Məhkəmə qərarları › İş №2-2(103)-1486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1486/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1486/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə iddiaçı “X1 Ltd Şti” firmasının cavabdeh “X2 ve Ticaret Anonim Şirketi”nə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1252/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 1.600.000 manat məbləğdə zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd təmin edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2- 2(103)-1104/2021 nömrəli iş üzrə 31.08.2021-ci il tarixli, qərardadı ilə apellyasiya şikayəti, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün, qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1252/2021 nömrəli iş üzrə 25.10.2021ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün, geri qaytarılmışdır. Bundan sonra iddiaçı yenidən apellyasiya şikayəti verərək, eyni zamanda prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1252/2021 nömrəli iş üzrə 05.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl edilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən olunan forma və məzmun şərtlərinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, MPM-in 361.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1252/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X1 Ltd Şti” firmasının apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar