Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-158/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Sadıqova Zenfira Xıdır qızının katibliyi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (satıcı) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında xx.xx.2022-ci il tarixdə TMK22002 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək; 2) satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcıya təhvil verəcək və; 3) alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir.
2. Müqavilənin 8.7-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 %-i miqdarında cərimə ödəməlidir.
3. Müqavilənin 8.1-ci bəndində razılaşdırılmışdır ki, alıcı sifariş etdiyi 5000 manat limit çərçivəsində olan malın dəyərinin 100%-ni müvafiq mal partiyasının satıcının anbarına daxil olduğu tarixdən etibarən 14 gün ərzində satıcının hesabına ödəməlidir. Əgər alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə satıcı müvafiq malların alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alıcıdan tələb edə bilər.
4. Müqavilə hər iki hüquqi şəxsin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur.
5. Satıcı tərəfindən alıcıya EBBV seriyalı, 652458 nömrəli xx.xx.2022-ci il tarixli, dəyəri 10 279,95 manat olan elektron qaimə və xx.xx.2022-ci il tarixli ********** nömrəli invoys göndərilmişdir.
6. Alıcı tərəfindən təhvil alınmış mallara görə cəmi 5700 manat ödəniş həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4579,95 (1034,50 manat ƏDV, 3545,45 manat əsas) manat əsas borc, 9984,40 manat cərimə borcu, 267,12 manat əldən çıxmış fayda, 320 manat hüquqi yardım xərci olmaqla cəmi 14 831,47 manatın, habelə 135 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə TMK22002 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixli EBBV seriyalı, 652458 nömrəli elektron qaimə-fakturaya əsasən cavabdehə 10 279,95 manat həcmində mal təqdim edilmişdir. Hesab üzrə çıxarışdan da göründüyü kimi, ümumilikdə 5700,00 manat ödəniş olunmuş, borcun qalan hissəsi ödənilməmişdir. Cavabdeh QSC-nin İddiaçı MMC-yə ümumilikdə 4579,95 (1034,50 ƏDV, 3545,45 əsas) borcu mövcuddur. Müqavilənin 8.7-ci bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. 4579,95 (borc) x 0.5% (cərimə məbləği) = 22,90 (bir gün üçün) x 22,90 (bir gün üçün) x 436 (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan günlərin sayı) = 9984,40 (ümumi dəbbə məbləği). Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 4.578,95 manat x 5% = 229 manat: 12 ay = 19,08 manat x 14 ay = 267,12 manat.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 445.2-ci, 445.7-ci maddələrinə istinad olunmuşdur.
10. Cavabdehin nümayəndəsi qismində məhkəmənin hazırlıq iclasında iştirak edən X4 tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlandığını, malların təhvil verildiyini və yaranmış borcun məbləğini mübahisələndirmədiyini, iddiaçı ilə borcun hissə-hissə olmaqla 3 ay ərzində ödəniləcəyi barədə razılıq əldə etdiklərini, lakin sonradan cavabdehin direktorunun vəfat etməsi səbəbindən cavabdeh şirkətdə maddi problemlərin yarandığını bildirmişdir.
11. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmişdir.
12. Birinci instansiya məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4579 (dörd min beş yüz yetmiş doqquz) manat 95 (doxsan beş) qəpik, cərimə borcu üzrə 230 (iki yüz otuz) manat olmaqla cəmi 4809 (dörd min səkkiz yüz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində pulun, əsas borca illik 5% hesablanmaqla 267 (iki yüz altmış yeddi) manat 12 (on iki) qəpik məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutulub İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni işin müəyyən olunmuş hallarına istinadla belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdeh də elektron qaimə üzrə ödəniş etməklə malların ona verildiyini qəbul etmiş və onun verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır – buna görə iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalıdır.
14. Məhkəmə 9984,40 manat məbləğində dəbbə pulunun tutulması tələbi ilə bağlı hesab etmişdir ki, cavabdehin 4579,95 manat əsas borcuna münasibətdə 230 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
15. Məhkəmə iddianın “gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 267,12 manat pulun tutulması” hissəsi üzrə vurğulamışdır ki, iddiaçı tərəfindən cavabdehə malların verilməsi barədə elektron qaimə xx.xx.2022-ci il tarixdə, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni təxmini 2 il 2 ay sonra verilmişdir. Belə olan halda, əsas borca illik 5 faiz hesablanmaqla 267,12 (4.579,95x5/100=228,9975 (12 ay üçün), 228,9975/12=19,083 (1 ay üçün), 19,083x14=267,16 (14 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə “hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manatın tutulması” tələbini də əsaslı hesab etmiş, dövlət rüsumunun əvəzi olaraq isə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 70,77 manatın cavabdehdən tutulmalı olduğu nəticəsinə gəlmişdir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 445.7-ci, 462.1-ci, 467-ci, 567-ci və 600.4-cü maddələrinə istinad etmişdir.
18. Qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, işin faktiki hallarını aydınlaşdırmamış, 4579,95 manat dəyərində olan malların Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmədiyini nəzərə almamış, bununla bağlı yalnız əslində nümayəndəlik səlahiyyəti olmayan Rəşad Əliyevin izahatını əsas götürmüş, təqsiri olmadığı halda cavabdehdən qanunsuz olaraq cərimə tutmuşdur.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər nümayəndələrini məhkəməyə göndərməmişlər.
21. İşin halları, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
25. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
34. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
47. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
48. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
49. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin müəyyən olunan halıdır; cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayətində malların təhvil verilmədiyini irəli sürsə də, işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə dəyəri 10 279,95 manat olan elektron qaimə və invoys göndərilmiş, həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndində göstərilmişdir ki, “Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir”.
51. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 36,37).
52. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:
53. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
54. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.
55. Kollegiya məhkəmənin, “gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 267,12 manat pulun tutulması” hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
56. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5180/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova Leyla Əliyeva