Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-16/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi (vəkili) X1 iştirakı ilə. İddiaçı MMC-nin cavabdeh «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ASC-yə qarşı (3cü şəxs: “xxxxxxxx” MMC cəlb edilməklə) “sığorta ödənişinin ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirələrək müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin sığorta müqaviləsi əsasında sığortalanmış yükün xx.xx.2018-ci il tarixdə itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 17510 avro həçmində sığorta ödənişinin, sığorta hadisəsi barədə sığortaçıya məlumat verildiyi tarixdən yəni xx xxxxxx 2018-ci il tarixdən hazırki tarixədək cavabdeh tərəfindən sığorta ödənişinin gecişdirilmiş 294 təqvim gününün hər gününə görə sığorta ödənişi məbləğinin 0,1 faizi (17,51 avro) həcmində hesablanmış 5147,94 dəbbə pulunun, mülki iş üzrə vəkil xidmətinə görə ödənilmiş 700 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə 2018-ci ilin iyul ayında İddiaçı MMC ilə “xxxxxxxx” MMC-yə məxsus «Panasonik» markalı elektronik məhsulların Almaniyanın Hamburq şəhərindən Bakı şəhərinə daşınmasının təşkilinə dair sifarişi qəbul etmiş, bununla əlaqədar həmin yük YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi əsasında “Yük sığortası” növü üzrə cavabdeh tərəfindən sığortalanmışdır. Sığorta şəhadətnaməsinin şərtlərinə əsasən yükün sığorta təminatı xx.xx.2018-ci il tarixdən başlamaqla xx.xx.2018-ci il tarixədək 15 gün müddətində müəyyən edilmiş, sığorta haqqının isə 1 ay müddətində tam şəkildə köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixdə Almaniyada əməkdaşlıq etdikləri agent “Linkinpartner Europe GmbH şirkəti” tərəfindən müəssisəyə məlumat verilərək sığorta predmeti olan yükün Hamburq hava limanına daşınması zamanı itdiyi bildirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən elə həmin tarixdə də bu barədə Cavabdehə məlumat verilmiş, həmçinin yükün hərəkəti və onun itməsinə dair müvafiq sənədlər sığortaçıya təqdim olunmuşdur. Lakin cavabdeh sözügedən sığorta hadisəsi ilə bağlı hər hansı araşdırma aparmadan, sığorta müqaviləsinə və qanunvericiliyə əsasən öz öhdəsinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədilə xx.xx.2018-ci il tarixli, 1743 saylı məktubla müəssisəyə müraciət edərək xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirələrək müqavilənin ləğv edildiyini bildirmişdir. Halbuki, cavabdeh tərəfindən sığorta haqqının ödənilməsi üçün elektron qaimə-faktura müəssisəyə təqdim edilmədiyindən əməkdaşlar tərəfindən dəfələrlə telefon danışıqları və e-mail vasitəsilə yazışmalar zamanı e-qaimə- fıkturanın təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh tərəfindən e-qaimə-faktura təqdim edilmədiyindən sözügedən sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi mümkün olmamışdır. Göründüyü kimi mübahisəli sığorta müqaviləsi üzrə sığorta haqqının vaxtında ödənilməməsi sığortalının təqsiri üzündən baş verməmişdir ( İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 933, 934, 924, 385, 425, 442, 448-ci maddələrinə istinad edilir). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qimən edilmiş, cavabdehdən YBF 2018-00046 nömrəli, xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə 17.510 avro həçmində sığorta ödənişi, 875,50 Avro dəbbə pulu, 700 manat vəkil xidmətinə görə çəkilmiş xərc tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya, 20 manat hissəsi cavabdehə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə YBF2018-00046 saylı (yük sığortası növü ilə) sığorta müqaviləsi bağlanmış, lakin iddiaçı sığorta ödənişini həyata keçirməmişdir. «Sığorta hadisələrinin tənzimlənməsi Qaydaları»nına əsasən sığorta şəhadətnaməsi təqdim olunan zaman sığorta haqqı ödənilmədikdə sığortaçı məsuliyyət daşımır. Bu şərt sığorta şəhadətnaməsində qeyd olunur. Məsuliyyət, sığorta haqqı müştəri tərəfindən ödənildiyi andan başlayır. Sığorta haqqı (bir hissəsi) 15 gün ərzində sığortaçıya ödənilməzsə sığorta şəhadətnaməsi öz qüvvəsini itirir. Sığorta şəhadətnaməsinin ikinci səhifəsində göstərilir ki, sığorta haqqı tam şəkildə köçürmə yolu ilə ödənilməlidir. Müəyyən edilmiş sığorta haqqı sığorta müqaviləsi imzalandığı tarixdən 1 (bir) ay müddətində ödənilmədikdə, qanunvericiliyin tələbinə uyğun olaraq sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunur. İddiaçı tərəfindən isə sığorta haqqı ümumiyyətlə ödənilməmişdir. İddiaçı sığorta haqqının ödənilməmsini ona hesab fakturanın verilməməsi ilə izah edir. Belə olan halda belə fakturanın verilməsini tələb edə bilərdi, lakin müraciəti olmayıb. Hazırkı sığorta şəhadətnaməsindən əvvəl tərəflər arasında imzalanmış 54 sığorta şəhadətnaməsindən yalnız 3-də hesab-faktura verilmiş, 51 ədədin üzrə hesab-faktura verilmədən sığorta haqqı ödənilmişdir. Yəni, tərəflər bir-birinin hesablarını əzbərdən bilir. Əks halda, iddiaçı 51 sığorta şəhadətnaməsi üzrə sığorta haqqını necə ödəyə bilərdi. Bundan əlavə sığorta hadisəsi faktını (itməsi, oğurlanması, zədələnməsi, yanması və yaxud daşıyıcı tərəfindən qəssdən gizlədilməsi, gizli satılması və s) təsdiq edən sənəd də yoxdur. Bütün sonrakı öhdəliklər və mübahisələr sığorta hadisəsindən yaranır. Sığorta müqaviləsi qüvvəyə minmiş olarsa, sığorta hadisəsi itmə kimi təsdiq olunarsa, X3 Palatası tərəfindən təsdiq edilmiş Yüklərin sığortası qaydaları»nın istisnalar bölməsinə görə itmə hadisəsinə sığorta təminatı verilmir. Sığorta şəhadətnaməsinin istisnalar bölməsində sığorta təminatı verilməyən hadisələrdən biri «sirli yox olma» kimi qeyd olunmuşdur. Bundan əlavə, sığorta şəhadətnaməsinə əsasən Almaniyanın Hamburq şəhərindən Bakı şəhərinə gətiriləcək avadanlıq, daşınma vasitəsi kimi hava yolları ilə nəzərdə tutulmuş. Təkrar yükləmə və boşalma tətbiq olunmur. Şirkət yalnız yükün daşınması zamanı baş vermiş sığorta hadisəsi nəticəsində əmələ gələn zərərə təminat verir. Beləliklə şirkət yükün hava limanından Bakı şəhərinə çatdırılana qədər baş verə biləcək sığrta hadisələrinə təminat verir. Yükün hava limananına qədər gətirilməsinə qədər isə Beynəlxalq Yük daşımaları Sığortası təminat verir. Deyilənə görə hava limanına daşınan zaman itmişdir. İddiaçı ümumi qaydada sığorta etdirdiyindən Beynəlxal Yükdaşımaları sığortası yükün dəyərinə görə yox, çəkisinə görə zərərin haqqını ödəmişdir. Sənədlər MMC tərəfindənməhkəməyə təqdim edilmişdir. Bununla da sığorta ödənişi başa çatmışdır. Lakin 1uxarıda qeyd olunan faktlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2-ci və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Mustafazadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) S.Məhərrəmova şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsini isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddələrinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İş materiallarından gbörünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 31,52 (62,41 AZN) sığorta haqqı ödənilməsi şərti ilə, xx.xx.2018-xx.xx.2018-ci il taprixinədək olan 15 gün müddətinə YBF2018-00046 nömrəli “Yük sığortası” şəhadətnaməsi (müqaviləsi) imzalanmışdır. İddia ərizəsindən və cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, həmin sığorta şəhadətnaməsinin (müqavilənin) imzalandığı işin mübahisələndirilməyən halıdır. Cavabdehin işdə olan iddiaya qarşı etirazına, habelə, onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, ilk növbədə tərəfindən mübahisəlndirir ki, sığorta müqaviləsi imzalansa da, sığorta müqaviləsinin şərtinə uyğun olaraq sığorta iddiaçı tərəfindən haqqı ödənilməmiş, bu səbəbdən də qüvvəyə minməmiş, ona görə də sığortaçının məsuliyyəti müəyyən edilə bilməz. İşin qeyd olunan mübahisələndirilən halı ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) «Sığorta haqqı» bölməsində razılaşdırılan müqavilə şərtində göstərilir ki, «sığorta haqqı tam şəkildə köçürmə yolu idənilməlidir. Müəyyən edilmiş sığorta haqqı sığorta müqaviləsi imzalandığı tarixdən 1 (bir) ay müddətində ödənilmədikdə, qanunvericiliyin tələbinə uyğun olaraq sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunur.» Eyni zamanda, Mülki Məcəllənin 903.4-cü maddəsində də, məhz, nəzərdə tutulur ki, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 903.6-cı maddəsinə əsasən isə hər bir halda, sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən sığorta müqaviləsində və mülki qanunvericiliyin qeyd olunan müddəalarında nəzərdə tutulan müddət ərzində sığorta haqqı cavabdehə ödənilməmişdir və bu hal işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan halda, Mülki Məcəllənin 903.4-cü maddəsinin və sığorta müqaviləsinin (şəhadətnaməsinin) qeyd olunan şərti baxımından, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixdə YBF2018-00046 nömrəli “Yük sığortası” müqaviləsi (şəhadətnaməsi) imzalansa da, onu imzalayan iddiaçı tərəfindən müqavilə şərtinə uyğun qaydada sığorta haqqı ödənilməmiş, dəməli müqavilə qüvvəyə də minməmiş, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbi baxımından tərəflər, o cümlədən, cavabdeh üçün heç bir öhdəlik yarada və hüquqi nəticə yarada bilməz. İddiaçı iddia ərizəsində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» xx.xx.2016-cı il tarixli 454-VQD №-li Azərbaycan Respublikası Qanununa istinadən, ona cavabdeh tərəfindən elektron qaimə-faktura verilmədiyini əsas gətirərək, sığorta haqqının ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verdiyini mübahisələndirərək, iddia tələbində hapqlı olduğunu iddia edir. Məhkəmə kollegiyası aşaığdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi, tərəflər arasındakı sığorta müqaviləsinin (şəhadətnaməsinin) «sığorta haqqı» bölməsində sığortaçının qaimə faktura vermə öhdəliyiyin nəzərdə tutulduğu müəyyən olunmur, sadəcə olaraq, sığorta haqqının köçürmə yolu ilə həyata keçirilməsi təsbit olunmuşdur. İddiaçının istinad etdiyi Vergi Məcəlləsinə edilən dəyişikliyə gəldikdə isə hazırkı mübahisə vergi qanunvericiliyinin deyil, mülki qanunvericiliyin müəyyənləşdirdiyi normalar daxilində tənzimlənməlidir. Hətta iddiaçının istinad etdiyi, vergi qanunvericiliyinə edilən həmin dəyişikliyi nəzərə alsaq belə, qeyd olunan əsaslanmasında haqlı olduğu görünmür. Belə ki, Vergi Məcəlləsinə edilən həmin dəyişiklik x xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş və mübahisəli sığorta müqaviləsi (şəhadətnaməsi) imzalanarkən qüvvədə olan, 71-1-ci maddəsinin redaksiyasına görə: «Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir». Cavabdeh isə mal satan, xidmət göstərən təşkilat deyil, sığortaçıdır və onun iddiaçı ilə bağladığı sığorta müqaviləsi (şəhadətnaməsi) xidmət müqaviləsi kimi təfsir oluna bilməz. Çünki, Mülki Məcəllənin qeyd olunan 883.1-ci maddəsinin tələbindən də göründüyü kimi, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərin, sığorta haqqı müqavilində, müəyyən pul əvəzi verilməsini nəzərdə tutan bir razılaşmadır. Ən azından, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikaasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Qeyd olunanlar baxımından, iddiaçının istinad etdiyi vergi qapnunvericiliyi tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi, eni zamanda Mülki Məcəllənin qeyd olunan imperativ normasına (maddə 903.4) göz yumulması mümkün deyil. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, birincisi, iddiaçının elektron qaimə faktura verilməsini cavabdehdən tələb etməsi sübut etmə vasitələri ilə təsdiq olunmur. İkincisi, cavabdehin həmin fakturanı verməkdən imtina etməsi və bununla bağlı iddiaçının ona qarşı hər hansı iddia tələbi irəli sürməsi və ya məhkəmə mübahisəsi açması da mövcud deyil. Üçüncüsü, cavabdehin həm iddiaya qarşı etirazının, həm də apellyasiya şikayətinin dəlillərindən və nümayəndələrinin məhkəmədə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, onlar arssında 54 dəfə sığorta müqaviləsi (şəhadətnaməsi) imzalanmış və onlardan 51-də qaimə-faktura verilmədən iddiaçı cavabdehin hesabına sığorta haqları köçürmüşdür. Qeyd edilməlidir ki, cavabdehin bu arqumenti iddiaçı tərəfindən heç təkzib də olunmur və mübahisələndirilmir. Göründüyü kimi, tərəflər arasında əvvəllər bərqərar olmuş işgüzar adətlər, habelə qeyd edildiyi kimi, sığorta müqaviləsinin «sığorta haqqı» bölməsində sığorta haqqının köçırmə yolu ilə ödənilməsinin təsbit olunması tam imkan verirdi ki, iddiaçı tərəfindən sığrta müqaviləsində (şəhadətnaməsində) nəzərdə tutulan sığorta haqqının köçürmə yolu ilə cavabdehin hesabına ödənilməsi onun öz təşəbbüsü ilə həyata keçirməsində heç bir əngəl mövcud olmamışdır. Beləliklə də də iddiaçı, tərəflər arasında imzalanmış YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsinin şərtinə uyğun olan öhdəliyini, yəni həmin şəhadətnamənin sığorta haqqı bölməsində nəzərdə tutulan sığorta haqqını cavabdehə (sığortaçıya) ödəməmiş, bununla da, həmin sığorta şəhadətnaməsi qüvvəyə minməmişdir. Qüvvyə minməyən sığorta şəhadətnaməsinin isə qeyd edildiyi kimi hüquqi qüvvəsi ola bilməz. Hüquqi qüvvəsi olmayan müqaviləyə görə isə cavabdeh sığortaçının mülki məsuliyyət daşıması istisna olunur. Belə olan halda, iddiaçının cavabdeh sığortasıya qarşı sığorta ödənişinin verilməsi tələbinə dair hazırkı iddiası əsassızdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfindən sığorta haqqı ödənilmədiyindən tərəflər arsasında imzalanmış sıborta şəhadətnaməsinin qüvvəyə minmədiyini, işə baxan birinci instansiya məhkəməsi tərəfindən isə bu hallara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır. Qeyd olunan həmin hallar isə MPM-in 385.1-ci maddəsinin tələbinə görə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu mənada məhkəmə kollegiyası, prosessual qənaətçillik və rasionallıq baxımından, cavabdehin apellyasiya şikayətinin digər dəlillərinin (sığorrta hadisəsinin baş vermədiyini vurğulayan və s.) araşdırılmasını zəruri hesab etməyərək, yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin «sığorta ödənişinin verilməsi tələbinə dair» iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-16/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-16/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver