Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1483/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2- 2(113)-5202/2021 saylı qarşılıqlı iddianın geri qaytarılmasına dair qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Məhsulları” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 5460 manat pulun tutulmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Məhsulları” MMC-dən 1 ədəd 15 tonluq “X2 Global Smart” markalı lapet (qoşqu) və yerqazan qurğunun alınaraq Cavabdeh MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-2(113)-5202/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 və 155.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədiyindən geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5202/2021 saylı 03.11.2021-ci il tarixli qərardadının ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi Avropa Məhkəməsinin qərarlarında prosessual qaydalarla bağlı müəyyən etdiyi başlıca prinsipə -“prosessual qənaət” prinsipinə ziddir. Belə ki, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydalarına uyğun həyata keçirilsə də, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədin iddia ərizəsinə əlavə edilməsi tələbinə riayət edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə “artıq formalizm” hesab edilir. Qeyd edilən “formalizmə” riayət edilməsi əlavə vaxt itkisi ilə yanaşı, eləcə də qarşılıqlı iddianın verilməsi üçün müəyyən edilmiş müddətin tükəndirilməsi ilə nəticələnir. Məhkəmənin bu mövqeyinə inanılsa, onda iddianın verilməsinin ümumi qaydalarının hər birinə riayət edilməli, hətta pretenziya və mediasiya ilə bağlı qaydalar da gözlənilməlidir. Halbuki, oxşar, normada (analogiya tətbiq olunarsa) pretenziya və mediasiya kimi qaydalara riayət etmədən birbaşa məhkəməyə müraciət hüququ öz əksini tapmışdır. Bakı Kommersiya Məhkəməsinin 26.11.2021-ci il tarixli, e-2-2(113)-5202/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-2(113)-5202/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən iddia ərizəsinin qarşı tərəfə təqdim edilməsi barədə sübut əlavə edilməmiş, bu əsasla məhkəmə qarşılıqlı iddianı qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsində qarşılıqlı iddianın iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilməli olduğu nəzərdə tutulduğundan qarşılıqlı iddia ərizəsinin surətinin qarşı tərəfə təqdim edildiyini təsdiq edən sübutun olmaması qarşılıqlı iddianın qaytarılması üçün əsasdır. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı hesab edir ki, qanunun imperativ göstərişlərinə əməl edilməməsi prosessual pozuntu olduğundan birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının cavabdeh tərəfindən “formalizm” kimi qiymətləndirilməsi əsassızdır. “Prosessual qənaət” prinsipini prosessual normaların tələblərinin pozulması kimi qiymətləndirmək olmaq. Belə ki, “prosessual qənaət” məhkəmə tərəfindən ədalət mühakiməsinin prosessual normaların tələbləri nəzərə alınmaqla, səmərəli və operativ şəkildə, yəni lüzumsuz araşdırmaya və vaxt itkisinə yol verməməklə həyata keçirilməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-2(113)-5202/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-2(113)-5202/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1483/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1483/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver