Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2916/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: vurulmuş ziyanın) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə vurulmuş maddi ziyana görə 1.487 manat, əldən çıxmış fayda 833 manat, işgüzar nüfuza vurulmuş ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat məbləğidə pulun cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "Araz Supermaraket” MMC hal-hazırda ölkəmizin bir çox ərazilərindəki 300-dən çox marketi, 12000-dən artıq əməkdaşı və Məmmədli kəndində yerləşən müasir logistik mərkəzi ilə müştərilərin xidmətindədir. 2025ci il yanvar ayı üzrə "xxxx" ASC əməkdaşları bir sıra ünvanda yerləşən marketlərimizə yaxınlaşaraq, həmin ay təqdim etdikləri hesab ödəniş fakturasında qeyd olunan sərfiyyatların ödənişlərini tələb etmişdilər. Bu ödənişlərin vaxtı Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq etdiyi “Elektrik enerjisindən istifadə Qaydalarının 8.14-cü bəndi ilə 1 ay müəyyən edildiyi üçün, təbii olaraq ödənişləri etməmiş və növbəti ayın əvvəli, yəni fevralda ödəcəyimizi bildirmişik. Lakin, "xxxx" ASC əməkdaşları marketlərimizə hədə-qorxu gələrək ödəniş edilmədiyi təqdirdə enerji verilişinin dayandırılacağını bildirmişdirlər. Qanunsuz və əsassız olaraq şifahi və rəsmi xəbərdarlıqlar edərək və ya etməyərək, 14 ünvanda yerləşən marketlərimizə təzyiq etmiş, şirkət imicinə və maliyyəmizə qəsdli şəkildə zərər yetirmək məqsədi ilə 7 market üzrə elektirik enerjisinin verilişini dayandırmışlar. Digər 7 market üzrə isə qaydalara tamamilə zidd olan xəbərdarlıq verilərək elektrik enerjisinin dayandıracaqları ilə hədələmiş, təzyiqlər göstərmişlər. Belə ki, "xxxx" ASC əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində İddiaçı MMC-yə maddi ziyan yetirilmişdir. Yuxarıda qeyd olunan marketlərimizdə elektrik enerjisi dayandırıldığı üçün genarator enerjisi ilə marketləri təmin etməyə çalışmışıq. Belə olan halda yanacaq üçün aşağıda göstərilmiş cədvəldə ətraflı qeyd olunduğu kimi 1487 manat xərclər çəkilmişdir. Eyni zamanda iki market üzrə elektrik enerjisinin olmaması ilə əlaqədar olaraq marketdə olan müştərilər alış-verişi dayandıraraq başqa marketlərə üz tutmaq məcburiyyətində qalmışdır. Bununla da şirkətə 833 manat maddi ziyan vurulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
10. İddiaçı tərəf iddiasında, "xxxx" ASC tərəfindən iddiaçıya məxsus obyektlərdə elektrik enerjisinin əsassız olaraq dayandırılması səbəbindən ona dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş edir.
11. Cavabdeh tərəf iddiaya etiraz edərək, enerji təchizatının dayandırılması barədə heç bir sübutun iddiaçı tərəfindən təqdim edilmədiyini, enerji təchizatının cavabdeh tərəfindən iddiaçıya məxsus obyektlərdə dayandırılmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2916/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-tikinti ekspertizası ilə qoyulmuş: -İddiaçı MMCyə aid 11/32, **********4, 07/74/186, 11/862, 03/17- 619, 01/14-636, 11/3700 və **********5 saylı abonə kodları üzrə xx.xx.2025- xx.xx.2025-ci il tarixlərində elektrik enerjisinin verilməsi dayandırılmışdırmı? - Dayandırılmışdırsa qeyd edilmiş sahələr üzrə ayrı-ayrılıqda göstərilməklə, saat olaraq nə qədər müddətə dayandırılmışdır? suallara cavab olaraq Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi xx.xx.2025-ci il tarixli məktubla İddiaçı MMC-yə aid 11/32, **********4, 07/74/186, 11/862, 03/17- 619, 01/14-636, 11/3700 və **********5 saylı abonə kodları üzrə xx.xx.2025xx.xx.2025-ci il tarixlərində elektrik enerjisi verilişinin dayandırılmadığını və fasilələrin yaranmadığını, **********5 abunə kodu üzrə isə 110/35/10 kV-luq Ucar yarımstansiyasından çıxan 10kV-luq 3-cü hava elektrik verilişi xəttində yaranmış qəza ilə əlaqədar xx.xx.2025-ci il tarixində saat 10ºº-12ºº radələrində elektrik enerjisi verilişində fasilə yarandığını bildirmişdir.
13. Göründüyü kimi, iddiaçıya məxsus olan marketlərdə elektrik enerjisinin verilməsi dayandırılmamışdır. Cəmi bir ünvan üzrə yəni, **********5 abunə kodu üzrə olan marketdə 110/35/10 kV-luq Ucar yarımstansiyasından çıxan 10kV-luq 3-cü hava elektrik verilişi xəttində yaranmış qəza ilə əlaqədar xx.xx.2025-ci il tarixində saat 10ºº-12ºº radələrində elektrik enerjisi verilişində fasilə yaranmışdır.
14. Yəni qeyd edilmiş sonuncu bir ünvan üzrə 2 saatlıq elektrik enerjisinin verilişindəki fasilə cavabdehin təqsiri üzündən olmamışdır.
15. Belə olan halda, Məkəmə qeyd edir ki, iş materiallarında mötəbər sübut olmadığından iddiaçı tərəf məhz cavabdehin təqsiri üzündən ona ziyan dəydiyini sübuta yetirə bilməmişdir.
16. Qeyd olunan hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması və yaxud gəlirdən məhrum olması halı istisna olunur.
17. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov