Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4113/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-ə aid İnstagram sosial şəbəkə platformasında mövcud olmuş "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələri barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan X3 yerləşən META Platforms İnc. şirkətinə (qısaca META) müəllif hüququnun pozulması əsası ilə edilmiş şikayətlər haqsız rəqabət hərəkətləri sayılmaqla qanunsuz hesab edilməsi, cavabdehə aid rəsmi https://www.az-cosmetics.az/ saytında, “azcosmetics_mmc” adlı İnstagram platformasındakı rəsmi səhifəsində, @azcosmeticsmmc (AzCosmeticsMMC) adl Tik-Tok platformasındakı rəsmi səhifələrində, həmçinin yazılı olaraq ayrıca “ "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələr barəsində META şirkətinə edilmiş şikayətlərin əsassız və həqiqətə uyğun olmayan olduğundan şikayətlərdə göstərilənlərin xüsusi paylaşımla video müraciət şəklində təkzib edilməsi və bu barədə üzürxahlıq edilməsi”, həmçinin həmin məzmunda iddiaçı şirkətə cavabdehin qanuni təmsilçisi tərəfindən məktub ünvanlanması (elektron və ya kağız daşıyıcıda) və qətnamə qanuni qüvvəyə mindikdən sonra hər üç səhifə barəsində edilmiş həmin şikayətlərin geri götürülməsi barədə qeyd olunan məzmunlu müvafiq dildə müraciət məktublarının cavabdeh tərəfindən META şirkətinə ünvanlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 15 ildən çoxdur ki, bazarda peşəkar şəkildə kosmetoloji avadanlıqların satışı və servisi ilə məşğul olan sahibkarlıq subyektidir. Belə ki artıq uzun müddətdir ki, bizimlə eyni bazarda fəaliyyət göstərən rəqib şirkət olan "xxxx" MMC-nin (VÖEN:**********) açıq-aşkar haqsız rəqabət xarakterli hərəkətlərinə məruz qalırıq. Bu müddət ərzində, Cavabdeh MMC tərəfindən edilən hərəkətlər şirkətimizə yalnız maliyyə baxımından deyil, həm də işgüzar imicimizə, nüfuzumuza və biznes fəaliyyətimizə ciddi ziyan vurmağa davam edir. Cavabdeh MMC şirkətinin neçə ildir ki, şirkətimizə qarşı davam etdirdiyi bu haqsız rəqabət hərəkətləri artıq davamlı hal almış və qərəzli olaraq müxtəlif formalarda özünü göstərməyə davam edir. Növbəti bu cür hərəkətlərindən biri də Cavabdeh MMC tərəfindən saxta sənədlərlə İnstagram, Facebook, Whatsapp kimi platformaların sahibi olan və həmin sosial şəbəkə platformalarının idarəetməsi ABŞ-da yerləşən META Platforms İnc. Şirkətinə (qısa adı META) edilmiş müraciət əsasında META tərəfindən şirkətimizə məxsus İnstagram sosial şəbəkə platformasında olan səhifələrin bağlanılması və həmin səhifələrdə paylaşılan videoçarxların silinməsidir. Belə ki, bir müddət öncə İnstagram sosial şəbəkə platformasında İddiaçı MMC-ə məxsus və birbaşa şirkətimizə bağlı, mütəmadi olaraq satış və reklam məqsədli paylaşımların edildiyi rəsmi "azestetik.service" və "azestetikclub" adlı səhifələrin bağlanması barədə META şirkətindən həmin səhifələrin qeydiyyatdan keçərkən bağlı olduqları müvafiq olaraq Elektron ünvan 1 və Elektron ünvan 2 elektron poçt (email) ünvanlarımıza bildirişlər daxil olmuşdur. Həmin bildirişlərdə ayrı-ayrı vaxtlarda şirkətimiz tərəfindən qeyd olunan səhifələrdə getmiş satış və reklam məqsədli paylaşımlarımız (postlar) barədə şikayət edən tərəf olaraq Cavabdeh şirkəti və şikayət edənə aid Elektron ünvan 3 elektron poçt ünvanı olduğu açıq-aydın görünür və işin mübahisə edilməz faktiki hallarını təşkil edir. META şirkətindən daxil olan həmin bildirişlərdən ərizəyə əlavə edilmiş bəzi nümunələr aşağıdakı kimidir: 1. Bu məzmundan müəyyən olunur ki, şirkətimiz tərəfindən "azestetik.service" adlı səhifədə 12 avqust 2024-cü ildə paylaşılan videoda bizim mal təklifimizin və malların satışının təşviqinin Cavabdeh MMC-nin əmtəə nişanı hüququnu pozduğunu iddia etdiyi üçün META tərəfindən İnstagramda həmin post silindi və giriş dayandırıldı. 2. Bu məzmundan müəyyən olunur ki, şirkətimiz tərəfindən "azestetikclub" adlı səhifədə 20 avqust 2024-cü ildə paylaşılan videoda bizim mal təklifimizin və malların satışının təşviqinin Cavabdeh MMC-nin əmtəə nişanı hüququnu pozduğunu iddia etdiyi üçün META tərəfindən İnstagramda həmin post silindi və giriş dayandırıldı. Beləliklə, təkzibedilməz fakt ondan ibarətdir ki, şikayət rəsmi olaraq Cavabdeh MMC tərəfindən edilmişdir. Daxil olan bildirişlərdə şirkətimizin müxtəlif vaxtlarda qeyd olunan səhifələrdə reklamını etdiyi DİOLASHeer İCE , VİNTEX, Fraksional İCE X və süni intellekt dəstəkli Fiona ALexandrid Lazer adlı əmtəə nişanları altından malların satışı barədə reklamlardan Cavabdeh şirkətinin müəllif hüquqlarının pozuntusu əsası ilə şikayət etdiyi oxunur və başa düşülür. Hesab edirik ki, qeyd edilən məzmunlu reklamlarda Cavabdeh MMC-yə aid META-ya şikayətlər edilən anda heç bir hüquqlar mövcud olmadığı üçün həmin reklamlar rəqabət qaydalarını pozmadan tam qanuni məzmunlu olmuşdur. Belə ki, şirkətimiz tərəfindən qeyd olunan səhifələrdə reklamını etdiyi “DİOLASHEER İCE” adlı əmtəə nişanı Azərbaycan RespublikasıƏqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2024 0713 nömrəli Şəhadətnaməyə əsasən həmin cihazın istehsalçısı olan və Çin Xalq Respublikasında fəaliyyət göstərən "Beijing Nubway S&T Co., LTD.(ünvan: Room 307, 3rd Floor, No. 5 Building, X8, No. 1 Caida 3rd Street, Nancai Town, Shunyi District, Beijing) şirkətinə məxsusdur. Həmin şirkətin Azərbaycan Respublikasında əqli mülkiyyət və biznes maraqlarının təmsil olunması etibarnamə ilə X12 hazırki direktoru X4 həvalə edilmişdir. Buna əsasən də şirkətimiz tərəfindən həmin əmtəə nişanı ilə bağlı İnstagram sosial şəbəkə platformasında edilən paylaşımlarda Cavabdeh MMC-nin müəlliflik hüququnun pozuntusu mövcud deyildir. Bundan əlavə şikayətdə qeyd olunan digər əmtəə nişanlarının müəlliflik hüququ İddiaçı MMC-yə məxsusdur. Onlara dair müvafiq sübutlar ərizəyə əlavə olunur. Cavabdeh MMC-nin haqsız rəqabət niyyəti olmaması o zaman inandırıcı görünə bilərdi ki, yuxarıda adı çəkilən səhifələrdə paylaşılan videolarda onun müəlliflik hüququnun pozulduğu hal ona məlum olan andan məsələ ilə bağlı ilk olaraq şirkətimizə pretenziya məktubu göndərə bilərdi. Hansı ki, bizim həqiqətən də qanunazidd hərəkətlərim olsaydı onun şikayət etdiyi məsələlərə dair o zaman onun məhkəmə qaydasında bunu mübahisələndirib, uğurluluq ehtimalı yüksək olan iddia ilə bizə qarşı məhkəmə aktı qəbul edilməsi yolunu tuta bilərdi. Lakin Cavabdeh MMC tərəfindən bizə heç vaxt qeyd olunan məsələlərlə bağlı pretenziya məktubu daxil olmamışdır. Bu hal da özlüyündə cavabdehin rəqabət qaydalarına zidd, işgüzar nüfüuzumuza qəsdən zərər vurmaq niyyətilə hərəkət etdiyini təsdiq etmiş olur. Cavabdehə hazırki iddiamızı məhkəmə qaldırmazdan əvvəl vergi kabineti vasitəsilə xx.xx.2025-ci il tarixində onun elektron vergi kabinetinə bu məsələ barəsində şirkətimizə 3 gün müddətində ətraflı izahat təqdim edilməsi, əks təqdirdə məhkəmə və hüquq mühafizə orqanları müstəvisində müvafiq addımlar atılacağı barədə pretenziya məktubu göndərilmişdir. Ancaq qarşı tərəfdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə qədər məsələ barəsində heç bir məktub daxil olmamış, mübahisənin həllinə dair məhkəmədən kənar addım atılmamışdır. Bu hal bir daha onu göstərir ki, Azcosmetics şirkətinin etdiyi bu cür hərəkətləri uzun müddətdir şirkətimizə qarşı davam etdirdikləri qarayaxma və nüfuzdansalma kampaniyasının davamı olaraq bizim biznes fəaliyyətimizə və işügzar nüfuzdan düşməyimizə hesablanmış, nəticədə həmçinin qəsdən maddi zərər vurmaq üçün pis niyyətlə edilmişdir. Rəqabət Məcəlləsinin 1.1.15-ci maddəsinə əsasənhaqsız rəqabət – müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətləridir. Yeni Rəqabət Məcəlləsinin 19-cu maddəsinə əsasən haqsız rəqabətin formalarında biri də rəqib təsərrüfat subyektinin nüfuzdan salınması istiqamətində edilmiş hərəkətlərdir (19.1.2.). Həmçinin həminin 19.1.6-cı maddəsi bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətləri də nəzərdə tutmuşdur. Belə ki, yeni Rəqabət Məcəlləsinin 25.1.3-cü maddəsinə əsasən haqsız rəqabətin formalarından biri də rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsidir. Bu maddəyə istinadən qeyd edilməlidir ki, Cavabdeh MMC şirkətə aid olan rəsmi səhifələrlə bağlı həqiqətə uyğun olmayan sənədlərlə bağlanmasına səbəb olan şikayətləri hərəkətləri etməsi ona rəqib şirkət olaraq nüfuzadan salınmasına hesablanmışdır. Belə ki, yuxarıda qeyd olunan səhifələr vasirəsilə lazer-estetik avadanlıqların satışı, srvisi və bundan irəli gələn məlumatları gündəlik reklamı məqsədli istifadə edilmiş, bu cür reklam paylaşımları üçün META şirkətinə və bu işi bizim üçün həyata keçirən yerli SMM şirkətlərə ödənişlər edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən edilən bu cür qanunsuz və haqsız rəqabət xarakterli şikayətlər - hərəkətlər səhifələr bağlandığı tarixdən indiyədək əməkdaşlıq etdiyimiz şirkətlər, cari və potensial müştərilərimiz arasından çaşqınlığın yarabnmasına, şirkətimizin rəsmi səhifələrinə giriş mümkün olmadığı üçün satışların artıq hyata keçirilib-keçirilməməsi barədə çoxsaylı müraciətlərin edilməsinə, bununla da əldə edəcəyimiz potensial gəlirlərin qarşısının alınmasına və o səhifələrdən gələn ciddi gəlirlərimizin itirilməsinə səbəb olmuşdur. Qeyd olunan maddələrin məzmunundan çıxış edərək bildiririk ki, Cavabdeh şirkəti tərəfindən sözügedən məzmunlu şikayətlərin edilməsi cavabdehin şirkətimizlə haqsız rəqabət apardığını, niyyətinin bizim bazardakı ondan üstün mövqeyimizə və cari və gələcək biznes fəaliyyətimizə zərər vurmaq olduğu aşkar şəkildə ortadadır. Yuxarıda qeyd olunan iki səhifədən əlavə həmin səhifələr bağlandıqdan sonra ardınca müəyyən etdik ki, Cavabdeh MMC-nin META Platforms İnc. Şirkətinə etdiyi şikayətlər arasında həmçinin şirkətimizə məxsus, Əqli Mülkiyyət Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, 20242331 nömrəli “qızılxett” adlı əmtəə nişanı əsasında bizə məxsus olan və yenə İnstagram sosial şəbəkəsində eyniadlı səhifə üzərindən şirkətimizin təsisçilərindən (Fariz Məmmədov) birinin davamlı olaraq həmin səhifədə biznesin və işçi heyətinin idarə edilməsi üzrə piar və maarifləndiri məzmunlu videolar paylaşıldığı “qizilxett” səhifəsinin bağlanmasıdır. Belə ki, “qizilxett” adlı səhifənin də bağlanması barədə META şirkətindən şirkətə məxsus email ünvanımıza bildirişlər daxil olmuşdur. Həmin bildirişlərdə ayrı-ayrı vaxtlarda yenə şikayət edən tərəf olaraq Azcosmetics şirkəti və şikayət edənə aid Elektron ünvan 3 elektron poçt ünvanı göstərilmişdir. Bir daha təkzibedilməz fakt ondan ibarətdir ki, şikayət rəsmi olaraq Cavabdeh MMC tərəfindən edilmişdir. Daxil olan bildirişlərdə Cavabdeh şirkətinin müəllif hüquqlarının pozuntusu əsası ilə şikayət etdiyi oxunur və başa düşülür. Yenə də hesab edirik ki, qeyd edilən məzmunlu reklam paylaşımlarında da şikayət edilən tarixə Cavabdeh şirkətinə aid heç bir hüquqlar mövcud olmadığı üçün həmin şikayətin də məqsədi haqsız rəqabət qaydalarını pozmaq olmuşdur. Bununla bağlı da biz məsələni məhkəməyəqədər həll etmək və səhifənin tezliklə bərpasında maraqlı olduğumuzdan ilk öncə tərəfimizdən Cavabdeh MMC -nin elektron məhkəmə kabinetinə xx.xx.2025-ci il tarixində, elektron vergi kabinetinə isə ayrıca bununla xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Ancaq Cavabdeh tərəfindən bu pretenziya məktublarına da heç bir cavab məktubu gəlmədiyi üçün bu şikayətlərin biznes fəaliyyətimizə, işgüzar nüfuzumuza zərər vurmaq üçün pis niyyətlə edildiyi qənaətinə gəldiyimiz hazırki iddia ilə məhkəməyə müraciət etməkdən səmərəli vasitə qalmadı. Belə ki, şirkətimizin təsisçilərindən birinin həmin səhifədən çıxış edərək biznesin idarə olunması ilə bağlı çıxışlarına görə paylaşımlara gələn baxış sayları müştərilər arasında şirkətimizin nüfuzunun daha yaxşı tanınmasına, eləcə də məhz həmin səhifədəki paylaşımlara görə şirkətdən avadanlıqlar almaq istəyən müştərilərin sayının kifayət qədər artmasına səbəb olmuşdur. Yuxarıda qeyd etdiyimi kimi Rəqabət Məcəlləsinin 19.1.2-ci maddəsinə əsasən haqsız rəqabətin formalarından biri də rəqib təsərrüfat subyektinin nüfuzdan salınmasıdır. Bu maddəyə istinadən bildirmək istəyirik ki, Cavabdeh MMC-nin saxta sənədlərlə META şirkətinə etdiyi şikayətlər əsasında həm yuxarıda qeyd olunan səhifələrin, daha sonra dərhal həm də qizilxett adlı səhifəmizin bağlanması müştərilərimiz arasında şirkətimizin fəaliyyəti və onun satdığı məhsul və xidmətlər barəsində tərəddüdlərə, çaşqınlığa səbəb olmuşdur ki, bu da nəticədə gəlirlərimizin azalmasına və ciddi maliyyə itkilərinə məruz qalmağımıza gətirib çıxarmışdır. Belə ki, şirkətdəki işgüzar və idafrəetmə məsələlərinin yolunda gedib-getmədiyini, idarəçilik, maliyyə sahələrində hər hansı problemlərin yarandığı barədə onlarda yaranmış haqlı narahatçılıq və şübhələri olan əvvəl mal almış və bizimlə əməkdaşlıq edən müştərilərimiz, həmçinin biznes tərəfdaşlarımız səhifələrin bağlanması hallarından narahatlıq keçirərək şirkətimizin həqiqətən də fəaliyyət göstəribgöstərmədiyini və bizə olan inametibarının real olub-olmamasını yerindəcə öyrənmək üçün bizimlə əlaqə saxlayıb ofisimizə gəlmişlər, onlarla cavabdehin bu hərəkətləri barədə ətraflə məlumatlar verilmiş və bu barədə ən qısa zamanda hüquqi addımların atılacağı bildirilmişdir. Lakin göründüyü kimi əvvəlindən Azcosmetics şirkətinin əsl niyyəti də elə bu idi.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin tələblərlə yanaşı cavabdehdən əlavə olaraq “qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzi olaraq 270903 (iki yüz yetmiş min doqquz yüz yetmiş) manat, həmçinin auditor xidmətinin həyata keçirilməsi üçün tərəflərindən ödənilmiş ƏDV daxil 18800 (on səkkiz min səkkiz yüz) manat vəsaitin də tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4113/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizənin iddiaçıya geri qaytarılması, iddia tələbinin həcminin artırılması barədə ərizə verilərkən ödənilmiş 560,90 (beş yüz altmış manat doxsan qəpik) manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir, belə ki, https://www.az-cosmetics.az/ saytı, “azcosmetics_mmc” adlı İnstagram platformasındakı rəsmi səhifə, @azcosmeticsmmc (AzCosmeticsMMC) adl Tik-Tok platformasındakı rəsmi səhifə cavabdehə məxsus olsa da, iddiaçıya ünvanlanmış bildirişlərdə göstərilən elektron ünvan cavabdehə məxsus deyildir. Tərəflər arasında daha əvvəl də məhkəmə mübahisələri olmuş, cavabdehə məxsus sənədlər, onun özünün şəxsi sənədləri elektron məhkəmə informasiya sistemində olmuş, ehtimal edir ki, ya iddiaçı, ya da digər şəxs göstərilən şikayətləri həmin sənədlərdən istifadə etməklə onun və ya cavabdehin adından etmişdir. Göstərilən şikayətlər cavabdeh tərəfindən edilməmiş, İddiaçı MMC-ə aid İnstagram sosial şəbəkə platformasında mövcud olmuş "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələrin bağlanmasına cavabdehin hər hansı aidiyyəti yoxdur.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2024 0252 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə qeydə alınmış “Fiona” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2033. ƏXTB üzrə siniflər: 35.
11. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2023 0370 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə qeydə alınmış “Vintex” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032. ƏXTB üzrə siniflər: 35.
12. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2024 0713 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə qeydə alınmış “DiolasHeerİce” əmtəə nişanının sahibi Beijing Nubway S&T Co., LTD-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2033. ƏXTB üzrə siniflər: 08,09,10,35.
13. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2023 0369 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə qeydə alınmış “İce X” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032. ƏXTB üzrə siniflər: 35.
14. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2024 2331 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə qeydə alınmış “Qızılxətt” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2034. ƏXTB üzrə siniflər: 35.
15. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2022 0885 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə qeydə alınmış “AzEstetikGroup” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032.
16. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2022 0884 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə qeydə alınmış “AzEstetikGroup” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032.
17. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2022 1537 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə qeydə alınmış “Wertex” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032.
18. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2022 1801 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə qeydə alınmış “DiolasHeerİce” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2032.
19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə ilə Beijing Nubway S&T Co., LTD tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbəsinə patentlərə, konstruksiyalara, faydalı modellərə, əmtəə nişanlarına və sənaye mülkiyyətinin digər obyektlərinə öz adımızdan ərizələr vermək, göstərilən ərizələri məsuliyyətə cəlb etmək və hər hansı və hər şeyi almaq; sənaye mülkiyyəti obyektlərində hüquqların saxlanması, dəyişdirilməsi, ötürülməsi və ya ləğvi ilə bağlı digər hüquqi hərəkətləri həyata keçirmək; "NUBWAY" və "DlOLASHeer ice" ticarət nişanlarının qeyri-qanuni qeydiyyatı, istifadəsi və pozulması ilə sənaye və ya kommersiya məsələlərində vicdanlı təcrübələrə zidd olan haqsız rəqabətlə bağlı bizi təmsil etmək əmtəə nişanından istifadə ilə bağlı, habelə üçüncü şəxslərin səlahiyyətli orqanlar qarşısında başlatdığı hərəkətlərdə, o cümlədən məhkəməyə və arbitraja iddiaların imzalanması və verilməsi, məhkəmə qərarlarına şikayətlərin verilməsi, məhkəmə qərarlarının icrası, tam və ya qismən imtina ilə bağlı münasibətləri bildirir, iddiaçıların iddialarının, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, habelə bu sahədə bizim adımızdan hesablaşmalar və digər müqavilələr bağlamaq səlahiyyəti İddiaçı MMC-yə verilmişdir. Etibarnamə xx.xx.2026-cı il tarixinə qədər qüvvədədir.
20. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının xx.xx.2023-cü il tarixli, A224-7/22 nömrəli qərarına əsasən Cavabdeh MMC-yə məxsus N 2022 1537 qeydiyyat nömrəli “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatına qarşı iddiaçı (ərizəçi) "X13" MMC-nin direktoru R.Qasımov tərəfindən Apellyasiya şurasına verilmiş ərizə təmin olunaraq, N 2022 1537 qeydiyyat nömrəli “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Bu qərar X7 sədri tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minmişdir.
21. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının A183/23 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-yə məxsus N 2022 1801 qeydiyyat nömrəli “DiolasHeerİce” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili M.Y.Qurbanov tərəfindən verilmiş etiraz ərizəsi təmin olunaraq, N 2022 1801 qeydiyyat nömrəli ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Bu qərar X7 sədri tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minmişdir.
22. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasından imzalanmış xx.xx.2024-cü il tarixli, 110324 nömrəli müqaviləyə əsasən sifarişçi müqavilənin tərkib hissəsi olan X1 göstərilən sosial media və marketinq xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada sosial media və marketinq xidmətlərini göstərməyi öhdəsinə götürür.
23. "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, MT2407 10662108 nömrəli 6420 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
24. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BD4 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 6420 manat vəsait ödənilmişdir.
25. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********025395 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
26. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Qanuni nümayəndə (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “Wertex” əmtəə nişanına dair **********507187 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
27. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********208864 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
28. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Qanuni nümayəndə (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, **********90275 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
29. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********208864 nömrəli şikayəti əsasında iddiaçının hesabı ilə bağlı icazələr dayandırılmışdır.
30. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “Sapphire” əmtəə nişanına dair **********160309 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
31. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********354217 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
32. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********022111 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
33. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********022111 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
34. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “Azestetik” əmtəə nişanına dair **********097217 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
35. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********43044 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
36. İş materiallarına əlavə olunmuş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) göndərilmiş rəsmi bildirişdən görünür ki, Cavabdeh MMC (mailto:azcosmeticmmc19@gmail.comElektron ünvan 3) tərəfindən, “DiolasHeer İce” əmtəə nişanına dair **********838942 nömrəli şikayəti əsasında iddiaçının paylaşdığı video İnstagram platformasından silinmişdir.
37. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4113/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadının icrası ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 31344-3/2-1295/2025 nömrəli məktubda araşdırma dövründə aidiyyəti üzrə müvafiq sorğular göndərildiyi, cavab olaraq isə “azcosmetics_mmc” Tik-Tok və Cavabdeh adlı “İnstagram” hesablarının hazırda aktiv olduğu, mailto:azcosmetics19@qmail.comElektron ünvan 4 elektron poçt ünvanının və hesabların kimlərə məxsus olmasının müəyyən edilməsinin mümkün olmadığı, lakin araşdırmanın davam etdiyi bildirilmişdir.
38. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4113/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadının icrası ilə bağlı olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 4/1952 nömrəli məktubda az-cosmetics.az saytının X6 tərəfindən qeydiyyatdan keçirildiyi, bundan əlavə, “İnstagram” sosial şəbəkəsində və “Tiktok” platformasında yaradılmış hesablarda əlaqə vasitəsi kimi qeyd olunan 50-4522616 mobil telefon nömrəsinin X5 adına sənədləşdirildiyi, qeyd olunan sayt və hesabların hazırda aktiv olduğu, bundan başqa, qeyd olunan internet resurslarının serverlərinin ölkə hüdudlarından kənarda yerləşdiyindən qərardaddakı digər məlumatların əldə edilməsinin mümkün olmadığı qeyd olunmuşdur.
39. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4113/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadının icrası ilə bağlı olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-27-101/2-761/2025 nömrəli məktubda: “Müvafiq qərardadda təqdim olunması qeyd edilən məlumatın əldə edilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsinin 5-ci bəndində nəzərdə tutulan əməliyyat-axtarış tədbirinin (texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması) həyata keçirilməsini tələb edir. “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun Tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 1999-cu il tarixli 206 nömrəli Fərmanının 2-ci hissəsinin 3-cü abzasında qeyd olunur ki, həmin qanunun 5ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 507 nömrəli Fərmanının 1-ci hissəsinin 2-ci abzasına əsasən telefon danışıqlarına qulaqasmanı, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər. Əlavə olaraq bildiririk ki, “Google” platformasının qayda və şərtlərinin məxfilik siyasəti bölməsinin “Məlumatlarınızın paylaşılması” hissəsinə əsasən müvafiq hallar (qüvvədə olan qanunvericiliyə, hüquqi prosedurlara və ya icra edilə bilən hökumət tələblərinə cavab vermək, dələduzluğun, təhlükəsizlik və ya texniki problemlərin aşkarlanması, qarşısının alınması və ya aradan qaldırılması; “Google” şirkətinin, istifadəçilərin və ya ictimaiyyətin hüquqlarının, mülkiyyətinin və ya təhlükəsizliyinin qorunması məqsədilə) istisna olmaqla, fərdi məlumatların üçüncü tərəflərlə paylaşılması qadağandır.” deyə qeyd olunmuşdur.
40. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
41. Məhkəmə iddia ərizəsini iddiaçıya aid İnstagram sosial şəbəkə platformasındakı "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələri barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan X3 yerləşən META Platforms İnc. şirkətinə (META) edilmiş şikayətlərin geri götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində əsaslı hesab edir.
42. Belə ki, materiallardan görünür ki, “Fiona”, “Vintex”, “İce X”, “Qızılxətt”, “AzEstetikGroup” əmtəə nişanlarının sahibi, habelə “Wertex” əmtəə nişanı və “DiolasHeerİce” əmtəə nişanının rəsmi təmsilçisi iddiaçı MMC-dir.
43. Həmçinin materiallardan görünür ki, “Wertex” əmtəə nişanı və “DiolasHeerİce” əmtəə nişanı daha əvvəl cavabdehin adına qeydiyyatına alınsa da, daha sonra həmin əmtəə nişanlarına dair qeydiyyat iddiaçının şikayəti əsasında etibarsız sayılmışdır.
44. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, İnstagram sosial şəbəkə platformasında mövcud olmuş və hazırda işlək olmayan "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələr iddiaçıya məxsusdur, https://www.az-cosmetics.az/ saytı, “azcosmetics_mmc” adlı İnstagram platformasındakı rəsmi səhifə, @azcosmeticsmmc (AzCosmeticsMMC) adlı Tik-Tok platformasındakı rəsmi səhifələr isə hazırda işlək olmaqla cavabdeh MMC-yə məxsusdur.
45. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, mötəbərliyi məhkəmə iclasında baxış keçirilməklə müəyyən edilmiş İnstagram platformasından (META Platforms İnc. Şirkəti) iddiaçı MMC-yə göndərilmiş bildirişlərdən görünür ki, “DiolasHeer İce” əmtəə nişanı, “Wertex” əmtəə nişanı ilə bağlı iddiaçının reklam xarakterli etdiyi paylaşımlar dəfələrlə İnstagram platformasından silinmişdir.
46. Həmin şikayətlərdə şikayəti edən qismində Cavabdeh MMC, paylaşımların silinməsi səbəbi kimi isə “şikayət edən şəxsin sizin mal təklifinizin və /və ya malların satışının təşviqinin onların ticarət nişanı hüquqlarını pozduğunu bildirdi” kimi göstərilmişdir.
47. Belə ki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun:
48. 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.
49. 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.
50. 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
51. 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
52. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
53. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
54. Həmin Qanunun 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
55. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun:
56. 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.
57. 2.0.13-cü maddəsinə əsasən rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxsdir.
58. 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır.
59. 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.
60. 4.11-ci maddəsinə əsasən reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.
61. 5-ci maddəsinə əsasən reklam “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququ və əlaqəli hüquqların obyektidir.
62. Beləliklə, məhkəmə qeyd edir ki, “Fiona”, “Vintex”, “İce X”, “Qızılxətt”, “AzEstetikGroup” əmtəə nişanlarının sahibi, habelə “DiolasHeerİce” və “Wertex” əmtəə nişanlarının rəsmi təmsilçisi olan iddiaçı həmin əmtəə nişanlarının qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır.
63. Lakin həmin əmtəə nişanları ilə bağlı iddiaçının özünə məxsus olan "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı İnstagram platformasındakı səhifələrdə etdiyi reklam xarakterli paylaşımlar cavabdeh tərəfin şikayətləri əsasında silinmiş, çoxsaylı şikayətlər əsasında həmin səhifələrin fəaliyyəti dayandırılmışdır.
64. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda İnstagram sosial şəbəkə platformasındakı ona aid "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələri barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan X3 yerləşən META Platforms İnc. şirkətinə (META) edilmiş şikayətlərin geri götürülməsini cavabdehdən tələb etməklə haqlıdır, bu səbəbdən iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
65. Məhkəmə iddianı ikinci, META şirkətinə edilmiş şikayətlərin əsassız və həqiqətə uyğun olmayan olduğundan şikayətlərdə göstərilənlərin xüsusi paylaşımla video müraciət şəklində təkzib edilməsi və bu barədə üzürxahlıq edilməsi, həmçinin həmin məzmunda iddiaçı MMC-yə cavabdeh (qanuni təmsilçisi vasitəsilə) tərəfindən məktub ünvanlanması (elektron və ya kağız daşıyıcıda) hissəsində isə əsassız hesab edir.
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
67. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
68. Belə ki, məhkəmə araşdırması zamanı həmin şikayətlərin X3 yerləşən META Platforms İnc. şirkətindən (META) başqa hər hansı fiziki və ya hüquqi şəxsə ünvanlanması, habelə kütləvi informasiya vasitəsilə yayılması halının olması müəyyən edilməmişdir.
69. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayımlanması halının olması öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.
70. Məhkəmə iddianı sonuncu - cavabdehin etdiyi sözügedən şikayətlərin haqsız rəqabət hərəkətləri sayılmaqla qanunsuz hesab edilməsi hissəsində də əsassız hesab edir.
71. Belə ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.15-ci maddəsinə əsasən haqsız rəqabət – müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətləridir.
72. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən haqsız rəqabətin formaları aşağıdakılardır: 19.1.1. müştərilərə qarşı aqressiv davranış; 19.1.2. rəqib təsərrüfat subyektinin nüfuzdan salınması; 19.1.3. rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi; 19.1.4. müştərilərin çaşdırılması və aldadılması; 19.1.5. kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması; 19.1.6. bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
73. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən aşağıdakılar rəqib təsərrüfat subyektini nüfuzdan salan hərəkətlər hesab edilir: 21.1.1. rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi); 21.1.2. rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi).
74. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən aşağıdakılar haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir: 25.1.1. haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi; 25.1.2. Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması; 25.1.3. rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi; 25.1.4. öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi; 25.1.5. rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; 25.1.6. bu Məcəllənin 19.2-ci maddəsi ilə qadağan edilmiş hərəkətlərin (hərəkətsizliyin) digər şəxslər tərəfindən törədilməsi məqsədilə ödənişlərin sifariş və ya təşkil edilməsi.
75. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən edilən qanunsuz və haqsız rəqabət xarakterli şikayətlər - hərəkətlər səhifələr bağlandığı tarixdən indiyədək əməkdaşlıq etdikləri şirkətlər, cari və potensial müştəriləri arasından çaşqınlığın yaranmasına, şirkətin rəsmi səhifələrinə giriş mümkün olmadığı üçün satışların artıq həyata keçirilib-keçirilməməsi barədə çoxsaylı müraciətlərin edilməsinə, bununla da əldə edəcəkləri potensial gəlirlərin qarşısının alınmasına və o səhifələrdən gələn ciddi gəlirlərinin itirilməsinə səbəb olmuşdur.
76. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilənlərin təsdiqi qismində hər hansı sübut təqdim edilməmişdir.
77. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğu üçün təmin edilməməlidir.
78. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-yə aid İnstagram sosial şəbəkə platformasındakı "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələr barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan X3 yerləşən META Platforms İnc. şirkətinə (qısaca META) edilmiş şikayətlərin geri götürülməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
79. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə aid İnstagram sosial şəbəkə platformasındakı "azestetik.service", "azestetikclub" və “qızılxett” adlı səhifələr barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan X3 yerləşən META Platforms İnc. şirkətinə (qısaca META) edilmiş şikayətlərin geri götürülməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova