Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-153/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4017/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı “Az FP Co LTD” (indiki İddiaçı) MMC ilə alıcı Cavabdeh MMC arasında 13 sentyabr 2022-ci il tarixli, M1128 nömrəli plastik məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifarişi, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında və bu müqavilənin ayrılmaz tərki hissəsi olan Əlavələrdə (X1) göstərilən plastik məhsulları alıcıya satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edib, tam dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 219.483,51 manat, cərimə məbləği 34.955,97 manat, ümumilikdə 254.439,48 manat məbləğdə və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum 400 manat məbləğdə pul vəsaitini və ödənilmiş 144,84 manat dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, onun tərəfindən öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh aldığı plastik məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 219.483,51 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməyib və hal-hazırda cavabdehin borc məbləği 219.483,51 manat təşkil edir. Həmin müqavilənin 5.1. bəndinə əsasən - alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 02 may 2023-cü il tarixinə olan cərimənin məbləği 34.955,97 manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu – 254.439,48 manat təşkil edir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4017/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən ƏDV daxil 219.483,50 manat (189624,05 manat əsas məbləğ və 29.769,45 manat ƏDV) məbləğində borc, 10.000 manat məbləğində dəbbə pulu, cəmi 229.483,50 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi və iddia tələbinin qismən edilərək, 111.275,75 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alqı-satqı müqaviləsinin müxtəlif bəndlərinə istinad etsə də, 2-ci bəndin heç bir yarımbəndinə istinad etməmiş, tərəflər arasında həqiqətən də malların təhvil-təslimin olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, həmin müqavilənin 2.1; 2.2; 2.4 və 2.5-ci maddələrinin ümumi məzmununa görə mallar (müvafiq halda plastik məhsullar) alıcıya satıcı tərəfindən sifarişin dəyəri tam olaraq öncədən ödənildikdən sonra təhvil-təslim aktı əsasında alıcının səlahiyyətli nümayəndəsinə təhvil verilməklə rəsmiləşdirilir və alqısatqı bağlanmış hesab olunur. İş materiallarına əlavə edilmiş malların təhvil-təslim aktlarından görünür ki, məhsullar müxtəlif şəxslərə təhvil verilmişdir. Lakin, məhkəmə tərəfindən həmin şəxslərin Cavabdeh MMC-yə aidiyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. Təhvil-təslim aktlarında adları sadalanan şəxslərdən yalnız ikisi Cavabdeh MMC-nin əməkdaşlarıdır, digər şəxslərin MMC ilə heç bir bağlılığı yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında məhsulu təhvil alan şəxs MMC-nin direktoru (Nümayəndə2), xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında məhsulu təhvil alan şəxs isə MMC-nin sürücüsü (Asəf Yusubov) vəzifəsində çalışan şəxslərdir. Digər şəxslərin MMC-yə aidiyyəti yoxdur. Ona görə də, MMC müqavilənin 2-ci maddəsinin tələblərinə uyğun olaraq onun səlahiyyətli nümayəndələrinə təhvil verilmiş məhsulların dəyəri həcmində məsuliyyət daşıyır. Bu baxımdan da, cavabdehin iddiaçıya olan borcu 111.275,75 manat müəyyən olunmalıdır. Qətnamədə cavabdehin direktorunun borcun etirafı ilə bağlı müraciətinə istinad edilməsinə dair isə nəzərə alınmalıdır ki, Cavabdeh MMC bir sıra hüquqi şəxslərlə müqavilə tərəfdaşıdır, həmin müraciətdə qeyd edilən məbləğlər mühasibatlıq yanlışın nəticəsində müəyyən edilmişdir ki, bu da özündə həqiqəti əks etdirmir. İddiaçı cavabdehin ona olan borcunun məhz iddia tələbi həcmində olmasını sübut etməmişdir. Hazırki halda iddiaçı tərəfindən məhsulların təhvil verilməsi sübut olunmur, yalnız ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturalarının mövcudluğu öz-özlüyündə malların təqdim olunmasını təsdiq etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi başlamazdan əvvəl mövcud qanunvericiliyə uyğun olaraq cavabdehə pretenziya və mediasiya təklifi göndərilmişdir. Həmin məktublara cavabdeh tərəfindən heç bir reaksiya verilməmiş və mediasiyada iştirak etməmişdir. Bundan başqa, Bakı Kommersiya məhkəməsi cavabdehin iclasda iştirakının təmin olunması məqsədi ilə 3 dəfə iş üzrə hazırlıq iclası təyin etmiş və cavabdehə iş üzrə iddia ərizəsinə dair yazılı etirazın və etirazın dəlillərinə dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin cavabdeh etiraz ərizəsi təqdim etməmiş və hazırlıq iclaslarında iştirak etməmişdir. Cavabdeh baxış iclasında da iştirak etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə haqlı olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq tam qanuna uyğun və düzgün qərar qəbul etmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti və edilən bütün hərəkətsizliklər (çağırış və bildirişlərə reaksiya verməmək, məhkəmə iclaslarına gəlməmək) qəsdən işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törətmək məqsədi daşıyır. Həmçinin, hər bir satılan məhsullara görə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına müvafiq olaraq elektron qaimə-fakturalar göndərilib və həmin elektron qaimə-fakturaların bir hissəsi sistem tərəfindən bir hissəsi isə cavabdeh tərəfindən təsdiqlənib. Əgər cavabdehin hər hansı irad, düzəliş və ya imtina etmək istəyi olsaydı bunu e-kabinet vasitəsi ilə və ya iddiaçının əməkdaşları və rəhbərliyi ilə danışıqlar zamanı bu müddət ərzində bildirərdi. Bundan əlavə hər hansı şirkətlə bağlanmış alqı-satqı müqavilələri üzrə tərəflər öz öhdəliklərini yerinə yetirərkən rəhbər şəxslər deyil, onların təyin etdiyi əməkdaşları malların sifarişini edir, təhvil-qəbulunu həyata keçirir və müvafiq sənədləri imzalayırlar. Müqavilənin 9.4-cü bəndinə əsasən müqaviləyə edilən əlavə və dəyişikliklər, habelə bu müqavilənin icra olunması ilə bağlı digər sənədlər (protokollar, təhvil-təslim aktları və s.) müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu sənədlər də cavabdehin qeyd edilən məbləğdə malların qəbul etməsini təsdiq edir. Həmçinin məhkəmə düzgün olaraq “etiraf” sənədinə istinad etmişidr. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
17. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
21. Belə ki, tərəflər arasında 13 sentyabr 2022-ci il tarixli, M1128 nömrəli plastik məhsullarının alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
22. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. (9 ədəd) malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, “Az FP Co LTD” (indiki İddiaçı) MMC tərəfindən xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrdə müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (ƏDV daxil) 229.243,36 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.
26. İddiaçı MMC tərəfindən M1128 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci ilxx.xx.2022-ci il tarixləri əhatə edən dövrdə ümumilikdə (ƏDV daxil) 229.243,36 manat dəyərində malların verilməsinə dair (9 ədəd) elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
27. Cavabdeh MMC (direktor Nümayəndə2) İddiaçı MMC-yə müraciət edərək, 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 219.483,51 manat borc öhdəliyini tam olaraq etiraf etmiş, qeyd edilən borc məbləğini 10 həftə (2023-cü il) ərzində hər həftə (may ayının 2-ci həftəsi (8-14), may ayının 3cü hftəsi (15-21), may ayının 4-cü həftəsi (22-28), iyun ayının 1-ci həftəsi (29 may-4 iyun), iyun ayının 2-ci həftəsi (5-11), iyun ayının 3-cü həftəsi (12-18), iyun ayının 4-cü həftəsi (19-25), iyul ayının 1-ci həftəsi (26 iyun-02 iyul), iyul ayının 2-ci həftəsi (03-09) və iyul ayının 3-cü həftəsi (10-16)) 21.948,35 manat olmaqla cəmi 219.483,50 manat olmaqla ödəyəcəklərini öhdəlik götürmüşlər.
28. Göründüyü kimi müqavilə üzrə malların cavabdehə təhvil verilməsi və sonuncunun buna görə 219.483,50 manat borcunun olması qiymət razılaşdırma protokolları, təhvil-qəbul aktları, cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələr və ən əsası Cavabdeh MMC-nin borcun etirafı barədə İddiaçı MMC-yə ünvanladığı müraciəti ilə tam təsdiq olunur.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 219.483,50 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
30. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir.
31. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
32. İşin hallarını, yəni cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddətini və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 10.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
33. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya etiraz etməmiş və iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Hazırda isə cavabdeh iddiaçının təqdim etdiyi sübutları mübahisələndirir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Eyni zamanda, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh MMC İddiaçı MMC-yə müraciət edərək, 13 sentyabr 2022ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 219.483,51 manat borc öhdəliyini tam olaraq etiraf etmiş, həmin məktub cavabdeh MMC-nin direktoru Nümayəndə2 tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Cavabdeh isə həmin məktubun səhvən yazıldığını bildirsə də, bu halın təsdiqi barədə hər hansı sübutu təqdim etməmişdir. Ona görə də, bəzi təhvil-təslim aktlarını imzlayan şəxslərin cavabdehin səlahiyyətli şəxsləri olub-olmadığı faktını araşdırmağa zərurət yoxdur.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4017/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn