Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-155/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7841/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 2848,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,49 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,26 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7841/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: mənim dövlət büdcəsinə heç bir borcum yoxdur. Mən bütün vergiləri ödəmişəm. Şəxsi vərəqədə vergi borcunun yaranmasına səbəb tərəfimdən 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin vaxtında verilməməsi və vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə anoloji gəlir vergisi bəyannaməsinin verilməsi (şəxsi vərəqədə görsənir) olmuşdur. Vergi orqanı anoloji gəlir vergisi bəyannaməsini verərkən xərcləri nəzərə alınmamış və AR Vergi Məcəlləsinin 102.1.30.-cu maddəsinə əsasən ((2022-ci ildə qüvvədə olmuş redaksiyası: bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır) sahibkarlıq fəaliyyətindən əldə etdiyim gəlirin 75 faizini gəlir vergisindən azad etməmişdir. Nəticədə əsassız olaraq 2096,90 manat məbləğində şişirdilmiş vergi borcu yaranmışdır. Bununla yanaşı həmin məbləğə faiz də hesablanmış və vergi borcu biraz da əsassız olaraq şişirdilmişdir. Tərəfimdən sonradan bəyannamə, dəqiqləşdirilmiş bəyannamə verilmiş (şəxsi vərəqədə gösrəsnir), lakin vergi borcu AR VM-nin 102.1.30.-cu maddəsinə uyğun olaraq azadılmamışdır. Halbuki, əgər bəyannamə tərəfimdən vaxtında verilsəydi AR VM-nin 102.1.30.-cu maddəsinə uyğun olaraq 2022-ci il üzrə gəlirimin 75 faizi gəlir vergisindən azad ediləckdi və mənim dövlət büdcəsinə heç bir borcum olmayacaqdı. 2022-ci il üzrə xərclər çıxıldıqdan sonra qalan gəlir məbləği 13265 manat təşkil edir (bəyannamədə görsənir). Həmin məbləğ AR VM-nin 102.1.30.-cu maddəsinə uyğun olaraq 75% azaldıldıqda qalan məbləğ, yəni vergiyə cəlb olunan məbləğ 3316.25 manat edir ki, bu məbləğə hesablanmış vergi məbləği cəmi 663.25 manat təşkil edir. Həmin vergi məbləği isə 2022-ci ildə tərəfimdən dövlət büdcəsinə ödənilmişdir (şəxsi vərəqədə görsənir). Dövlət Sosial Müdafiə Fonduna olan 1,49 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,27 manat məbləğində borc isə çox cüzidir və həmin məbləğə görə ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması hüquqlarımın kobud pozulması deməkdir. Avropa İnsan HüquqlarıMəhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylıProtokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Ərizəçinin təqdim etdiyi iş materiallarında olan şəxsi vərəqədə verginin məhz vergi orqanı tərəfindən anoloji gəlir vergisi bəyannaməsinin verilməsi nəticəsində yaranması açıq aşkar görsənir. Məhkəmə AR Vergi Məcəlləsinin 102.1.30.-cu maddəsinə əsasən 75% güzəştin isə tətbiq edilib-edilməməsi, həqiqətən də mənim dövlət büdcəsinə vergi borcumun olubolmamasını araşdırmamamışdır və nəticədə əslində heç bir borcumun olmamasına baxmayaraq əsassız olaraq ölkədən getmək hüququm müvəqqəti məhdudlaşdırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
9. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
10. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
11. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti digər qruplara daxil edilməyən təhsil sahəsində sair fəaliyyətdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 2877,45 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 1,49 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 0,27 manat təşkil edir. Vergi orqanı tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2024- cü il və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan aydın olur ki, xx.xx.2024-cü il və xx.xx.2022-ci il tarixli bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Vergi orqanı ilə maraqlı şəxs arasında bağlanmış qarşılıqlı məlumat mübadiləsinə dair 23 fevral 2021-ci il tarixli müqavilənin 4.1.5-ci bəndindən görünür ki, vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsidir. Fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Odur ki borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
16. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən ərizə əsaslı olaraq təmin edilmişdir.
17. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
18. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasibdir.
21. Qeyd edilən halları nəzərdən keçirərək kollegiya hesab edir ki, məhkəmə ərizəni təmin edərkən mütənasiblik prinsipinə riayət etmiş və düzgün nəticəyə gəlmişdir.
22. Maraqlı şəxsin apellyasiya şikayətində vergi borcunu mübahisələndirir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.
24. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7841/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.