Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-156/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3673/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC (indiki İddiaçı MMC) (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 14 noyabr 2018-ci il tarixli 0060-LT-GM/18 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 noyabr 2018-ci il tarixli 0060- LT-GM/18 saylı müqavilə üzrə 247.965,08 manat əsas borcun, 405 manat mediasiya xərcinin, 132,96 manat dövlət rüsumunun, toplam 248.503,04 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqaviləyə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 464.452,79 manat dəyərində mal satılmışdır. Borclu ilə İddiaçı MMC arasında olan 393.606,60 manat məbləğindəki əsas, 70.849,19 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə, borclu tərəfindən, 183.466,70 manat məbləğində əsas, 33.024,01 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. Hazırkı iddia ərizəsinin tərtib edildiyi günə isə borclunun ümumi olaraq 210.139,90 manat məbləğində əsas, 37.825,18 manat məbləğində isə ƏDV olmaqla, ümumilikdə 247.965,08 manat məbləğində yekun borcu yaranmışdır.
4. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddia tələbi iddia müddəti ötürülməklə verildiyinə görə rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı subyektiv hüququnun pozulmasına və qanunda nəzərdə tutulmuş tələb etmə hüququnun yaranmasına baxmayaraq 4 ildən çox müddətin keçdikdən sonra məhkəməyə müraciət etməsi iddia müddətinin keçməsinə səbəb olmuşdur. Məhz bu əsasla da iddia tələbi rədd edilməlidir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3673/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü ildə pretenziya, xx.xx.2023-cü ildə mediasiya təklifi göndərilmişdir. Müqavilə üzrə öhdəliklərinin icra edilməsi üçün cavabdehə dəfələrlə möhlət verilmiş və pretenziya ünvanlanmışdır. Bu pretenziya məktublarında qarşı tərəfə 10 təqvim günü möhlət verilmişdir. Məhkəmə sözügedən 10 günlük müddəti öz araşdırmasında nəzərə almamış və iddia müddətinin cəmi 3 gün gecikmə ilə ötürülməsini əsas gətirmişdir. Halbuki, tərəflər arasında olan sıx işgüzar münasibətlər onu deməyə əsas verir ki, həm yazılı, həm də şifahi qaydada tərəflər arasında möhlətin verilməsi ilə bağlı faktlar mövcuddur. Möhlətin verilməsi özü-özlüyündə iddia müddətinin axımını dayandıran hal kimi, Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarında öz əksini tapmışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, sözügedən iş üzrə müqavilədən yaranan öhdəlik üzrə borclunu borcunun etirafına dair sübutedici faktların faktiki münasibətlərdə birbaşa iştirak edən müəssisənin direktorunun iclasda iştirak etməməsi və ifadə verməsi halında aşkara çıxması və məhkəməyə təqdim edilməsi mümkün deyil.
8. Daha sonra iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü maddəsinə görə, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Habelə, tərəflər arasında bağlanılmış müqavilənin 2.5-ci maddəsinə əsasən, alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 15 bank günü ərzində ödəməlidir. İşin hallarından aydın olur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il, saat 10:46:46 tarixində təqdim edilən EBAİ940062 nömrəli elektron qaimə xx.xx.2020-ci il, saat 10:46:46 tarixində qüvvəyə minmişdir. Malların təhvil verildiyi məhz bu tarixdən sonra alıcı 15 bank günü ərzində, yəni xx.xx.2020-ci il tarixinə qədər ödəniş etməklə öz öhdəliyini icra etməli idi. Lakin məhkəmə elektron qaimənin qüvvəyə minməsinin 5 günlük müddətini nəzərə almayaraq, malların təhvil verildiyi tarixin xx.xx.2020-ci il kimi hesablamaqla yanlışlığa yol vermişdir. Həmçinin məhkəmə müvafiq qətnamədə mediasiya prosesi zamanı iddia müddətinin axımının dayandırılması halını qeyd etmiş, lakin iddia müddətini hesablayarkən nəzərə almamışdır. Belə ki, xx.xx.2023-cü il tarixində “Mediasiya prosesinin tətbiqi barəsində” təklif verilmiş, 12 iyun 2023-cü il tarixində isə “İlkin mediasiya sessiyasına iştirak etməməyə dair” arayış təqdim edilmişdir. İddia müddətinin axımı 16 may 2023cü il tarixində dayandığına görə, iddiaçının 4 günlük iddia müddəti hazırkı müddətə hesablanmalıdır. İddia ərizəsi məhkəməyə 19 iyun 2023-cü ildə verilmişdir. Göründüyü kimi, “İlkin mediasiya sessiyasına iştirak etməməyə dair” arayışın alındığı gündən, yəni 13 iyun 2023-cü ildən davam edən iddia müddətinin axımı 17 iyun 2023-cü ilə qədər (qeyri-iş günü) davam etmiş, 3 illik iddia müddəti üzrə iddia ərizəsinin verilməsi hüququ 2023-cü il 19 iyun tarixinə qədər davam etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarından da göründüyü kimi iddia müddəti hüququ pozulmuş tərəfin vəziyyətini yaxşılaşdırmağa yönələn və mübahisənin ədalət mühakimə orqanları tərəfindən mötəbər, dəqiq sübutlara əsaslanaraq həll edilməsinə xidmət edən institutdur. İddia müddəti tərəflərin mübahisəni mötəbərliyinin, dəqiqliyinin yoxlanılması çətin və yaxud qeyri-mümkün olan sübutlardan istifadə edərək həll etməsinin qarşısını alır və məsələdə obyektivliyi qoruyur. Lakin mübahisələndirilən məsələ üzrə qeyri-dəqiq, natamam, yoxlanılması çətin və yaxud qeyri-mümkün olan sübutlardan söhbət belə gedə bilməz. İş üzrə bütün sübut əhəmiyyətli rəsmi sənədlər məhkəmə elektron sistemində yerləşdirilmişdir. Məhkəmə qətnamədə iddiaçı tərəfindən təqdim edilən sübutları mötəbər hesab etmiş və həmin subutlara istinad edərək iddia tələbinin haqlı olduğunu qeyd etmişdir. Lakin məhz iddia müddətinin ötürülməsi faktına əsasən iddia təmin olunmamışdır. Bu isə, iddia müddətinin mahiyyət etibarı ilə xidmət etdiyi məqsədlə ziddiyyət təşkil edir. Həmçinin, qətnamədə də qeyd edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmədiyini, borclu olduğu məbləği ödəmədiyini etiraf etmiş, müəssisənin mülki qanunvericilikdən irəli gələn hüquqlarını pozduğunu aydın bildirmişdir. MPM-in 106.3cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən isə, məhkəmə iki əsas faktoru (pandemiya ilə əlaqədar fövqəladə vəziyyəti və qarşı tərəfin borcunun daima etiraf etməsini) nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı qərarı ilə ölkə ərazisində pandemiya dövrü elan edilmiş və 14 aprel 2022-ci il tarixli 152 nömrəli qərarı ilə il aprelin 15-də pandemiya dövrü bitmişdir. Odur ki, həmin müddət ərzində iddia müddətinin axımı dayandırılmalı idi. Həmçinin, iddia müddəti ərzində cavabeh borcu etiraf etmiş və hal-hazırda da etiraf edir, lakin məhkəmə bunu nəzərə almamışdır. Belə ki, tərəflər arasında olmuş yaxın münasibətlər işgüzar əlaqələri danışıqlar yolu aparmışdır və bu səbəbdən də, yaranmış işgüzar münasibətlər şifari razılıqlardan ibarət olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yanlış olaraq iddia müddətinin başlanması tarixi kimi elektron vergi fakturasının həmin sistem tərəfindən təsdiqi olunduğu tarixdən hesablamaqla 15 gün olmasını iddia edir. Tərəflər arasında imzalanmış müqavilənin 2.5-ci bəndinə əsasən “Malların 100% dəyəri təhvil-təslimdən sonra satıcıya 15 bank günü ərzində ödənilməlidir”. İddiaçının təqdim etdiyi ərizədə qeyd olunur ki, müqavilə üzrə sonuncu partiya mallar xx.xx.2020-ci il tarixində qarşı tərəfə təhvil verilmişdir. Tərəflər arasında mövcud olan müqavilənin şərti də nəzərə alınsa ödənişin elektron vergi fakturasının deyil, malın təhvil verildiyi tarixdən 15 gün ərzində həyata keçirilməli olmasını, beləliklə hüququn pozulması anının tərəflər arasında malın təhvil verilməsindən 15 gün sonra olmasının razılaşdırdığı müəyyən olunur. Elektron vergi fakturasının malların çatdırılmasına dair sənəd kimi qiymətləndirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddia da etiraf edilməyib, çünki qarşı tərəf malların təhvil verilməsinə dair hər hansı sənəd məhkəməyə təqdim edə bilməyib. Təqdim olunmuş elektron qaimə isə malların təqdim olunmasını təsdiq edən sənəd olmamaqla yanaşı həmçinin cavabdeh tərəfindən deyil, sistemin özü tərəfindən təsdiq olunub və insan faktoru səbəbindən cavabdeh həmin qaiməni görməmiş, qarşı tərəf isə 3 il ərzində onlara ödənilməmiş qaimənin olmasına dair heç bir bildiriş göndərməmişdir. Qaimənin verilməsi və onun təsdiqi borcun etirafına dair borclunun hərəkəti kimi qiymətləndirilə bilməz, çünki qaimə borclu tərəfindən deyil sistem tərəfindən təsdiq edilmişdir. İddianın etirafının prosessual tələbləri Mülki-Prosessual Məcəllənin 106-cı maddəsi ilə tənzimlənir ki, cavabdeh tərəfindən də həmin maddənin etiraf qaydalarına müvafiq olan hər hansı bir hərəkət həyata keçirilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
12. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
13. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
14. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.
15. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
16. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
17. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
23. Belə ki, iş materiallarından da görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il dövrünü əhatə edən müddətdə İddiaçı MMC tərəfindən (ƏDV daxil) ümumilikdə 240.000 manatdan çox dəyərində mallara görə elektron qaimələr tərtib edilərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. Həmin elektron qaimələrə cavabdeh tərəfindən heç bir etiraz bildirilməmişdir.
24. Eyni zamanda, birinci instansiya məhkəməsində cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 izahatında cavabdehin iddiaçıdan malların təhvil alınması və iddia ərizəsində göstərilən məbləğdə borcunun olması faktını etiraf etmişdir.
25. Göründüyü kimi cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə iddiaçıya 247.965,08 manat borcunun mövcud olması yuxarıda qeyd olunanlara əsasən tam təsdiq olunur.
26. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iddia tələbi Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əsaslı hesab edilə bilər.
27. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.
29. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra “Satıcı”ya köçürmə yolu ilə 15 bank günü ərzində ödəməlidir.
30. İş materiallarından görünür ki, müqavilə üzrə sonuncu partiya mallar xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə təqdim edilmiş və bununla bağlı elektron qaimə həmin tarixdə cavabdehə göndərilmişdir.
31. Malların təqdim edildiyi tarixdən 15 bank günü ərzində ödənilməli olması barədə müqavilə şərtini nəzərə aldıqda sonuncu partiya malların ödənilməsi tələbi üzrə iddia müddəti axımı 13 may 2020-ci il tarixdə başlamışdır.
32. Eyni zamanda, həmin tarixdən sonrakı dövrdə Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən iddia müddətinin kəsilməsinə əsas olan halların baş verməsi iş materialları ilə müəyyən edilmir.
33. İddiaçı mediasiyanın tətbiqi barədə təklifi 16 may 2023-cü il tarixdə, yəni qeyd edilən tarixdən 3 il 2 gün sonra, hazırki iddia ərizəsinin isə 20 iyun 2023-cü il tarixdə, yəni 3 il 1 ay 6 gün sonra vermişdir.
34. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülmüşdür.
35. İddia müddəti bitdikdən sonra mediasiya təklifinin göndərilməsi isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır.
36. Belə ki, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddətinin axımının dayandırılmasına və kəsilməsinə səbəb olan hallar yalnız iddia müddəti ərzində baş verdikdə müvafiq hüquqi nəticə yaradır.
37. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ödənişlərin aparıldığını və ya digər borcun etirafı ilə bağlı hərəkətlərin edilməsini təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 380-ci maddəsində göstərilən iddia müddəti axımının kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
38. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
39. Belə ki, iddiaçı tərəfindən cavabdehə borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsi iddia müddətinin kəsilməsinə əsas vermir. Çünki qanunverici iddia müddətinin axımının kəsilməsinə əsas verən borcu etiraf etməsini göstərən hərəkətlərin kreditor tərəfindən deyil, borclu şəxs tərəfindən edilməsini nəzərdə tutmuşdur. Borclu tərəfindən hər hansı etirafedici hərəkətlərin edilməsi isə sübut olunmur.
40. Pandemiya ilə əlaqədar fövqəladə vəziyyətin mövcud olması ilə bağlı iddia müddətinin axımının dayanmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 379.3-cü maddəsinin tələblərinə görə iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Lakin, iddiaçının özünün istinad etdiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı qərarı ilə ölkə ərazisində pandemiya dövrü elan edilmiş və 14 aprel 2022-ci il tarixli 152 nömrəli qərarı ilə il aprelin 15-də pandemiya dövrü bitmişdir. Hazırki iş üzrə iddia müddətinin son altı ayı isə 2022-ci ilin dekabr 2023-cü ilin may aylarına, yəni pandemiya dövrü bitdikdən sonrakı tarixlərə düşür. Bu baxımdan, kollegiya hesab edir ki, pandemiyanın iddia müddətinin axımının dayandırılmasına əsas olubolmaması araşdırılmadan həmin dəlillər əsassız hesab edilməlidir.
41. İddia əsaslı olduğu halda məhkəmə tərəfindən iddia müddətinə istinad edilərək, iddianın rədd edilməsinin əsassız olması barədə iddiaçının dəlillərinə dair kollegiya qeyd edir ki, iddia müddətinin ötürülüb-ötürülməməsi yalnız iddia əsaslı olduğu halda yoxlanılır və iddia əsassız olduğu halda iddia müddətinin ötürülüb-ötürülməməsi yoxlanılmır. Çünki belə hallarda iddia əsassız olduğuna görə rədd olunur. İddia müddətinin keçməsinin iddianın rədd edilməsi üçün əsas olması isə Mülki Məcəllənin 375.2-ci maddəsində aydın şəkildə müəyyən olunub və iddia müddəti keçdiyi, habelə mübahisə tərəfi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia təmin edilə bilməz. Əks yanaşma iddia müddəti institunun mahiyyətini əhəmiyyətsiz edər və onu heçə endirmiş olar.
42. İddia müddətinin bir neçə gün ötürülməsi əsasına görə əsaslı iddianın rədd edilməsinin ədalətsiz olmasına dair qeyd edilir ki, hazırki iddia üzrə iddia müddəti 3 il təşkil edir. Ona görə də, iddiaçı bir neçə gün deyil, 3 illik iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçının özünün istinad etdiyi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi iddia müddətinin əhəmiyyəti təkcə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldırlmasından ibarət deyil.
43. Həmçinin iddia müddətinin axımının xx.xx.2020-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanmalı olması barədə dəlillər də əsassızdır. Belə ki, “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü maddəsinə görə, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Kollegiya qeyd edir ki, qeyd olunan qayda, yəni elektron qaimənin sistem tərəfindən 5 gün müddətində təsdiq edilməsi məhz qaiməni alan şəxsin buna dair öz etirazlarını bildirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdir. Həmin qaimə və nəzərdə tutulan müddətin malların təhvil-təsliminə hər hansı aidiyyatı yoxdur. Əksinə bu sahədə formalaşan işgüzar adətlərə görə elektron qaimə məhz təhvil-təslim edildikdən sonra göndərilir ki, ödənişin həyata keçirilməsi mümkün olsun və ya alıcı mala dair hər hansı etirazı varsa bunu 5 gün müddətində bildirmiş olsun.
44. Bundan əlavə, hətta malların verilməsi tarixi 25 aprel 2020-ci il tarixi qəbul edildiyi halda belə iddia müddəti yenə də ötürülmüşdür. Belə ki, bu halda iddia müddətinin axımı 19 may 2020-ci il tarixdə başlamışdır. Həmin tarixdən hesablandıqda 3 illik müddətin bitməsinə 4 gün qalmış, yəni 16 may 2023-cü il tarixdə iddiaçı mediasiyanın tətbiqi barədə təklifi göndərmiş və mediasiya prosesi 12 iyun 2023-cü il tarixdə bitmişdir. 13 iyun 2023-cü il tarixdə iddia müddətinin axımı davam etmiş və 16 iyun 2023-cü il tarixdə bitmişdir. Hazırki iddia ərizəsi isə 20 iyun 2023-cü il tarixdə verilmişdir. İddiaçı bildirir ki, iddia ərizəsini 19 iyun 2023-cü il tarixdə elektron sistemə yükləmişdir. Belə olan halda belə iddia müddəti ötürülmüşdür. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının bildirdiyi qaydada hesablandıqda iddia müddəti iş günü olan 16 iyun 2023-cü il tarixdə bitmişdir.
45. Əlavə olaraq kollegiya qeyd edir ki, məhkəmə iclasında cavabdehin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə iddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmur və bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq tələblərindən irəli gəlir.
46. Buna cavab olaraq cavabdeh bildirdi ki, müqavilə üzrə aldığı malları satmayıb və iddiaçı istədiyi vaxt onları geri götürə bilər.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3673/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn