Məhkəmə qərarları › İş №2-2(103)-156/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-156/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-156/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6714/2024 saylı qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (satıcı qismində) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (alıcı qismində) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 103/23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən “Satıcı” “Alıcı”ya X2 göstərilən malları bu müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir (1.1). “Satıcı” malları müvafiq sənədlərlə, yəni Elektron qaimə faktura və hesab-faktura ilə birgə “Alıcı”ya təhvil verir (2.1). Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir (2.2). Müqavilənin ümumi məbləği X2 göstərilib (4.1). Müqavilə üzrə ödənişlər hesab-faktura Alıcıya təqdim edildikdən sonra, 5 (beş) təqvim günü ərzində ödəniş formasında “Satıcı”nın bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir (4.2).

2. Həmin müqaviləyə 11 dekabr 2023-cü il tarixli 01 nömrəli əlavə razılaşmaya əsasən 8 ədəd 5830,56 manat dəyərində avtoşin (315/70 R22,5 M729), 4 ədəd 1491,48 manat dəyərində avtoşinin (Lander 315/70 R22,5 LS37) qiyməti, miqdarı razılaşdırılmışdır.

3. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 11 dekabr 2023-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən 8 ədəd 5830,56 manat dəyərində avtoşin (315/70 R22,5 M729), 4 ədəd 1491,48 manat dəyərində avtoşinin (Lander 315/70 R22,5 LS37) Cavabdeh QSC-yə təhvil verilməsi təsdiq edilmişdir.

4. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 8640,01 manat .dəyərində malın təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixli EBDU 798936 seriya və nömrəli elektron qaimə tərtib edilərək Cavabdeh QSC-yə göndərilmişdir.

5. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, Cavabdeh QSC tərəfindən İddiaçınə 1694,92 manat əsas məbləğ və 305,8 ƏDV məbləği ödənilmişdir. 6. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət, tərəflər arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8640,1 manat məbləğində pulun və ödənilmiş 106,4 manat dövlət rüsumunun, 400 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 06 dekabr 2023-cü il tarixində 103/23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 8 ədəd 5830,56 manat dəyərində avtoşin (315/70 R22,5 M729), 4 ədəd 1491,48 manat dəyərində avtoşin (Lander 315/70 R22,5 LS37) satmağı, cavabdeh isə ümumilikdə ƏDV-də daxil olmaqla 8640,1 manat ödəmək öhdəliyini götürmüşdür. Sözügedən malların iddiaçı tərəfdən cavabdehə təhvil verilməsi 11 dekabr 2023-cü il tarixli təhvil-təslim aktı əsasında tərtib edilmiş EBDU 798936 saylı elektron qaimə ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən cavabdeh borcunu 5 təqvim günü müddətində iddiaçının bank hesabına köçürməli idi. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməkdən bu günə kimi boyun qaçırmışdır. İddiaçı tərəfindən 08 may 2024-cü il tarixində cavabdehə mövcud borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1-ci və s. maddələri göstərilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6714/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-6714/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 06 dekabr 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 8640,1 manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixli 103/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 8 ədəd 5830,56 manat dəyərində avtoşin (315/70 R22,5 M729), 4 ədəd 1491,48 manat dəyərində avtoşini (Lander 315/70 R22,5 LS37) cavabdehə satmağı, cavabdeh isə malların dəyəri olaraq ümumilikdə ƏDV-də daxil olmaqla 8640,1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 8 ədəd 5830,56 manat dəyərində avtoşin (315/70 R22,5 M729), 4 ədəd 1491,48 manat dəyərində avtoşin (Lander 315/70 R22,5 LS37) xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmiş, bu barədə xx.xx.2023-cü il tarixli EBDU 798936 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

6. Cavabdeh QSC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6714/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ödənişlərin aparılmasını bildiyi halda iddiaçının bu halları iddia ərizəsində qeyd etməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin şərtlərinə ziddir. zərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində məlumatlı olmadıqları üçün sübutların təqdim edilməsini həyata keçirə bilməmişlər. Qeyd olunan halın üzürlü hesab edilməsini və sübutların icraata qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

10. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

11. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alqı-satqı müqaviləsi üzrə borcun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq borc məbləği ƏDV daxil 6640,1 manat məbləğində müəyyən edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti aralarında bağlanmış 06 dekabr 2023-cü il tarixində 103/23 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 8640,1 manat məbləğində mallar təqdim edilmiş, malların təqdim edilməsinə dair tərəflər arasında təhvil-təslim aktı imzalanmış və iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilmişdir. Hazırda iddiaçı sözügedən müqaviləyə əsasən təqdim edilmiş mallara görə 8640,1 manat məbləğində əsas borcun ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir.

17. Cavabdeh apellyasiya şikayətində alqı-satqı müqaviləsi üzrə ona malların təqdim edilməsi faktını inkar etməsə də, malların dəyərindən ödənişlər edilməsini bildirir və bununla bağlı ödəniş sənədlərini məhkəməyə təqdim edir.

18. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

19. Hazırkı halda cavabdeh ödənişlərin edilməsi barədə sübutları birinci instansiya məhkəməsində təqdim etməməsini məhkəmə iclasları barədə məlumatlı olmaması ilə əsaslandırmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, həmin dövrdə cavabdehin və onun qanuni təmsilçisinin elektron kabineti olmamış, eləcə də birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş bildiriş məktubları cavabdehə çatdırılmamışdır. Göstərilən halları nəzərə alaraq kollegiya cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sübutları qəbul edilməsini mümkün hesab edir.

20. Beləliklə, məhkəmə kollegiyası mübahisəli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən təqdim edilmiş ƏDV daxil 8640,1 manat məbləğində mallara görə cavabdeh tərəfindən ƏDV daxil 2000 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 567 və 598.1-ci maddələrinə əsasən iddiaçı cavabdehdən ƏDV daxil 6640,1 borcun tutulmasını tələb etməkdə haqlıdır.

21. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi cavabdehdən tutulması qət edilmiş alqı-satqı müqaviləsi üzrə borcun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq borc məbləği ƏDV daxil 6640,1 manat məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi isə cavabdehə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6714/2024 saylı saylı qətnaməsi cavabdehdən tutulan alqı-satqı müqaviləsi üzrə borcun məbləği hissəsində dəyişdirsin, alqı-satqı müqaviləsi üzrə Cavabdeh QSC-dən iddiaçı "xxxx" Şirkətinin xeyrinə tutularaq tutulacaq borc məbləği ƏDV daxil 6640,1 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, qalan hissəsi isə cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar