Məhkəmə qərarları › İş №2-2(103)-147/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-147/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-147/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması və dəymiş zərərin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1004/2020 saylı qətnaməsindən (hakim Z.Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh fərdi sahibkar Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə ödənilmiş 13340,20 manat əsas borc, dəymiş 1460,40 manat maddi zərər, işgüzar nüfuza vurulmuş 10\000 manat zərər və 30 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 24800,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edimişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh” arasında xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Alıcı” həmin müqavilədə göstərilən malları “Satıcı”ya sifariş etdikdən sonra müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilədə göstərilən məbləği xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı əsasında “Satıcı”ya tam şəkildə ödəmişdir. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilə ilə müəyyən edilmiş avadanlıqları ən gec 28 gün ərzində təhvil verməli olduğu halda, artıq 1 ildir ki, alıcıya təhvil verməmişdir. Aparılan çoxsaylı danışıqlar və xahişlərdən sonra Cavabdeh ödənilən pul məbləğinin bir hissəsi geri alınsa da, “Satıcı” borcu hələ də alıcıya geri qaytarmamışdır. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı satıcıya dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, satıcı müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınır. İddiaçı MMC tərəfindən Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə rəsmi surətdə müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilərək 3 (üç) gün ərzində borcun ödənilməsi tələb edilsə də, “Satıcı” yenə də həmin xəbərdarlığa heç bir cavab verməmiş və sözügedən borcu və dəymiş zərəri ödəməmişdir. Satıcının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən “Alıcı” 3-cü şəxslər qarşısında götürdüyü öhdəlikləri icra edə bilməmiş və sonradan məcburiyyət qarşısında qalaraq xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsində qeyd olunan avadanlıqları digər Satıcıdan daha baha qiymətə alaraq aidiyyatı üzrə təhvil verməyə məcbur olmuş, nəticədə mənfəət əldə edəcəyi işdən böyük zərərlə çıxmalı olmuşdur. Baş verənlərlə yanaşı, İddiaçı MMC-nin işgüzar nüfuzuna da çox böyük zərbə vurulmuş, ona olan inam zədələnmişdir və bu zərəri 10000 manat məbləğində dəyərləndirir. Cavabdeh müqavilə üzrə 18 ədəd – 32 GB-lıq “İpad 6” və 36 ədəd – 4K “Apple tv” olaraq 24600,78 AZN dəyərində malı təhvil versə də, malların qalanını, yəni 22 ədəd – 32 GB-lıq “İpad 6” və 2 ədəd - 4K “Apple tv”ni alıcıya təhvil verməmişdir. Müqavilədə göstərilən mallar tam təhvil verilmədiyindən başqa mağazalar şəbəkəsindən həmin malları daha baha qiymətə təkrar ödəniş etməklə almışdır. Bunun üçün bir ədədinin qiyməti 680 manat olan 17 ədəd 32 GBlıq “İpad 6”, bir ədədinin qiyməti 695 manat olan 1 ədəd 32 GB-lıq “İpad 6”, bir ədədinin qiyməti 500 manat olan 2 ədəd 4K “Apple tv” almaq üçün ümumilikdə 13255 manat məbləğində pul ödəmişdir. Halbuki hazırkı müqavilə üzrə həmin malların dəyəri 11059,60 manat təşkil etmişdir. Hazırda cavabdehin iddiaçıya ümumilikdə 24800,60 manat borcu vardır Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1004/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13340,2 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat olmaqla, cəmi 13356,2 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 14 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1004/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı arasında xx xxxxxx 2019-cü ildə 94 saylı alğı-satqı müqaviləsini bağlanmış, alıcı müqavilədə qeyd olunduğu kimi malların dəyərini əvvəlcədən ödəmişdir. O, malların bir hissəsini vaxtında iddiaçıya təhvil vermiş, malların digər hissəsini isə ondan asılı olmayan səbəblərdən İddiaçı MMCyə təqdim edə bilməmişdir. Malların digər hissəsi gəldikdə isə onlar malı təhvil almaqdan imtina etmişdir. xx xxxxxx 2019-cü ildə 94 saylı alqı-satqı müqaviləsinin 1.1.5-ci maddəsində alıcı tərəfindən malın dəyəri ödənildikdən sonra onun avadanlığı qəbul etməli olduğu qeyd olunur. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı malı qəbul etməkdən imtina etmişlər. Bu isə müqavilə şərtlərinin birbaşa pozulmasına və qeyd edilmiş öhdəliyin alıcı tərəfindən yerinə yetirilməməsi ilə nəticələnmişdir. Eyni zamanda, müqavilədə malın çatdırılma müddəti göstərilməmişdir. Alğı-satqı müqaviləsinin 2.4-cü maddəsində malın tədarük müddəti göstərilir. Tədarük müddəti isə onun malı 14-28 iş günü ərzində əldə etməyi deməkdir. Azərbaycan dilinin izahlı lüğətinə nəzər salsaq görərik ki, tədarük etmək “bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat” deməkdir. Müqavilədə qeyd olunan mallar 14-28 gün ərzində artıq anbarda olmuşdur. Lakin malın çatdırılması ondan asılı olmayan səbəblərdən gecikmişdir. Alğısatqı müqaviləsinin birinci bəndinə əsasən malların alıcıya təhvil-təslim aktı əsasında veriləcəyi qeyd olunmuşdur. Malların tədarük edildikdən sonra hansı müddətdə alıcıya təhvil verilməsi ilə bağlı müqavilədə heç bir müddəa yoxdur. Nəzərə alsaq ki, mallar tez xarab olan malların siyahısına aid edilmir, bu zaman müddətin ötməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət olunması əsassızdır. Eyni zamanda o, ilkin iddia üzrə iddiaçının nümayəndəsinə bu halı dəfələrlə izah etməyinə baxmayaraq iddiaçı onunla razılaşmamışdır. Bu səbəbdən hətta o, iddiaçıya malın dəyərinin bir hissəsini geri qaytarmaq məcburiyyətində qalmışdır. Onun tərəfindən müqavilə üzrə bütün öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Qətnamə tamamilə əsassız olduğunda ləğv edilməli, iddia tələbi isə ləğv edilməlidir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1004/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə ilə satıcı 38 ədəd Apple TV 4k (64gb), 40 ədəd Apple 9.7 iPad (32gb, Wi-Fi only) alıcıya satmağı, alıcı isə qeyd olunan malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1 ci bəndinə əsasən satış predmeti olan avadanlığın toplam dəyəri 37940,98 manat təşkil edir. Alıcı müqavilə ilə nəzərdə tutulmuş məbləğin 100%-ni əvvəlcədən nağd şəkildə satıcıya ödəməlidir. Müqavilənin ümumi dəyərinə bütün vergi daxildir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən avadanlığın tədarük şərtləri DDP Baku malların alıcıya çatdırılması üzrə bütün xərclər malların/xidmətlərin müqavilə ilə müəyyən olunmuş dəyərinə daxildir və alıcı çatdırılma üçün heç bir əlavə ödəniş həyata keçirmir. Həmin müqavilənin 2.4-cü bəndinə uyöun olaraq avadanlığın tədarük müddəti 100% ödənişdən sonra 14-28 iş günü ərzində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və təqsirli tərəf bunun nəticəsində dəymiş zərərin (əldən çaxmış fayda da daxil olmaqla) əvəzini qanunvericiliyə uyğun şəkildə tam həcmdə ödəməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən zəmanət müddətinin axımı avadanlığın alıcıya təhvil verilddiyi andan başlanır. Alıcı satıcıya ödəməli olduğu məbləği geçikdirdiyinə görə hər gecikdirilmiş gün üçün ödənişin 0,1%-i məbləğində cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixdə, 94 saylı alqı-satqı müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 37940,98 manat məbləğində pulu almışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 24600.78 manat olan 18 ədəd Apple 9.7 iPad 6(32gb, Wi-Fi only) və 36 ədəd Apple TV 4k (64gb) təhvil verilmişdir. Müqavilə üzrə iddiaçıya ödənilmiş ümumi məbləğin 13340,2 manat hissəsi üzrə cavabdeh tərəfindən mallar təqdim edilməmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2019cu il tarixli, 19-011 nömrəli pretenziya məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək borcun ödənilməsi xahiş edilmişdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd olunan müqaviləyə əsasən cavabdeh 38 ədəd Apple TV 4k (64gb), 40 ədəd Apple 9.7 iPad (32gb, Wi-Fi only) iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə cavabdehə 37940,98 manat ödəniş etmiş, 24600,78 manat dəyərində mallar təhvil verilsə də, cavabdeh 13340,2 manat dəyərində malları iddiaçıya təqdim etməmişdir. İddia ərizəsinə dəqiqləşmədən görünür ki, təhvil verilməyən mallar aşağıdakılardır: 22 ədəd 32 GB-lıq “İpad 6” və 2 ədəd 4 K “Apple TV”. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Müki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2.-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edildiyi hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Apelyasiya şikayətində dəyəri tələb edilən malların iddiaçıya təqdim edildiyi, lakin iddiaçı tərəfindən təhvil alınmadığı qeyd edilsə də bu barədə hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, müqavilənin 2.4-cü bəndində avadanlığın tədarük müddətinin ödənişdən sonra 14-28 iş günü olduğu qeyd edilmişdir. Malların tədarük edildikdən sonra alıcıya hansı müddətdə təqdim edilməli olduğu, yəni öhdəliyin icra müddəi qeyd edilməmişdir. Məhkəmə müqavilədə öhdəliyin icra müddətinin müəyyən edilmədiyinə dair cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, hazırkı halda malların dəyərinin müqavilə bağlandığı gün, yəni xx.xx.2019-cu il tarixdə ödənildiyi işin mübahisəsiz halı olduğundan tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən malların tədarük edilərək alıcıya təhvil verilməsi ən geci 28 iş günü ərzində həyata keçirilməli idi. Apelyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh dəyəri tələb edilən malları halhazıradək alıcıya təhvil verməmişdir. Buna görə də, təhvil verilməmiş malların dəyərinin alıcıya qaytarılmaqdan imtina etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 1004/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1004/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar