Məhkəmə qərarları › İş №2-2(103)-149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-149/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-149/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X3, cavabdehin nümayəndəsi X2 və vəkili X4 iştirakı ilə İddiaçı “İddiaçı“ ASC-nin cavabdeh “xxxx“ ASC-yə qarşı “pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “İddiaçı“ ASC cavabdeh “xxxx“ ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 təsərrüfatında tələf olmuş 1 baş Simmental cinsli, AT ********* birka nömrəli damazlıq heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 3349,27 (üç min üç yüz qırx doqquz manat 27 qəpik) manatın “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının istinad etdiyi faktiki hallara görə onun hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq, tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 100-LD/16 saylı müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 2 baş Simmental cinsli, DE ********** və AT ********* birka nömrəli damazlıq heyvanları lizinqə götürmüşdür. Vəli Muxtarov xx xxxxx 2016-cı il tarixində damazlıq heyvanların dəyərindən 1615,74 manat məbləğində ilkin ödəniş və sığorta haqqının ödənilməsi barədə onunla bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilə əsasında 193,89 manat məbləğində sığorta haqqını ödəmişdir. V.Muxtarovun lizinqə götürdüyü AT ********* birka nömrəli damazlıq heyvan xx.xx.2018-ci il tarixdə xəstələnmiş, lizinq alanın müraciəti əsasında Göygöl rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən dərhal müalicəyə cəlb olunmasına baxmayaraq xx.xx.2018-ci il tarixdə heyvan ölmüşdür. “xxxx” ASJ ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilə”nin 1.2-ci bəndinin şərtlərinə əsasən, xx xxxx 2017-ci il tarixdən başlayaraq baş vermiş sığorta hadisələrinə görə sığorta ödənişlərini həyata keçirmək öhdəliyi “xxxx” ASC-nin üzərinə düşdüyündən, xx.xx.2018-ci il tarixdə tələf olmuş həmin damazlıq heyvanın sığorta hadisəsi barədə xx.xx.2018-ci il tarixli ASC/2-679 saylı məktubla “xxxx” ASC-yə məlumat verilmiş və tələf olma sənədləri 3319,27 manat məbləğində sığorta ödənişinin təmin edilməsi məqsədi ilə sığorta şirkətinə təqdim olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, “xxxx” ASC xx.xx.2018-ci il tarixli 07/SÖ-1266 saylı məktubla heyvan diri ikən laborator analizlərin aparılmaması, təsərrüfatda baytarlıq-sanitariya tələblərinin pozulması, sahibkar və baytar tərəfindən kobud nöqsanlara yol verilməsi bəhanəsini gətirilərək, Vəli Müxtərovun təsərrüfatında tələf olmuş heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. Sığorta ödənişinin imtinasından sonra İddiaçı ASCnin Göygöl rayon Baytarlıq İdarəsinə xx.xx.2018-ci il tarixli ASC/2-2958 saylı məktubla müraciət etmiş və həmin idarənin xx.xx.2018-ci il tarixli 130 saylı cavab məktubu ilə bildirmişdir ki, ambulator jurnalın surətini Cəmiyyətə göndərməklə, Vəli Muxtarovun təsərrüfatında epizootik tədbirlər planında xəstəliklər əleyhinə peyvəndlərin və diaqnostik müayinələrin hər il vaxtında aparılmasını, dezinfeksiya, dezinseksiya və sair müalicə-profilaktika işlərinin mütamadi olaraq həyata keçirilmişdir. Məktubda həmçinin, Vəli Müxtərovun təsərrüfatında xx.xx.2018-ci il tarixdə xəstələnmiş AT ********* birka nömrəli damazlıq heyvanın xəstəliyin gedişinə və klinik əlamətlərinə uyğun olaraq “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb olunduğunu, buna baxmayaraq heyvanın xx.xx.2018-ci il tarixdə öldüyü, yarma nəticəsində ekspertizaya əsasən patoloji materialda yoluxucu xəstəliklərin törədicilərinin aşkar edilmədiyi, balalığın iltihabı xəstəliyinə klinik əlamətlərə və xəstəliyin gedişinə əsasən diaqnoz qoyulduğu, diaqnoz üçün laborator müayinə və analizlərin aparılmasının tələb olunmadığı, heyvanın xəstəliyinin diaqnozunun vaxtında və düzgün qoyulduğu, müalicənin uyğun aparıldığı qeyd olunmuşdur. Baytarlıq İdarəsinin həmin cavabı əsasında sığorta ödənişinin təmin edilməsi məqsədi ilə İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli ASC/2-3745 saylı məktubla yenidən “xxxx” ASC-yə müraciət etməsinə baxmayaraq, sığorta şirkəti xx.xx.2018-ci il tarixli 07/SÖ-2277 saylı məktubla sığorta ödənişindən yenidən“xxxx”xxxx“xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilə”nin 2.4.4.-cü bəndinin şərtlərinə zidd olaraq, bir daha əsassız olaraq imtina etmişdir imtina etmişdir (məktubun surəti əlavə olunur). İddiaçının xx.xx.2019-cu il tarixli ASC/P-14 nömrəli pretenziya məktubu da nəticəsiz qalmışdır. Cavabdeh tərəfi iddianı qəbul etməyərək hesab etmişdir ki, tələf olmuş heyvanın saxlanıldığı təsərrüfatda mal-qaranın saxlanıb-bəslənməsində baytarlıq-sanitariya, zoogigiyenik tələbləri kobud surətdə pozulmuş, nəticədə heyvanın xəstələnməsinə gətirib çıxarmışdır. Odur ki, Mülki Məcəllənin 935.5-ci maddəsinə əsasən iddia rədd olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2020 saylı xx.xx.2020-ci il tarrixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh “xxxx“ ASC-dən 3319,27 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı“ ASC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırırılmışdır ki, qətnamə əsassızdır. “xxxx”xxxx“xxxx” ASC arasında xx.xx.2014-cü il tarixində 31/14 saylı İddiaçı ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə müqavilə imzalanmışdır. “xxxx” ASC-də sığortalı olan heyvanların sığorta təminatı ilə bağlı xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə) “xxxx” ASCyə ötürülmüşdür. İddiaçıxxxx“xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31/14, xx.xx.2015-ci il tarixli 06/15 və xx.xx.2016-cı il tarixli 05/16 saylı “xxxx” ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə müqavilələrə əsasən tələf olmuş heyvanlar barədə sığorta tələbi ilə bağlı müraciətlərə mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla baxılmışdır. İddiaçı inventar nömrəsi AT- 104035922 olan Simmental cinsli heyvanın tələf olması ilə bağlı tələb irəli sürmüşdür. AT- 104035922 inventar nömrəli heyvanın tələf olması ilə bağlı edilmiş sığorta tələbinin araşdırılması zamanı məlum olmuşdur ki, sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar mövcuddur. Belə ki, xx.xx.2018-ci il tarixli yarma protokoluna əsasən diri ikən boğaz heyvana “balalığın iltihabı”, patoloji anatomik “balalığın irinli iltihabı, septisemiya” diaqnozu qoyulmuşdur. Yarma protokolunda AT-104035922 inventar nömrəli Simmental cinsli inəyin xx.xx.2018-ci il tarixində “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb edildiyi, xx.xx.2018-ci il tarixində bala saldığı, 20 gün sonra xx.xx.2018-ci il tarixində öldüyü göstərilir. Balalığın iltihabının əmələ gəlmə səbəbləri saxlanma və yemlənmənin düzgün təşkil edilməməsi nəticəsində heyvanın bədəninin müqavimətinin düşməsi, baytarlıq yardımı göstərdikdə baytralıq-sanitariya qaydalarına düzgün əməl olunmamasıdır. Sepsisə diaqnoz klinik əlamətlərinə, patomorfoloji dəyişikliklərə, hemotoloji və bakterioloji tədqiqatların nəticəsinə görə qoyulur. Boğaz heyvana diri ikən qoyulmuş “balalığın iltihabı” xəstəliyinin səbəbini aydınlaşdırmaq üçün təyinatı üzrə laborator müayinələr olunmalı idi. Heyvan diri ikən, kifayət qədər (bir ay) vaxt olmasına baxmayaraq, balasalma ilə müşayiət olunan xəstəliklərə (pasterellyoz, xlamidioz, bruselyoz və s.) laborator müayinələr edilməmişdir. Bu müayinə düzgün müalicə seçiminə kömək etməklə, müalicənin səmərəliyi təmin olunardı.Araşdırmalar və keçirilmiş monitorinq nəticəsində müəyyən olmuşdur ki, təsərrüfatda mal-qaranın saxlanma-bəslənməsində mövcud qanunvericiliyin baytarlıqsanitariya üzrə tələbləri pozulmuşdur. Heyvan diri ikən laborator müayinələr aparılmamışdır. Sənədlərin heyvanın ölümündən 3 ay sonra təqdim edilməsindən belə bir nəticəyə gəlinir ki, heyvanda müalicə kursu onun ölümündən xeyli müddət sonra tərtib edilmişdir. Yüksək təsir qüvvəsinə malik olan baytarlıq preparatlarının heyvana tətbiqinin heç bir nəticəsinin olmaması, hətta heyvanın temperaturunda dəyişikliyin olmaması, ambulator jurnalda heyvan ölən günə kimi bir ay müddətində 40-41 temperaturla müalicənin davam etdirilməsinin qeyd olunması həqiqətə uyğun olmadığını göstərir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin xx.xx.2019-cu il tarixli 27/1-40 saylı məktubunda qeyd olunduğuna əsasən, təsərrüfat sahibi X7 heyvanların profilaktika və müalicə tədbirlərinin aparılması üçün Göygöl rayon Baytarlıq idarəsi ilə müqavilə bağlamamışdır. Bununla da Vəli Muxtarov “xxxx”xxxxbağladığı “Dövlət vəsaiti hesabina idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə”nin 2.2.3 bəndinin tələblərini pozmuşdur. Həmin bənddə qeyd olunur: “lizinq alan damazlıq heyvanların damazlıq məqsədi üçün istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanmasını öhdəsinə götürür.”Araşdırmalar zamanı sənədlərdə yanlış məlumatların verildiyi aşkarlanmışdır. Belə ki, təsərrüfatda tərtib edilmiş xx.xx.2018ci il tarixli aktda heyvanın cəsədinin yandırıldığı mütəxəssislərin imzası və rayon baytarlıq idarəsinin möhürü ilə təsdiq edilmişdir. Məlumdur ki, təhkükəli yoluxucu xəstəliklərdə cəmdək və orqanlar mütləq ütilə verilir və ya yandırılır. Cəsədin nə səbəbdən yandırılması araşdırılarkən Göygöl rayonu Quşqara baytarlıq sahəsi müdirin və sahibkar V. F. Muxtarovun verdikləri izahatdan məlum olmuşdur ki, heyvanın cəsədi yandırılmamışdır, saxta akt tərtib olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edin cavabdehin nümayəndəsi S.Süleymanov və vəkili F.Ələkbərov apellyasiya şikayətini dəlilləinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişldər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Ş.Hüseynov cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, xx.xx.2014-cü il tarixində iddiaçı “xxxx”xxxx“xxxx” ASC arasında iddiaçıya məxsus “cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə” 31/14 saylı müqavilə imzalandığı, sonradan sığortalanan heyvanların sığorta təminatının xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə) “xxxx” ASC-yə ötürüldüyü və V.Muxtarovun iddiaçıdan lizinqə götürdüyü iki ədəd damazlıq heyvanlara görə sığorta haqqı ödənildiyi və həmin hyvanlardan AT ********* birka nömrəli damazlıq heyvanın xx.xx.2018-ci il tarixdə ölməsi faktı işin tərəflər arasında mübahisələləndirilməyən hallarıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018, xx.xx.2018, xx.xx.2019-cu il tarixli iddiaçının sığorta ödənişi ilə bağıl müraciətlərinə ünvanladığı məktublarından, habelə, hazırkı apellyasiya şikayətinin dəlillərində görünür ki, onun tərəfindən mübahisələndirilən hallar ondan ibarətdir ki, sığortalanmış tələf olan heyvanın (cins düyə) saxlanmabəslənməsində mövcud qanunvericiliyin baytarlıq-sanitariya üzrə tələbləri pozulmuş, sığortalı dəyən zərərin qarşısını almaq və həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, sırf təsərrüfatsızlıq nəticəsində həmin tədbirləri görməmiş, bu baxımdan sığorta müqaviləsinin 12.2.3, 12.2.7, 17.1, 17.2-ci bəndlərinə və Mülki Məcəllənin 935.1.4 və 935.1.8-ci maddələrinə əsasən sığortaçının heyvanın tələf olması ilə bağlı sığorta ödənişi vermək öhdəliyi yaranmıamışdır. Göründüyü kimi, dolayısı ilə cavabdeh sığortalanmış heyvanın sığortalı tərəfindən baytarlıq-sanitariya qaydalarına müvafiq saxlanma və bəslənməsi ilə bağlı üzərinə düşən müqavilə öhdəliyini pozduğunu əsas gətirərək heyvanın tələf olmuş heyvana görə sığorta ödənişinin verilməsi mümkünlüyünü istisna etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşimır. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinin mənasından görünür ki, borclu pozuntunun nəticələrini istsna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirdiyi halda, müqavilə öhdəliyinin pozulmasına görə məsuliyyət daşımır. İş materiallarına əsasən müəyyən olunur ki, sığortalı tərəfindən sığortalanmış heyvanın xəstələyinin müalicəsi və onun ayaqda qalması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Belə ki, Göygöl rayon Baytarlıq İdarəsinin rəis müavini Arzu Rüstəmov, Quşqara Baytarlıq sahəsinin müdiri Nemət Nəbiyevin, Quşqara kənd sakini heyvan sahibi Vəli Muxtarovun iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli Aktda təsbit olunmuşdur ki, “xx.xx.2018-ci il tarixdə Quşqara kənd sakini X6 məxsus 1 baş lizinq yolu ilə alınmış, simmental cinsli, inventar nömrəsi AT-104035922 olan düyənin ölməsi ilə əlaqədar heyvanın cəsədi əvvəlcə xarici müayinədən keçirildi, sonra heyvanın cəsədi ölüm səbəbini aydınlaşdırmaq məqsədi ilə yarıldı, daxili orqanların hər biri ayrı- ayrılıqda müayinə edildi, heyvanın daxili orqanlarından laborotor müayinə üçün nümunə götürüldü, patoloji yarma barədə protokol tərtib edildi, sonra heyvanın cəsədi yandırılıb basdırılaraq zərərsizləşdirildi.” xx.xx.2018-ci il tarixli yarma protokolunda isə qeyd olunmuşdur ki, “diri ikən boğaz heyvana “balalığın iltihabı”, patoloji anatomik “balalığın irinli iltihabı, septisemiya” diaqnozu qoyulmuşdur. Yarma protokolunda AT-104035922 inventar nömrəli Simmental cinsli inəyin xx.xx.2018-ci il tarixində “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb edildiyi, xx.xx.2018ci il tarixində bala saldığı, 20 gün sonra xx.xx.2018-ci il tarixində öldüyü göstərilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ASC/2-679 saylı məktubla “xxxx” ASC-yə məlumat verilmiş və tələf olma sənədləri 3319,27 (üç min üç yüz on doqquz manat 27 qəpik) manat məbləğində sığorta ödənişinin təmin edilməsi məqsədi ilə sığorta şirkətinə təqdim olunmuşdur.” İddiaçı ASC-nin Göygöl rayon Baytarlıq İdarəsi isə iddiaçının müraciətinə ünvanladığı xx.xx.2018-ci il tarixli 130 saylı cavab məktubunda isə bildirmişdir ki, “ambulator jurnalın surəti cəmiyyətə göndərməklə, Vəli Muxtarovun təsərrüfatında epizootik tədbirlər planında xəstəliklər əleyhinə peyvəndlər və diaqnostik müayinələr hər il vaxtında aparılmış, dezinfeksiya, dezinseksiya və sair müalicə-profilaktika işləri mütamadi olaraq həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixdə xəstələnmiş AT ********* birka nömrəli damazlıq heyvanın xəstəliyin gedişinə və klinik əlamətlərinə uyğun olaraq “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb olumasına baxmayaraq xx.xx.2018-ci il tarixdə ölmüşdür.” X9 Quşqara Baytarlıq sahəsində lizinq yolu ilə alınmış cins heyvanların müalicəsinə dair Ambulator Jurnalından təsbit olunmuşdur ki, V.Muxtarovun sahibliyində olan simmental cinsindən olan 2 baş heyvanın müalicəsi və profilaktikası üçün jurnal tərtib edilmiş, həmin 2 baş heyvanın xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə müayinə və müalicəsi aparılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Göygöl X1 xx.xx.2018-ci il tarixli Ekspertizasının nəticəsinə əsasən isə “V.Muxtarovun sahibliyində olan inventar nömrəsi ********* olan iri baş heyvanda xx.xx.2018-ci il tarixdə götürülmüş patoloji materialın bakterioloji müayinəsi zamanı yoluxucu xəstəliklərin törədicilərinin aşkar edilmədiyi, balalığın iltihabı xəstəliyinə klinik əlamətlərə və xəstəliyin gedişinə əsasən diaqnoz qoyulduğu, diaqnoz üçün laborator müayinə və analizlərin aparılmasının tələb olunmadığı, heyvanın xəstəliyinin diaqnozunun vaxtında və düzgün qoyulduğu, müalicənin uyğun aparıldığı müəyyən edilmişdir.” Beləliklə də qeyd olunanlardan göründüyü kimi, sığortalı tərəfindən xəstələnmiş heyvanın müalicəsi ilə bağlı üzərinə düşən bütün zəruri və mümkün olan tədbirləri həyata keçirildiyi sübuta yetirilir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İşdə olan xx.xx.2014-cü il tarixli sığorta müqaviləsinin 2-ci bəndinin birinci abzasından görünür ki, sığorta obyekti ilə bağlı itkilər sığortaçının üzərinə götürdüyü öhdəliklələrdən biridir. Həmin müqavilənin 4.1; 4.1.1-ci bəndlərinə görə bu müqaviləyə əsasən sığortaçı sığortalının və (və ya) lizinqə alanın (təsərrüfat sahibinin) öz vəzifələrini düzgün icra etməsinə və həmçinin bu müqavilədə qeyd olunan mühüm şərtlərə əməl olunmasına baxmayaraq, bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatı aparılması və sığortalıdan asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklərin səbəb olduğu sığorta hadisələri nəticəsində sığorta predmetinin tam məhv (tələf) olmasına dair sığorta təminatı verir. Müqavilənin qeyd olunan şərtləri və işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, sığortalanmış heyvanın xx.xx.2018-ci il tarixində tələf olması nəticəsində sığorta hadisəsi baş vermişdir. Mülki Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında sığorta ödənişi real zərərin miqdarından çox ola bilməz. 933.1.1-ci aaddəsinə əsasən sığorta hadisəsi bah verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəjxsin sığortaçıya ünvanladığı tələbi mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir. İş materiallarından görünür ki, sığortalapnmış heyvan xx.xx.2018-ci il tarixdə öldükdən sonra iddiaçı xx.xx.2018-ci il tarixli ASC/2-679 saylı «cins mal-qaranın tələf olması barədə» məktubla cavabdehə məlumat vermiş və 3319,27 manat məbləğində sığorta ödənişinin təmin edilməsi məqsədi ilə tələf olma sənədləri sığorta şirkətinə təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, cavabdeh sığorta təşkilatı əsassız olaraq, xx.xx.2018-ci il tarixli 07/SÖ-1266 saylı məktubu ilə “heyvanın diri ikən laborator analizlərin aparılmaması, təsərrüfatda baytarlıq sanitariya tələblərinin pozulması, sahibkar və baytar tərəfindən kobud nöqsanlara yol verdiyi və dəyən zərərin qarşısını almaq və həcmini azaltmaq üçün sığortalı tərəfindən bütün lazımi və mümkün tədbirlərin görülmədiyini əsas g\tirməklə, tələf olmuş heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişindən imtina etmişdir. Sığorta müqaviləsinin, “sığorta ödənişinin verilməsindən imtinanın əsasları”nı müəyyən edən 13-cü bəndi nəzərdə tutur ki, imtinanın əsasları bu müqavilə ilə tənzimlənmədikdə AR Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və sığortaçının heyvanların sığortası üzrə sığorta qaydaları ilə müəyyən edilir. (Müqavilə bu bəndində isə imtinanın konkret əsasları göstərilməmişdir). Cavabdehin istinad etdiyi Mülki Məcəllənin 935.5-ci maddəsindən isə görünür ki, sığortalı o halda, sığorta ödənişi almaqdan məhrum olur ki, sığorta hadisəsi onun baş verməsinə yönələn sığortalı şəxsin qəsdən etdyi və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, sığortalıının sığorta hadisəsinə yönələn qəsdi, yəni, hərəkət və hərəkətsizliyi mövcud olimamış, əksinə, sığortalanmış heyvana dəyən zərərin qarşısını almaq və həcmini azaltmaq üçün bütün lazımi və mümkün tədbirlər görmüşdür. Mülki Məcəllənin 935-ci maddəsinin imtinanın əsaslarını müəyyən edən digər müddəalarından isə görünür ki, konkret münasibətdə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina üçün digər əsasların da mövcudluğu konkret halda müəyyən edilmir. Beləliklə də sübuta yetirilir ki, cavabdehin sığortalı qarşısında müqavilədən irəli gələn sığorta ödənişini ödəmək öhdəliyi yaranmış, lakin həmin müqavilə öhdəliyini əsassız olaraq yerinə yetirməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbindən isə göründüyü kimi, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin qeyd olunan tələbi baxımından, cavabdeh sığortalanmış heyvanın tələf olmasına görə 3319,27 manat sığorta ödənişi həddində sığortalıya vurulmuş zərərin əvəzini ödəməməyə borcludur. İşə baxan birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə iddianın təmin etməklə, işin hallarına, maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir və həmin qətnamənin ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin əsassız olduğunu maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəliləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 404-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx“ ASC- nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar