Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-158/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4213/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli, 5342 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq malları alıcıya təhvil verməyi, sonuncu isə malları təhvil alaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13262 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi həyata keçirilmişdir. Lakin, cavabdeh ona verilmiş malların bir hissəsinin dəyərini ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 13262 manat məbləğində borcu qalmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən etiraf etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdəki mallar onun işçiləri tərəfindən qəbul edilmiş, üzləşmə aktı da satıcısı Əlibəyov Taleh tərəfindən imzalanmışdır. Lakin o, malları xeyli miqdarda aldığına görə iddiaçı tərəfindən ona 6% güzəşt tətbiq olunacağı bildirilmiş, lakin borc məbləği hesablanarkən bu hal və bəzi malların qaytarılması nəzərə alınmamışdır. Onun hesablamalarına görə iddiaçıya olan borcun məbləği 9189,86 manatdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4213/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin verdiyi şifahi və yazılı sübutları nəzərə alınmadan qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə qəbul etdiyi malın 6% endirimi olan 584,64 AZN, xx.xx.2021-ci il tarixdə qəbul etdiyi malın 6% endirimi olan 835 AZN, eləcə də iddiaçının satış təmsilçisinin qəbul etdiyi malın 1 kaseti, satış müdirinin 10 kaseti geri götürməsi cəmi 765,6 AZN, xx.xx.2021-ci il tarixdə qəbul etdiyi malın dəyəri 3513,6 AZN, həmçinin 19-xx.xx.2021-ci il tarixdə nağd şəkildə ödənilmiş 2000 AZN nəzərə alınmamışdır. xx.xx.2021-ci il tarixdə qəbul etdiyi 200 kaset malın qiymətində nəzərdə tutulandan artıq hesablama aparıldığı üçün tərəfindən satış edilməmişdir. Sonra iddiaçının nümayəndəsi satılmayan malları yerində qiymət artımına görə satılmadığını yoxlayıb bildirilmişdir ki, qiymətdə yaranan artım nəzərə alınacaqdır. Lakin həmin artım da nəzərə alınmamışdır. İddiaçıdan qəbul etdiyi malları Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən ərzaq mağazasında saxlayıb orada satışlarını təşkil edirdi. xx.xx.2021-ci il tarixdə həmin ərzaq mağazasının qapısı sındırılaraq mağazada oğurluq hadisəsi baş vermiş və ona dəyən zərər tam olaraq ödənilməmişdir. Həmçinin məhkəmə alqısatqı müqaviləsinin 5.1. və 9.1-ci maddəsinin və qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bundan əlavə əgər mediasiya prosesi tələb olunan qanunlara uyğun keçmiş olsaydı, mediasiya prosesində onların mübahisəsi öz həllini tapmış olardı. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmamış, mediasiya zamanı onun bərabər iştirakını təmin etməmiş və proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmamışdır. Bundan başqa, o, iddiaçı tərəfindən məhkəməyə “elektron kabinet” vasitəsi ilə göndərilən yazılı sübutun həqiqiliyinin şübhə doğurması barədə məlumatlar versə də, məhkəmə sözügedən sənədləri, mövcud olan qanunların tələbinə əsasən məhkəmənin şifahi baxışı zamanı qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
11. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
17. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
18. Eyni zamanda iş materiallarında olan 15 aprel 2021-ci il, 27 aprel 2021-ci il, 04 iyun 2021-ci il və 08 iyul 2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən müvafiq olaraq 176,95 manat, 117,97 manat, 11796,61 manat və 2977,63 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
19. 11 iyun 2021-ci il tarixli elektron qaimədə 13920 manat məbləğində malların alınması qeyd olunmuşdur.
20. 02 avqust 2021-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə olan borcunun məbləğinin 15518,2 manat olması qeyd edilmişdir.
21. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
22. Göründüyü kimi tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi təhvil-təslim aktları, üzləşdirmə aktı və elektron qaimə ilə təsdiq olunur.
23. Eyni zamanda cavabdeh də həmin halları etiraf edir, lakin bildirir ki, xeyli miqdarda mal aldığına görə iddiaçı tərəfindən ona 6% güzəşt tətbiq olunmalı idi. Lakin borc məbləği hesablanarkən bu hal və bəzi malların qaytarılması, habelə dəyərinin ödənilməsi nəzərə alınmamışdır.
24. Həmin dəlillərə dair kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində satıcı tərəfindən alıcıya 6% güzəşt tətbiq olunması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır.
25. Eyni zamanda, tərəflər arasında olan işgüzar adətlərin bu şəkildə olması ilə bağlı sübutlar iş materiallarında mövcüd deyil.
26. Bundan əlavə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndində göstərilmişdir ki, bütün geri çağırılan mallarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlərlə yanaşı xüsusi təhviltəslim aktı tərtib edilməli və tərəflər tərəfindən imzalanmalıdır.
27. Cavabdeh isə bir qisim malların iddiaçıya geri qaytarıldığını bildirsə də, bunu təsdiq edən, habelə istinad etdiyi digər hallarla (güzəştin tətbiq edilməsi və qismən ödənişlər aparması) bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
28. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlər (WhatsApp yazışması və aktn fotoşəkilləri) isə gecikdirilmiş sübutlar olduğuna görə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən qəbul edilə bilməz.
29. Bundan başqa, həmin sübutlarla cavabdehin istinad etdiyi hallar təsdiq olunmur.
30. Belə ki, fotoşəkili təqdim olunan akt imzalanmamışdır. WhatsApp yazışmasında fotoşəkilləri qoyulmuş 2500 manatlıq mədaxil qəbzinin tarixi 2021-ci ilin iyul ayına, 1000 manatlıq mədaxil qəbzinin tarixi 2021-ci ilin noyabr ayına aiddir. Tətəflər arasındakı üzləşdirmə aktı isə 02 avqust 2021-ci il tarixdə imzalanmış və cavabdehin cəmi borcunun 15518,2 manat olması müəyyən edilmişdir. Göründüyü kimi üzləşdirmə aktının tarixindən sonra cəmi 1000 manat məbləğində ödənişin aparılması barədə qəbz təqdim edilmişdir. İddiaçı isə həmin məbləğdən də artıq ödəniş edildiyini etiraf edərək, cəmi 13262 manat məbləğində borcun tutulması tələbini irəli sürmüşdür. Həmçinin həmin yazışmalarda malların geri qaytarılması və ya güzəştlərin tətbiq edilməsi ilə bağlı məlumatlar qeyd edilməmişdir.
31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 13262 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
32. Apellyasiya şikayətində göstərilən digər dəlilləri də kollegiya əsassız hesab edir. Belə ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə “Mediasiyaya dəvət məktubu” göndərilməklə məlumat verilmiş, lakin sonuncu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə iclas protokollarından və onlara əlavə olunan audio-video yazıdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə öz sübutlarını təqdim etməsi və izahatını verməsi üçün kifayət qədər şərait yaradılmış və cavabdeh də bu hüquqlarından istifadə etmişdir. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi təhvil-təslim aktları, üzləşdirmə aktı və elektron qaimə və ən əsası cavabdehin izahatı ilə tam təsdiq olunur. Ona görə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışının qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Cavabdehin mağazasında oğurluq hadisəsinin baş verib-verməməsi də mübahisənin həllinə təsir etmir. Çünki Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4213/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn