Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-16/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Mikayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)-264/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 43511 manat məbləğində sığorta ödənişinin və 12.02.2020-ci il tarixdən başlayaraq 08.12.2020-ci il tarixə qədər sığorta ödənişinin gecikdirilmiş 301 gün müddəti üçün 13096,51 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən qeyri-yaşayış sahəsi olan anbarın icbarı sığortasına dair iddiaçı ilə sığortaçı "xxxx" ASC arasında 01.10.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinin bağlanmasını təsdiq edən BA seriyalı 979462 saylı, 01 oktyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi verilmişdir. Qeyd edilən sığorta müqaviləsinin müddəti 30.09.2020-ci il tarixə qədər müəyyən edilmiş və həmin sığorta müqaviləsi “İcbari sığortalar haqqında” Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılmaqla hazırda həmin sistemin informasiya ehtiyatında mövcuddur. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalanmış qeyri-yaşayış sahəsində 13.10.2019-cu il tarixdə yanğın hadisəsi baş vermişdir. Qeyd edilən yanğın hadisəsi ilə bağlı sığortaçıya və FHN-nə dərhal məlumat verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin 18.10.2019-cu il tarixli aktına əsasən, 13.10.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanda yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsinə səbəb obyektin daxili elektrik xəttlərində yaranmış qısaqapanma olmuşdur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılaraq, həmin İdarənin baş təhqiqatçısı V.Süleymanov tərəfindən həmin 1663 saylı təhqiqat materialı üzrə cinayət hadisəsi olmaması səbəbindən 12.02.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən FHN Təhqiqat araşdırması üzrə məhkəmə-yanğın-texniki ekspertizası və məhkəmə-tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.02.2020-ci il tarixli 26870 saylı rəyi ilə, sığorta edilmiş anbar sahəsinə vurulmuş maddi ziyanın həcmi yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin mövcud bazar qiymətinə uyğun dəyəri 75535,11 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, bağlanmış sığorta müqaviləsinə əsasən sığorta məbləği 43.911 manat, azadolma məbləği isə 400 manat müəyyən edilmişdir. Sığorta hadisəsindən aylar sonra da sığortaçıdan heç bir cavab gəlməməsi səbəbindən iddiaçı sahibkarlıq subyekti olaraq fəaliyyətini davam etdirməli olduğu üçün yanğın hadisəsinin hüquqi araşdırmasından sonra sığorta edilmiş anbar sahəsini öz hesabına təmir etmişdir. Təkrar olaraq sığorta şirkətinə 10.08.2020-ci il tarixdə müraciət edilməsinə baxmayaraq, sığortaçı ödənişi ödəməkdən imtina etmiş və imtinanı iddiaçının təmirə çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməməsi ilə əlaqələndirmişdir. Qeyd edilən əsas sığorta ödənişindən imtina üçün əsas sayıla bilməz. Belə ki, sığortaçıda sığorta edilmiş anbar sahəsinin yanğından əvvəlki vəziyyəti, yanğın sənədləri və dəymiş maddi ziyanın həcminin müəyyən edilməsinə dair qeyd edilən ekspertiza rəyləri mövcud olmasına baxmayaraq, əmlakın yanğından sonra təmiri və bərpası üçün çəkilə bilən xərclərin hesablanması üçün müvafiq sənədlər əsasında mövcud bazar qiymətlərinə istinad edilməklə sığorta ödənişi ödənilməli idi. Belə ki, dəymiş ziyanın həcmi artıq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.02.2020-ci il tarixli 26870 saylı rəyi ilə müəyyən edilmişdir və dəymiş ziyan artıq ekspert rəyi ilə 75535,11 manat məbləğində qiymətləndirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)-264/2021 nömrəli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, 43511 manat məbləğində sığorta ödənişi, 1500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 45011 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 24 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)-264/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. 12.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın işə baxan məhkəmə tərəfindən əsas götürülərək qətnamə qəbul etməsi əsassızdır. Belə ki, səlahiyyətli dövlət orqanı qərar qəbul edərkən baş vermiş yanğın hadisəsi zamanı cinayət faktının olub-olmamasını araşdırmışdır. Əmlaka dəymiş zərərlə bağlı araşdırma isə onun səlahiyyətlərinə aid olmamışdır. Dəymiş zərərin müəyyən edilməsi zamanı onun tərəfindən buraxılmış nöqsanların aidiyyatı işə baxan məhkəməyə təsirinin olması yolverilməzdir. İşə baxan məhkəmə baş vermiş yanğın hadisəsi zamanı sığortalanmış əmlaka zərər dəyməsi faktını, yəni anbarda yanğın baş verib-verməməsi və ümumilikdə yanğın nəticəsində anbara zərər dəyib dəymədiyini iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən müəyyən etməli idi. Lakin iddiaçı tərəfindən yalnız səlahiyyətli orqanın cinayət faktının olmaması əsasına görə qəbul etdiyi qərarı təqdim etməsi və işə baxan məhkəmənin də yalnız bu qərarı əsas götürərək qətnamə qəbul etməsi cavabdehin hüquqlarının kobud şəkildə pozulmasıdır. Həmçinin keçirilmiş məhkəmə prosesləri barədə cavabdehə rəsmi bildiriş təqdim edilməmiş və bununla da məhkəmə çəkişməsi prinsipi kobud şəkildə pozulmuşdur. Bu səbəbdəndir ki, cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla tanış ola bilməyərək əsaslandırılmış etiraz təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə elan edərkən tərəflərin təqdim etdiyi sübutlara bir tərəfli qaydada yanaşmış, iddiaçının təqdim etdiyi sübutlar əsas götürülərək cavabdehin məhkəmə baxışında iştirakı belə təmin edilməmişdir. İş üzrə sonuncu məhkəmə iclası 23.02.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya elektron kabinetlərə bildirişlər yerləşdirilməklə məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilsə də iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib təmin olunmasını məhəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.02.2021ci il tarixli e-2-2(113)-264/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 02.09.2019-cu il tarixli 02 saylı icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2030 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən icarəyə götürülmüşdür. İş materiallarında olan BA seriyalı, 979462 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən anbar sahəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti ("xxxx" ASC) tərəfindən 01.10.2019-cu l tarixdən 30.09.2020-ci il tarixinə kimi sığortalanmışdır. Müqavilədə sığorta məbləği 43911 manat nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, 13.10.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən sığortalanmış obyektdə yanğın hadisəsi baş vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25.08.2020-ci il tarixli AZSB-202/20 saylı hesabatına əsasən 13.10.2019-cu ildə X4 məxsus 01.10.2019-cu ildə sığortalanmış obyektdə yanğın hadisəsi baş verdiyi, baş vermiş yanğın nəticəsində istehsalat sahəsinə maddi ziyan dəydiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin 12 fevral 2020-ci il tarixli və 31 avqust 2021-ci il tarixli qərarlarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın araşdırılmış, yanğın üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin iddiaçının sığorta ödənişinin verilməsindən 30 iyul 2020-ci il tarixli məktubla imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, yanğın hadisəsinə baxış keçirən zaman filial direktoru E.Qasımov və S.Bağırov tərəfindən yanğın hadisəsinin yalnız istehsalat sahəsində, yəni, sexdə baş verdiyi, sığortalanmış anbar sahəsinə baxış keçirən zaman anbarda yanğın hadisəsi olmadığı müəyyən olunmuş, şəkillər çəkilmişdir. Zərər dəymiş sex şirkətdə sığorta olunmadığına görə və anbarda heç bir yanğın hadisəsi olmadığına görə sığorta ödənişinin verilməsinin qeyri – mümkün olduğu qeyd edilmişdir. 25 avqust 2020-ci il və 14 sentyabr 2020-ci il tarixli məktublarında isə zərərlə bağlı məsələ müstəqil ekspert tərəfindən araşdırıldığı və xərcləri əks etdirən sənəd təqdim olunmadığından sığorta ödənişinin verilməsindən imtina edildiyi qeyd edilmişdir. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, yanğın hadisəsi iddiaçıya məxsus, cavabdeh tərəfindən sığortalanmış anbarda deyil, istehsalat sexində baş verdiyindən, dəymiş zərərlə bağlı mötəbər sübutlar olmadığından iddianın təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsassızdır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən sığortalanmış obyektdə yanğın hadisəsi baş vermədiyinə dair cavabdehin dəlili əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, DSKŞ-nin Nizami rayon filialının direktoru E.Qasımov, baş mütəxəssis E.Əliyev və agent S.Bağırov tərəfindən 16.10.2019cu il tarixdə tərtib edilmiş aktda qeyd edilir ki, “sığorta hadisəsi ilə bağlı müraciət olunduqdan sonra hadisə yerinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ünvanda yerləşən anbar yox, sex sahəsində yanğın baş vermişdir. Hadisə ilə bağlı yerində məlumat verilərək bildirilmişdir ki, yanğın anbar sahəsində deyil, sexdə baş vermişdir.” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin sorğusu əsasında göndərilmiş materiallarda olan yanğın baş vermiş hadisə yerinə baxış protokolundan və yanğın haqqında aktda qeyd edilir ki, yanğın hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən anbar sahəsində və istehsalat sexində baş vermişdir. Yanğın aktında yanğın hadisəsi nəticəsində anbarın və istehsalat sahəsinin yanaraq yararsız hala düşdüyü, yanğının elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində baş verdiyinin ehtimal edildiyi qeyd edilmişdir. Yanğın hadisəsi ilə bağlı istintaq iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2020-ci il tarixli, 26869 saylı məhkəmə tikinti texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən X2 məxsus qeyri – yaşayış sahəsində baş verən yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir – tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 148029,21 manat, o cümlədən 18,6 x 30m ölçüdə olan istehsalat sahəsinə dəymiş ziyan 72494,1 manat və 19,3 x 30m ölçüdə olan anbar otağına dəymiş ziyan 75535,11 manat məbləğində müəyyən olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin 12 fevral 2020-ci il tarixli qərarından Nərimanov rayon Məhkəməsinə şikayət verərək yanğın hadisəsinin Sabunçu rayonu bağlar massivində yerləşən anbarda deyil, istehsalat sexində baş verməsi ilə əlaqədar həmin qərarın ləğv edilməsini xahiş etmiş, Nərimanov rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin 31.08.2021-ci il tarixli qərarından görünür ki, yanğın hadisəsi ilə bağlı əlavə araşdırma aparılmış, yoxlama zamanı izahatı alınmış Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX-nin Sabunçu rayon DYMH-nin 22 nömrəli YMB-nin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi Rüstəmov sahil Rüstəm oğlu bildirmişdi ki, 13.10.2019-cu il tarixdə xidmətdə olduğu zaman yanğın hadisəsi barədə məlumat verilmiş, hadisə yerinə çatdıqda 2700 kv.m sahəsi olan istehsalat sexinin və ona bitişik olan anbar sahəsinin açıq alovla yandığı müşahidə olunmuşdur. Qərarda qeyd edilmişdir ki, yoxlama zamanı hadisə yerinə keçirilmiş baxış, alınmış izahatlar, ekspert rəyləri əsasında "xxxx" MMC-yə icarəyə verilmiş qeyri-yaşayış sahəsinin elektrik qurğularında yaranmış qəza ilə bağlı həm istehsalat, həm də anbar sahəsində yanğın baş verdiyi, anbar otağına dəymiş ziyanın 75535,11 manat olduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, sığortalanmış obyektdə, yəni iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinin anbar olan hissəsində yanğın hadisəsinin baş vermədiyi cavabdehin özü tərəfindən tərtib edilmiş aktdan başqa digər mötəbər sübutlarla təsdiq edilmədiyindən, həmin sahədə yanğının abş verdyi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd ediməsi barədə qərarları, istintaq zamanı yanğın baş vermiş hadisə yerinə baxış protokolu, yanğın haqqında akt, istintaq orqanının aldığı izahatlarla təsdiq edildiyindən cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, sığorta şirkəti 30 iyul 2020-ci il tarixli məktubundan sığorta hadisəsinin baş verməməsi əsası ilə sığorta ödənişinin həyata keçirilməsindən imtina etsə də, 25 avqust 2020-ci il və 14 sentyabr 2020-ci il tarixli məktublarında isə artıq sığorta hadisəsinin baş verdiyini qəbul edərək dəymiş ziyanın aradan qaldırılması üçün xərcləri təsdiq edən sənədlərin olmaması əsası ilə ödənişin həyata keçirilməsindən imtina etmişdir ki, belə bir imtina əsası qanunda nəzərdə tutulmamışdır. “İcbari sığortalar” haqqında Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.1-ci maddəsinə əsasən yanğın sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İş materiallarında olan apellyasiya instansiya məhkəməsində təyin olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, №10/3637 saylı rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən, baxış zamanı təqdim olunmuş, X2 məxsus qeyri – yaşayış sahəsinin təmir edilməsi üçün iş materiallarına əlavə edilmiş smetada nəzərdə tutulmuş işlərin görüldüyü və həmin işlərə xərclənən vəsaitin məbləğinin semataya əsasən 75535,1 manat olduğu müəyyən edilir. İşdən görünür ki, iddiaçı tərəfindən sığortalanmış obyektə dəymiş ziyan sığorta ödənişindən çox olduğu üçün şəhadətnamədə qeyd olunan 400 manat azadolma məbləği 43911 manat sığorta ödənişindən çıxılaraq 43511 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən sığortalanmış obyektdə sığorta hadisəsinin baş verdiyi və iddiaçıya 75535,1 manat maddi ziyan dəydiyi ekspert rəyləri və digər mötəbər sübutlarla təsdiq edildiyindən sığorta ödənişinin verilməsindən cavabdehin imtinası əsassız, iddianın 43511 manat sığorta ödənişi ilə bağlı hissədə təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsassız olmuşdur. “İcbari sığorta haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sığorta ödənişinin ödənilməsindən qanunsuz imtina edildiyindən ödənişin gecikdirilməsinə görə qanuna əsasən iddiaçının xeyrinə 1500 manat miqdarında dəbbə pulu tutulması hissəsində də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Apellyasiya şikayətinin məhkəmə tərəfindən prosessual pozuntuya yol verilərək cavabdehin məhkəmə iclaslarında iştirakının təmin olunması üçün tədbir görülməməsi barədə dəlili ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişləri cavabdehin ünvan 3 ünvanına poçt vasitəsi ilə göndərmiş, lakin məhkəmə bildirişləri çatdırılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3.-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat xərc cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)- 264/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)-264/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-16/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-16/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver