Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-161/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6066/2022 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir- Tikinti Sahəsinin və "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 42574,9 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 42168,66 manat, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 406,24 manat olmaqla, ümumilikdə 42574,9 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********140000 nömrəli, xx.xx.2019-cu il tarixli **********256300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər.
3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirdi ki, o, 2021-ci ildə Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsindəki vəzifəsindən azad edilmişdir. Hazırda Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışır. Eyni zamanda “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 406,24 manat məbləğində borcu ödənilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6066/2022 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir qanuna əsaslanmadan Maraqlı şəxs Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Nəzdində Təmir-Tikinti Sahəsinin rəhbəri olmadığını qənaitinə gələrək rəhbər kimi qeyd olunsa da, ərizəni təmin etməmişdir. Halbuki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Göründüyü kimi, hüquqi şəxsin dövlət reyestri məlumatlarında olan məlumatları hər hansı bir dəyişikliklərinə görə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatını aparan orqana məlumat verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz ərizəyə etirazla eyni qaydada əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
9. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.
18. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
19. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.
20. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 121111 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 406,24 manat məbləğində ödəniş edilmişdir.
21. Göründüyü kimi, "X3" MMC-nin ərizədə göstərilən borcu ilə bağlı təyinatı üzrə ödənişlər həyata keçirilmişdir.
22. Eyni zamanda Maraqlı şəxs məxsus xx.xx.1992-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindəki vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən azad edilmişdir. Əmək kitabçasındakı qeydlərdən görünür ki, Maraqlı şəxs hal-hazırda Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində rəisin 1-ci müavini vəzifəsində çalışır.
23. Göründüyü kimi Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışda Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsinin qanuni təmsilçisi kimi Maraqlı şəxs adı görünsə də, sonuncuya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyindəki vəzifəsindən azad edilmişdir və hal-hazırda Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində rəisin 1-ci müavini vəzifəsində çalışır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normalarını tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir.
26. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6066/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn