Məhkəmə qərarları › İş №2-2(103)-147/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-147/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-147/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3824/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 65.991,78 manat (18% ƏDV daxil olmaqla) borcun, 6.599 manat dəbbə pulunun və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 72.620,79 pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 65.991,78 manat əsas borcun və ödənilmiş 20 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olumasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia tələbinin əsası kimi 24.10.2019-cu il tarixli müqaviləyə istinad edilsə də, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə mövcud deyil. İddiaçı cavabdehə iddia etdiyi malları satıbsa, buna dair təsdiqedici sənədləri, üzləşmə aktlarını təqdim etməli idi. Bir neçə elektron qaimə elektron sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Həmçinin, məhkəmə prosesi zamanı iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ildə tərtib edilmiş malların təhvil-qəbul aktına nəzər yetirərkən məlum oldu ki, sözügedən aktda malların Rafael adlı şəxs tərəfindən təhvil alınması qeyd olunub, lakin cavabdehdə Rafael adlı əməkdaş işləməyib və hazırda işləmir. İddiaçı tərəfindən tələb edilən məbləğ şübhəlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə və yalnız apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 24.10.2019-cu il tarixli 13/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq siyahısı əlavədə nəzərdə tutulmuş malı alıcıya (cavabdeh) satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən, malın təhvil-təslimi tarixindən 15 gün ərzində ödəniş aparılmalıdır. Müqaviləyə 30.12.2019-cu il tarixli 2 nömrəli, 08.04.2020-ci il tarixli 3 nömrəli, 21.04.2020-ci il tarixli 4 nömrəli, 18.06.2020-ci il tarixli 5 nömrəli, 23.09.2020-ci il tarixli 6 nömrəli, 15.10.2020-ci il tarixli 7 nömrəli, 11.12.2020-ci il tarixli 8 nömrəli, 22.02.2021-ci il tarixli 9 nömrəli, 09.03.2021-ci il tarixli 9 nömrəli əlavə qiymət razılaşma protokolları ilə 24.10.2019-cu il tarixli müqavilə üzrə satılacaq malların miqdarı və qiyməti razılaşdırılmışdır. İddiaçı tərəfindən cavabdehə EBAE 642132 nömrəli 30.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 64.790,26 manat, EBAİ 560595 nömrəli 08.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 25.122,20 manat, EBAJ 012741 nömrəli 21.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 8.499,54 manat, EBAL 268003 nömrəli 18.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 4.242,10 manat, EBAQ ******* nömrəli 23.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 27.429,10 manat, EBAR 309248 nömrəli 15.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 9.887,22 manat, EBAT 750771 nömrəli 11.12.2020-ci il tarixli elektron qaiməyə əsasən 908,60 manat, EBAX 772350 nömrəli 22.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 38.081,19 manat, EBAY 260779 nömrəli 27.05.2021-ci il tarixli elektron qaiməyə əsasən 1.963,52 manat məbləğdə malların təhvil verilməsi haqqında elektron qaimələr təqdim olunmuşdur. Borcların qarşılıqlı üzləşdirilməsinə dair 12.07.2021-ci il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya ödənilməli olduğu borcunun məbləğinin 55.925,2 manat olması tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. 12.07.2021-ci il tarixli aktda ƏDV məbləği göstərilməmişdir, həmin məbləğ, yəni 10.066,58 manat da nəzərə alınarsa, cəmi qəbul edilən borc məbləği 65.991,78 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışlara görə, cavabdeh tərəfindən 24.10.2019-cu il tarixli 13/19 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçının bank hesabına 04.12.2020-ci il tarixdə 11.000 manat, 2019-cu il tarixdə 10.000 manat, 18.12.2019-cu il tarixdə 23.594 manat, 04.02.2020-ci il tarixdə 20.000 manat, 08.06.2020-ci il tarixdə 3.000 manat, 07.04.2020-ci il tarixdə 9.000 manat, 17.04.2020-ci il tarixdə 7.203 manat pul köçürülmüşdür. Ödəniş tapşırıqlarına əsasən 05.12.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya 1.800 manat, 19.12.2019-cu il tarixdə 4.246,92 manat, 16.04.2020-ci il tarixdə 6.048,5 manat, 08.06.2020-ci il tarixdə 3.456,54 manat, 04.12.2020-ci il tarixdə 1.980 manat pul ödənilmişdir. Malların təhvil-qəbul aktlarına əsasən 30.12.2019-cu il tarixdə 64.780,26 manat (HCO 306802), 08.04.2020-ci il tarixdə 25.122,20 manat (HCO 306866),21.04.2020-ci il tarixdə 8.499,54 manat (HCO 306871), 18.06.2020-ci il tarixdə 4.242,10 manat (HCO 306885), 23.09.2020-ci il tarixdə 27.429,10 manat (HCO 306929), 15.10.2020-ci il tarixdə 9.887,22 manat (HCO 306951), 11.12.2020-ci il tarixdə 908,60 manat (HCO 3069768), 22.02.2021-ci il tarixdə 38.081,19 manat (HCO 307013), 27.05.2021-ci il tarixdə 1.963,52 manat (HCO 307031) məbləğdə mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, aktlar tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir; 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər; 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının cavabdehə malları təqdim etməsi, sonuncunun malları qəbul etməsi, aldığı mallara görə qismən ödəniş etməsi, elektron qaimələrə 5 gün ərzində etiraz etmədiyi üçün qaimələrin qüvvəyə minməsi və borcunu qəbul etməsi iş materiallarında olan alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavələr qismində qiymət razılaşma protokolları, borcların qarşılıqlı üzləşdirilməsinə dair akt, bank çıxarışları, ödəniş tapşırıqları, malların təhvilqəbul aktları və elektron qaimələrlə tam təsdiq olunur. Cavabdeh 24.10.2019-cu il tarixli müqavilənin mövcud olmadığını bildirsə də, tərəflər arasında bağlanan həmin alqı-satqı müqaviləsi işdə mövcuddur, iddiaçı üzləşmə aktını təqdim etmişdir, elektron qaimələrin elektron sistem tərəfindən avtomatik olaraq təsdiqlənməsinin məsuliyyəti cavabdehə aiddir. Malların Rafail adlı şəxs tərəfindən təhvil alınmasına və onun cavabdehin işçisi olmamasına gəldikdə isə, işdən görünür ki, həmin Rafail adlı şəxs elektron qaimələri də imzalamış, qəbul etdiyi malların dəyəri isə ümumi borcun əksər hissəsini təşkil etməklə, cavabdeh tərəfindən bir hissəsi ödənilmişdir. Bununla da, şikayətin dəlilləri formal xarakterli olmaqla, borcun ödənilməməsinə haqq qazandırmağa və onu ödəməkdən yayınmağa yönəlmiş mülahizələrdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3824/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar