Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-170/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşgüzar nüfuzun müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-2(117)-20/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarına əlavə edilmiş 2 ədəd video görüntünün məzmunundan göründüyü kimi cavabdeh İddiaçı MMC-yə qarşı “şirkət mənə işlənmiş cihaz satmışdır”, “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, “Azestetik ailəmə təzyiq göstərir”, “atamı da onlara görə itirdim”, “ölkədə rekertlik edirlər”, “mənim, ailəm, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların ”, “mənə və ailəmə təzyiq göstərirlər”, “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər”, “anamın iş yerinə adamlar göndərirlər”, “yolumu kəsib mənə bildirirlər ki, əl çək onlardan” kimi ifadələr, eyni zamanda şirkətin direktoru barəsində “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” kimi ifadələr işlətmişdir.
2. İş materiallarına əlavə edilmiş Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-882/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, iddiaçının nüfuzuna vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(107)-5/2024 saylı qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, “cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-445/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(107)-5/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmış və qətnamə qanuni qüvvəsini almışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində iddiaçı "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən satış ofisi və inzibati binası qarşısında digər şəxslərlə birlikdə təşkil edilmiş etiraz toplantılarından sonra “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və ona məxsus www.youtube.com/watchv=qeeAYzOe68A&t=19s linkində yerləşən kanaldakı videoda “Azad Media TV” kanalına xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən 3:08-ci dəqiqədə “şirkət mənə işlənmiş cihaz satmışdır”, 3:19-ci dəqiqədə “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur.”, 9:25-ci dəqiqədə “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, 9:25-ci dəqiqədə “Azestetik ailəmə təzyiq göstərir”, 12:31-ci dəqiqədə “atamı da onlara görə itirdim”, 11:59-cu dəqiqədə “ölkədə rekertlik edirlər”, “mənim, ailəmin, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların”, “mənə və ailəmə təzyiq göstərirlər”, 12:04-cü dəqiqədə “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər”, 12:06-cı dəqiqədə “anamın iş yerinə adamlar göndərirlər”, 12:08-ci dəqiqədə “yolumu kəsib mənə bildirirlər ki, əl çək onlardan” kimi işlənmiş ifadələrin və xx.xx.2024-cü il tarixində www.youtube.com/watch v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “Azad Media TV” kanalına təkrar müsahibə zamanı 17:25-ci dəqiqədə şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, 17:28-ci dəqiqədə “ölsün, boyunu yerə soxsun” kimi işlətdiyi ifadələrin məhkəmə tərəfindən iddiaçının və icra orqanı rəhbərinin işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin, Cavabdeh üzərinə qeyd olunan hər iki videonun “Azad Media TV” kanalından tamamilə silinməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yazılı müraciətin göndərilməsi ilə yanaşı, həmin videoların paylaşıldığı You Tube platformasında açılmış və internet Azad Media TV kanalının sahibi olan vətəndaş Gülnaz Qəmbərliyə xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərində verdiyi müsahibələrə dair videoların silinməsi barədə yazılı müraciətin edilməsi, həmçinin məhkəmənin iddiaçı və onun icra orqanı rəhbəri olan direktoru barəsində cavabdehin işlətdiyi işgüzar nüfuzu zədələməklə həqiqətə uyğun olmayan və şərəf-ləyaqəti alçaldan hesab edilmiş ifadələrin cavabdeh tərəfindən üzr istənilməsi qeyd edilməklə iddiaçıya ünvanlanacaq yazılı məktubla onların həqiqətə uyğun olmadığı və təkzib etdiyinə dair məzmunlu məktubun yazılaraq iddiaçı "xxxx" MMC şirkətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Həsən Əliyev ЗС ünvanına göndərilməsi, həmçinin cavabdehə məxsus Tiktok, You Tube və ya İnstagram sosial platformasındakı istifadəçi hesablarından birində, icra anına belə hesablar olmadığı təqdirdə qeyd oluna platformalardan birində cavabdeh tərəfindən istənilən qeyd olunan platformalardan birində şəxsi səhifə qeydiyyatdan keçirib açmaqla eyni məzmunlu təkzibin iddiaçıya ünvanlanan video müraciət şəklində edilməsi və həmin təkzib videosunun ən azı 72 saat qalmasının təmin edilməsi öhdəliyinin qoyulması və iddianın verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şirkətləri 15 ildən çoxdur ki, peşəkar şəkildə kosmetoloji və stomatoloji avadanlıqların satışı və texniki servisi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektidir. Keçmiş müştərilərindən olan fərdi sahibkar cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində media nümayəndələri ilə birlikdə şirkətlərinin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev 3C ünvanında yerləşən satış və ofis binasının qarşısına digər şəxslərlə birlikdə gələrək şirkətləri barəsində həqiqətə uyğun olmayan və işgüzar nüfuzunu ləkələyən məlumatlar səsləndirmiş və “YouTube” sosial media platformasında özünü jurnalist kimi təqdim edən Gülnaz Qəmbərli adlı şəxsə məxsus və birbaşa olaraq onun tərəfindən idarə olunan “Azad Media TV” adlı xəbər kanalına əlavə olaraq xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçı barəsində həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən əsassız ifadələr işlətmişdir. Bununla yanaşı cavabdeh iddiaçı şirkətin icra orqanının rəhbəri, direktoru Qanuni nümayəndə “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” və s. bu kimi təhqiredici ifadələr işlətməklə yanaşı, iddiaçının işgüzar nüfuzuna zərbə vurmaq üçün ona qarşı müştəriləri aldatmaqla bağlı yalan və əsassız ittihamlar irəli sürmüşdür. Həmin bu ifadələr qeydə alınaraq “Azad Media TV” kanalında xx.xx.2024-cü il tarixində paylaşılmış, bu çıxışlardan qısa video-çarxlar hazırlanaraq daha geniş izləyici kütləsinə çatdırmaq məqsədilə X3 adlı şəxs tərəfindən birbaşa idarə olunan İnstaqram sosial şəbəkəsində olan “medical_media”, “Tiktok”-da “estetik_media_ xəbər.az” və “Medikal Media” səhfələrində “Qanuni nümayəndə biyabr oldu”, “Azestetik ailəmi dağıtdı”, “Saxta imza ortaya çıxdı, səsimi kəsməyə çalışdılar”, “Yoxdur onun kişiliyi”, “İşlənmiş aparat satdılar”, “Azestetik məni aldadıb”, “Azestetik ailəmə təzyiq göstərir” və s. başlıqları altında şirkəti nüfuzdan salan qeyd olunan məzmunlu paylaşımlar etmiş və ictimai mənfi fikir formalaşdırmağa nail olmuşdur. Belə ki, kosmetoloji və stomatoloji avadanlıqların alqısatqısı ilə bağlı bir neçə avadanlıq almaq istəyən şəxslər sifarişlərə dair ilkin razılaşmalardan sonra cavabdehin səsləndirdiyi qeyd edilən həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən məlumatlara istinad edib sövdələşmələrdən imtina etmişlər və bununla da iddiaçı əldə edəcəyi gəlirlərindən məhrum olmuş, ona ciddi maddi ziyan da dəymişdir. Həmçinin həmin videoların internet informasiya resurslarından tamamilə silinməsi də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həmin videolar digər şəxs tərəfindən idarə olunan youtube platformasında bugünədək yayımlandığından həmin şəxsin könüllü olaraq onu silməsi və ya cavabdehin özü tərəfindən də silinməsi real və mümkün olmadığından hesab edirlər ki, belə vəziyyətdə videolar yalnız və yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən silinməsi həyata keçirilə bilər. Onu da xüsusi olaraq əlavə edirlər ki, cavabdehin şirkətləri barəsində bu tip həqiqətə uyğun olmayan və işgüzar nüfuzu birbaşa zərər vuran informasiyalar yayması birinci dəfə rast gəlinən hal deyil. Məlum olduğu kimi hüquqi şəxsin işgüzar nüfuzu biznesin uğurlu aparılmasına əhəmiyyətli dərəcədə təsir edir. Əgər hüquqi şəxs barəsində ləkələyici və həqiqətə uyğun olmayan məlumatlar yayılırsa, bunun nəticəsində hüquqi şəxsin işgüzar nüfuzu zərər çəkir. Ona görə də hüquqi şəxslər öz fəaliyyətlərini qurarkən işgüzar nüfuzlarını qorumağa xüsusi ehtiyac duyurlar. Çünki bu hərəkətlər birbaşa olaraq onların sahibkarlıq fəaliyyətinin nəticəsinə təsir edir. Yəni hüquqi şəxsin “işgüzar nüfuzu” onun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biridir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci, 46-cı, 60-cı, 80-ci, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, “Media haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü, 18.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 149-151-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il 7№-li Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı göstərilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, cavabdehlə razılığa gəlmək barədə cəhdlərinin alınmadığını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçı şirkət ilə razılığa gəlmək mümkün deyil. Onlar öz şərtlərini irəli sürürlər, onun şərtlərini isə qəbul etmirlər. İddiaçı tərəfin təqdim etdiyi video materiallardakı çıxışların hamısı ona aiddir. Həmin çıxışlarda o yalan danışmayıb, başına gələnləri danışıb. Qeyd edilən sözlərdən ancaq “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın” ifadəsindən başqa digərlərini yenə də müdafiə edir. Bundan əlavə iddiaçı tərəfdə olan müqavilədə cipin olması barədə qeyd var. Bu isə onu göstərir ki, onlarda olan müqavilə saxtadır. Bununla bağlı o ekspertizaya müraciət etmişdir. Hələki ekspert rəyi verilməyib. Bu məsələni də sonacan araşdıracaq. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 sentyabr 2025-ci il tarixli, 2-2(117)-20/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və ona məxsus https.7/www.youtube.com/watchv=qeeAYzOe68A&t=19s linkində yerləşən kanaldakı videoda “Azad Media TV” kanalına xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən “şirkət mənə işlənmiş cihaz satmışdır” (3:08-ci dəqiqədə), “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur.” (3:19-ci dəqiqədə), “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, “Azestetik ailəmə təzyiq göstərir” (9:25-ci dəqiqədə), “atamı da onlara görə itirdim” (12:31-ci dəqiqədə), “ölkədə rekertlik edirlər”, “ mənim, ailəmin, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların ”, “mənə və ailəmə təzyiq göstərirlər” (11:59-cu dəqiqədə), “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər” (12:04-cü dəqiqədə), “anamın iş yerinə adamlar göndərirlər” (12:06-cı dəqiqədə), “yolumu kəsib mənə bildirirlər ki, əl çək onlardan” (12:08-ci dəqiqədə); xx.xx.2024-cü il tarixində https.7/www.youtube.com/watch v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “Azad Media TV” kanalına təkrar müsahibə zamanı şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın” (17:25-ci dəqiqədə), “ölsün, boyunu yerə soxsun” (17:28-ci dəqiqədə) kimi işlətdiyi ifadələr iddiaçının və icra orqanı rəhbərinin işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və həmin videolar “Azad Media TV” kanalından silinməsi, iddiaçı və onun icra orqanı rəhbəri olan direktoru barəsində cavabdehin işlətdiyi işgüzar nüfuzu zədələməklə həqiqətə uyğun olmayan və şərəf-ləyaqəti alçaldan hesab edilmiş ifadələrə görə onların həqiqətə uyğun olmadığı və təkzib etməsinə dair cavabdehə Cavabdeh məxsus Tik tok, You Tube və ya İnstagram sosial platformasındakı istifadəçi hesablarından birində, belə hesablar olmadığı təqdirdə qeyd olunan platformalardan birində cavabdeh tərəfindən şəxsi hesab açmaqla iddiaçıya ünvanlanan video müraciət edilsin və həmin təkzib videosunun ən azı 72 saat qalması təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 100 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 2-2(107)-5/2024 saykı qətnaməsinə istinad edərək hesab etmişdir ki, həmin qətnamə ilə müəyyən edilən hallar hazırkı mübahisə üçün preyudisial xarakter daşıyır.
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı hüquqi şəxs və onun direktoru barəsində “Youtube” sosial şəbəkəsində yayılmış (“Azad Media TV” kanalında yerləşdirilən) video görüntülərdə cavabdeh tərəfindən səsləndirilmiş “şirkət mənə işlənmiş cihaz satmışdır”, “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, “Azestetik ailəmə təzyiq göstərir”, “atamı da onlara görə itirdim”, “ölkədə rekertlik edirlər”, “mənim, ailəm, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların ”, “mənə və ailəmə təzyiq göstərirlər”, “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər”, “anamın iş yerinə adamlar göndərirlər”, “yolumu kəsib mənə bildirirlər ki, əl çək onlardan”, eyni zamanda şirkətin direktoru barəsində “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” kimi məlumatlar həqiqəti əks etdirmir və qeyd olunan yalan məlumatların yayılması iddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Belə ki, cavabdeh video görüntülərdə qeyd olunan məlumatların həqiqət olduğunu bildirsə də, həmin məlumatların həqiqəti əks etdirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddia cavabdehin işlətdiyi ifadələrin iddiaçının və icra orqanı rəhbərinin işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmin videoların “Azad Media TV” kanalından silinməsi, cavabdehin özünə məxsus Tik tok, You Tube və ya İnstagram sosial platformasındakı istifadəçi hesablarından birində, belə hesablar olmadığı təqdirdə qeyd olunan platformalardan birində cavabdeh tərəfindən şəxsi hesab açmaqla iddiaçıya ünvanlanan video müraciət edilməsi və həmin təkzib videosunun ən azı 72 saat qalması hissəsində əsaslıdır və iddiaçı qeyd edilənləri cavabdehdən tələb etməkdə haqlıdır.
13. Məhkəmə iddia tələbinin “Cavabdeh üzərinə qeyd olunan hər iki videonun “Azad Media TV” kanalından tamamilə silinməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yazılı müraciətin göndərilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin üzərinə qeyd edilən videoların silinməsi öhdəliyi qoyulmalı, həmin videoların hansı qayda silinməsi məsələsi isə icra qaydasında həllini tapan məsələ olduğundan iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 23.2, 23.3, 23.4, 23.5, 23.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının Bakı şəhərindəki inzibati binası qarşısında digər şəxslərlə (AzEstetik MMC-nin satdığı keyfiyyətsiz məhsullardan şikayətçi olan digər çoxsaylı şəxslər) birlikdə təşkil edilmiş etiraz toplantısı zamanı ona yaxınlaşan və ondan müsahibə alan jurnalist qiyafəli şəxsə öz etirazının məqsədi və səbəbi ilə bağlı məlumat vermişdir. Onun bu etirazda əsas məqsədi öz pozulduğunu düşündüyü hüquqlarını şirkətə çatdırmaq və onların həll edilməsinə nail olmaq olmuşdur. O, müsahibə zamanı öz fikirlərini düşüdüyü və inandığı formada bu barədə ondan soruşan şəxsə bildirmişdir. Cavabdeh bu etiraz zamanı ondan bu cür müsahibənin alınacağından əvvəldən xəbərdar olmamışdır. Lakin, fikirləri soruşulduqda o bu barədə sualları cavablandırmışdır. Cavabdeh bu videoların YouTube kanalında, yaxud digər sosial şəbəkə hesablarında potensial olaraq yayımlanmasında heç bir formada iştirak etməmişdir (nə videoların yayılması, paylaşılması, nə də video paylaşımlara başlıqların qoyulması) və belə paylaşımların ediləcəyindən birbaşa xəbərdar olmamışdır. Bütün bu ifadələr onun tərəfindən eyni formada (məzmunda) daha əvvəl keçirilmiş çoxsaylı məhkəmə iclasları (həm mülki-kommersiya, həm də cinayət işi) zamanı da açıqaşkar səsləndirilmişdir. Bu məhkəmə iclasları (e-2-2(117)-882/2023 saylı iş; 1(019)- 35/2025 saylı iş; 1(019)-3/2025 saylı iş və s.) digər şəxslərin iştirakı ilə, yəni açıq formada keçirilmiş və Cavabdeh bu ifadələri düşündüyü və inandığı formada dəfələrlə səsləndirmişdir. Belə olduğu təqdirdə cavabdehin yaymadığı və daha əvvəllər publik şəkildə və məhkəmənin iştirakı ilə səsləndirdiyi ifadələrə görə mülki məsuliyyətə cəlb edilməsi sadəcə olaraq qanunsuzdur. İş üzrə təsdiq olunan hallarla görünür ki, bu cür məlumatın yayıcısı qismində “YouTube” sosial media platformasında kanalı olan Gülnaz Qəmbərli adlı şəxs və bu videodan kəsintiləri öz müxtəlif sosial şəbəkə hesablarında paylaşan digər şəxslər çıxış edirlər. Cavabdeh bu şəxslərdən heç birini tanımır və bu şəxslərin heç birinə səsləndirdiyi fikirləri yayılmasını hər hansı formada tapşırmayıb. Yalnız bu cür tapşırığın mövcud olacağı halda Cavabdeh bu cür iddia olunan alçaldıcı məlumatları mediada paylaşmaqda təqsirli hesab oluna bilərdi. İkinci cəhətdən, bu ifadələrin bir qismi artıq qeyd edildiyi kimi məhkəmə qətnaməsinin özünün də sübut kimi istinad etdiyi müvafiq məhkəmə işi üzrə iclaslar zamanı əksini tapmış və qətnamədə qeyd edilmişdir. Belə olduğu təqdirdə artıq məhkəmədə hakim və digər şəxslərin iştirakı ilə səsləndirilmiş ifadələrin, yəni artıq yayılmış ifadələrin və hüquqi cəhətdən mübahisələndirilməmiş ifadələrin məntiqi olaraq yenidən yayılması mümkün deyil və belə halda bu maddənin tətbiqi düzgün hesab edilməməlidir. Cavabdeh heç bir halda istinad olunan videoları və ya onlardan bir hissələri özünə məxsus Tiktok, YouTube və ya İnstagram sosial platformasındakı istifadəçi hesablarından paylaşmamışdır. Onun heç bu şəbəkələrdə hesabı belə mövcud deyil. Bununla belə məhkəmə qanunsuz və əsassız yerə iddiaçının absurd və mənşəyi bəlli olmayan tələbini təmin edərək qət etmişdir ki, Cavabdeh təkzib videosu çəksin və onu Tiktok, YouTube və ya İnstagram sosial platformasındakı istifadəçi hesablarından 72 saatdan az olmayan müddətdə paylaşsın, əgər bu platoformalarda belə hesabları yoxdursa qeyd olunan platformalardan cavabdeh tərəfindən şəxsi hesab açılsın. Göründüyü kimi, hakimin işin hallarını diqqətli araşdırmamasından və düzgün qiymət verməməsindən əlavə, onun qanunvericiliyi də düzgün tədqiq etmədiyi açıq-aşkar görünür. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(019)-3/2025-ci il tarixli hökmün mövcudluğu məhkəmənin diqqətinə cavabdeh tərəfindən çatdırılmışdır və bu hökmə istinad edilmişdir, lakin məhkəmə bu sübutu araşdırmamışdır. Belə ki, bu hökmlə tanış olarkən məlum olur ki, Xalimanın öz ifadələri zamanı səsələndirdiyi fikirlər cinayət işi üzrə ifadə vermiş şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Belə ki, hökmdə göstərildiyi kimi iş üzrə X6, X1 məhkəmədə ifadə vermişlər. Bu ifadələrin məzmunu Cavabdeh bildirdiyi ifadələrin onların aid olduğu hissələri sübut edir. Həmin hissələrin digər sübutlarla təsdiqlənməsi sadəcə olaraq mümkün deyil. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-2(117)-20/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin mzəmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, eyni zamanda iddiaçının digər nümayəndəsi Nümayəndə3 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın təmin edilən hissəsini mübahisələndirdirir. Ona görə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbycan Respublikasının Konstitusiyası
25. Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. (...). İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
26. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İİİ. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi - 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. - 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. - 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. - 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. - 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-2(117)-20/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Müəyyən edilmişdir ki, iddiaçı MMC 15 ildən çoxdur ki, peşəkar şəkildə kosmetoloji və stomatoloji avadanlıqların satışı və texniki servisi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektidir. Keçmiş müştərilərindən olan fərdi sahibkar cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində media nümayəndələri ilə birlikdə iddiaçı MMCnin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev 3C ünvanında yerləşən satış və ofis binasının qarşısına digər şəxslərlə birlikdə gələrək şirkətləri barəsində həqiqətə uyğun olmayan və işgüzar nüfuzunu ləkələyən məlumatlar səsləndirmiş və “YouTube” sosial media platformasında özünü jurnalist kimi təqdim edən Gülnaz Qəmbərli adlı şəxsə məxsus və birbaşa olaraq onun tərəfindən idarə olunan “Azad Media TV” adlı xəbər kanalına əlavə olaraq xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçı barəsində həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən əsassız ifadələr işlətmişdir. Bununla yanaşı cavabdeh iddiaçı şirkətin icra orqanının rəhbəri, direktoru Qanuni nümayəndə “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” və s. bu kimi təhqiredici ifadələr işlətməklə yanaşı, iddiaçının işgüzar nüfuzuna zərbə vurmaq üçün ona qarşı müştəriləri aldatmaqla bağlı yalan və əsassız ittihamlar irəli sürmüşdür. Həmin bu ifadələr qeydə alınaraq “Azad Media TV” kanalında xx.xx.2024-cü il tarixində paylaşılmış, bu çıxışlardan qısa video-çarxlar hazırlanaraq daha geniş izləyici kütləsinə çatdırmaq məqsədilə X3 adlı şəxs tərəfindən birbaşa idarə olunan İnstaqram sosial şəbəkəsində olan “medical_media”, “Tiktok”-da “estetik_media_ xəbər.az” və “Medikal Media” səhfələrində “Qanuni nümayəndə biyabır oldu”, “Azestetik ailəmi dağıtdı”, “Saxta imza ortaya çıxdı, səsimi kəsməyə çalışdılar”, “Yoxdur onun kişiliyi”, “İşlənmiş aparat satdılar”, “Azestetik məni aldadıb”, “Azestetik ailəmə təzyiq göstərir” və s. başlıqları altında şirkəti nüfuzdan salan qeyd olunan məzmunlu paylaşımlar etmişdir. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
42. Həmçinin müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-882/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, iddiaçının nüfuzuna vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(107)-5/2024 saylı qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, “cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-445/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(107)-5/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmış və qətnamə qanuni qüvvəsini almışdır.
43. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(107)-5/2024 saylı qətnaməsi əsasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə satıcı qismində çıxış edən hazırkı iş üzrə İddiaçı MMC ilə alıcı qismində çıxış edən hazırkı iş üzrə Cavabdeh arasında “Wertex” lazer aparatına dair nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında “Wertex” lazer aparatı iddiaçı tərəfindən cavabdehə satılmış, zəmanət talonuna görə aparata verilən zəmanətin müddəti 1 il, zəmanət verilən atışların sayı isə 10.000.000 ədəd müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə lazer aparatı qüsursuz şəkildə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, bu barədə təhvil-təslim aktı tərtib edilərək, akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin 2.1.7-ci bəndində göstərilir ki, “satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.”
44. Həmin qətnamədə göstərilmişdir ki, ...göründüyü kimi, iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, müqavilə predmeti olan lazer aparatının yoxlayıcı avadanlıqla (GPS) təchiz edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqaviləni imza etməklə müqavilənin digər şərtləri ilə yanaşı bu şərti də qəbul etdiyini bəyan etmişdir. Aparatın dəfələrlə söndürülməsi səbəbindən işləməməsini bildirən cavabdeh bu halı təsdiq edən sübutlarını məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh lazer aparatında yoxlayıcı avadanlığın (GPS) olmasını əvvəlcədən bilmişdir. Bu baxımdan Məhkəmə cavabdehin guya GPS barədə məlumatsız olması, onun razılığı olmadan həmin cihazın aparatda yerləşdirilməsi barədə dəlillərini inandırıcı hesab etmir. İddiaçı MMC-nin həmin lazer aparatının yoxlayıcı avadanlıq (GPS) vasitəsilə dəfələrlə söndürülməsi barədə dəlilləri də iş materiaları ilə təsdiq olunmur.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
46. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
47. Məhkəmənin qeyd edilən qətnaməsi ilə müəyyən edilən hallar hazırkı məhkəmə üçün preyudisial xarakter daşıyır.
48. Beləliklə də qeyd edilən məhkəmə aktı hazırkı işə aid hissəsində preyudisial xarakter daşıdığından, həmin aktdan göründüyü kimi işin araşdırılmış halları ilə tərəflər arasında lazer aparatına dair nisyə alqı-satqı müqaviləsinin bağlandığı və cavabdeh tərəfin lazer aparatı ilə bağlı iddia etdiyi halların sübut edilmədiyi, məhkəmə qərarı ilə iddiaçının təqsirsiz olduğu qərarına gəlinmişdir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevrql 2016-cı il tarixl iqərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli qərarının 2.3.5-ci bəndində göstərilmişdir ki, işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır.
51. Həmin qərarın 2.3.6- cı bəndində vurgulanmışdır ki, bu məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yolverməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. Məsələn, müvafiq malların satışı ilə məşğul olan şəxsin barəsində müştərilərin aldadılmasına dair, yaxud da təmir-tikinti işləri görən şirkətin bu fəaliyyət üçün müvafiq razılıq olmadan qanunsuz fəaliyyət göstərməsinə dair məlumatlar
52. Həmin qərarın 6.8-ci bəndinə əsasən, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsullarından biri kimi təkzib, ən azı iki nəfərin yanında yayılmış şəxsin şəxsiyyət hüquqlarını (şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, şəxsi təhlükəsizlik və digər hüquqları) pozan məlumatların həqiqətə uyğun olmadığı barədə bəyanatdır. Təkzibin mətni və verilmə üsulu iddia tələbinin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən müəyyənləşdirilə bilər.
53. Beləliklə hazırkı iş üzrə də iddiaçı hüquqi şəxs və onun direktoru barəsində “Youtube” sosial şəbəkəsində yayılmış (“Azad Media TV” kanalında yerləşdirilən) video görüntülərdə cavabdeh tərəfindən səsləndirilmiş “şirkət mənə işlənmiş cihaz satmışdır”, “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, “Azestetik ailəmə təzyiq göstərir”, “atamı da onlara görə itirdim”, “ölkədə rekertlik edirlər”, “mənim, ailəm, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların ”, “mənə və ailəmə təzyiq göstərirlər”, “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər”, “anamın iş yerinə adamlar göndərirlər”, “yolumu kəsib mənə bildirirlər ki, əl çək onlardan”, eyni zamanda şirkətin direktoru barəsində “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” kimi məlumatlar həqiqəti əks etdirmir və qeyd olunan yalan məlumatların yayılması iddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Belə ki, cavabdeh video görüntülərdə qeyd olunan məlumatların həqiqət olduğunu bildirsə də, həmin məlumatların həqiqəti əks etdirməsini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.
54. Kollegiya apellyasiya şikayətinin cavabdehin yuxarıda sözü gedən videoların “YouTube” kanalında, yaxud digər sosial şəbəkə hesablarında potensial olaraq yayımlanmasında heç bir formada iştirak etməməsi barədə dəlili bağlı qeyd edir ki, cavabdeh paylaşımların ediləcəyindən birbaşa xəbərdar olmuş, onun söylədiyi ifadə və cümlələrin iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar olduğunu bilmiş, öz əməlinin nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir.
55. Eyni zamanda Cavabdeh birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında video materiallardakı çıxışların hamısının ona aid olduğunu, həmin çıxışlarda yalan danışmadığını, başına gələnləri danışdığını, qarşı tərəfdə olan müqavilədə çipin olması ilə bağlı qeyd olduğundan saxta olduğunu, eyni zamanda qeyd edilən sözlərdən ancaq “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın” ifadəsindən başqa digərlərini yenə də müdafiə etdiyini bildirmişdir.
56. Ona görə də həmin dəlil əsassızdır.
57. Cavabdehin video materiallardakı çıxışların özünə məxsus olması barədə izahatı həmçinin apellyasiya şikayətinin cavabdehin “bu şəxslərdən heç birini tanımır və bu şəxslərin heç birinə səsləndirdiyi fikirləri yayılmasını hər hansı formada tapşırmayıb” barədə dəlilinin də əsassız olduğuna dəlalət edir.
58. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri bağlı onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəflər arasında olan əvvəlki müdahisə üzrə məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hazırkı iddia tələbində göstərilən hərəkətlərə yol vermişdir.
59. Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndəsi və vəkili göstərmidir ki, cavabdeh məlumatları yazılı formada təkzib etməyə razıdır, onların narazılığı məhz video müraciət vasitəsi ilə təkzib olunma forması və sair məqamlarla bağlıdır.
60. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh ona istinad edilən həqiqətə uyğun olmayan məlumatları məhz sosial platformalarda (şəbəkələrdə) yaydığından həqiqiətə uyğun olmayan həmin məlumatlarin təkzibi də həmin platformalarda olmalıdır.
61. Kollegiyanın qənaətinə görə indiki halda iş üzrə cavabdeh tərəfindən təkzibin yazılı formada verilməsi adekvat olmadığından məqbul sayıla bilməz.
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
63. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
64. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
65. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
66. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-2(117)-20/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-2(117)- 20/2025 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov