Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-147/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5524/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət sosial müdafiə fonduna olan 2413,51 manat, işsizlikdən sığorta fonduna olan 109,73 manat, icbari tibbi sığorta fonduna olan 383,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icbari tibbi sığorta fonduna 383,74 manat, işsizlikdən sığorta fonduna 109,73 manat, dövlət sosial müdafiə fonduna 2413,51 manat olmaqla, ümumilikdə 2906,98 manat borcu vardır.
3. Maraqlı şəxs tərəfindən ərizə tələbinə qarşı etiraz təqdim edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 5524/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
5. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5524/2023 qətnaməsini ləğv edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə cəmiyyətin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali qanunvericilik aktına əsasən qanunla müəyyən edilmiş bütün vergilər və digər bütün ödənişləri tam həcmdə və vaxtında ödənilməlidir. Lakin məhkəmə tərəfindən işə baxılarkən tam şəkildə yerinə yetirilməmiş iş üzrə iddia rədd edilmişdir, baxmayaraq ki, qanunvericilikdə birbaşa olaraq tam həcmdə ödənilməli olması öz əksini tapmışdır. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tərəfimizdən verilmiş ərizə rədd edilmişdir, halbuki qeyd olunan maddi hüquq normaları birbaşa şəkildə öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini, yerinə yetirilmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması imkanını nəzərdə tutmuşdur. Qanunvericiliyə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. VM-də ölkədəngetmə hüququnun müvəqqəti məhdudlaşdırılması vergi orqanının hüququ kimi nəzərdə tutulmuş və maraqlı şəxs tərəfindən öhdəlikləri yerinə yetirilmədiyi üçün vergi orqanları bu hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarılarkən bütün sübutlar tam şəkildə araşdırılmamışdır. Belə ki, əgər maraqlı şəxsin şəxsi hesab vərəqəsinə baxılsaydı bu zaman öhdəliklərin tam şəkildə yerinə yetirlmədiyi aşkar olardı. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şikayətə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" MMC-nin (VÖEN:**********) dövlət büdcəsinə borcunun olmasına baxmayaraq məhkəmə tərəfindən qərar qəbul edilən zaman vergi münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi orqanına verilmiş hüququn realizə edilməsinə əsassız olaraq maneə yaratmışdır. Belə ki, həmin Məcəllədə vergi ödəyicilərinin borcunun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilmişdir. Hazırkı iş üzrə maraqlı şəxsin borcu olduğuna baxmayaraq məhkəmə borcun ödənilməsi səbəbindən ərizəni rədd etmişdir. Qüvvədə olan heç bir qanunvericilik normasında borc olduğu təqdirdə və ya borc məbləğinin müəyyən həddən aşağı olması səbəbindən ərizənin rədd edilməsi ilə bağlı müvafiq norma mövcud deyildir. Məhkəmə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X7 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.
19. Hazırkı işin halları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icbari tibbi sığorta fonduna 383,74 manat, işsizlikdən sığorta fonduna 109,73 manat, dövlət sosial müdafiə fonduna 2413,51 manat olmaqla, ümumilikdə 2906,98 manat borcu vardır.
20. Bununla yanaşı müəyyən olunur ki, maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" MMC-nin işsizlikdən sığorta fonduna olan 157,60 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 2000 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 1516 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən, "xxxx" MMC-nin icbari tibbi sığorta fonduna olan 566 manat borcu ödənilmişdir.
21. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən elektron sistemə əlavə edilmiş xx.xx.2024-cü il çapolunma tarixli "xxxx" MMC şəxsi hesab vərəqəsindən hər hansı borcun mövcud olmadığı müəyyən edilmişdir.
22. Qalıq borcu olduğu təqdirdə belə kollegiya qeyd edir ki, İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
23. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.
24. Əksinə, şəxsi hesab vərəqəsindən görünür ki, hazırki ərizə məhkəməyə verildikdən ödənişlər həyata keçirilmiş, həmin vəsaitlər müvafiq olaraq ödənilməli borclara silinmişdir.
25. Bu isə maraqlı şəxsin vergi orqanının bildirişlərinə biganə qalmadığı, könüllü olaraq hesabına pul vəsaiti köçürdüyünü və bununla da, ödənişlərin təmin etdiyini göstərir.
26. Eyni zamanda maraqlı şəxsin borcları olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir.
27. Halbuki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
28. Kollegiya qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
29. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
30. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X7 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas mövcud olmadığından birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5524/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov