Məhkəmə qərarları › İş №2-2(103)-153/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-153/2022

02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-153/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddiası üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 25.10.2021-ci il tarixli e-2-2(113)-4540/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən 600589 saylı akt əsasında əsassız hesablanmış 4104 manat məbləğində borcun iddiaçının şəxsi hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 100 kv.metrlik sahə iddiaçı tərəfindən mülkiyyətçi X3 icarəyə götürülmüşdür. Həmin sahə artıq 7 ildir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş və həmin sahədə çamaşırxana xidməti göstərilməkdədir. Bu günə kimi iddiaçı qanuni əsaslarla fəaliyyət göstərmiş və istifadə etdiyi kommunal xidmətlərin dəyərini vaxtında ödəmişdir. Dəfərlərlə cavabdeh təşkilatın nümayəndələri icarəyə götürdüyü sahəyə gəlmiş, su sayğacını və su xəttini yoxlamış və heç bir qanun pozuntusu aşkat etmədən sahəni tərk etmişlər. Hər ay su sərfıyyatına görə son illər fəaliyyətindən asılı olaraq 200-300 manat xidmət haqqı ödəmişdir. İddiaçı icarə götürdüyü sahədə su sayğacı cavabdeh tərəfindən 1 dəfə dəyişdirilmiş və onun əvəzinə yeni tipli smart kartla işləyən su sayğacı quraşdırılmışdır. İddiaçının icarəyə götürdüyü sahənin bir hissəsində, tavan hissəsində binanın tikinti layihəsinə uyğun olaraq su və kanalizasiya xətləri keçir. İcarəçi o hissəni laminat lövhə ilə üzlətmişdir ki, görüntü səliqəli olsun. Heç zaman o yerdən istifadə etməmişdir. Sadəcə hərdən hansısa bir mənzildə su xətlərində nasazlıq olduqda, mənzil sahiblərinin xahişi ilə ustaların o hissəyə baxış keçirməsinə icazə verilirdi. Cavabdehin əməkdaşları iyul ayının 27-si sahəyə gələrək əsassız olaraq 600589 saylı Akt tərtib etmiş və heç bir əsas olmadan 4104,00 manat borc yaranmışdır. Akt tərtib edilərkən nə iddiaçı, nə də sahənin mülkiyyətçisi dəvət edilməmiş və iddiaçının iştirakı olmadan həmin əsassız akt tərtib edilmişdir. Səlahiyyətli orqana həmin aktın əsassız olması və ləğv olunması barədə şifahi müraciət etməsinə baxmayaraq, həmin məbləğin iddiaçı tərəfindən ödənilməli olması bildirilmişdir. Sözügedən Akta əsasən guya şirkət tərəfindən kənar su xəttindən istifadənin aşkar edildiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu iddiaçının istifadə etdiyi su sərfıyyatı kimi qəbul edilmişdir. Bu yanaşma absurddur. İddiaçı çamaşırxana xidməti göstərdiyindən bu kimi pozuntuya yol verməsi məntiqsizdir. Qeyd olunan aktı və onun əsasında hesablanmış məbləği qanunsuz və əsassız hesab edir Bakı Kommersiya Məhkəməsinin 25.10.2021-ci il tarixli e-2-2(113)-4540/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 600589 saylı akt əsasında hesablanmış 4104 manat məbləğində borcun İddiaçı şəxsi hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30.52 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Qanunun 50, 67.1 və 72-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.1-cı maddələri, “Sudan istifadə Qaydaları”nın 3.1.1, 6.1 və 8.7-ci bəndləri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, “Sahibkarlıq sahəsindəaparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”1.4cü bəndləri düzgün tətbiq olunmamış, Mülki Prosessual Məcəllənin 88-ci maddəsi pozulmuş, məhkəməyə sayğacın 23.07.2021-ci il tarixli inventarizasiya aktı və video görüntü təqdim edilmiş, həmin sübutlarda su sayğacından kənar qeyri-qanuni su xəttinin mövcudluğu (kənar xəttin iş diametri 20-mm-lik) açıq aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmiş, hadisə yerinə baxış keçirməmişdir. Video görüntünün araşdırılmaması məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 25.10.2021-ci il tarixli e-2-2(113)-4540/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 24.07.2021-ci il tarixli 600589 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən çamaşırxanada yoxlama aparılmış, yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni su xəttinin mövcud olması, kənar xəttin iç diametrinin 20 mm olması aşkar olunmuşdur. İş materiallarında olan 24.07.2021-ci il tarixli ********* saylı hesab vərəqindən görünür ki, cavabdeh tərəfindən 24.07.2021-ci il tarixli 600589 saylı akta əsasən iddiaçıya 4104 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı sahibkarlıq subyekti olduğu halda onun su təchizatı sisteminə baxış keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və akta əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4104 manat borc silinməlidir Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması ilə bağlı qanunvericiliyin tələbi birmənalıdır və yoxlamanın qeydə alınmamasının nəticəsi dəqiq tənzimlənmişdir. Buna görə də, mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün hər hansı əsas müəyyən olunmur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 25.10.2021-ci il tarixli e-2-2(113)-4540/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25.10.2021-ci il tarixli e-2-2(113)-4540/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar