Məhkəmə qərarları › İş №2-2(103)-146/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-146/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-146/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi (direktoru) X2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh-yə qarşı «müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, borcun və cərimənin tutulması haqqında» iddia tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işəsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 144.192,0 manat əsas borc, 11.535,0 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi 155.757,0 manat məbləğin Cavabdeh-dən tutularaq İddiaçı-yə ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 04-LA/16 №-li xx xxxx 2016-cı il tarixli lizinq müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə 144192,0 manat əsas borcun, 11.535,0 manat cərimənin və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh-dən tutularaq İddiaçı-yə ödənilməsi və lizinq obyekti olan texnoloji avadanlıqların yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə iddiaçıya qaytarılması qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları bundan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, ödəniş qrafiki üzrə ilkin ödəniş xx.xx.2016-cı il tarixə aid olmaqla, cavabdeh tərəfindən 224.300 manat pul ödənilmişdir. xx.xx.2016-cı il tarixində növbəti ödəniş tarixi olmuşdur ki, bu halda da 69.745 manat ödəniş nəzərdə tutulmuşdur. xx xxxxxx 2016-cı il tarixində iddiaçı tərəfindən göndərilən pretenziyada məhz bu məbləğin ödənilməsi tələb olunmuş, əks təqdirdə, müqavilənin ləğvi və lizinq obyektinin geri alınması ilə bağlı tələb irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, pretenziya qanunsuz olmuş, Mülki Məcəllənin tələblərinə uyğun olmamışdır. Belə ki, lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, o halda lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Pretenziyadan da göründüyü kimi, yalnız bir dəfə lizinq ödənişi həyata keçirilməmiş, lakin məhkəmə həmin pretenziya iddia ərizəsinin icraata qəbulu üçün əsas mümkün şərti hesab etmişdir. Məhkəmə Mülki Məcəllənin 748-1.12.4-cü maddəsində göstərilən tələblərin lizinq verən tərəfindən gözlənilmədən məhkəməyə iddia verməsini və bu halları sübut etməməsini nəzərə almamışdır. Bundan əlavə xx.xx.2017-ci il tarixdə Cavabdeh-nin təsisçisi Akio Ueda ilə X6 arasında bağlanmış, «müəssisədəki payın alqı-satqısı haqqında» müqaviləyə əsasən birinci müəssisədəki 100 faiz payını ikinciyə satmış, müəssisənin direktor vəzifəsinə X5 təyin edilmiş və bu barədə iddiaçıya bildirilmiş, lakin sonuncu işin məhkəməyə verilməsi barədə ona xəbərdarlıq göndərməmişdir. Məhkəmədə onun iştirakının təmin edilməməsinin nəticəsidir ki, V.Hüseynovun ödəniş tapşırığı əsasında 50.000 manat ödəməsi nəzərə alınmamış, iddiaçı isə bunu qərəzli şəkildə məhkəməyə bildirməkdən yaınmışdır. Bundan əlavə iddiaçı xx.xx.2016-cı il tarixli müqaviləyə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli əmri mövcud olmuş, həmin əmr cavabdehdən və məhkəmədən gizlədilmişdir. Həmin əmrə əsasən lizinq müqaviləsinə xitam verilməsi və iddiaçı ilə X7 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli Ş-04/17 saylı yeni müqaviləyə əsasən avadanlıqlar 1.948.955 manat qalıq qiyməti ilə 3 il müddətinə sonuncuya lizinqə verilir. Onlar həmin əmrdən xəbər tutduqları vaxtdan heç bir fəaliyyət göstərməmiş, məsələnin həllini gözləmişlər. Bununla belə iddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba əsasən guya cavabdeh ona 344.045 manat pul vəsaiti ödəmiş, gecikdirilmiş borc 598.864 manat, ümumi borc isə 1.898.955 manat təşkil edir. Belə çıxır ki, iddiaçı əsassız olaraq cavabdehdən əlavə pul tələb edir. Qeyd edildiyi kimi, 50.000 manat ödəniş məhkəmə tərəfindən nəzərə alınmamış, bu fakt iddiaçı tərəfindən məhkəməyə bildirilməmiş, üstəlik cavabdehlə müqaviləni birtərəfli ləğv etməsinə baxmayaraq, əsassız olaraq cavabdehdən pul tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-444/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-481/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-444/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Cavabdehin nümayəndəsi (direktoru) X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki üzrə xx.xx.2017-ci il tarixinədək ödəməli olduğu 213.937,0 manat məbləğdən, cəmi 69.745,00 manat ödəniş aparmış, həmin tarixə onun 144.192,00 manat borcu yaranmış, ona ünvanlanmış pretenziya və xəbərdarlıqlara müsbət nəticə verməmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 748-1.12-4-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, lizinq ödənişi 2 dəfədən artıq ödənilmədikdə, lizinq verən lizinq obyektini geri ala, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə bilər İş materiallarından görünür ki, ödəniş qrafiki üzrə nəzərdə tutulan birinci ödəniş tarixi xx.xx.2016-cı il tarixidir ki, həmin tarixdə də onun tərəfindən 224.300 manat məbləğində avans ödənilmiş, növbəti ödəniş tarixi isə xx.xx.2016-cı il olmuş, həmin tarixə də 69.745 manat ödəniş nəzərdə tutulmuşdur. İddiaçının xx xxxxxx 2016-cı il tarixli məktubu ilə ona göndərilən pretenziyada da məhz bu məbləğin ödənilməsi tələbini nəzərdə tutmuş, əks təqdirdə, müqavilənin ləğvi, avadanlıqların geri qaytarılacağının tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdehə yalnız bir dəfə 69.745,00 manat məbləğlə bağlı pretenziya göndərilmiş və bu məbləğ ödənilmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı pretenziya göndərilərkən gecikdirilmiş ödəmənin sayı 2 dəfədən artıq olmadığından müqavilənin ləğvi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsininiş üzə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə cavabdeh lizinq alan kimi lizinq verənin pretenziya və xəbərdarlıq məktublarından asılı olmayaraq müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödəniş qrafikində razılaşdırılmış ödənişləri vaxtında ödəmək vəzifəsi daşısa da, bu hal iddiaçıya lizinq verən kimi prosessual qanunvericiliyin tələbinə əməl etmədən məhkəmədə iddia qaldırmaq hüququ vermir. MPM-in 4.1-ci maddəsinə əsasən hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. MPM-in 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırki iş üzrə iddiaçının tələblərindən biri lizinq müqaviləsinin ləğv edillməsi barədə tələbdir. MM-in 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 02-LA/16 nömrəli lizinq müqaviləsinin 8-ci bəndində mübahisəli məsələlərin həlli qaydası təsbit edilmişdir. Həmin bənddə qeyd edilir ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər. İddiaçı tərəfindən lizinq haqqının 2 dəfə ardıcıl ödənilməməsi əsası ilə cavabdehə pretenziya göndərilməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırlanadək pretenziya qaydasına riayət edilmədiyindən iddiaya mahiyyəti üzrə baxılması prosessual normaların tələblərinə uyğun olmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 29/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 259, 263-264, 384.0.4, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia baxılmamış saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar