Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-159/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 oğluna qarşı sığorta haqqı üzrə borcun, dəbbə pulunun tutulması Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdeh X2 oğlu və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 oğluna qarşı sığorta haqqı üzrə borcun, dəbbə pulunun barədə ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X2 oğlunun cavabdeh "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə üzrə borcun, maddi və mənəvi zərərin tutulması barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsindən X2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 29 oktyabr 2015-ci il tarixli 111 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən X2 oğlu sığorta agenti olaraq sığortaçı "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər.
2. Sığorta agentinə komisyon mükafatın ödənilməsi qaydası və faizi müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuşdur.
3. Müqavilənin 6.3-cü bəndinə qeyd edilmişdir ki, sığorta agenti tərəfindən nağd qəbul edilmiş sığorta haqqı tam məbləğdə və ya sığota haqqından bu müqavilədə nəzərdə tutulmuş qaydada komisyon mükafat çıxılmaqla qalan hissəsi sığortaçıya ötürülməlidir. Bu qayda könüllü sığorta növlərinə şamil olunur.
4. Tərəflərin təsdiq etdiyi 12 avqust 2016-cı il tarixli “Üzləşmə aktının” surətindən görünür ki, X2 oğlu sığorta haqları üzrə sığortaçıya 12 avqust 2016-cı il tarixə 89754,15 manat məbləğində borcu olmasını təsdiq etmişdir. İddia ərizəsinə T.Bayramovun vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələrinin siyahısı əlavə edilmişdir.
5. 12 avqust 2016-cı il tarixli sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə Razılaşma protokolunun surətindən görünür ki, X2 oğlu 12 avqust 2016-cı il tarixə olan 89754,15 manat borcu 2016-cı ilin avqust ayının 26-na kimi 10000 manat ödəməyi, agent müqaviləsinə uyğun olaraq borcluya hesablanan komissiyanı ayın sonu komissiya aktı tərtib edilərək borcun ödənilməsinə yönləndiriləcəyi, borclu hər ay minimal 25000 manatlıq satış həyata keçirməyi öhdəsinə götürmüşdür.
6. "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2018-ci il tarixli pretenziya məktubu ilə X2 oğlundan qalıq 52708,06 manat borcun, 44889,9 manat dəbbə pulunun ödənilməsini tələb etmiş, borc ödənilmədiyindən xx.xx.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən məlum olmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.
8. “Tələb hüquqlarının alqı-satqısı və öhdəliklərin verilməsi haqqında” "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti müqaviləyə əlavədə qeyd edilmiş tələb hüquqlarını alıcıya satmağı, alıcı bunun müqabilində müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavədən görünür ki, "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin X2 oğluna olan 55725 manat məbləğində tələbi "xxxx" MMCyə güzəşt edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 52708,06 manat sığorta haqqı üzrə borcun, 44889,9 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 97628,05 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. X1 Natiq oğlu cavabdeh "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən ödəmədiyi sığorta bonusları üçün 107.700 manat, həmin məbləğin ödənilməsini gecikdirməsi səbəbi ilə əmələ gəlmiş gecikmə faizi üçün 3137 manat, müştərilərə görə kompensasiya üçün 40.000 manat, əlavə maddi zərər üçün 10.000 manat, mənəvi zərər üçün 5.000 manat və dövlət rüsumu üçün 30 manat, cəmi 165.867 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Lakin 2016-2017-ci illər ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə müqavilələrin 89754,15 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən cavabdeh 89754,15 manat məbləğindəki borcu etiraf etmiş və hissə-hissə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh öhdəliyini tam icra etməmiş, iddia ərizəsinin tərtib edildiyi tarixə onun iddiaçıya olan borcu 629 ədəd müqavilə üzrə 52708.06 manat təşkil edir. Halbuki, Agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 941.5-ci maddəsinə əsasən "Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Buna müvafiq olaraq, sığorta haqlarının Sığortaçıya ötürülməsini gecikdirdiyinə görə xx.xx.2018ci il tarixinə ödəyəcəyi dəbbə pulu 44889.9 manat təşkil etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ilk iddia tələbi qismən təmin edilərək X2 oğlundan "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 52708,06 (əlli iki min yeddi yüz səkkiz manat altı qəpik) manat sığorta haqqı üzrə borc, 3000 (üç min) manat dəbbə pulu, cəmi 55708,06 (əlli beş min yeddi yüz səkkiz manat altı qəpik) manat pulun tutulmasını və qarşılıqlı iddia tələbinin rədd edilməsini qət etmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 29 oktyabr 2015-ci il tarixli 111 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsinə əsasən sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. X2 oğlu sığorta haqları üzrə 12 avqust 2016- cı il tarixə"xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 89754,15 manat məbləğində borcu olmasını 12 avqust 2016-cı il tarixli üzləşmə aktı ilə təsdiq etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 16444 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə (icbari sığorta bürosunun xx.xx.2019cu il tarixli məktubuna əlavə edilmiş sığorta blankları üzrə şəhadətnamələr barədə məlumatlar, üzləşmə aktı, sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi, xx.xx.2016-cı il tarixli razılaşdırma protokolu və borcun hesablanması ilə bağlı cədvəllər, və s.) əsasən sığorta vasitəçiliyi xidməti haqqında agent müqavilə üzrə cavabdeh X2 oğlu tərəfindən ödənilməli olan borc məbləği 97597,96 manat məbləğində, o cümlədən əsas borc 52708,06 manat, dəbbə borcu 44889,90 manat müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında mədaxil qəbzlərinin surətləri öz əksini tapmışdır. Lakin qeyd edilir ki, iş materiallarında öz əksini tapmış həmin mədaxil qəbzlərində ödənişlərin təyinatını müəyyən etmək mümkün olmadı. Belə ki, iş materiallarında olan mədaxil qəbzlərinin surətlərində mədaxil qəbzində olan məlumatlar aydın şəkildə əks olunmamışdır. Bu səbəbdən də "xxxx" Sığorta Şirkəti ASC və X2 oğlu arasında bağlanmış sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi üzrə X2 oğlu tərəfindən aparılan ödənişlərin məbləğini müəyyən etmək mümkün olmadı.
15. Məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış agent müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmış və təminatlar vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.
16. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
17. Məhkəmə ilkin iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən X2 oğlu dəbbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 oğluna hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 16444 saylı ekspert rəyi ilə təsdiq olunsa da, məhkəmə hesab edir ki, tələb olunan 44889,9 manat cərimə məbləği yaranmış 52708,06 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 3000 manat həddində müəyyən edilməklə X2 oğlundan tutulması ədalətlidir.
18. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
19. Məhkəmə qeyd etmişdir ki, X2 oğlu qarşılıqlı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh X2 oğlu qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsinin ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Cəmiyyətdə gedən proseslər barədə cavabdehə məlumat verməyiblər, xəbəri olmayıb. Cavabdehin vəkil-nümayəndəsi də məhkəmədə iştirak etməyib. Cavabdeh səhhəti və ailə vəziyyəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyi səbəbdən "xxxx" SŞASC-nin əməkdaşlarının etdikləri saxtakarlıqlar baş tutmuşdur. Onlar məhkəməyə düzgün olmayan məlumat verməklə, cavabdehin xəbəri və iştirakı olmadan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-59/2020saylı xx.xx.2020-ci il tarixli qanunsuz, ziddiyyətli, mötəbər sübutlar olmadan, ədalətsiz, hüquqa zidd qətnaməsinin qəbul olunmasına nail olmuşlar. Hesablamalara görə “AXA MBASK" Sığorta Şirkətinin agenti kimi fəaliyyətə başladığı 22 Sentyabr 2014-cü ildən fəaliyyətinə qanunsuz olaraq xitam verildiyi 2018-ci ilin may ayına qədər, təxminən 3 il 9 ay ərzində həmin şirkət üçün həyata keçirdiyi sığorta haqqı yığımının ümumi cəmi məbləği təxminən 1.500.000 manat təşkil etmişdir. “AXA MBASK" Sığorta Şirkətinin bütün agentlər, o cümlədən Cavabdeh ilə də olan razılaşmaya görə onların yığdıqları məbləğinin 10% bonus (Sığorta balı) kimi agentə ödənirdi. Bu bonusun ödənilməsi məqsədi ilə “AXA MBASK" Sığorta Şirkəti "xxxx" MMC vasitəsilə Cavabdeh bu günə qədər 42.300 manat pul ödəmişdir. Lakin 1.500.000 manatın %10-i 50.000 manat olduğu üçün “AXA MBASK" Sığorta Şirkətinin həmin bonuslar səbəbi ilə hələ də cavabdehə 107.700 manat borcu qaldığı təsdiq olunur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh X2 oğlu və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.
23. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qəbul etdiyi protokol qərardadı ilə iddiaçı "xxxx" Sığorta Şirkəti MM-nin 193-cü, 194-cü, maddələrinə əsasən prosessual hüquq varisi "xxxx" MMC ilə əvəz edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi R.Məlikov əvvəlki məhkəmə iclasların iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş, sonuncu məhkəmə iclasında iştirak etməmişdir.
24. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- əsas öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddə-tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 782.1-ci maddə-vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 937.1-ci maddə-sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. 941.4-cü maddə-sığorta brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən pul vəsaitlərini “sığorta haqqı hesabı” formasında, digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortaçıya (təkrarsığortaçıya) ödənilmək məqsədilə saxlayır və bu vəsaitləri digər məqsədlər üçün istifadə edə bilməz. 941.5-ci maddə-Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqlarını sığortaçı (təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin sığortaçıya (təkrarsığortaçıya) ötürməlidir. (xx.xx.2016-cı il tarixidək qüvvədə olmuş mətn) 941.6-cı maddə- Sığorta vasitəçisi ilə sığortaçı (təkrarsığortaçı) arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komisyon muzd məbləği sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.6-cı maddəsində nəzərdə tutulmuş qaydada ötürülməsi zamanı, sığorta (təkrarsığorta) haqqından çıxıla bilər. (xx.xx.2016-cı il tarixidək qüvvədə olmuş mətn) 465.2-ci maddə-əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddə- əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddə- sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Qətnamə cavabdeh tərəfindən qismən - ilk iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsi qismənqarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, X2 oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsi ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin hallarından göründüyü kimi, X2 oğlu tərəflər arasında bağlanmış 29 oktyabr 2015-ci il tarixli 111 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi üzrə 12 avqust 2016-cı il tarixə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 89754,15 manat borcu olduğunu üzləşmə aktı imzalamaqla təsdiq etmişdir.
29. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti üzləşmə aktı imzalandıqdan sonra cavabdehin qismən ödəniş etdiyini, 52708,06 manat borcu isə ödəmədiyini iddia etmişdir. X2 oğlu həmin borcun ödənilməsi barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ekspert rəyində də qeyd edildiyi kimi, X2 oğlu tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərinin kserosurətində ödənişlərin təyinatı qeyd edilmədiyindən və əsli olmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmiş və həmin qəbzlərə əsasən X2 oğlu tərəfindən sığorta şirkətinə edilmiş ödənişlərin məbləğini hesablamaq mümkün olmamışdır.
30. X2 oğlunun ilk iddiaya etirazı və apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, qarşı tərəfin müqavilə əsasında həyata keçirdiyi satışlar üzrə ona 107.700 manat borcu vardır. T.Bayramov bu dəlillə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə 12 avqust 2016-cı il tarixdə tərəflər arasında üzləşmə aktı, o cümlədən eyni tarixdə “Razılaşma protokolu” imzalanarkən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin X2 oğluna borcu olduğu həmin sənədlərdə öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş “Göstərilmiş xidmətlrin əvəzləşdirilməsi barədə” 2017-ci ildə tərəflər arasında tərtib edilmiş aktlardan görünür ki, X2 oğluna 2017-ci ildə hesablanmış 4268,92 manat, 4474,56 manat, 2656,90 manat, 2340,16 manat, 4250,95 manat məbləğində komissiya mükafatları sığorta haqqı borcları ilə əvəzləşdirilmişdir. Halbuki əgər "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin X2 oğluna həqiqətən 107.700 manat komissiya mükafatı üzrə borcu olsaydı T.Bayramov 12 avqust 2016-cı il tarixdə qarşı tərəfə 89754,15 manat pul ödəməli olduğunu qəbul etməz, ona olan borcla əvəzləşdirilməsini tələb edər, o cümlədən bu borcun 2017-ci ildə ona ödənilməli olan komissiya mükafatı ilə əvəzləşdirilməsinə razı olmazdı.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsi ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh X2 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsi ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.