Məhkəmə qərarları › İş №2-2(103)-154/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-154/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-154/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3822/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.271,46 manat əsas borc, mediasiya xərclərinn əvəzi olaraq ödənilmiş 200 manat, eləcə də hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin, eləcə də ödənişinin ödənilməsinin gecikdirilməsi üçün elektron qaimənin tərtib edildiyi tarixdən borcun cavabdehlər tərəfindən iddiaçıya ödənildiyi tarixədək hər təqvim günü üçün 1 faiz məbləğində vəsaitin hesablanılaraq cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və onun direktoru və təsisçisi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AVŞ-03-15-08/22 saylı alqı-satqı müqaviləsinə əsasən, alıcı müxtəlif çeşidli tikinti məhsullarını almaq üçün satıcıdan bu müqavilənin şərtlərinə uyğun olaraq sifariş etməyi, satıcı malları slıcının sifarişinə uyğun olaraq ona satmaq üçün slıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi və alıcı malların dəyərini satıcıya müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə müddəalarını rəhbər tutaraq, müqavilə üzrə ödənilməli olan ümumi məbləği - 10.271,46 manat məbləğində pul vəsaitini satıcıya ödəməyi öz öhdəsinə götürsə də, alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmiş, nəticədə alıcının satıcıya ümumilikdə 10.271,46 manat borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini icra etməyən alıcıdan dəfələrlə müqavilə üzrə ödənişləri icra etməsini tələb etsələr də, alıcı həmin məbləğdən hal-hazıradək heç bir ödəniş etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AVŞ-03-15-08/22 saylı müqavilənin 2-4.3-cü bəndində bəyan edilir ki, elektron qaimənin tərtib edilməsindən sonrakı gün (16-cı gün) alıcı tərəfindən satıcının bank hesabına köçürmə edilməklə ödənilir. Lakin alıcı müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Müqavilənin 2-5-ci bəndinə əsasən, malın dəyərinin satıcıya ödənilməsi üçün razılaşdırılmış tarix bitdikdən və ödəniş həyata keçirilmədikdə ödənişlərinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməmiş məbləğin 1 faizi qalan məbləğə əlavə edilərək alıcı tərəfindən ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş Seriya: EBCJ №: 535773 elektron qaimədən görünür ki, elektron qaimə qarşı tərəfə xx.xx.2022-ci il tarixdə göndərilmişdir.

3. 26.09.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 10.271,55 manat əsas borc, yaranmış borcun ödənilməsinin gecikdirilməsi üçün xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmə aktı çıxarıldığı tarixədək hər təqvim günü üçün 1 faiz məbləğində, yəni 43.138,20 manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 3822/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 10.271,46 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu, cəmi 10.771,46 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 120 və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-2(113)-3822/2023 saylı qətnaməsinin iddia tələbinin rədd edilməsinə dair hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə yəni, tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında yəni, Cavabdeh1 ilə iddiaçı arasında olan whatsapp yazışması nəzərə alaınmamışdır. Halbu ki, Cavabdeh1 həmin yazışmalarda borc öhdəliyini icra edəcəyinə dair vədlər vermişdir. Lakin buna baxmayaraq məhkəmə borcun ondan tutulması hissəsində iddia tələbini ona dair hissədə əsassız olaraq təmin etməmişdir. Bundan başqa məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən ona satılmış məhsulun ödənişinin gecikdirilmiş hər günü üçün 1 faiz tutulmasına dair iddia tələbini əsassız olaraq qismən təmin edərək cavabdeh tərəfdən dəbbə pulu olaraq 500 manat tutulmasını qət etmişdir. Halbuki, gecikdirilmiş hər gün üçün əsas borcun bir faizinin alıcıdan tutularaq satıcıya ödənilməsinə dair tərəflərin müqavilə şərtlərinə əsasən razılaşmaları mövcuddur. Məhkəmə qarşı tərəfdən 500 manat dəbbə pulunun tutulmasını qət etsə də, dəbbə pulunun məhz 500 manat təmin etməsinin hüquqi baxımdan əsaslandıra bilməmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, alıcı satıcı qarşısındı ödənişin gecikdirilməsinin hər günü üçün 1 faiz ödəyəcəyini öz öhdəsində götürmüşdür. Elketron qaimə xx.xx.2022-ci il tarixdə qarşı tərəfə göndərilmiş, e-qaimənin göndərildiyi tarixdən 15 gün sonra yəni, xx.xx.2022-ci il tarixdən başlayaraq əsas borcun yəni, 10271.46 manatın 1 faizi olan 102.71 manat hər gecikdirilmiş qətnamə çıxarılanadək olan müddət 320-ə münasibətdə (gecikdirilmə müddətindən qətnamə çıxarıldığı günədək 320 gün keçmişdir, xx.xx.2022-xx.xx.2023) hesablanmamışdır. Göründüyü kimi günlük 1 faiz 102.71 manat olduğu halda, qətnamə çıxarıldığı günədək 320 gün keçmiş, həmin müddət ərzində (102.71*320=32867.2) isə faiz məbləği 32867.2 manat təşkil etmişdir. Lakin heç bir hüquqi əsaslandırma aparmadan məhkəmə əsassız olaraq faiz borcunu cəmi 500 manat təmin etmişdir. Göründüyü kimi qanunvericilik mülki hüquqlardan sui-istifadəni qadağan etsə də, əsas məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmayan Cavabdeh1 təsisçisi və drektoru olduğu "xxxx" MMC-ni yaratmaqla sahibkarlıq fəaliyyəti olan şəxslərdən şirkətin adından müqavilə bağlayaraq mənə məxsus əmlakı ələ keçirmişdir. Məhkəmə isə bunları nəzərə almamışdır. Mülki qanunvericiliyin tələblərindən də göründyü kimi mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Hazırki iş üzrə isə Cavabdeh1 isə iddiaçıdan malları şəxsən almış, elektron qaimələri təsdiq etmiş, tərəflər arasında yaranmış münasibətlər üzrə borc öhdəliyini icra edəcəyini dəfələrlə vəd verərək, borcun ona aid olmasını etriaf edərək şəxsən özü üçün mülki vəzifələr yaratmışdır. Lakin məhkəmə bunu nəzərə almadan borcun Cavabdeh1 tutulması hissəsində iddia tələbini əsassız olaraq təmin etməmişdir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Cavabdeh1 iddiaçı ilə formal görünüş üçün şirkət təsis edərək əsl niyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmamış, niyyəti iddiaçıya məxsus əmlakı əldə edərək şirkətin adından istifadə etməklə mülki öhdəlikdən yayınmaq olmuşdur. Məhkəmə qətnaməsində göstərmişdir ki, iddianın digər Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməsini tələb etdiyi borcun yaranması üçün əsas olmuş alqı-satqı münasibətlərində Cavabdeh1 "xxxx" MMC ilə birlikdə alıcı qismində iştirak etməsini və ya Cavabdeh1 "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə borcuna zamin durmasını və yaxud da Cavabdeh1 iddiaçının qarşısında həmin borcu ödəmək öhdəliyini yaranması üçün əsas ola biləcək sair halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Hesab edirəm ki, məhkəmə işə qərəzli yanşmış, faktiki olaraq Cavabdeh1 iddiaçı ilə şifahi danışıqlarında, eləcə də, whatsapp yazışmalarında borcu ödəyəcəyini vəd verərək müqavilə üzrə öhdəlikləri icra edəcəyinə dair yalan vədlər vermişdir. Lakin məhkəmə həmin yazışmaları nəzərə almadan müvafiq məhkəmə aktı çıxarmışdır. Məhkəmə Cavabdeh1 tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə heç bir öhdəlik daşımamasını göstərsə də, onun iddiaçı qarşısında heç bir öhdəliyinin olmamasını əsaslandıra bilməmişdir. Məlum olduğu kimi Cavabdeh1 şirkətin təsisçisi və direktorudur, eləcə də alınmış mallar üzrə borcu şəxsən ödəyəcəyinə yalan vədlər verərək həmin malları şirkətə satılması üçün iddiaçını razılaşdıraraq almış, həmin malları isə öz istəyinə uyğun olaraq özgəninkiləşdirərək iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış müqavilə üzrə heç bir öhdəlik daşımaması ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Eləcə də, məhkəmə tərəfindən dəbbə pulunun 500 manat müəyyən etməsidə işin faktiki hallarına, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmasına uyğun gəlmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsaəsən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

16. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız İddiaçı tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsassızdır.

23. Hazırkı işin halları ilə müəyyən olunur ki, İddiaçı (sifarişçi) ilə Şahid (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AVŞ-03-01-07/21 saylı yük daşıma xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən sifarişçi icraçıya tikinti materiallarının daşınma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürmüşdür.

24. İddiaçı (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AVŞ-03-15-08/22 saylı alqı-satqı müqaviləsinin 1-1-ci bəndinə görə müqaviləyə əsasən Satıcı Alıcıya Tikinti Materialları (bundan sonra "Mal") satır. Alıcı isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir.

25. Həmin Müqavilənin 1-2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.

26. Həmin Müqavilənin 2-1-ci bədinə görə malın qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi olan Malın qiyməti üzrə razılaşdırma protokoluna əsasən müəyyən olunur. Ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir.

27. Həmin Müqavilənin 2-2-ci bəndinə əsasən malın Alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər sifariş edilən Malın həcmi 13 m3 , həmçinin 800 ədəd yaxud bundan artıq olduqda Malın qiymətinə daxildir. Sifariş edilən Malın həcmi 13 m3 -dən yaxud 800 ədəddən az olduqda 13 m3 -dən yaxud 800 ədəddən əksik olan hər m3 -ə 9 manat, hər 100 ədədə 30 manat hesablanaraq sifariş edilən malın qiymətinə əlavə ediləcək.

28. Həmin Müqavilənin 2-3-cü bəndinə əsasən ƏDV Malın qiymətinə daxil deyildir və Alıcı tərəfindən ödəniləcəkdir.

29. Həmin Müqavilənin 2-4-cü bəndinə əsasən tərəflər arasında hesablaşma aşağıdaki qaydada aparılır: 2-4-1. Satıcının 15 gün ərzində göndərdiyi mallar 16-cı gün Tərəflər arasında təhviltəslim aktının tərtib edilməsi ilə dəqiqləşdirilir. 2-4-2. Təhvil-təslim aktının tərtib edildiyi və hər iki tərəfdən təsdiqləndiyi gün Satıcı tərəfindən elektron qaimə tərtib edilir. 2-4-3. Elektron qaimənin tərtib edilməsindən sonraki gün (16-cı gün) Alıcı tərəfindən Satıcının bank hesabına köçürmə edilməklə ödəniş edilir. 2-4-4. Ödənişin nəzərdə tutulan gündə həyata keçirilməməyi yalnız İş günü olmadığı halda mümkündür.

30. Həmin Müqavilənin 2-5-ci bəndinə əsasən malın dəyərinin Satıcıya ödənməsi üçün razılaşdırılmış tarix bitdikdən və ödəniş həyata keçirilmədikdə ödənişlərin gecikdiyi hər təqvim günü üçün ödənilməmiş məbləğin 1%-i qalan məbləğə əlayə ediləcəkdir.

31. Həmin Müqavilənin 4-1-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Bu müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən tərəf bu barədə digər tərəfi yazılı surətdə 15 (15) gün əvvəl xəbərdar etməlidir. Müqavilənin müddəti bitdikə hər iki tərəf müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilə avtomatik olaraq daha 1 (bir) il müddətinə uzadılır.

32. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

33. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların (mişar daşı, qum və s.) adı, növü, ölçüsü və hər vahidin qiyməti razılaşdırılmışdır.

34. 1 saylı protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

35. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların (mişar daşı, qum və s.) adı, növü, ölçüsü və hər vahidin qiyməti razılaşdırılmışdır.

36. 2 saylı protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

37. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 1 saylı Təhvil-təslim aktına əsasən ümumilikdə (683,46 manat ƏDV daxil) 4.480,46 manat məbləğində mallar (mişar daşı, qum və s.) xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasında satıcı - İddiaçı tərəfindən alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir.

38. 1 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

39. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 2 saylı Təhvil-təslim aktına əsasən ümumilikdə (883,38 manat ƏDV daxil) 5.791,08 manat məbləğində mallar (mişar daşı, qum və s.) xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasında satıcı - İddiaçı tərəfindən alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir.

40. 2 saylı təhvil-təslim aktı satıcının imzası və möhürü və alıcının möhürü ilə təsdiq edilmişdir.

41. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 3 saylı Təhvil-təslim aktına əsasən ümumilikdə (1.566,84 manat ƏDV daxil) 10.271,54 manat məbləğində mallar (mişar daşı, qum və s.) xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında satıcı - İddiaçı tərəfindən alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir.

42. 3 saylı təhvil-təslim aktı satıcının imzası və möhürü və alıcının möhürü ilə təsdiq edilmişdir.

43. İddiaçı tərəfindən ümumilikdə 10.271,55 manat dəyərində malların (mişar daşı, qum və s.) göndərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 535773 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. Şahid tərəfindən malların (mişar daşı, qum və s.) daşınma (ümumilikdə 4.571 manat dəyərində) xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 011008 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı göndərilmişdir.

44. 19.09.2022-xx.xx.2022-ci il tarixləri arası dövrlərdə aparılmış “watsapp” yazışmalarından görünür ki, həmin dövrlərdə “Elməddin” adlı şəxs “Zahir” adlı şəxsə (683,46 manat ƏDV xaric) 3797 manat məbləğində və (883,38 manat ƏDV xaric) 4.907,7 manat məbləğində olmaqla ümumilikdə 8.704,70 manat məbləğində mallara görə xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair tərtib edilmiş müvafiq olaraq xx.xx.2022-ci il tarixli 1 saylı təhvil-təslim aktını və xx.xx.2022-ci il tarixli 2 saylı Təhvil-təslim aktını göndərərək (xatırladaraq) ümumilikdə 8.704,70 manat məbləğində mallara görə yaranmış borcun ödənişinin edilməsini xahiş etmiş, “Zahir” adlı şəxs isə ödənişlər gələn kimi pulu göndərəcəyini bildirmişdir.

45. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə çalışır. Vəzifəsi yükləri daşımaqdan ibarətdir. Cavabdeh şirkətə yükləri çatdırmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iki ünvana malları təxmini 1 il əvvəl çatdırmışdır. Qaimədə olan bütün malları çatdırmışdır.

46. Birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC-dən 10.271,46 manat məbləğində 500 manat məbləğində dəbbə pulunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 münasibətdə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

47. İddianın digər Cavabdeh1 qarşı olan hissəsində təmin edilməməsi ilə bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə kreditorun yalnız birdəfəlik icrasının tələb etmək hüququna malik olduğu öhdəliyin icrası bir neçə şəxsə həvalə edildikdə və onlardan hər biri öhdəliyin icrasında iştirak etməyə borclu olduqda onlar birgə borclular, belə öhdəliklər isə birgə öhdəliklər hesab olunur. Birgə öhdəliyi birgə borclular öz ödəniş paylarına mütənasib surətdə icra edirlər. Birgə borcluların payları qanunla, müqavilə ilə müəyyənləşdirilir. Birgə öhdəlikdən götürülmüş fayda birgə borcluların paylarına müvafiq olaraq onların hamısına mənsubdur.

48. Bu baxımdan Cavabdeh1 öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilməmişdir. Cavabdeh1 müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsaslanan birgə öhdəliyi yoxdur.

49. İddiaçı ödənilməsini tələb etdiyi borcun yaranması üçün əsas olmuş alqı-satqı münasibətlərində Cavabdeh1 "xxxx" MMC ilə birlikdə alıcı qismində iştirak etməsini və ya Cavabdeh1 "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə borcuna zamin durmasını və yaxud da Cavabdeh1 iddiaçının qarşısında həmin borcu ödəmək öhdəliyini yaranması üçün əsas ola biləcək sair halların mövcudluğunu sübuta yetirə bilməmişdir.

50. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndində öz əksini tapmışdır.

51. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

52. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

53. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 500 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə (iddianın rədd edilən hissəsində) işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3822/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar