Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-154/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının direktoru X3, Cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı ilkin pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı tələblərə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2856/2024 nömrəli qətnaməsindən cavabdehlər Bakı Otis Lift” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (İddiaçı MTK) cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ("xxxx" QSC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 94838 manat əsas məbləğin, 31770,73 manat cərimə məbləğinin, vəkilin xidmət haqqı üçün ödənilmiş 500 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 420 manat pulun cavabdehlər "xxxx" QSC və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda "xxxx" QSC və Cavabdeh2 cavabdeh ("xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı Otis Lift QSC və Cavabdeh2 arasında 29 iyun 2022- ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2856/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 94838 (doxsan dörd min səkkiz yüz otuz səkkiz) manat əsas borc, 4000 (dörd min) manat cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 325,23 manat (üç yüz iyirmi beş manat iyirmi üç qəpik) olmaqla, cəmi 99663,23 manat (doxsan doqquz min altı yüz altmış üç manat iyirmi üç qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh Bakı Otis Lift” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2856/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Mülki Məcəllənin 43 və 52.1-ci maddələrinin məzmunundan görünür ki, hüquqi şəxsin öhdəlikləri üçün yalnız özü məsuliyyət daşıya bilər. Məcəllənin 52.2-ci maddəsində isə təsisçinin məsuliyyət daşıması üçün 2 əsas müəyyən edilir: bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərə tutulan hallar... Mülki Məcəllənin 390-cı maddəsi isə fiziki hüquqi şəxslər üçün qanunla qadağan olunmayan istənilən məzmunda müqavilə bağlamaq hüququnu tanıyır. Məhz bu baxımdan Mülki Məcəllənin 43, 52 və 390-cı maddələri arasında ziddiyyət yaranır və şərh edilməsi zərurəti var. Belə ki, Mülki Məcəllənin 52.2-ci maddəsinə qeyd olunan “bu Məcəllə” ifadəsi həmin Məcəllənin 390-cı maddəsinin ziddiyyət təşkil edib-etməməsi dəqiqləşdirilməlidir. Qətnamənin 9-cu səhifəsinin 29-cu abzasında məhkəmə qeyd edir ki, tərəflər sərbəst şəkildə iradə ifadə edərək, həmin sazişi notarial qaydada bağlamış və şərtlərini könüllü, sərbəst şəkildə razılaşdırmışlar. Məhkəmə müqavilənin notarial olmasını onun etibarlılıq şərti kimi qəbul etmişdir. Məhkəmə ilkin iddia üzrə Cavabdeh2 hansı şəraitdə öz üzərinə öhdəlik götürməsini, eləcə də, bu öhdəliyin hüquqi əsaslılığını kifayət qədər araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
7. Etiraz belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Hazırki mübahisənin yaranmasının ilkin əsasları cavabdehlər tərəfindən liftlərin sifariş verilməsi, gətirilməsi və quraşdırılması ilə bağlı müqavilənin şərtlərinin icra edilməməsindən yaranmışdır. İşdən görünür ki, mübahisəyə dair həm hüquq mühafizə orqanlarında, həm də məhkəmədə çoxşaxəli və hərtərəfli araşdırma aparılmışdır. İddiaçı tərəf onda olan məlumatlar və qeyd edilən araşdırmalar zamanı toplanmış xüsusatlar əsasında belə nəticəyə gəlir ki, cavabdehlər MM-nin 5.3 maddəsində göstərilən şəkildə vicdanlı davranmayaraq sifarişçiyə qəsdən yalan məlumatlar verməklə onu aldatmış və icrasını təmin edə bilməyəcəyi öhdəlik qəbul etmişlər. Üstəlik daha sonrakı mərhələdə sifarişi icra edə bilməyəcəni bildiyi halda aldığı puldan əlavə də pul əldə etmək üçün sifarişçiyə müraciət etmiş lakin həmin mərhələdə artıq sifarişçi təşkilat məsələlərdən xəbərdar olduğu üçün əlavə vəsait verməkdən imtina etmişdir. Bütün bunlardan əlavə olaraq məhkəmə mübahisəsi başladıqdan sonra da cavabdehin, xüsusilə də hüquqi şəxsin davranışları vicdanlılığın tələb etdiyi şərtlərdən uzaqdır. İddiaçı tərəfindən pulun ödənilməsi, cavabdehlər tərəfindən isə sifarişin icra edilmədiyi işin mübahisəsiz halıdır. Belə vəziyyətdə hüquqi şəxsin qarşılıqlı iddia ilə müraciət etməsi, onun ziyanına çıxmış qətnamədən apellyasiya şikayəti verməsi anlaşılan deyil və buradan görünür ki, onun məqsədi işin uzanması və ən nəhayətində öhdəliyin icrasından uzun müddətli yayınmaqdır. Baxmayaraq ki, iddiaçı təşkilat pulun qaytarılması ilə bağlı cavabdehə (cavabdehlərə) kifayət qədər vaxt vermiş, müxtəlif varinatlar təklif etmiş, lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirməklə öhdəliyin icrasından yayınmışlar. 16. Apellyasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair hissəsində pozulduğu iddia edilən maddi hüquq normaları və həmin normalara dair məhkəmə qərarlarından çıxarışlar öz əksini tapsa da apellyatorun mövqeyi aydın şəkildə ifadə olunmamışdır. Yəni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırma mövcud deyil. Şikayətçi istinad etdiyi maddi hüquq normalarının pozulmasının onun üçün hansı hüquq və nəticələr yaratdığını və yaxud məhkəmə tərəfindən mübahisənin bu formada həllinin hansı pozuntuya səbəb olduğunu göstərməmişdir. Ancaq qarşılıqlı iddianın və apellyasiya şikayətinin mahiyyətindən belə anlamaq olur ki, cavabdehin dəlili ondan ibarətdir ki, iddianın hüquqi əsasını təşkil edən razılaşma mülki qanunvericiliyin tələblərinə uyğun deyil, Cavabdeh2 rəhbəri olduğu təşkilatın öhdəliyi üçün cavabdehlik daşıya bilməz. Belə vəziyyətdə 15-ci bənddə göstərilənləri bir daha təkrarlamaqla qeyd etmək yerinə düşər ki, əgər sözügedən razılaşma məhz Cavabdeh2 hüquqlarını pozursa, pulu almış və sifarişi icra etməmiş təşkilat niyə Cavabdeh2la eyni mövqedən çıxış edir və hazırki qətnamə ilə həmin təşkilatın hansı hüquqları pozulmuşdur. Əslində apellyasiya şikayətində QSC-nin hansı hüquqlarının və qanunla qorunan mənafelərinin pozulduğuna dair heç bir dəlil mövcud deyil. Cavabdeh2 məsuliyyətinə dair dəlilə münasibətdə qeyd olunmalıdır ki, aşağıdakı iki əsasa görə həmin dəlillər qəbul edilməz olmaqla mübahisələndirilən qətnamənin ləğvinə əsas ola bilməz. Birincisi, işdən müəyyən olunur ki, təşkilatın rəhbəri olaraq Cavabdeh2 sifarişçiyə həqiqətə uyğun olmayan məlumatlar verməklə onları aldatmış və bunu daha sonra da davam etdirmiş, yalan məlumatlar təkrarlamış, sifarişçiyə icra edəcəyinə dair həqiqətə uyğun olmayan vədlər verməklə qarşı tərəfin etimadını qazanmış, lakin öhdəliyin icrası üçün, bu mümkün olmadıqda isə pulun geri qaytarılması üçün heç bir real addım atmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Baxılan işin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh2 liftlərin sifarişi üçün ödənilmiş vəsaiti öz istəyinə uyğun olaraq öhdəliyin icrasını təmin etmək məqsədilə deyil, başqa məqsədlərlə xərcləməklə vəzifəsində sui-istifadə etmişdir. Tərəflər arasında olan müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 və yaxud təşkilat yanız sonuncu mərhələdə ödənilən vəsaitə dair sərəncam vermək səlahiyyətinə malikdir, ilkin mərhələ üzrə ödənilmiş vəsait yalnız və yalınız liftlərin sifarişi üçün ödənilməli idi. Lakin Cavabdeh2 özü də etiraf etmişdir ki, o, ödənilmiş vəsaitdən 20.000 manat pulu işçilərin əmək haqqısına ödəmişdir. Baxmayaraq ki, bu izahat da hər hansı formada öz təsdiqini tapmır. Yəni belə görünür ki, Cavabdeh2 əsassız olaraq sərf etdiyi vəsaitə dair ən uyğun varinat kimi həmin vəsaitin məhz işçilərin əmək haqqısına ödənilməsi fikrini irəli sürmüşdür. Digər tərəfdən, liftin sifarişi üçün istehsalçıya ödənilmiş vəsaitin məhz sifarişçi tərəfindən ödənilən vəsait olduğu da müəyyən edilmir. Beləliklə, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində sifarişçi təşkilatın fəaliyyətində ciddi problemlər yaranmış, binanın istismarı gecikmiş, başqa təşkilatla liftlərin gətirilməsi və quraşdırılmasına dair yenidən müqavilə bağlanmış, vətəndaşlar arasında narazılıq yaranmış və nəticədə bütün bunlar sifarişçinin fəaliyyətinə mənfi təsir göstərmişdir. İkincisi, Cavabdeh2 tərəfindən razılaşmanın imzalanması və onun həmin razılaşma üzrə məsuliyyəti məsələsində məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən olunmur. İşgüzar adətlərdə və mövcud praktikada müqavilə tərəfi olan hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zaminlik müqaviləsinin bağlanması hallarına rast gəlinir (məsələn kredit müqaviləsi və s). Qeyd olunan formada zaminlik müqaviləsi bağlanan zaman qanuni təmsilçi hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi deyil, fiziki şəxs olaraq müqavilənin tərəfi kimi çıxış edir. Bu şəkildə zaminlik müqaviləsinin bağlanması qanunvericiliyə zidd deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, razılaşmanın mətni hər iki tərəfin istəyinə və mənafeyinə uyğun tərtib edilməklə formalaşdırılmış, razılaşmanın notariat qaydasında təsdiq edilməsi razılaşdırılmışdır. Yəni, hər bir tərəf öz iradə ifadəsini könüllü surətdə bəyan etməklə razılaşmanı imzalamışdır. Məhkəmə mübahisəsi başlayana qədər razılaşmanın məzmununda məlumatlı olan Cavabdeh2 müqaviləyə dair hər hansı iradını bildirməmişdir. Bu baxımdan, Cavabdeh2 razılaşma üzrə məsuliyyət daşımamsına dair dəlillər hər hansı hüquqa və qanuna söykənmir. Beləliklə, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bu formada həll edilməsi qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olmuşdur, ona görə də iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında öhdəliklərə dair münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi və xüsusilə də həmin müqavilələrin notariat qaydasında təsdiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin sonradan öhdəliyi icra etməyən tərəfin əqdə əsaslanan münasibətləri və əqdi mübahisələndirməsi qəbul edilməz olmaqla məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi (direktoru) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
17. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
18. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
19. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
24. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı ilk iddianın təmin edilən hissəsində, həmçinin qarşılıqlı iddia hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
32. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 23 fevral 2022ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İlk iddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də, ilk iddia üzrə cavabdeh "xxxx" QSC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ilk iddiaçının ödədiyi pul məbləğinin geri qaytarmaq tələb etmək hüququ yaranmışdır. Eyni zamanda ilk iddia üzrə digər Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilənin tərəfləri ilə birlikdə xx.xx.2022-ci il tarixli saziş bağlamışlar. Sazişə əsasən "xxxx" QSC və Cavabdeh2 borcun qaytarılması üçün müştərək məsuliyyət daşıyacaqlarına zəmanət vermişlər. Tərəflər arasında müqavilələrin bağlanması, iddia tələbində qeyd olunan pul məbləğinin ilk iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehə ödənilməsi təqdim olunmuş sübutlarla (müqavilə, ödəniş tapşırıqları və s.) öz təsdiqini tapmış və işin mübahisəsiz halıdır.
33. Cavabdehlər ilk iddianın təmin edilən hissəsini mübahisələndirsə də, apellyasiya şikayətində qətnamənin müvafiq hissəsinin əsassızlığını göstərən dəlillər qeyd etməmişdir.
34. İlkin iddia tələbininin bir hissəsini ilk iddia üzrə cavabdehlərdən 94838 manat pul vəsaitinin ilk iddiaçının xeyrinə tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, ilk iddia üzrə cavabdehlərin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə müqavilə üzrə ilk iddiaçıya icra olunmamış öhdəliyin qaldığını, belə olan halda isə ilk iddiaçının ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlərdən 94838 manat məbləğində pul tutularaq ilk iddiaçıya ödənilməlidir.
35. İlk iddia tələbinin digər hissəsini cavabdеhlərdən 31770,73 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq 4000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbi "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı Otis Lift QSC və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişin etibarsız hesab edilməsindən ibarətdir.
37. Qarşılıqlı iddia tələbindən görünür ki, qeyd edilən sazişin müddəalarına əsasən "xxxx" QSC öhdəliyi olan borcu qaytarmağın şərtlərini müəyyənləşdirməklə bərabər, "xxxx" QSC-nin direktoru Cavabdeh2 da "xxxx" QSC-nin borcuna münasibətdə borcla yüklü edilmişdir. Bu da qanunvericiliyin müddəaları ilə bariz şəkildə ziddiyyət təşkil edir. Qanunvericiliyin açıq-aydın görünən müddəasına görə səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyil. Onlar yalnız cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara məxsus səhmlərin dəyəri həddində risk daşıyırlar. Səhmdarların riski adətən cəmiyyətin ləğvi, müflis elan edilməsi, tələbkara borcların ödənilməsi üçün vəsaiti kifayət etmədikdə baş verir və bu halda onlar ancaq səhmlərin (payların) dəyəri həddində məsuliyyət daşıyırlar. Bu payların faktiki mülkiyyətçisi səhmdar cəmiyyətinin özü olur. Əgər bu cəmiyyət zərərə düşərsə, yəni zərərlə işləyərsə, onda iştirakçılar bu zərər üçün yalnız həmin payları(mayaları) itirmək riski daşıyırlar. Beləliklə, "xxxx" QSC-nin direktoru Cavabdeh2 həmin sazişdə QSC-nin borcları ilə yüklü edilməsi uydurma əqdlər (hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış) kateqoriyasına aiddir. Çünki Cavabdeh2 yeganə məsuliyyəti "xxxx" QSC-nin nizamnamə kapitalına qoyduğu əmlak payları (mayaları) həddində olmalıdır. Odur ki, sözügedən saziş qanunun tələblərinə cavab vermədiyindən və uydurma əqd hesab edildiyindən etibarsız hesab edilməlidir.
38. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, tərəflər sərbəst şəkildə iradə ifadə edərək, həmin sazişi notarial qaydada bağlamış və şərtlərini könüllü, sərbəst şəkildə razılaşdırmışlar. Müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən olunmur. İşgüzar adətlərdə və mövcud praktikada müqavilə tərəfi olan hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zaminlik müqaviləsinin bağlanması hallarına rast gəlinir (məsələn kredit müqaviləsi və s). Qeyd olunan formada zaminlik müqaviləsi bağlanan zaman qanuni təmsilçi hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi deyil, fiziki şəxs olaraq müqavilənin tərəfi kimi çıxış edir. Bu şəkildə zaminlik müqaviləsinin bağlanması qanunvericiliyə zidd deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı Otis Lift QSC və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında deyilir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. ...Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
40. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
41. Göründüyü kimi qarşılıqlı iddiaçının tələbi yuxarıda qeyd edilən əqdin əhəmiyyətsizlik halı ilə etibarsız hesab edilməsindən ibarətdir. Müqavilə üç tərəfli olmaqla şərtlərinin mahiyyəti ondan ibarətdir ki, cavabdehin direktoru sərbəst müqavilə imzalamaqla qanunla üzərinə düşən məsuliyyətin həcmini artırmışdır. Bu müqavilə zaminlik müqaviləsi hesab edilməlidir. Qeyd olunan formada zaminlik müqaviləsi bağlanan zaman qanuni təmsilçi hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi deyil, fiziki şəxs olaraq müqavilənin tərəfi kimi çıxış edir.
42. Hüquqi şəxsin təsisçisinin hüquqi şəxsin öhdəliyi üzrə üzərinə əlavə öhdəlik götürməsi (birgə və ya subsidiar) mülki qanunvericiliklə qadağan edilmədiyindən qeyd edilən müqavilənin bağlanması qanunidir və etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixli üçtərəfli saziş mülki qanunvericiliyə zidd deyildir.
43. İş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh Bakı Otis Lift” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2856/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.