram” (butik_diaa), “whatsapp” və digər bütün sosial şəbəkə hesablarından dərhal silinməsi, iddiaçı barəsində yayılmış işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların yazılı və şifahi formada iddiaçıdan üzr istənilməklə cavabdehlərə məxsus rəsmi “instagram”, “whatsapp” və digər bütün sosial şəbəkə hesablarında video formatda təkzib edilməsi, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat kompensasiya və 240 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 50,240 manat pulun cavabdehlərdən (hər biri ½ hissədə) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra - “Cavabdeh2”) 2023-cü il 15 mart tarixində “Dia butik” salonunun sosial şəbəkə hesabında video yerləşdirmiş, həmin videoda 2023-cü il 18 fevral tarixində iddiaçının və digər Cavabdeh1 MMC-nin nümayəndələri ilə keçirilmiş görüşdən bəhs etmiş, iddiaçıya və cavabdeh “X7" MMC-yə məxsus cihazların xarici görünüş baxımdan oxşarlığı, lakin texniki baxımdan “X7" MMC-yə məxsus cihazın daha üstün və orijinal olduğunu vurğulamaqla həmin MMC-nin cihazlarının ikiqat gücə malik olduğunu bildirmiş, eyni zamanda video görüntüdə Cavabdeh2 başlıqda “iddiaçı öz cihazının mənşəyini göstərə bilmədi” qeyd etməklə “mən onların yerinə biabır oldum”, “yalançılara inanmayın!” ifadələrini işlətmişdir. Cavabdeh1 MMC həmin videogörüntünü, “instagram”, “whatsapp” kimi sosial şəbəkə hesablarında paylaşaraq Cavabdeh1 MMC şirkətinə güvənin, orijinal və zəmanətli, müasir kosmetik avadanlıqları bizdən əldə edin” ifadələri yerləşdirmişdir. Cavabdeh2 tərəfindən yayılmış videogörüntülər iddiaçının işgüzar nüfuzunun ləkələmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 iddiaçının qanuni sahibi olduğu “Wertex” əmtəə nişanından heç bir razılıq olmadan istifadəyə davam etmişdir.

10. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun işlədiyi salona bir qrup şəxslə qanunsuz daxil olmuş, işlədiyi yerin və əməkdaşların videogörüntüləri qanunsuz olaraq çəkilərək sosial şəbəkədə paylaşılmış, nəticədə onun həm işgüzar imicində, həm də şəxsi ailə həyatında bununla bağlı böyük problemlər yaranmışdır. İddiaçı tərəfindən ona lazer aparatının qanunsuz və 15.000 manat bahasına satıldığı bildirilmişdir. Seriya nömrəsinə baxış keçirilərkən ona satılan cihazla iddiaçının baha satıldığını iddia etdiyi lazer cihazının eyni keyfiyyətə malik olmadığı aydın olmuşdur. İddiaçı iş yerinə qanunsuz daxil olmaqla Cavabdeh1 MMC tərəfindən aldadıldığını israr etmiş, Cavabdeh2 isə buna cavab olaraq aldığı lazer aparatının keyfiyyətindən razı olduğunu bildirmişdir. İddiaçı tərəfindən həm Cavabdeh1 MMC, həm də onun müştərisi olan müəssisələrin nüfuzdan salınması üçün səy göstərilmişdir. Cavabdeh1 MMC ilə aralarında olan lazer cihazının alqı-satqı müqaviləsində isə iddiaçıya məxsus olan əmtəə nişanının adı qeyd olunmamışdır. Bundan əlavə, onda olan məlumata görə Cavabdeh1 MMC tərəfindən mübahisəli əmtəə nişanının qeydiyyatının ləğv edilməsinə dair Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan apellyasiya şurasına rəsmi müraciət olunmuşdur.

11. Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən yol verilmiş haqsız rəqabət hərəkətlərinin qanun pozuntusu olaraq tanınması, iddiaçıdan həmin hərəkətlər nəticəsində əldən çıxmış faydaya görə 130.000 manat, cavabdehin işgüzar nüfuzuna dəymiş zərərə görə 30.000 manat kompensasiyanın tutularaq ödənilməsi və iddiaçının üzərinə cavabdehə qarşı haqsız rəqabət hərəkətlərinə yol verməyəcəyinə dair öhdəlik qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi üzrə məhkəmələrin gəldiyi nəticə hazırki kassasiya baxışının predmetini təşkil etmədiyi üçün qarşılıqlı iddianın əsasları ətraflı qeyd olunmur.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli 2-2(113)- 3675/2023 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir (hakim Z.Pirverdiyev).

14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı, Cavabdeh2 sosial şəbəkədə işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını və bunu qəsdən etməsini göstərsə də, Cavabdeh2 tərəfindən onun işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılmasını və bunun qəsdən həyata keçirilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbinin əsaslandığı bu halları sübut edə bilməmişdir. Cavabdeh2 istehlakçı olmaqla, ona təklif edilmiş iki avadanlıq arasında müqayisəli təhlil aparmış, apardığı araşdırmanın nəticəsinə dair istehlakçı kimi öz fikir və mülahizələrini bildirmiş, bu halda isə heç də iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması məqsədlərini həyata keçirməmiş, onun belə bir qəsdi olmamışdır. Bu hala görə isə Cavabdeh2 mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi onun öz fikrini ifadə etmək azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarmaqla yolverilməzdir.

15. İstehlakçının malın kəmiyyət və keyfiyyət göstəriciləri barədə öz fikir və mülahizələrini bildirməsinə görə hər hansı formada, o cümlədən monetar formada hüquqi məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası Konstitusiyasının 47 və Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş fikir və söz azadlığına qeyriadekvat bir müdaxilə üçün zəmin yaradır. Cavabdeh2 video görüntüdə ifadə etdiyi fikrindən daşınmağa məcbur edilməsi söz və fikri ifadə etmək azadlığına qeyri-adekvat və əsassız bir müdaxilə olmaqla demokratik cəmiyyətdə zəruri deyil.

16. Cavabdeh1 MMC isə həmin videogörüntünü istehlakçı olan Cavabdeh2 istinadən yaymışdır ki, bu halda Cavabdeh1 MMC məsuliyyət daşıya bilməz. Eyni zamanda, iddiaçı cavabdehlər tərəfindən yayılmış video görüntülərdə bildirilmiş məlumatların yalan, həqiqətə uyğun və doğru olmaması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, ilk iddia tələbi təmin oluna bilməz.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 46 və 47-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 23.1, 23.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli 7 nömrəli Qərarının 3, 4-cü bəndlərinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 77.1-ci maddəsi 76, 77.1, 80 və 106.1 maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və ilk iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

19. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(103)-163/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).

21. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən olunanlara görə, Cavabdeh2 “Butik diaa” estetik salonunda işləyir və o, həmin salonda istifadə etmək üçün Cavabdeh1 MMC-dən lazer aparatı əldə etmişdir. İddiaçının əməkdaşı qeyd edilən salona gələrək, həmin lazer aparatını baha qiymətə əldə etdiyini və onlarda həmin aparatın kifayət qədər ucuz qiymətə satıldığını bildirmişdir. Cavabdeh2 həyat yoldaşı X3 (bundan sonra-“X.Nəzərov”) ilə birgə bu məsələ ilə bağlı həm iddiaçıda, həm də Cavabdeh1 MMC-də görüş keçirmişlər və nəticədə “Butik diaa” estetik salonunda ümumi görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdur. Həmin görüşdə hər iki MMC-nin rəhbərləri və əməkdaşları, Cavabdeh2 və həyat yoldaşı X.Nəzərov iştirak etmiş, habelə Cavabdeh1 MMC-nin Cavabdeh2 satdığı lazer aparatı və iddiaçının satış üçün təklif etdiyi lazer aparatı müqayisə edilmişdir. Tərəflərin razılığı ilə həmin görüşün videoyazısı aparılmışdır.

22. Məhkəmə iclasında tərəflərin iştirakı ilə ümumi görüşün video-yazısına baxış keçirilərək həqiqətən də görüşdə müqayisə üçün təqdim olunmuş lazer aparatlarının başlıqlarının Vatt gücünə görə fərqli olduqları müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi lazer aparatında 600 Vatt, Cavabdeh1 MMC-nin satdığı lazer aparatında isə 1.200 Vatt olmuşdur. Bundan başqa, Cavabdeh1 MMC-nin satdığı lazer aparatının üzərində onun seriya nömrəsi əks edilmiş və görüşdə həmin MMC-nin nümayəndəsi dəfələrlə aparatın istehsalçısı olan zavodun nümayəndəsinin telefon əlaqəsində olduğunu və həmin seriya nömrəsi ilə aparatın orijinal olduğunun yoxlanılmasının mümkün olduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi lazer aparatında isə seriya nömrəsi nümayiş etdirilməmiş (gizli saxlanılmış) və seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır. Bu məsələ ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, “həmin görüşdən əvvəl Cavabdeh2 və onun həyat yoldaşı X.Nəzərova aparatın seriya nömrəsi və onun zavod istehsalı olması ilə bağlı sənədləri nümayiş etdirmiş, bunu ümumi görüşdə də bildirmiş və X.Nəzərov bu faktı təsdiq etmişdir.” Video-yazıdan da görüşdə iddiaçının nümayəndəsinin bu faktı bildirdiyi və X.Nəzərovun da bunu təsdiq etdiyi müəyyən olunmuşdur.

23. Apellyasiya baxışında şahid qismində dindirilmiş X.Nəzərov ifadəsində bildirmişdir ki, “ümumi görüşdən əvvəl iddiaçıda olmuş və ona satış üçün təqdim olunmuş aparatın seriya nömrəsi və hansısa sənədlər nümayiş etdirilmişdir. Lakin onların həqiqi olubolmaması ona məlum deyil, ümumi görüşdə isə hər hansı sənəd təqdim edilməmişdir.” Görüş başa çatdıqdan sonra isə iddiaçının nümayəndəsi Nümayəndə1 “mən bu dueli uduzdum” ifadəsini işlətmişdir.

24. İddiaçının nümayəndəsi Nümayəndə1 bununla bağlı məhkəmə iclasında həqiqətən həmin ifadəni işlətdiyini, lakin bu sözləri mövqeyinin yanlış olmasına görə deyil, görüşün sonunda Cavabdeh2 Cavabdeh1 MMC ilə əlbir olduğunu və bu səbəbdən kifayət qədər məlumat verməsinə baxmayaraq görüş iştirakçılarını inandıra bilmədiyini anladığına görə dediyini bildirmişdir.

25. Qeyd olunan halları məcmu halında qiymətləndirən məhkəmə Cavabdeh2 tərəfindən yayılmış məlumatların doğru olmaması nəticəsinə gəlmək üçün əsasların mövcud olmaması qənaətinə gəlmişdir. Çünki, onun yaydığı məlumatlar tərəflərin birgə keçirdiyi görüş barəsində olmuş, həmin görüşdə isə iddiaçının təqdim etdiyi lazer aparatının başlığının 600 Vatt, Cavabdeh1 MMC-nin satdığı lazer aparatının başlığının isə 1.200 Vatt olması müəyyən edilmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi lazer aparatında seriya nömrəsi nümayiş etdirilmədiyinə (gizli saxlanıldığına) görə seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır. Görüş başa çatdıqdan sonra iddiaçının nümayəndəsi Kənan Zeynalovun işlətdiyi ifadə isə Cavabdeh2 görüşdən əvvəl ona verilən - eyni avadanlığı xeyli ucuz qiymətə əldə edə biləcəyi ilə bağlı məlumatın həqiqətə uyğun olmaması nəticəsinə gəlməyə əsas vermişdir. Eyni zamanda, Cavabdeh2 Cavabdeh1 MMC ilə əlbir olması hər hansı sübutla təsdiq olunmamışdır.

26. Beləliklə, kollegiya Cavabdeh2 tərəfindən yayılmış məlumatların (aldığı cihazın iki dəfə digər cihazın vatt gücünə görə daha güclü olması və cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilmədilər) həqiqətə uyğun olmaması nəticəsinə gəlmək üçün əsaslar mövcud olmadığına görə həmin məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 23.1, 23.4, 23.6, 1096 və 1097.1-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli 7 nömrəli qərarının 3-cü bəndinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyasi məhkəməsindəki icraat

28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 430/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(103)-163/2024 saylı qətnaməsi qismən- ilk iddianın rədd edildiyi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərin paylaşdığı video-çarxdakı ifadələrin (“iddiaçı öz cihazının mənşəyini göstərə bilmədi”, “mən onların yerinə biabır oldum”, “yalançılara inanmayın!”) birbaşa işgüzar nüfuza xələl gətirən ictimai çağırışlar olmasına, həmin ifadələrin işgüzar nüfuzunu ləkələməsinə istinadla, paylaşımların silinməsi, video formatda təkzib verilməsi və buna görə kompensasiya ödənilməsi barədə hazırkı iddianı qaldırmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 tərəfindən yayılmış məlumatların (aldığı cihazın iki dəfə digər cihazın vatt gücünə görə daha güclü olması və cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilməməsi) doğru olmaması nəticəsinə gəlmək üçün əsasların mövcud olmadığından həmin məlumatların iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: 1) məlumatın təşkilatların işgüzar nüfuzunu ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması (bax yuxarıda § 38, 40).

33. Apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunanlardan belə aydın olur ki, məhkəmə bu qərarın 45-ci bəndinə göstərilən halların (1-ci və 3-cü) müəyyən edilməsi istiqamətində xüsusi əsaslandırma aparmamış, həmin məlumatların «doğru olmaması nəticəsinə gəlmək üçün əsaslar olmadığından» iddianı rədd etmişdir.

34. Göründüyü kimi, məhkəmə iddianı rədd edərkən məlumatın doğru olması barədə birmənalı nəticəyə gəlməmiş, doğru olmaması nəticəsinə gəlmək üçün əsaslar olmadığını qeyd etmişdir. Halbuki, MM-nin 23-cü maddəsinin (mətni üçün bax bu qərarın 39-cu bəndi) dispoziya şərtləri baxımından yayılan məlumatların doğruluğu sübut olunmalıdır.

35. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır və bu halı, yəni yayılan məlumatın doğruluğunu sübut etmək vəzifəsi məlumatı yayan tərəfin, hazırkı halda cavabdehlərin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (bax yuxarıda § 41).

36. Apellyasiya məhkəməsi isə yalnız cavabdehlər tərəfindən paylaşılmış videoçarxa və cavabdeh tərəfin mövqeyinə istinadla qeyd etmişdir ki, videogörüntüdən cavabdeh MMC-nin təqdim etdiyi lazer aparatının başlığının (1200 Vatt) iddiaçının təqdim etdiyi cihazdan (600 Vatt) vatt gücünə görə iki dəfə daha güclü olması müəyyən edilmiş, iddiaçının təqdim etdiyi lazer aparatında seriya nömrəsi nümayiş etdirilmədiyinə (gizli saxlanıldığına) görə isə seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır.

37. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq hesab etmişdir ki, bir aparatın gücünün digərindən çox olması və ya seriya nömrəsinin nümayiş etdirilməməsi, «“Az Cosmetics öz cihazının mənşəyini göstərə bilmədi. Mən onların yerinə utandım. Yalançılara inanmayın.” məzmununda, iddiaçının sahibkarlıq fəaliyyətini düzgün həyata keçirməsini ciddi şəkildə şübhə altına alan məlumatların cavabdehlər tərəfindən yayılmasına əsas verməməklə, məhkəmə tərəfindən yayılan məlumatların doğru olması qənaətinə gəlmək üçün də kifayətedici deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, obytektiv araşdırma aparılmamış, mübahisənin həlli üçün əhəmiyyətli olan hallara qiymət verilməmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmamış, bununla da MPM-nin 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur.

38. MPM-nin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

40. Kassasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinə qiymət verərkən nəzərə almamışdır ki, cavabdehlər tərəfindən yayılmış video-çarxda tərəflər arasında aparatlara baxış keçirilməsi ilə bağlı görüşün bütün videoyazısı deyil, yalnız müəyyən hissələr paylaşılmış və paylaşılan hissələrdə əsasən cavabdeh MMC-nin nümayəndəsinin çıxışı və sualları əks edilmiş, iddiaçı MMC-nin nümayəndəsinin məsələ ilə bağlı mövqeyi, ünvanlanmış suallara cavabları göstərilməmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən MPM-in 14.1 və 167-ci maddələrinə uyğun olaraq tərəflərə həmin görüşün video-yazısının təqdim edilməsi təklif olunmamış, bu hal ümumiyyətlə nəzərə alınmadan birtərəfli hazırlanmış material əsasında iddiaçının öz cihazının mənşəyini sübut edə bilməməsi barədə fikrin doğru olması qənaətinə gəlinmişdir.

41. Digər tərəfdən, apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, “həmin görüşdən əvvəl Cavabdeh2 və onun həyat yoldaşı X.Nəzərova aparatın seriya nömrəsi və onun zavod istehsalı olması ilə bağlı sənədləri nümayiş etdirmiş, bunu ümumi görüşdə də bildirmiş və X.Nəzərov bu faktı təsdiq etmişdir.” Video-yazıdan da görüşdə iddiaçının nümayəndəsinin bu faktı bildirdiyi və X.Nəzərovun da bunu təsdiq etdiyi müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən iş materiallarına mübahisəli avadanlığın əmtəə nişanın ona məxsus olması barədə sübutlar əlavə edilmişdir.

42. Göründüyü kimi, iddiaçı ona məxsus avadanlığın mənşəyi ilə bağlı sübutları təqdim etmiş, bütün tərəflərin iştirakı ilə keçirilən görüşdə həmin sübutları əvvəlcədən Cavabdeh2 həyat yoldaşına nümayiş etdiyini bildirmiş, sonuncu da bu faktı təsdiq etmişdir. Apellyasiya məhkəməsi isə özünün də müəyyən etdiyi bu halları hansı səbəbdən nəzərə almaması ilə bağlı tutarlı əsaslandırma aparmamışdır.

43. Qeyd olunanlar belə qənaət formalaşdırır ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməməklə, “öz cihazının mənşəyini göstərə bilmədi”, “mən onların yerinə utandım”, “yalançılara inanmayın!” şəklində sosial şəbəkədə yayılmış, bir hüquqi şəxsin işgüzar nüfuzu haqqında mənfi rəy formalaşdıran, müştəri potensialına ciddi təsir edən məsələyə səhti yanaşmış, bununla da MM-nin 23-cü maddəsinin tələblərinə zidd nəticəyə gəlmişdir.

44. Bundan əlavə qeyd etmişdir ki, iş üzrə iddiaçının ilk iddiasında hər iki cavabdehə- Cavabdeh1 MMC və Cavabdeh2 qarşı tələb irəli sürülməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Cavabdeh1 MMC-yə münasibətdə hər hansı bir hüquqi qiymətləndirmə aparılmadan, həmin cavabdehə münasibətdə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən qətnaməni ilk iddia tələbinə münasibətdə dəyişdirmədən saxlamaqla MPM-nin 392.2-ci maddəsinin tələblərini (mətni üçün bax bu qərarın 41-ci bəndi) də pozmuşdur. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.

45. «Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).

Apellyasiya şikayətinin dəlilləri:

46. İddiaçı MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh2 yaydığı məlumatların İddiaçı MMC-nin işgüzar nüfuzunu pozmadığı nəticəsinə gəlmiş, video-çıxışı isə söz-fikir azadlığının təcəssümü kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu mövqeyi tamamilə əsassızdır və digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, video-çarxda Cavabdeh2 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin və "xxxx" MMC-nin nümayəndələri ilə keçirilmiş görüşə əsaslanır. Lakin həmin görüşün əsl səbəbi gizlədilmiş, görüşdən bəzi kadrlar təhrif edilmiş formada, planlı şəkildə ancaq İddiaçı MMC-nin əleyhinə çıxarışlar edilərək verilmiş, heç bir istinad yeri olmayan natamam məlumatlar yayılmışdır. İddiaçı MMC barədə mənfi imic formalaşdırılması üçün xüsusi seçilmiş ifadələrdən istifadə edilmiş, birbaşa işgüzar nüfuza xələl gətirən ictimai çağırışlar edilmişdir. İşgüzar nüfuza xələl gətirən bu videonun geniş istehlakçı kütləsinə yayılmasında "xxxx" MMC-nin nəinki xüsusi canfəşanlıq göstərmiş, hətta birbaşa bu videonun təşəbbüskarı olmuşdur. Belə ki, “Butik Diaa” salonunda uzun müddət İddiaçı MMC-yə məxsus “WERTEX” əmtəə nişanından qanunsuz olaraq istifadə edilmişdir. Bu fakt aşkar edilən kimi Cavabdeh2 qanunazidd hərəkətlərin dayandırılması tələb edilmiş, “WERTEX” əmtəə nişanının həkk olunduğu lazer-epilyasiya cihazının necə əldə etdiyi soruşulduqda isə o, bu cihazı "xxxx" MMC-dən müqavilə əsasında satın aldığını bildirmişdir. Təqdim edilmiş müqavilədə də cihazın sözügedən nişanla satıldığı öz təsdiqini tapmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 İddiaçı MMC-nin qanuni sahibi olduğu “WERTEX” əmtəə nişanından heç bir razılıq olmadan istifadəyə davam etmişdir. Qanun pozuntusuna yol verdiyini dərk etsə də, bundan çəkinməmişdir. Cavabdeh2 "xxxx" MMC-nin İddiaçı MMC-yə məxsus əmtəə nişanları altında məhsullarının satışını həyata keçirdiyi ilk müştəri deyildir. Buna bənzər hallar artıq kifayət qədərdir, daimi və kütləvi səciyyə daşıyır. Bu qanunsuzluğun qarşının alınması üçün aidiyyəti üzrə hüquq-mühazifə orqanlarına müraciət edilmiş və məhkəmə qaydasında araşdırılmaqdadır. Lakin, məhkəmə bu faktları əsas götürərək işə qiymət verməyərək tamamilə qanunsuz qərar qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

48. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

49. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

50. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə görə mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları: 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

52. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 1-ci maddəsinə görə əsas anlayışlar: Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri; 3-cü maddəsinə görə haqsız rəqabətin formaları: Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli 7 nömrəli qərarının: 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.

Apellyasiya baxışının hədləri

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ilkin iddianın rədd edildiyi hissəsində yoxlanılır.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

57. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

58. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.

59. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2(113)-3675/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların cavabdehlərin rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından dərhal silinməsi, iddiaçı barədə yayılan işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların yazılı və şifahi formada iddiaçıdan üzr istənilməklə cavabdehlərlə məxsus rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarında video formatda təkzib edilməsi , işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat məbləğində kompensasiya və 240 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 50.240 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsini nəzərdə tutan yeni qətnamə qət edilməlidir.

60. Belə ki, təkrar apellyasiya baxışının əsas predmeti ilkin iddiaçı barədə yayılan məlumatın doğru olub-olmadığını müəyyən etməkdir. Çünki, barəsində mübahisə edilən məlumatın yayılması və onun iddiaçının işgüzar nüfuzunu zədələyən məlumat olması mübahisələndirilməyən haldır. Cavabdehlər özləri də qeyd ediblər ki, iddiaçı həmin məlumatların doğru olmadığını sübut etmədiyi üçün, sonuncunun işgüzar nüfuzu zədələnməyib.

61. Birinci instansiya məhkəməsi də cavabdehlərin bu mövqeyi ilə razılaşmışdır. Halbuki, istinad olunan mülki qanunvericilik normaları işgüzar nüfuzu ləkələyən məlumatların doğru olub-olmadığını sübut etmək öhdəliyini həmin məlumatı yayan şəxsin üzərinə qoyur. Cavabdehlərin, xüsusilə Cavabdeh2 yaydığı məlumatın məzmunu iddiaçının işgüzar nüfuzunu birbaşa ləkələməyə yönəldiyindən, daha sərt formada ifadə olunduğundan, onların doğru olduğunu sübut etmək üçün cavabdeh daha ciddi sübutlara istinad etməlidir.

62. Məlumatın doğru olması onun həqiqətə uyğun olması kimi anlaşılır. Cavabdehlər sadəcə o fakta istinad ediblər ki, iddiaçının təqdim etdiyi məhsulun texniki göstəricisi ilə onların hazırda istifadəsində olan məhsul texniki cəhətdən fərqlidir, bu isə onun orijinal olmaması deməkdir. Yayılan məlumat sadəcə texniki cəhətdən fərqin olması ilə bağlı olsaydı, bu fakt onun doğru olduğunu demək üçün kifayət edə bilərdi. Halbuki, cavabdehlərin ifadə üslubu, seçdikləri ifadələr qərəzli şəkildə bazarda iddiaçı barəsində dürüst olmayan sahibkar təəsüratı yaratmağa yönəlib.

63. Bununla belə kollegiyanın qənaətinə görə, “üzr istənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” ölkə qanunvericiliyinin tərkib hissəsi olan Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququ üzrə Avropa Məhkəməsinin müəyyənləşdirdiyi prinsiplərdir.

64. “Kazakov Rusiyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, üzr istənilməsini təklif etmə vəzifəsi şübhəsiz öz fikrində qalmaq hüququnun pozulmasıdır, ona görə ki, bir nəfərin deməyə vadar olduğu nəyəsə digəri inanmaya bilər. Kimisə özünün səhv olduğunu qəbul edərək öz fikrindən çəkindirmək şübhə doğuran bir düzəliş formasıdır və bu, “zəruri” olmaya bilər. Bu baxımdan, yayılan məlumata görə təkzib verilməsi iddiaçının zədələnmiş nüfuzunun bərpası üçün kifayət qədər təsirli tədbir olduğundan, üzr istənilməsi hissəsində tələb təmin olunmamalıdır.

65. Məlumatların yayılmasında cavabdehlərin qərəzli olduğunu təsdiq edən digər bir hal ondan ibarətdir ki, mübahisəli video-çarxda yalnız cavabdehlərin mövqeyi əks olunmuş, iddiaçının fikirləri isə yayılmamışdır. Halbuki, həmin görüşdə iddiaçı müəssisənin də nümayəndəsi iştirak etmişdir. Onun mövqeyinin əks olunduğu video qeydlər məhkəməyə təqdim edilmişdir. Bununla da, cavabdehlər yayılan məlumatın doğru olduğunu təsdiq edən hər hansı mötəbər sübuta istinad edə bilməmişlər. Yayılan məlumata görə hər iki cavabdehin mülki məsuliyyətə cəlb olunmalı olması də məhz ordan qaynaqlanır ki, Cavabdeh1 MMC Cavabdeh2 hazırladığı və ya yaydığı video çarxı özünə məxsus sosial şəbəkə səhifələrində nümayiş etdirsə də, əvvəla bu çarxın hər iki cavabdehin və ya ən azı Cavabdeh1 MMC-nin nümayədəsinin iştirakı ilə hazırlanması halı mübahisəsiz haldır, ikincisi, o da mübahisəsiz haldır ki, hər iki təşkilat eyni təsərrüfat sahəsi üzrə rəqibdirlər və yayılan məlumatın rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması məqsədilə edilməsi aşkardır.

66. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində ilkin iddiaçının işgüzar nüfuzuna vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbin əsassız olması qənaətinə gəlir. Belə ki, işgüzar nüfuzunun zədələnməsinə görə ziyan dəyməsi işin sübut edilməli olan halıdır və bununla bağlı sübutetmə yükü bu iddianı irəli sürmüş tərəfin üzərinə düşür. İlkin iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

67. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İlkin iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edisin. Bakı Kommersiya Məhkəməsinin e-2(113)-3675/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddiaçının işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların cavabdehlərin rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından dərhal silinməsi, iddiaçı barədə yayılan işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların yazılı və şifahi formada iddiaçıdan üzr istənilməklə cavabdehlərlə məxsus rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarında video formatda təkzib edilməsi, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat məbləğində kompensasiya və 240 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 50.240 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının rədd edildiyi hissəsində ləğv edilsin, iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" MMC barəsində yayılan (“öz cihazının mənşəyini göstərə bilmədi”, “mən onların yerinə biabır oldum”, “yalançılara inanmayın!” Cavabdeh1 MMC şirkətinə güvənin, orijinal və zəmanətli, müasir kosmetik avadanlıqları bizdən əldə edin”) məlumatlar "xxxx" MMC-nin işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatlar hesab edilsin. Həmin məlumatların (“öz cihazının mənşəyini göstərə bilmədi”, “mən onların yerinə biabır oldum”, “yalançılara inanmayın!”) Cavabdeh2, (Cavabdeh1 MMC şirkətinə güvənin, orijinal və zəmanətli, müasir kosmetik avadanlıqları bizdən əldə edin”) Cavabdeh1 MMC-nin rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından dərhal silinməsi, işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların yayılmasına görə ilkin iddia üzrə cavabdehlərə məxsus rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarında video formatda təkzib verilməsi öhdəliyi Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 240+120=360 manat dövlət rüsumunun 150 (yüz əlli) manatı (iddia tələbinin təmin edilməsinə mütənasib olaraq) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun, qalan hissəsi isə iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar