Məhkəmə qərarları › İş №2-2(103)-150/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-150/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-150/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2072/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Müstəqil Tele-Radio Kompaniyası Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 27000 manat əsas borcun, 1237,5 manat pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə hesablanmış faiz borcunun, 2000 manat cərimə borcunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30267,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı Müstəqil Tele- Radio Kompaniyasından 250000 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-2072/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, 27000 manat məbləğində əsas borc və 1237,5 manat faiz borcu olmaqla ümumilikdə 28237,5 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilməsi, Cavabdeh İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına qarşı pul tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və ilk iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddiaya aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, yayımçı İddiaçı Müstəqil Tele-Radio Kompaniyası ilə istehsalçı Cavabdeh MMC arasında 19.02.2020-ci il tarixli “Teleserialın yayımlanması haqqında” T-********** saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən yayımçı “ATV” efirində müəllif hüquqları Aqil M. Quliyevə məxsus və müqavilə hüququ əsasında istehsalçı tərəfindən təqdim olunan “Ər vs Arvad” serialını bir ay ərzində 4 dəfə, hər həftənin cümə günü saat 23:00-dan 01:00-dək vaxt dairəsində yayımçının istehsalçı ilə razılaşdırılması əsasında efir vaxtı, bir baş sponsor, iki sponsor və bu Müqavilənin 5.1.4-cü bəndinə göstərilən şərtlərlə digər sponsor paketi verməyi, istehsalçı isə hər avans məbləğini aldıqdan 30 gün müddətində şirkətə 12 seriya təqdim etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı Müstəqil Tele-Radio Kompaniyası tərəfindən Cavabdeh MMC-nin hesabına 27000 manat məbləğində avans ödəniş edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və avans məbləğini aldıqdan sonra serialın müqavilə ilə müəyyən edilmiş seriyalarını iddiaçıya təqdim etməmişdir. 19.02.2020-ci il tarixli, T-********** nömrəli müqavilənin 5.1.1-ci bəndinə görə serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi 1 ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıqlar olunsa da, cavabdeh müqavilə şərtlərini yerinə yetirməmişdir. Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Buna görə də, cavabdeh iddiaçıya olan 27000 manat borcuna görə illik 5% bank uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 112,5 manat ümumi məbləğdən əlavə faiz ödəməlidir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, Cavabdeh MMC-nin istehsalçısı olduğu “Ər vs Arvad” serialı ATV kanalında 2016-cı ildən yayımlanır. “Ər vs Arvad” serialı 2 aktyordan ibarət Yaşar və Könül obrazlarının həyatını canlandırır. 19.02.2020-ci il tarixdən öncə müqavilənin şərtləri kanalın rəhbəri ilə razılaşdırdıqdan sonra həmin tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 5 bəndində tam aydın olaraq münasibətlər şərtləndirilmişdir. Serial ATV-də yayımlandığı müddətdə baş sponsor “Kontakt Home” şirkəti olmuşdur. Serialda çəkilən aktyorlar kanal tərəfindən yaradılan “1 Kişi 1 Qadın” serialına aparılır və həmin serialda Yaşar və Könül obrazını canlandırırlar, eyni zamanda “Kontakt Home” şirkətinin rəqibi olan “Optimal” şirkətinin baş sponsorluğu ilə. Kanal tərəfindən Cavabdeh MMC-yə ödənilən 27000 manat məbləğ, “Kontakt Home” şirkəti tərəfindən kanala 3 aylıq sponsor məbləği (3x10000 man) kimi ödənildikdən sonra olmuşdur. Daha sonra kanal yeni formatda serial çəkilməsini Cavabdeh MMC-dən xahiş edir, bu problemi ictimailəşdirilməməsini xahiş edir. 6 aktyordan ibarət serial yeni formatda çəkilərək, baxılması üçün ATV kanalının rəhbərliyinə eyni zamanda iddia ərizəsini imzalamış, şirkətin hüquqşünasına bildirilir. Lakin seriala baxılmadan istəmədiklərini bildirirlər. Müqavilə tərəfi İddiaçı Müstəqil Tele-Radio Kompaniyası müqaviləni bəndlərini pozmaqla, Cavabdeh MMC-yə ziyan vurmuşdur. Belə ki, müqavilənin 5.1.5-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan bir baş sponsor və ya iki sponsorlardan ən az biri ilə müqavilə bağlandığı halda “İstehsalçı”nın xahişi ilə “Yayımçı”, ən azı 27000 manat məbləğində “İstehsalçı”ya avans ödəyə bilər. “Yayımçı” tərəfindən avans ödənildikdən sonra “İstehsalçı”ya aid sponsor gəlirləri “Yayımçı”ya ötürülməklə avans məbləği əvəzləşdirilir. Avans məbləği tam əvəzləşdirilmədikdə “Yayımçı” yenidən (təkrar) avans verməyə bilər. 2016-cı ildən yayımlanan serialın aktyorlarını “1 Kişi Qadın” serialında çəkməklə və öz kanalında yayımlamaqla, həm də eyni obrazlarla Cavabdeh MMC-yə 250000 manat ziyan vurmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərəri (o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində ilk iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 19.02.2020-ci il tarixli T-********** saylı “Teleserialın yayımlanması haqqında” müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki cavabdeh iddiaçı qarşısında ikincinin sifarişinə əsasən serial çəkib təqdim etməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, o, cavabdehə pulu ödəmiş, lakin cavabdeh öz öhdəliklərini icra etməmiş, yəni serialın müqavilə ilə müəyyən edilmiş seriyalarını iddiaçıya təqdim etməmiş və nəticədə ona zərər dəymişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 779.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçı tərəfindən cavabdehə 27000 manat məbləğində avans ödənişin edilməsi, lakin cavabdehin öz öhdəliyini icra etməməsi, yəni avans məbləğini aldıqdan 30 gün müddətində 12 seriyanı iddiaçıya təqdim etməməsi işin mübahisəsiz halını təşkil edir. Çünki cavabdeh öhdəliyini yerinə yetirə bilmədiyini etiraf etmiş, lakin bunun məhz iddiaçının təqsiri üzündən baş verdiyini bildirmişdir. Bununla belə cavabdeh istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Tərəflər arasında bağlanmış 19.02.2020-ci il tarixli “Teleserialın yayımlanması haqqında” T-********** saylı müqavilənin 5.1.1-ci bəndində də təsbit olunmuşdur ki, serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi 1 ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 27000 manat məbləğində avans ödənişinin zərər kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddənin tələblərini, tərəflər arasında müqavilənin bağlanması tarixini, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi müddətini və iddiaçının cəmi 11 ay üçün faiz borcunun tutulması tələbini irəli sürdüyünü nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1237,5 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (27000 x 5% / 12 x 11 = 1237,5). Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər Lakin hazırki işdə həmin əsaslar mövcud deyildir. Çünki Cavabdeh MMC ümumiyyətlə zərərin mövcud olması və bu zərərin vurulmasına səbəb olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının öz öhdəliklərinin pozmasını təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh MMC-nin istinad etdiyi dəlillər isə qeyd olunan halların mövcud olduğunu təsdiq etmir. Çünki tərəflər arasında bağlanmış müqavilə məhz teleserialın yayımlanması haqqındadır və müqavilədə seriala çəkiləcək aktyor və aktrisaların bu və ya digər kanalda yayımlanacaq başqa teleserialda çəkilməsinə məhdudiyyətin qoyulması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Ona görə də, həmin dəlillər tamamilə əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2072/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.10.2021-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar