Məhkəmə qərarları › İş №2-2(103)-151/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-151/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-151/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, aldatma nəticəsində bağlanmış əqd, “respondeat superior”, müqavilənin qiyməti, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Sadıqova Zenfira Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 Rüfət oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixdə SM-M- 12/23 saylı alqı-satqı/xidmət müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndinə görə satıcı (podratçı), müqavilənin tərkib hissəsi olan və müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqı-satqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan malları/xidmətləri təqdim etməyi, alıcı (sifarişçi) isə həmin malların/xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 3.6-cı bəndində göstərilmişdir ki, ödənişlərin aparılması öhdəliyin icrasının son tarixindən sonra alıcının/sifarişçinin ödənişi gecikdirməsi halında alıcı/sifarişçi satıcıya/podratçıya hər gecikdirilən gün üçün borcun 0.5%-i miqdarında сərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilanin ümumi məbləğinin 10%-dən artıq ola bilmaz.

3. Müqavilə hər iki hüquqi şəxsin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur.

4. Malların verilməsi ilə bağlı satıcı tərəfindən alıcıya elektron qaimələr göndərilmişdir.

5. xx.xx.2024-cü il tarixdə satıcı və alıcı arasında onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş üzləşmə aktı tərtib olunmuş, həmin aktda Cavabdeh MMC xx.xx.2024-cü il tarixinə 735 144,25 manat borcunun olduğunu qəbul etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 735 144,25 manat (yeddi yüz otuz beş min bir yüz qırx dörd manat iyirmi beş qəpik) (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 73 500 (yetmiş üç min beş yüz) manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 3150 (üç min bir yüz əlli) manatın, habelə ödənilmiş 1101,79 (min bir yüz bir manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun əvəzinin, yəni cəmi 811 794 (səkkiz yüz on bir min yeddi yüz doxsan dörd) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında SM-M- 12/13 saylı xx.xx.2023 -cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək müxtəlif növdə ehtiyat hissələrini və materialları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 735 144,25 manat (ƏDV daxil) borcu qalmışdır. Cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun 7 gün ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilmiş və həmin aktda xx.xx.2024-cü il tarixinə borcun məbləğinin 735 144,25 manat olmasını cavabdeh təsdiq etmişdir.

8. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə qarşı yazılı etiraz vermiş, etirazında aşağıdakıları göstərmişdir: “Müqavilə pis niyyətlə razılığa gəlmə nəticəsində bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddədən də aydın olduğu kimi bir tərəfin nümayəndəsinin qarşı tərəflə pis niyyətlə razılığa gəlməsi qanunsuzdur. Lakin bu müddəa yalnız tərəflərin nümayəndələri ilə məhdudlaşmamalı, müqavilənin bağlanmasına təsir göstərə bilən hər hansı işçi də bu maddənin çərçivəsinə düşmüş hesab edilməlidir. Belə ki, müqavilə bağlandığı dövr ərzində cavabdehdə “dispetçer” vəzifəsində çalışmış X5 və “yağlama işləri üzrə nəzarətçi” vəzifəsində çalışmış X6 cavabdehin iddiaçı ilə müqavilə bağlamasında əhəmiyyətli rol oynamışdırlar. Hər iki əməkdaş həmin dövr üçün cavabdehin hansı təchizatlara ehtiyacı olduğunu dəqiqliklə bildikləri üçün onlara məlum bütün əlaqəli məlumatları (cavabdehə hansı avadanlıqlar lazımdır, hansı müddətə, qiymət aralığı və s.) iddiaçıya ötürmüş, paralel şəkildə cavabdehin nümayəndəsini müqavilənin məhz iddiaçı ilə bağlanmasına təşviq etmək istiqamətində bir sıra qanunsuz addımlar atmışlar. Nəticə etibarilə, müqavilə birbaşa iddiaçı və cavabdehin nümayəndəsinin pis niyyəti ilə deyil, cavabdehin sözügedən işçilərinin pis niyyətləri ilə bağlanmışdır, hansı ki, həmin işçilər cavabdehin nümayəndəsinə müqavilənin məhz iddiaçı ilə bağlanması yönündə təsir göstərmişlər (guya ki, ən uyğun qiymətlər iddiaçının təklif etdiyi qiymətlərdir, ən keyfiyyətli avadanlıqlar iddiaçıda satılır və s.). Onların təsir göstərmə imkanları isə həmin sahədə malik olduqları təcrübə ilə əlaqədardır, bu səbəblə də iddiaçı ilə müqavilə bağlanılmazdan və tələb olunan avadanlıqlar əldə edilməzdən öncə rəhbərlik tərəfindən bu işçilərin məsləhətləri dinlənilmişdir. X2 və X3 cavabdeh müəssisədə əmək müqavilələrinə xitamından (birincinin müqaviləsi 16 noyabr 2023-cü, ikincininki isə 4 may 2023-cü ildə xitam edilib) qısa müddət sonra iddiaçı müəssisədə işə başlamaları (birinci 19 aprel 2024-cü ildə, ikinci isə 1 dekabr 2023-cü ildə işə başlayıb) həmin işçilərin iddiaçı ilə öncədən razılaşma içində olduqlarının və cavabdehə məxsus müvafiq avadanlıq tələbatı məlumatlarının iddiaçıya ötürdüklərinin bilavasitə göstəricisidir. Əlavə olaraq, cavabdehin müvafiq avadanlıqlara ehtiyac duyduğu dövrdə iddiaçı müəssisənin qısa müddətdə təsisi (iddiaçı müəssisə 19 dekabr 2022-ci ildə təsis edilib), bu qısa müddət ərzində məhz cavabdehin ehtiyacı olan avadanlıqları əldə etməsi və dərhal cavabdehlə müqavilə bağlaması (7 fevral 2023) onu ehtiva edir ki, cavabdeh müəssisənin daxilində məxfi məlumatlar (cavabdehə lazım olan avadanlıqlar, qiymət intervalı və s.) iddiaçıya ötürülmüş və beləliklə, işçilərin təsiri nəticəsində pis niyyətlə müqavilənin bağlanmasına səbəb olmuşdur. İddiaçı rəqabət qanunvericiliyini pozaraq haqsız rəqabətə yol vermişdir. Bu məqamda qeyd etmək yerinə düşər ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olduğu dövr ərzində qüvvədə olan “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən, bazar subyektinin elmitexniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması, eləcə də onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi haqsız sahibkarlıq fəaliyyətinə aid edilməklə haqsız rəqabətin formalarından biri hesab olunur. Yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh müəssisədə işləyən işçilərlə qanunsuz razılaşmalar vasitəsilə cavabdehin ticarət fəaliyyətinə dair məlumatları ələ keçirməyə nail olmuş, bununla da öz sahibkarlıq fəaliyyətini müvafiq şəkildə tənzimləmişdir. Cavabdehin iddiaçı və rəqibləri üçün kifayət qədər nüfuzlu bir müştəri olduğunu nəzərə alsaq, iddiaçının cavabdehlə müqavilə münasibətilərinə daxil olmaq üçün qanunsuz vasitələrə əl atması digər rəqiblərə münasibətdə haqsız rəqabətə səbəb olur. Belə ki, normal rəqabət şəraitində cavabdeh məhz iddiaçı ilə deyil, iddiaçının rəqibləri ilə də müqavilə münasibətlərinə daxil ola bilərdi. Bu məqsədlə iddiaçının sözügedən haqsız rəqabət nəticəsində əldə etdiyi gəlirdən əsassız varlanması və əlavə 73 500 manat faiz məbləğini tələb etməsi məqsədəuyğun deyil və qanunsuzdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia tələbləri rədd olunmalıdır”.

10. Birinci instansiya məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, 735 144 (yeddi yüz otuz beş min yüz qırx dörd) manat 25 (iyirmi beş) qəpik, cərimə borcu üzrə 36 000 (otuz altı min) manat məbləğində pul, ümumilikdə 771 144 (yeddi yüz yetmiş bir min yüz qırx dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 1061 (bir min altmış bir) manat 14 (on dörd) qəpik məbləğində pulun Cavabdehndən tutulub İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

11.1. İddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı İddiaçı üzərinə düşür. 11.2. İddiaçı tərəfindən cavabdehə malların verilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir, bundan başqa da, məhkəmə iclasında malların cavabdehə təhvil verilibverilməməsi soruşulmuş, cavabdeh tərəf də qeyd edilmiş dəyərdə malların təhvil verildiyini, ancaq malların baha qiymətə satıldığını bildirmişdir. Həmçinin məhkəmə iclasında işə əlavə edilmiş 18.07.24-cü il tarixli (15.800 manat), xx.xx.2024-cü il tarixli (15 800 manat), xx.xx.2024-cü il tarixli (20 680 manat), xx.xx.2024-cü il tarixli (31 400 manat) qəbzlərdə göstərilmiş ödənişlərin, məhz indiki tələb edilən borca aid olub-olmaması soruşulmuş və hər iki tərəf, tərəflər arasında bir alqı-satqı müqaviləsinin olduğunu, ancaq qeyd edilmiş ödənişlərin hazırkı borca deyil, tərəflər arasında olan başqa mal mübadiləsinə aid olduğunu bildirdilər. 11.3. Bundan başqa, məhkəmə iclasında hər iki tərəf üzləşmə aktında qeyd edilmiş 735 144,25 manat puldan hər hansı bir ödəniş olmadığını bildirdilər. Belə olan halda, 735 144,25 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə verildiyindən və cavabdeh tərəfindən qeyd edilmiş malların dəyərini ödəmədiyindən, 735 144,25 manat məbəğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 11.4. Məhkəmə iclasında iddiaçı tərəfdən tələb edilən gecikdirilmiş vaxt üçün hesablanmış 73 500 manat pulun nə kimi tələb edilməsi dəqiqləşdirilmiş və iddiaçı tərəf də, tələb edilən bu pulun tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən tələb edilən cərimə məbləği olduğunu bildirmişdir. 11.5. Göründüyü kimi, iddiaçının istinad etdiyi müqavilənin bəndi öhdəliyin icra edilməməsi nəticəsində cərimə məbləğinin tətbiq edilməsinin mümkünlüyünü ehtiva edir. 11.6. Hazırkı işin hallarından görünür ki, cavabdehin 735 144,25 manat manat əsas borcuna münasibətdə 36 000 manat məbləğində cərimə daha ağlabatan və ədalətlidir. 11.7. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 1061,14 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3cü, 425-ci, 462.1-ci, 467-ci, 567-ci və 600.4-cü maddələrinə istinad etmişdir.

13. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin, gəldiyi nəticə üçün mühim əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, müqavilə şərtlərinə görə tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməli olmasını nəzərə almadığını, faiz tələbini təmin edərkən maddi hüquq normalarının tələblərini pozduğunu, vəkilə müvafiq məbləğdə ödəniş həyata keçirildiyinin sübuta yetirilmədiyinə əhəmiyyət vermədiyini irəli sürmüşdür.

14. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun qismən – iddianın təmiin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və həmin hissədə də tələbin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara, eləcə də cavabdehin borcunu ödəməkdən qəsdən yayındığının müəyyən olunmasına əhəmiyyət vermədiyini, cərimə borcunu və vəkilə ödənilən xərci əsassız olaraq tənasübsüz şəkildə azaltdığını irəli sürmüşdür.

Apellyasiya şikayətlərinə qarşı etirazlar

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, izahat

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş (nümayəndə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir), məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin şikayətinin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

19. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

27. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

32. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

33. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

34. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

35. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşıyır.

40. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

42. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

44. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

45. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

46. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

57. Bu kontekstdə kollegiya, ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir:

58. Belə ki, cavabdehin nümayəndəsi iddia tələbinə etirazında və apellyasiya şikayətində xx.xx.2023-cü il tarixli SM-M-12/23 saylı alqı-satqı/xidmət müqaviləsini Mülki Məcəllənin 339.1-ci maddəsinə istinadən mübahisələndirir və cavabdehin malların dəyəri barədə aldadıldığını irəli sürür; onun arqumetlərinə görə, müqavilə bağlandığı dövr ərzində cavabdeh şirkətdə “dispetçer” vəzifəsində çalışmış X5 və “yağlama işləri üzrə nəzarətçi” vəzifəsində çalışmış X6 cavabdehin iddiaçı ilə müqavilə bağlamasında əhəmiyyətli rol oynamış, cavabdehin hansı təchizatlara ehtiyacı olduğunu dəqiqliklə bildikləri üçün onlara məlum bütün əlaqəli məlumatları (cavabdehə hansı avadanlıqlar lazımdır, hansı müddətə, qiymət aralığı və s.) iddiaçıya ötürmüş, paralel şəkildə cavabdehin nümayəndəsini müqavilənin məhz iddiaçı ilə bağlanmasına təşviq etmək istiqamətində bir sıra qanunsuz addımlar atmışlar.

59. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

60. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

61. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

62. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

63. Cavabdehin nümayəndəsinin, cavabdehin öz işçiləri tərəfindən aldadılması arqumentinə münasibətdə kollegiya qeyd edir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır, onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

64. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir (§ 39, 40).

65. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

66. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3-cü və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır, istisnanı isə iddiaçının, cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatlı olması təşkil edir.

67. Cavabdeh tərəf iddiaçının belə məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.

68. Digər tərəfdən qeyd olunmalıdır ki, mülki qanunvericilikdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq öhdəliyin icrası zamanı qiymətin tərəflərin razılığı ilə müəyyənləşdiriməsi prezumpsiyası təsbit edilmiş, istisna hal kimi qanunda göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər nəzərdə tutulmuşdur.

69. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli SM-M-12/23 saylı alqısatqı/xidmət müqaviləsinin predmeti olan mallarla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər mövcud deyildir və bu səbəblə də tələb-təklif əsasında formalaşan, tərəflərin razılaşması ilə müəyyən edilən müqavilənin qiyməti satıcının aldadıcı hərəkəti kimi təfsir edilə bilməz.

70. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş üzləşmə aktı tərtib olunmuş, həmin aktda cavabdeh xx.xx.2024-cü il tarixinə 735 144,25 manat borcunun olduğunu qəbul etmişdir.

71. “Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.

72. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi cavabdehin azadlığı olmuşdur və onun, həmin müqaviləni aldatma nəticəsində bağladığı qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir.

73. Kollegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir:

74. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir (§ 17, 36). Həmin prinsipin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir (§ 42).

75. Hazırki işin hallarından görünür ki, cavabdehin 735 144,25 manat olduğu müəyyənləşdirilən borcuna münasibətdə iddiaçı 73 500 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 36 000 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından, həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır.

76. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

77. Kollegiya, “hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun ödənilməsi” nəticəsi ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiyanın qənaətinə görə, mübahisənin mahiyyəti və vəkilin göstərdiyi xidmətin həcmi baxımından iddiaçının vəkilə ödədiyi məbləğin 1000 (min) manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması Mülki Prosessual Məcəllənin 121-ci maddəsində təsbit edilmiş ağlabatanlılıq meyarına uyğun hesab edilməlidir.

78. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4796/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar