Məhkəmə qərarları › İş №2-2(103)-161/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-161/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-161/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X2 Company” MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli e-2-2(113)-3330/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “X2 Company” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən ƏDV daxil 184468,81 manat məbləğində əsas borc və 25.08.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək illik 8 faiz hesablanmaqla faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan 07.05.2018-ci il tarixli, HA 004/0518 saylı müqaviləyə əsasən cavabdehə müxtəlif adlarda mallar satılmış, lakin bu günə qədər qalmış ƏDV daxil 184468,81 manat ödənilməmişdir. Tərəflərindən 04.05.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkləri ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin məbləğdə pul ödənilməmişdir. Ödənilməli olan məbləğlə əlaqədar elektron qaimələr əlavələri ilə birlikdə cavabdehə göndərilmiş və qarşı tərəfdən tam olaraq təsdiq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli e-2-2(113)-3330/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 184468,81 manat əsas borcun və 11038,60 manat faiz borcunun, cəmi 195507,41 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 07.05.2018ci il tarixli, HA 004/0518 saylı alqı-satqı müqaviləsinin 4.2-ci maddəsinə əsasən mal təhvil verilərkən, tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimələr təqdim etməklə kifayətlənmiş, halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələri əsas götürmüş və belə bir əsassız qətnamə qəbul etmişdir. Bununla da razılaşmaq olmaz, çünki cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməli idi. Göründüyü kimi, satıcı adı çəkilən alqı-satqı müqaviləsinə uyğun malların təhvil verməsini təsdiq edən sənədləri təqdim etdiyi və ya buna dair sübutları verdiyi təqdirdə alıcıdan pulları tələb etmək hüququ yaranır. İddiaçı tərəfindən məhkəməyə “sübut“ kimi təqdim edilən elektron qaimələrdə malın qəbul edilməsinə dair imza mövcud deyildir. İşə apelyasiya qaydasında baxılması 02.03.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli e- 2-2(113)-3330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarından görünür ki, tərəflər arasında 07.05.2018-ci il tarixli HA 004/0518 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda göstərilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları cavabdehə satmağı, cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/ və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. İş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin noyabr- 2020-ci ilin sentyabr ayları ərzində müxtəlif mallar təhvil verimişdir. İş materiallarında olan 24 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya 24.11.2020-ci il tarixə ƏDV daxil 184468,81 manat borcunun olmasını təsdiq etmişdir. Üzləşmə aktı tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. İş materiallarında olan bank çıxarışlarından görünür ki, cavabdehin bank hesabından iddiaçının bank hesabına 21.02.2019-cu il tarixdə 21000 manat, 06.02.2019-cu il tarixdə 27000 manat, 15.01.2020-ci il tarixdə 40000 manat, 25.08.2020-ci il tarixdə 4800 manat məbləğində pul köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərək borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən işdəki sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək alınmış malların dəyəri olan 184468,81 manat borcu (ƏDV daxil) iddiaçıya ödəməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad edərək iddianın əsas borc tələbi ilə bağlı hissədə tam təmin etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı 25.08.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək illik 8 faiz hesablanmaqla faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 9/6361 nömrəli ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 25.08.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz ümumilikdə 8398,37 manat, həmin pul vəsaiti üzrə 2 faiz dərəcə ilə hesablanan faiz 2640,23 manat təşkil edir. Məhkəmə ekspert rəyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci, 448.2ci, 439.3-cü maddələrini nəzərə alaraq faizlə bağlı hissədə iddianı qismən-11038,60 manat hissədə təmin etmişdir. Cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən təmin edilmiş borcun məbləği mübahisəlndirilmir. Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsinə dair iş materiallarında mötəbər sübutların olmaması əsası ilə iddianın rədd edilməsini xahiş edir. Apelyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin malların təhvil alınmasını təsdiq edən sübutun olmaması ilə bağlı şikayətdə qeyd edilənlər əsassızdır. Belə ki, iş materiallarında alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi zamanı tərtib edilmiş təhvil-təslim aktları mövcud olmasa da cavabdeh 24 noyabr 2020-ci il tarixli üzləşmə aktını imzalamaqla malın iddiaçıdan təhvil alındığını və həmin tarixə ƏDV daxil 184.468,81 manat borcunun olmasını təsdiq etmiş, iddiaçının göndərdiyi elektron qaimələrə qanunla müəyyən edilmiş müddət ərzində etiraz etməmiş, müqavilə üzrə qismən ödənişlər həyata keçirmişdir. İşin qeyd edilən halları belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almışdır. Üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli e-2-2(113)-3330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “X2 Company” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli e-2-2(113)-3330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar