Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-149/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-421/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, **********174 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı müəyyən olunmuş malları (bundan sonra “mallar” adlanacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən alıcıya göndəriləcək malların adı, siyahısı, təsviri, çatdırılma müddəti və həmin malın satış qiyməti alıcı tərəfindən verilən və satıcı tərəfindən təsdiq edilən, bu müqaviləyə əlavə olunacaq sifariş orderində (bundan sonra “sifariş orderi”) təsbit edilir. Sifariş orderi bu müqaviləyə 1 saylı əlavədə göstərilən qaydada tərtib olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş satıcının təqdim etdiyi hesab-faktura (bundan sonra “hesab-faktura”) əsasında aparılır. Hesab-faktura (müvafiq sifariş orderində başqa müddət göstərilməyibsə) qəbul olunduğu tarixdən sonra 30 bank günü ərzində alıcı müvafiq sifariş orderində qeyd olunmuş məbləği satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 7.6cı bəndinə əsasən alıcı bu müqavilənin 3.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini (avans ödənişi istisna olmaqla) bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu sifariş orderində göstərilən malların qiymətinin 0,1 %-i həddində cərimənı alıcıdan tələb edə bilər. Müqavilənin 7.7-ci bəndinə əsasən cərimələrin ümumi məbləği vaxtında ödənilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. Cərimələrin məbləği 5%-ə çatdıqda, satıcı bu müqaviləni dərhal ləğv etmək hüququnu özündə saxlayır. Bu halda alıcı bu müqavilə üzrə ona verilmiş, lakin dəyəri ödənilməmiş malları satıcıya dərhal qaytarmalıdır.
2. 18.05.2022-ci il tarixli, EBBW seriyalı, 508864 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15710,52 manat (ƏDV daxil) təşkil edir.
3. 30.06.2022-ci il tarixli, EBBZ seriyalı, 176660 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6343,68 manat (ƏDV daxil) təşkil edir.
4. 01.07.2022-ci il tarixli, EBBZ seriyalı, 219083 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1440,07 manat (ƏDV daxil) təşkil edir.
5. 25.08.2022-ci il tarixli, EBCC seriyalı, 504253 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9432,90 manat (ƏDV daxil) təşkil edir.
6. 25.08.2022-ci il tarixli, EBCC seriyalı, 504338 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4440,58 manat (ƏDV daxil) təşkil edir.
7. 26.10.2022-ci il tarixli, EBCH seriyalı, 932141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2895,72 manat (ƏDV daxil) təşkil edir.
8. 26.10.2022-ci il tarixli, EBCH seriyalı, 932241 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16885,80 manat (ƏDV daxil) təşkil edir.
9. 29.11.2022-ci il tarixli, EBCK seriyalı, 103036 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4095,07 manat (ƏDV daxil) təşkil edir.
10. 23.01.2023-cü il tarixli, EBCN seriyalı, 383439 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2356,22 manat (ƏDV daxil) təşkil edir.
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli anlaşma memorandumunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli **********174 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı MMCyǝ (ƏDV xaric) 53899 manat məbləğində borcu yaranmışdır; Beləliklə, tərəflər razılaşırlar ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yǝ, xx.xx.2017-ci il tarixli **********174 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borclarının bağlanması üçün Cavabdeh MMC 2023-cü ilin iyun ayından başlayaraq aşağıdakı ödəniş cədvəlinə əsasən 7 (yeddi) ay müddətində borcun ödənilməsini planlaşdırır.
12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 32/RT/23 nömrəli “inşaat materiallarının retrospektiv qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh MMC-nin sifarişinə əsasən inşaat materiallarının yekun dəyəri 63600,65 manat, 2022-ci il üçün bazar dəyəri 40489,02 manat təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ən qısa zamanda ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/950/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli **********174 saylı alqısatqı müqaviləsi üzrə təqdim edilmiş “invoice” (qaimǝ fakturaları) nəzərə alındıqda, alıcının satıcıya olan borcu 63600,56 manat (ƏDV daxil) məbləğində, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 32/RT/23 nömrəli “inşaat materiallarının retrospektiv qiymətləndirmə” rəyi məlumatlarında göstərilmiş malların bazar dəyəri nəzərə alındıqda isə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 40489,02 manat (ƏDV daxil) məbləğində müəyyən olunur.
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə aldığı mallar üçün 63600,56 manat, ödənişlərin gecikdirilməsi üçün yaranan faiz məbləği 3180,03 manat və mediasiya və məhkəmə xərcləri üçün ödədiyi 710 manat, cəmi 67490,59 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, **********174 saylı alqı-satqı müqaviləsi əsasında EBBW 508864 (18.05.22), EBBZ 176660 (30.06.22), EBBZ 219083 (01.07.22), EBCC 504253 (25.08.22), EBCC 504338 (25.08.22), EBCH 932241 (26.10.22), EBCH 932141 (26.10.22), EBCK 103036 (29.11.22) və EBCN 383439 (23.01.23) saylı və tarixli e-qaimələrə əsasən cəmi 63600,56 manat dəyərində (ƏDV daxil) mallar Cavabdeh MMCyə satılmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən malların dəyəri hesab faktura əsasında 30 gün ərzində və ya sifariş orderlərində qeyd edilən müddət ərzində (qaimə/hesab faktura qəbul edildikdən 30 gün sonra) ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa, hətta xx.xx.2023-cü il tarixdə borcun hissə-hissə ödənilməsinə razılaşmağa baxmayaraq 63600,56 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda müqavilənin 7.6 və 7.7-ci bəndlərinə Cavabdeh MMC İddiaçı MMC-yə 3180,03 manat əlavə cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət edilmiş, mediator tərəfdən Cavabdeh MMC mediasiyaya dəvət edilsə də, mediasiya prosesinə gəlməmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-421/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də (həmin hal işin mübahisəsiz halıdır), cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə mal dövriyyəsinin olması, iddia tələbində qeyd olunan borcun yaranması təqdim olunmuş sübutlarla (müqavilə, elektron qaimələr, anlaşma memorandumu, ekspert rəyi və s.) öz təsdiqini tapır. İddia tələbininin bir hissəsini cavabdehdən 63600,56 manat borcun iddiaçının xeyrinə tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalan 63600,56 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş anlaşma memorandumu ilə öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi də borcun olduğunu qəbul etmiş, lakin borcun göstərilən məbləğdə olması ilə razılaşmamışdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə iddiaçıya ödənilməli 63600,56 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir. Cavabdehin nümayəndəsi əsas kimi cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə istinad etmiş və məhkəməyə həmin rəyi təqdim etmişdir. Rəydə qeyd edilmişdir ki, inşaat materiallarının 2022-ci il üçün bazar dəyəri 40489,02 manat təşkil edir. Məhkəmənin qənaətinə əsasən ehtiyyat hissələri üzrə xidmətlər və həmin hissələrin qiymətlərindəki fərqlər 63600,56 manat məbləğində əsas borcun tutulmasına dair iddianın tam təmin olunmaması üçün əsas ola bilməz və cavabdehin həmin hissədə iddiaya qismən etirazı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan müqavilələr üzrə münasibətlər hüquqi şəxslər arasında yaranmış, müqavilə iki hüquqi şəxs arasında bağlanmış və müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, müqavilə şərtləri müəyyən olunmuşdur. Ona görə də cavabdeh tərəfin göstərdiyi hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. Bundan əlavə iddiaçı cavabdehdən 3180,03 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən sifarişçi öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1 %-i həddində cərimə ödənilməsini tələb edə bilər. Cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən çox ola bilməz. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği tam şəkildə təmin edilməli, 3180,03 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
5. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-421/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcunu ödəmə ərəfəsində şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin baş direktoru X4 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni Baş direktor X3 təyin edilmişdir. Bununla bağlı şirkətdə təhvil-təslim prosesi başlanılmışdır. xx.xx.2024cü il tarixindən etibarən şirkətdə baş direktor vəzifəsini Qanuni nümayəndə icra edir və təhvil-təslim prosesi hələ də davam edir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən irəli sürülən 63600,56 (ƏDV daxil olmaqla) manat əsas borc tələbinə dair satılmış mallara aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən satılan malların satış haqqlarında uyğunsuzluqlar olduğundan, cavabdeh həmin satılan malların real satış haqqlarını müəyyən etmək üçün audit şirkətinə müraciət etmişdir və audit rəyini almışdır. Audit rəyinin nəticələrinə görə, iddiaçı müqavilə üzrə cavabdehdən tələb etdiyi 63600,56 (ƏDV daxil olmaqla) manat əsas borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olurki, həmin məbləğ real məbləğdən 25-30% artıq göstərilmişdir. Ehtimal olunur ki, cavabdehin keçmiş baş direktoru Azad Namazov və iddiaçının rəhbərliyi arasında sövdələşmə olmuşdur. Cavabdeh, həmin audit rəyini əldə etdikdən sonra, vəsatət ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya olan real borc məbləğini tam və dəqiq müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə, cavabdehin audit rəyini təqdim etməsinə baxmayaraq, hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsaslar olmadığından vəsatət rədd edilməlidir. Nəticə olaraq, məhkəmə, xx.xx.2024-cü il tarixində baxış iclasında cavabdehin sübutlarını tam və obyektiv araşırmadan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
10. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
11. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 10 aprel 2017-ci il tarixli **********174 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən mallar təqdim edilmiş, malların təqdim edilməsinə dair təhvil-təslim aktları imzalanmış və elektron qaimə-fakturalar göndərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək təqdim edilmiş malların dəyəri olan 63.600,56 manat məbləğində pul vəsaitini ödəməmişdir. Hazırda iddiaçı sözügedən borcun və öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.
17. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
18. Təqdim edilmiş malların elektron qaimələrdə göstərilmiş qiymətlərinin həmin malların bazar qiymətlərindən yüksək olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki hüququn təməl prinsiplərindən biri olan müqavilə azadlığının tərkib elementlərindən biri də tərəflərin müqavilə şərtlərini, o cümlədən müqavilənin qiymətini sərbəst müəyyən etmək azadlığıdır.
19. Hazırkı halda cavabdeh təqdim edilmiş malların qiymətinin əks etdirən elektron qaimə-fakturaları düzəliş üçün qaytarmamaqla, eləcə də xx.xx.2023-cü il tarixdə anlaşma memorandumunu imzalayaraq ƏDV xaric 53.899 manat məbləğində borcun məbləğini təsdiq etməklə mübahisəli alqı-satqı müqaviləsi üzrə ona təqdim edilmiş malların qiyməti ilə razılaşmasına dair iradəsini ifadə etmişdir.
20. Mülki Məcəllənin 398.1-ci və 398.3-cü maddələrinin məzmunundan isə görünür ki, mallar, işlər və ya xidmətlər adətən alınan qiymət üzrə yalnız o zaman ödənilə bilər ki, tərəflərin qiymət barədə razılaşması mövcud olmasın. Odur ki, tərəflərin razılaşdırdığı qiymətlərin bazar dəyərindən daha yüksək olması ehtimal edilsə belə göstərilən hal qiymətlərin azaldılaraq malların bazar dəyərinə uyğun müəyyən edilməsi üçün əsas vermir.
21. Elektron qaimələrin, anlaşma memorandumunun əvvəlki direktorun vaxtında tərtib edilməsi, direktorun dəyişməsindən sonra daxili təftişin aparılması, nəticədə malların qiymətləri ilə bağlı uyğunsuzluqların aşkar edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin: -49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. -49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
22. Sözügedən maddələrin məzmunundan da göründüyü kimi fiktiv subyektlər olan hüquqi şəxslər məhz öz orqanları və təmsilçiləri vasitəsilə mülki hüquqları əldə edirlər və öhdələrinə mülki vəzifələr götürürlər.
23. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi və eyni zamanda iradəyaradıcı və iradəifadəedici orqanı (təkbaşına icra orqanı) olan direktor qanun və nizamnaməyə əsasən sözügedən hüquqi şəxsin adından çıxış etmək, eləcə də səlahiyyətinə aid məsələlər üzrə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətlərinə malikdir.
24. Bu baxımdan hüquqi şəxsin qanuni təmsilçi olan direktorun öz səlahiyyətlərinə aid məsələlər üzrə hərəkətləri (hazırkı halda anlaşma memorandumunu imzalaması) hüquqi şəxsin hərəkətləri sayılmaqla hüquqi şəxs üçün müvafiq hüquqi nəticə yaradır.
25. Digər tərəfdən o da qeyd edilməlidir ki, direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafeyinə zidd olaraq davranması (Mülki Məcəllənin 49.4-cü maddəsində göstərilən hallar) fərz edilsə belə, həmin hal hüquqi şəxsin kontragentlər qarşısında öhdəliklərinin etibarsızlığa yalnız o zaman səbəb ola bilər ki, kontragent göstərilən halı bilsin və ya bilməli olsun, yəni kontragentin həmin hala münasibətdə vicdanlı olmaması müəyyən edilsin. Hazırkı halda cavabdeh əvvəlki direktor ilə iddiaçı şirkət arasında sövdələşmənin mövcud olmasına istinad etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
26. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassız olmaqla iddianın rədd edilməsi üçün əsas vermir.
27. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ƏDV daxil 63.600,58 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
28. İddianın malların ödəyərinin ödənilməsi öhdəliyin gecikdirilməsinə görə faiz borcunun tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi məbləği faiz adlandırsa da, həmin tələbin faktiki əsası kimi müqavilənin alıcının öhdəliklərinin icrasını gecikdirməsinə görə dəbbə pulu ödənilməsi öhdəliyini nəzərdə tutan 7.6 və 7.7-ci bəndlərinə istinad etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin hissədə iddia tələbinə dəbbə pulunun ödənilməsi tələbi kimi qiymət verilməlidir.
29. Həmin tələblə bağlı kollegiya tərəflər arasında bağlanmış müqavilənin 7.6 və 7.7-ci bəndlərində cavabdeh tərəfindən malın dəyərini ödəmək öhdəliyinin vaxtında icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin razılaşdırıldığını, işin yuxarıda göstərilən halları ilə cavabdehin malın dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinin öz təsdiqini tapdığını, eləcə də məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulması hissəsində də iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsi barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün kollegiyası işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib ekspertiza təyin etməyə bilər. Hazırkı halda kollegiya hesab edir ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə borc məbləğinin müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət mövcud olmamışdır.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-421/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov